Xəyallar və Həyatlar: The Florida Project


 46 yaşlı amerikalı rejissor Sean Baker
 XXI əsrin əvvəllərindən kinoya gəlib və bir neçə müstəqil film çəkib. Filmləri güclü distribyutor tapmadığından ya da bəlkə də kütləyə az xitab etdiyindən adətən arthaus çevrələrindən kənarda demək olar ki, diqqət yığmayıb. 2015-ci ildə çəkdiyi Tangerine isə iPhone 5S ilə çəkilməsi fərqindən dolayı müəyyən qədər diqqət yığdı. Baker-i həmişə cəmiyyətin kənarında qalan insanların həyatı maraqlandırıb və filmlərində də həmişə bu mövzüya toxunub, istəyir çinli qeyri-qanuni immiqrantların həyatı olsun (Take Out) ya da transseksual bir fahişənin (Tangerine). Danışılmayan mövzuları danışmaq, göstərilməyən həyatları göstərmək onun rejissor kimi əsas missiyasına çevrilib. Son filmi, Kannda premyerası olan və çox müsbət rəylər əldə edən The Florida Project-də Baker yenə öz axarındadır.



Filmdəki hadisələr Orlando, Floridada keçir, məşhur “Walt Disney World”-ün – hər il 50 milyondan çox insanın ziyarət etdiyi əyləncə kompleksinin – yerləşdiyi yerdə. Baker isə bizi buranın – “dünyanın ən xoşbəxt yeri” adlanan yerin çox da uzaqlığında olmayan motellerdəki həyata aparır. “Magic Castle” adlanan çəhrayı və narıncı rəngli binaların daxilindəki həyat bu rənglər qədər ürəkaçan deyil. Filmin əvvəllərindən 6 yaşlı Moonee və onun dostlarının Jancey və Scooty ilə tanış oluruq. Onlar hər uşağın etdiklərini edirlər, dondurma yeyirlər, müxtəlif oyunlar oynayırlar, xəyal qururlar. Yaşadıqları həyat nə qədər səfil olsa da onlar öz xəyal dünyalarında xoşbəxt olmağa çalışırlar. Amma real dünya onların xəyal dünyasındakı gözəlliyə sahib deyil. Motelin qanunlarına görə burada həddindən artıq müddətdə qalmaq olmaz amma motelin müdürü Bobby buradakı bir çox insanın gedəcəyi başqa yeri olmadıqlarını bilir və ona görə orada qalmalarına göz yümür. Həmin adamlardan biri də Moone-nin anası, işsiz və göründüyü üzərə çox da yaxını olmayan Halley-dir. Halley-in başqa insanlara çox da hörməti yoxdur, bu xasiyyətini müəyyən qədər qızına da keçirib. Halley – qızını sevən amma eyni zamanda qayğısız həyat yaşayan, tez-tez laqeydlik göstərən bir anadır.



 Film belə desək fantaziya ilə acı reallığın qarışımıdır. Moonee, Disney-in “Heyvanlar Krallığı”-na gedə bilmir, onun əvəzinə otelin arxasındakı inəklərə baxaraq özünü “Safari”-də zənn edir, o Disneyland-in “Ruhlar Evi”-nə gedə bilməz amma onun əvəzinə boş qalan mənzillərə gizlincə girib orada oynaya bilər. Moonenin xəyal dünyasına qarşılıq Halley-in həyatını, pul qazanmağa cəhdlərini görürük. İki dünya arasındakı ziddiyət çox kədərlidir ki, bu da filmin sonluğunu daha da ürəkparçalayan edir. Sonluqda (diqqət spoyler) Sean Baker bizə xoşbəxt sonluq verir amma bu xoşbəxt sonluq da real dünyada yox, sadəcə xəyallarda mövcuddur. (spoylerin sonu)



 Baker mövzuya kifayət qədər təbii bir tonda yanaşır, sənədli film izləyirmiş qədər realistik təsvirlərə yer versə də, həm də filmin bədiiliyini yüksək səviyyədə qoruyur. Filmin ən gözəl tərəflərindən biri şübhəsiz ki, görüntü işidir (cinematography). Rənglərin hamısı filmdə çox gözəl ahəngdədir ki, tamaşaçıya estetik zövq verir. 



 Baker-in aktyorları necə seçməsi də maraqlıdır. Sean qeyri-aktyorları, aktyor olub amma kifayət qədər peşəkarlığı olmayan aktyorları və veteran, çox peşəkar aktyorları yığmağı və burada alınan kimyanı sevir. Eyni zamanda improvizasiyaya da çox yer verir. Eləcə də filmin heyətini də belə yığıb – yəqin ki, az-çox kino izləmiş hamının tanıdığı bir sima var filmdə (Willem Dafoe), eyni zamanda onun qədər olmasa da müəyyən qədər təcrübəsi olan aktyorlar və heç təcrübəsi olmayanlar. Heç təcrübəsi olmayanlardan biri elə Halley rolundakı litva mənşəli Bria Vinaite-dir. Baker Vinaite-nin Instagram hesabına rast gəlib, onun yumor hissi və davranışları Sean-u ona rolu təklif etməyə sövq edib. Vinaite əvvəl bunun zarafat olduğunu düşünüb və nə qədər ona yad bir iş olsa da, sonda rola razılaşıb. Kifayət qədər uğurlu iş çıxardıb. Ancaq qeyri-peşəkar həyatın olması təəsüf ki, bəzi yerlərdə özünü göstərir. Baş roldakı Brooklynn Prince bir sözlə əladır, son illərdə gördüyüm ən təbii uşaq ifalarından biridir ki, bu gedişlə davam etsə gələcəkdə müvəfəqiyyətli karyera qura bilər özünə amma digər uşaq aktyorlar, həm də Scooty-nin anası roluna həyat verən Mela Murder-in aktyorluqlarının zəif olması bir neçə yerdə gözə dəyir.
         

 Və əlbəttə ki, bu motelin şəfqətli, hamının köməyinə yetişən rəhbəri rolundakı əvəzolunmaz Willem Dafoe. Qeyri-peşəkar heyətlə filmə çəkilmək Dafoe üçün yeni təcrübədir amma burada təəcüblü bir şey yoxdur, çünki Willem kinoya gəldiyi 80-cı illərdən bəri hər daim amerikan kinosunun ən riski sevən və həmişə özünü yeniləyən aktyorlarından olub. Elə teatr fəaliyyətində də bunu göstərib. Təəcüblü deyil ki, o, ABŞ müstəqil kinosunun “dəlilərindən” olan Abel Ferrara və Paul Schrader-in ən çox işlədiyi aktyordur. Nəticədə Dafoe, dövrünə görə Vyetnam müharibəsinə siyasi cəhətdən oxşarı olmayan növ yanaşan filmləri “Platoon” və “Born on the Fourth of July”, Ku Klux Klan cinayətlərinə işıq tutan “Mississippi Burning”, bəzi ölkələrdə indi də qadağan olan qalmaqallı Scorsese şahəsəri “Last Temptation of Christ” kimi filmlərlə şöhrətə yüksəlib və heç vaxt sabit xətt tutmayıb karyerasında. Onu kommersial filmlərdə də görmüşük, Von Trier, Angelopolous, Herzog, Wenders kimi Avropa arthausunun öndə gələn rejissorlarının filmlərində də görmüşük, “janr filmlərin”-də də görmüşük, az tanınan ABŞ arthauslarında da görmüşük, çünki Dafoe işini sevir, onun üçün ən böyük faciə elə öz sözləyirlə desəm “işinə ehtirasla yanaşmayan insanlarla bir yerdə olmaqdır.”



 Onun birdən çox filmə çəkildiyi illərdən birini götürək, məsələn 2014. Kommersiya action filmində (“John Wick”) bir yol göstərən kimi qarşımıza çıxarkən, Wes Anderson-un bir çox kateqoriyada Oscar namizədi “GrandBudapest Hotel”-ində tamamilə zalım bir obrazı canlandırarkən də görmüşük. “The Fault in Our Stars”-da alkoqolik bir yazıçı ikən “Pasolini”-də məşhur rejissor Pier Paolo Pasolini obrazına bürünüb. Bir sözlə Dafoe-nun öhdəsindən gələ bilmədiyi rol yoxdur. “The Florida Project”-də də yenə mükəmməl bir obraz yaradıb. Uşaqların ətrafında gördüyü pedofil olduğundan şübhələndiyi kişi ilə olan səhnəsinə baxın - əvvəl nə dərəcə dostcanlısı görünürsə bir anda üzünün dəyişməsini izləmək sadəcə zövqdür. Ya da Halley-in müştərisini moteldən uzaqlaşdırdığı səhnə. Təkcə qaranlıqda siqaret çəkərkən və ya filmin sonluğuna yaxın üz ifadələrinə baxarkən belə Dafoe, obrazının üzərində daşıdığı bütün dərdi ekrana yansıda bilir. Bu il tənqidçi mükafatlarının əksərini, o cümlədən Los Anceles, Nyu York, Milli Tənqidçilər Cəmiyyəti və NBR mükafatlarını qazanıb, bu dördünü qazanan sayca çox az adam var tarixdə və onlardan cəmi biri (Michelle Pfeiffer – “Fabulous Baker Boys”) Oscarı uduzub. Keçmişdə “Platoon” (1986)-dakı artıq ikonikləşmiş obrazıyla və onu tarixdə vampir obrazını canlandırmaqla Oscara namizəd olan yeganə aktyora çevirən “Shadow of the Vampire” (2000) ilə Oscar namizədi olmuş aktyor, bu həftə üçüncü namizədliyini əldə etdi. İllərdir layiq olduğu qalibiyyətə qovuşub qovuşmayacağını mart ayında görəcəyik.

          

 Mövzudan necə səslənirsə səslənsin, The Florida Project – sentimental film deyil, yumora sahibdir. Obrazlarına yanaşması da səmimidir. Elə bəlkə də hadisələrə bu qədər həddsiz real yanaşmanın nəticəsidir ki, industriya mükafatlarında film çox da diqqət yığmır. Təəsüf çünki “The Florida Project” açıq ara ilin ən yaxşılarından biridir və daha çox insan tərəfindən də tanınmağa layiqdir.

Yazar: Mənsur Z.
Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder