Inglourious Basterds (Şərəfsiz Alçaqlar) Filminin Orijinal Analizi


  İlk məqaləsi One Flew Over the Cuckoo's Nest filminin analizi ilə
olduqca bəyənilən gənc yazıçımız İlkin Vəliyevin 2-ci film analizini təqdim edirik.

Sizin üçün bu dəfə haqqında söhbət açacağımız film rejissoru Kventin Tarantino, orijinal adı isə “Inglourious Basterds” (bizim dildə ya “Şərəfsiz Alçaqlar”, ya da “Şərəfsiz Mələzlər” kimi tərcümə olunur) olan filmdir. Film 2009-cu ildə ekranlaşdırılmışdır, həmçinin Tarantinonun 321.000.000 dollarlıq gəlirlə maliyyə baxımından ən uğurlu filmi olmuşdur. Film özü 8 nominasiyada Oskara namizəd oldu, lakin təkcə Kristof Voltz ən yaxşı köməkçi aktyor nominasiyasında öz mükafatına qovuşdu. Voltz həmçinin həm Kann kinofestivalında, həm Qızıl Qlobusda, həm də BAFTA-da analoji mükafatı qazanmışdır.


Filmin baş rollarında Bred Pitt (“Apaçi” Aldo Reyn rolunda), Dayen Kruqer (Bridcet von Hammermsmark), Melani Louren (Şozanna Dreyfus), Kristof Voltz (“Yəhudi ovçusu” SS zabiti Hans Landa), Eli Rot (“Yəhudi ayısı” Donni Donovits) və digər isimlər yer almışlar. Filmin gedişatını isə Tarantinonun yaxın dostu və sevimli aktyoru olan Samuel L. Cekson bizə anladır.




Filmin başlanğıcı “Bir vaxtlar nasizm işğalındakı Fransa” mündəricatı ilə açılır. Bu bölümün möhtəşəm alınmasında, təbii ki, Hans Landa rolunu mükəmməl şəkildə canlandıran, əslən avstriyalı olan (həmçinin ana dili almancadır) aktyor Kristof Voltzun əməyi danılmazdır. Hətta bir çox kino tənqidçisinə görə Voltzu öz rolunun öhdəsindən filmin son səhnəsinədək mükəmməl bir biçimdə gəldiyi üçün bu kinonun ən yaxşı oyunçusu adına layiq görmək olar. Almanca ilə yanaşı ingilis, fransız və italyancanı da, demək olar ki, qüsursuz şəkildə danışa bilən zabit Landa ev sahibi ilə apardığı həyəcanlı, dahiyanə söhbətlərin sonunda yəhudi ailəsinin gizləndiyi yeri öyrənir və öz əsgərlərinə ailənin qətliamı üçün göstəriş verir. Lakin ailənin balaca qızı, filmin bitimində də son nöqtəni qoyan əsas sima olan Şozanna Dreyfus nasist əsgərlərin əlindən qaçmağı bacarır. Və elə bununla da filmin ilk bölümü sona yetir.


İkinci bölümdə isə “Şərəfsiz Alçaqlar” komandası ilə tanışlığımız başlayır. Komanda “Apaçi” Aldo Reynin başçılığı altında toplanmışdır və ABŞ Gizli Xidməti tərəfindən vəzifələri təsdiqlənmişdir. Komandada öz yüksək rütbəli komandirlərini, generallarını tək-tək öldürən, elə də söhbətcil olmayan alman əsgəri Hüqo Ştiqlitz (Til Şvayger canlandırıb) və əksəriyyəti yəhudi olan hərbçilər yığışmışdır. Və leytenant Aldo tərəfindən həmin əsgərlərə xüsusi bir tapşırıq da verilir, belə ki, əsgərlərin hər biri 100 nasist əsgərinin baş dərilərini üzməli idilər. Elə bu bölümdə də biz bir çox nasist əsgərlərinin baş dərilərinin üzülməsinə və “Yəhudi Ayısı” ləqəbli çavuş Donni Donovitsin beysbol bitası (taxtası) ilə baş partlatmaq kimi məşğuliyyətlərə rast gələ bilərik.


Üçüncü hissədə biz Şozannanı Parisdə bir kinoteatr rəhbəri kimi görürük. Filmə bu mərhələdə “Milli Qəhrəman” Fredrik Zoller (Daniel Brühl canlandırıb) daxil olur. Zollerin bu ali ada yiyələnməsinə səbəb onun təkbaşına 300-dən çox düşmən əsgərini məhv etməsi səbəb olmuşdur. Fredrik həmçinin bir kinosevərdir və elə onun özü haqqında çəkilən filmin məhz Şozannanın kino salonunda göstərimə girməsini arzulayır. Təbii ki, bunun üçün Nasist Almaniyasının ali dərəcəli rəhbərlərindən, xüsusilə də, o dövrki Almaniyanın Xalqı Maarifləndirmə və Propoqanda Naziri olan Yozef Göbbelsdən lazımi icazəni də alır. Bu bir tərəfdən də Şozannanın işinə yarayır. Belə ki...




Filmin qalan bölümlərindən ətraflı şəkildə söz açmayacağıq, amma maraqlananlar üçün onu deyə bilərik ki, filmin sonu heç də ürəkaçan şəkildə bitmir. Ənənəvi Tarantinovari sinemaya uyğun olaraq çox qəribə və anlaşılması çətin olan bir biçimdə sonlanır. Film tarixilikdən daha çox “fantastik” tərzdə çəkilib, bu da filmi nisbətən maraqlı edən göstəricilərdəndir. Lakin mövzunun əsas məğzi insanlıq tarixinin ən dərin və böyük qara ləkələrindən sayılan Nasizm olduğundan həddindən artıq fantastikliyə qaçmaq filmin ciddiyyətini də bir xeyli dərəcədə aradan qaldırmaqdadır. Həmçinin filmin bəzi yerlərində Nasizm anlayışı ilə alman xalqının eyniləşdirilməsi də obyektivlikdən uzaqlaşmağın daha bir göstəricisi sayılır. Fəqət ümumi götürsək, təqdirəlayiq oyunçu performansları, çəkiliş tərzi, musiqiləri və maraqlı ssenarisi ilə izlənməyə dəyər bir Tarantino filmidir.


Tarantinonun filmləri həmişə özünəməxsusluğu ilə digərlərindən fərqlənib: xarakterlərin arasında gedən uzun və qarmaqarışıq dialoqlar, qara yumor və s. Üstəlik də, kino izləyicisinin gözləntilərinin əksinə olaraq onun filmləri həmişə ağla gəlməyən bir tərzdə davam edir, gözlənilməyən sonluqla da bitir.


Haqqında danışdığımız film də məhz bu saydığımız vasitələri özündə birləşdirir. Tarantino bu filmi ilə 2-ci Dünya Savaşının sonunu fərqli anlamda təqdim edir və öyrəşdiyimiz qanun-qaydaları dağıtmağa çalışır. Belə ki, filmin sonunda Hitler intihar etmir, Hitlerə qarşı döyüşən Amerika yəhudiləri isə faşistləri ağlagəlməz amansızlıqla qırırlar. Tarantino hər şeydən əvvəl bu filmi ilə kinoya qarşı hiss etdiyi hədsiz sevgini göstərib. Rejissor bu filmi ilə sanki çatdırmaq istəyir ki, istənilən tarixi faktı düşündüyü biçimdə dəyişdirə və bu mətni kinoya uyğulaya bilər. Çünki onun üçün kino hətta reallıqdan üstündür. Ən əsası isə, o bunu adi formada yox, intellektual bir dillə gerçəkləşdirir.


Beləliklə, bu yazımızda çalışdığımız qədəri ilə Tarantinonun “Inglourious Basterds” filmini analiz etməyə çalışdıq. Ümidvarıq ki, gördüyümüz çalışmadan məmnun qalacaqsınız. Növbəti film analizlərinədək, sağlıqla qalın.
Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

2 yorum: