Quentin Tarantino - Kventin Tarantino Rejissor Kimi. Heyati ve Filmlerinin Analizi

Kventin Tarantino
1963-cü ildə ABŞ-ın Tennessi ştatının Noksvill şəhərində
anadan olmuşdur. Kiçik yaşlarından dərslərinə elə də marağı olmayan Tarantinonun ən böyük arzusu aktyor olmaq, hobbisi gündəmdə olan məsələləri izləmək idi. Bu onun gələcəkdəki usta natiqlik qabiliyyətinin bünövrəsini qoyurdu.
  14 yaşı olarkən ucuz bir roman oğurladığına görə qısa müddətli həbs olunan kiçik Tarantinonun o gündən həyatı dəyişir. Yeniyetmə yaşlarında aşağı səviyyəli filmlərin və serialların epizodik rollarında çəkilən Kventin, 17 yaşında film diskləri satan bir mağazada satıcı olaraq işə başlayır. Bir neçə illik periodda mağazadakı yüzlərlə filmi izləyən Tarantino öz qabiliyyətini o vaxt kəşf edir.
  Ögey atasına çox bağlı olan Tarantino, onun da maddi dəstəyi ilə 1983-cü ildə yaxın dostu Skott Meqil ilə Love Birds in Bondage (Zəncirli Eşq Quşları) komediya filminin çəkilislərinə başlayır, lakin bu filmi heç vaxt tamamlaya bilmir. Özünün də çıxış etdiyi film maddi və texniki problemlər ucbatından çəkilə bilmir.

  4 il sonra 24 yaşlı Tarantino My Best Friend's Birthday (Ən Yaxşı Dostumun Ad Günü) filmini çəkir. B-sinif kateqoriyasına aid olan komediya filminin baş rolunu da ifa edən Tarantino 69 dəqiqəlik filmiylə heç kimin diqqətini cəlb edə bilmir. Filmdə ad günündə sevgilisi tərəfindən tərk edilən gəncin dostunun məsələyə münasibəti komik sujet xətti ilə göstərilir.
                  
  İlk 2 filmi ilə uğursuzluğa düçar olan Tarantino, ssenarisini özü yazdığı və onu məşhur edəcəyinə inandığı Reservoir Dogs (Quduz Köpəklər) filmini maddi problemlərə görə çəkə bilmirdi. Təsadüfən orta dövr Hollivud filmlərinin məşhur siması Hervi Keytelin əlinə keçən ssenari, onun tərəfindən çox bəyənildi və Keytel filmə produserlik etməyi qəbul etdi. 1992-ci ildə premyerası olan film həqiqətən böyük əks-səda doğurdu.
  İlk səhnəsindən son səhnəsinə qədər tamaşaçıya nəfəs aldırmayan film, başlanğıcdakı 5 dəqiqəlik dialoq səhnəsi ilə dövrün ictimai, siyasi və psixoloji aspektlərini məharətlə ifadə etdi. Mükəmməl və uzun dialoq səhnələri, cinayət və qan səhnələrinin reallığı ilə seçilən film 8,4 IMDb xalı ilə dünyada 74-cü yerdə qərarlaşır.
  Soyğun planı quran 6 nəfərlik dəstənin işləri yolunda getmir və bunun paralelində aralarındakı satqını tapmaq cəhdləri xronoloji kadr ardıcıllığının əla qurulması ilə film şedevr əsərlərdən birinə çevrilir. Baş rollarında Hervi Keytel, Tim Rot, Maykl Medsen, Stiv Buskemi kimi məşhurların oynadığı filmdə Tarantino da dəstə üzvlərindən biri idi.
       
  Nəhayət, 1994-cü ildə Tarantino öz şah əsərini yaratmışdı.  Bu Pulp Fiction (Kriminal Qiraət) filmi idi. 9 IMDb xalı ilə dünyada rəsmi olaraq 5-ci yerdə olan film, öz janrındakı yaxud başqa heç bir filmlə oxşarlıqlar təşkil etmir. Bu filmi ilə birlikdə artıq Tarantino filmlərini hansısa janra daxil etmək yerinə, Tarantino janrı adı ilə tanıyırdılar. Yalnız 2-ci böyük filmi ilə Hollivudun zirvəsinə çıxan 31 yaşlı Tarantino, bu filmi ilə Akademiya mükafatı ilə də tanış oldu. Ən yaxşı ssenari kimi ən çətin əldə olunan nominasiyada Tarantino Oskarı qazandı.
  Növbəti filmlərində də istisnasız istifadə edəcəyi bəzi maraqlı personaj və səhnələr Pulp Fiction filmi ilə başladı; hər filmində bir tualet səhnəsi mütləq olmalı idi, lakin hamam qətiyyən olmamalıdır. Personajlardan birinin ata və anası başqa millətlərdən olmalıdır, bu Tarantinonun özünün də eyni qəbildən olması ilə əlaqədardır. Qadın ayağı geniş planda sərgilənməlidir, Kventinin qadın ayaqlarına olan həssaslığı hamı tərəfindən bilinir. Nəhayət, bu və ya başqa formada maşın baqajı səhnəsi bütün filmlərində var. Bu tipli özünəməxsus qəribəlikləri ilə Tarantino ekvivalenti olmayan bir rejissor olacaqdı.
  3 fərqli hekayənin birləşdirilib vahid film halına salındığı Pulp Fiction filmini bir neçə cümlə ilə nəql etmək mümkün deyil. Filmdə həm qadağan eşq macərası, həm narkotik bağımlılıqlar, həm də başçısının sözündən çıxan bir boksçunun sərgüzəştlərini izləmək mümkündür. Rəqs, qəribə restoranda söhbət, iynə, homoseksual, soyğun, cezalandırma, maşın yuma və digər möhtəşəm səhnələrin hər biri kino tarixinin qızıl səhnələri arasındadır. Uma Turman, Con Travolta, Samuel L. Cekson, Tim Rot, Hervi Keytel, Brus Uillis, Kristofor Ualken kimi öndəgedən Hollivud ulduzlarını bir araya toplayan film, Tarantinonun aktyor komandasını da təşkil edən əsas fərdləri bizə göstərdi. Travoltanın canlandırdığı Vinsent Veqa personajının Reservoir Dogs filmindəki Maykl Medsenin canlandırdığı Vik Veqa personajı ilə qiyabən qardaş olması, filmdəki məşhur qanlı maşının Tarantinonunöz maşını olması və çəkilişlər əsnasında oğurlanması, soyğun səhnəsindəki pulqabının da Tarantinonun öz pul qabı olması film haqqında maraqlı məlumatlardandır.
        
  Növbəti il Tarantino xüsusi dəvət əsasında yeni yayınlanmaqda və daha 15 sezon davam edəcək Urgences(Təcili) serialinda Motherhood (Analıq) adlı bolümün rejissorluğunu etdi.

  Elə həmin il Tarantino, ElisonAnders, Aleksandr Rokuell və yaxın dostu Robert Rodrigez ilə birlikdə Groom Service səhnə əsəri əsasında Four Rooms (Dörd Otaq) filminin ssenarisini yazdı və çəkdi. Filmi, xüsusi rejissor kimi dəvət alan Tarantinonun filmi kimi adlandırmaq yalnış olardı. Madonna, Antoniyo Banderas, Tim Rot kimi ulduzların çıxış etdiyi komediya filmi, XX əsrin sonlarının ən komik filmlərindən sayılır.
         
  1997-ci ildə Tarantino ElmorLeonardın Jackie Brown (Ceki Braun) novellası əsasında eyni adlı filmi çəkir. Az qalan 200.000 səs ortalamasında 7,5 IMDb xalı toplasa da bu film çox tənqid olunur. Filmdə öz standartlarından uzaqda görünən Tarantinoya Robert De NiroRobert Forsterin möhtəşəm ifası kömək edir. Baş rol üçün Hollivudun orta səviyyəli aktrisası Pam Qrayeri seçən və bu filmi yalnız onun üçün düşündüyünü deyən Tarantino, hər nə qədər əla qurğulanmış ssenarisi olmasına baxmayaraq bu səfər fanatlarını məyus edir.
  Filmdə qarışıq iş və hüquqi münasibətlər arasında qalmış stüardessanın böyük məbləğ pulu hiylə və ağlı nəticəsində necə əldə etməsi Tarantinoya xas kadr xronologiyası ilə göstərilir.
                   
  Son filminə görə saysız tənqidlərdən bezən Tarantino Hollivuddan küsmüşdü və 6 il səssiz səmirsiz yeni ssenarisini yazdı və nəhayət 2003-cü ildə möhtəşəm geri dönüşünü gerçəkləşdirdi. Kill Bill Vol. 1 (Billi Öldürmək 1) filmini şərq döyüş filmləri səhnələrinə yumoristik tərzdə oxşatmaqla Tarantino eyni zamanda filmlərində qanı və vəhşiliyi nə qədər sevdiyini ifrata varan dərəcədə göstərir. Ən yaxşı aksiyon filmləri siyahısında ilk yerlərdə olan film 8,2 IMDb xalı ilə də göz doldurur.
  Baş rola çəkilməyi qəbul etməsi üçün bütün ssenarini telefonda Uma Turmana danışan Tarantino onu razı salmağı bacarır. Filmdə özü də oynayan rejissor 'Çılğın 88' adlı qruplaşmanın bir üzvü idi. Maykl Medsen və Lusi Liu ilə zənginləşən film maraqlı və axıcı kadr ardıcıllığı ilə nümayiş etdirilir. Qeyri-qanuni silahli qruplaşmadan kənarlaşan 'gəlin'in toy günü ailəsinin qətlə yetirilməsi və möcüzə nəticəsində sağ qalıb qisasını alması yüksək effekt keyfiyyəti ilə tamaşaçıya çatdırılır.
                  
  1 il sonra Kill Bill seriyasının növbəti filmi Kill Bill Vol. 2 işıq üzü gördü. Hekayənin davamını tamaşaçıya çatdıran film, ilk bölümdən heç də geri qalmamasını 8 IMDb xalı ilə sübut etdi. Uma Turmanın möhtəşəm performansı ilə zənginləşən filmdə nəhayət Bill personajı da bizlərə göstərilir. Maykl Medsen, Devid KarradinDeril Hannahin təsirli ifaları filmə rəng qatır.
  Filmin sonunda intiqamını tam aldığını zənn edən Beatriks Kiddo (Gəlin) üçün hər şey tamam bitməmişdi. Növbəti - 3-cü bölümün çəkilişlərinə 2 dəfə başlamaq istəyən amma hər dəfə fikrindən daşınan Tarantino bu yaxınlarda seriyanın 3-cü filmini çəkəcəyini yenidən söylədi.
       
  Növbəti il Frank Millerin qrafik novellasi əsasında səhnələşdirilən Sin City (Günah Şəhəri) filminə xüsusi qonaq rejissor kimi dəvət alan Tarantino filmdəki bir neçə səhnə ilə öz sözünü deyir. Qeyd etmək lazımdır ki, film 8,2 IMDb xalına malikdir və yaxın günlərdə davam filmi Sin City 2 işıq üzü görəcək.

  Həmin il məşhur Les Experts(Ekspertlər) serialından da təklif alan Tarantino Grave Danger 1, 2 (AğırTəhlükə) bölümlərini çəkmişdi. Artıq Tarantino üçün ən yaxşı rejissor olması qəbul olunmaqda idi, bununla belə aktyor kimi çəkildiyi qəribə və orta səviyyəli filmlərlə o, heç kimə məhəl qoymadan istədiyi kimi işinə davam edirdi.

  2007-ci ildə yenidən Robert Rodrigezlə işləyən Tarantino, Gridhouse adı altında Planet Terror (TerrorPlaneti)Death Proof (Ölüm Keçirməyən) filmlərini nümayiş etdirdi. 2-cinin rejissoru olan Tarantino, öz ssenarisinə çəkdiyi filmlə daha çox üslubunu tamaşaçılara çatdırır. Tarantinonun sırf öz işi kimi qəbul etmədiyi Grindhouse Kurt Rassel, Roz MakQovan, Rosariyo Douson, Zoy Bell, Denni Trejo kimi məşhur simaların iştirakı ilə görkəmli hal alır.
  Death Proof filmində manyak bir aktyorun öz maşını ilə cavan qızları öldürməsi və sonda başına gələnlər Kventin tərzində əks etdirilir. Barmen rolunu məharətlə ifa edən rejissor, filmdə həmçinin şəxsi maraqlarından da ipucuları verir.
       
  Kill Bill seriyasından bəri şöhrətinə layiq bir filmlə özünü göstərməyən Tarantino nəhayət 2009-cu ildə möhtəşəm dönüşünü reallaşdırdı. Inglourious Basterds (Şərəfsiz Əclaflar) filmi ilə Pulp Fiction filmindən sonra ən gəlirli filmini çəkən rejissor 8,3 IMDb xalı ilə də ilk 100 film siyahısına düşməyi bacardı. Yeni tanış olduğu və o dövrdə Hollivud üçün elə də tanış sima olmayan Kristof Voltzun Oskar gətirən ifası, Eli Rot, Bred Pitt, Diana Kruqer, Maykl Fasbender kimi ulduzların iştirakı ilə film janrının ən yaxşılarından biridir.
  Ən yaxşı ssenari və rejissor nominasiyalarında Akademiya mükafatına namizəd olan Kventin, filmində Hitleri öz fantaziyasına uyğun sonla öldürür. Həmişəki kimi usta yumor və əla qurğulanmış dialoqları ilə film yalnız mükəmməl effektlərinin arxasında gizlənmir. İlk səhnəsini 2 aya çəkdiyi filmin kast seçimi mərhələsində də problemlərlə üzləşən Tarantino ən yaxşı seçimi etdiyini bir daha hamıya sübut etdi.
                  
  3 il sonra Django Unchained(Zəncirsiz Cenqo) filmi ilə qayıdan Tarantino dahiliyini hamı üçün sübut etmiş oldu. 1966-ci ildə çəkilmiş Django filminin müasir versiyası olan və ssenarisi Tarantino tərəfindən yenidən yazılan kovboy filmi ən yaxşı müasir kovboy filmi statusunu da daşıyır. 8,5 kimi IMDb xalına (dünyada 53-cü yer) sahib olan film atışma səhnələrinin ustalığı və effektlərinin yüksək səviyyəsi ilə göz doldurur. 2-ci dəfə ən yaxşı ssenari nominasiyasinda Tarantinoya Oskar qazandıran filmdə, ardıcıl 2-ci dəfə oynayan Kristof Voltz da Oskarı əldən vermədi. Filmin kavboy filmi ab-havasını əks etdirmədiyini düşündüyünə görə ilk öncə roldan boyun qaçıran aktyor, Tarantinonun onu inandırması ilə rolu qəbul edir. Demək olar ki, bütün kastı sonradan dəyişdirilən filmdə Tarantino yeni ulduzları Cimi Foks, Leonardo Di Kapriyo, Kerri Vasinqton kimi simaların yanında sadiq dostu Samuel L. Ceksonun da möhtəşəm ifasından yararlanır.
  Qaradərililərin qul kimi işlədiyi dövrdə xanımını əsarətdən qurtarmaq istəyən zəncinin, mükafat ovçusu dostunun köməyi ilə apardığı mübarizə və dolğun performans səhnələri, vəhşiliyi sevən Tarantino tərzinin ən yaxşı nümunələrindən biridir.
     
  Hal-hazırda isə Tarantino müxtəlif filmləri üzərində işləyir. Bunların başlıcası artıq çəkilişlərinə başlamasına günlər qalan və saysız problemlərlə üzləşdiyi Heightful Eight (İyrənc Səkkizlik) filmidir. Filmin ssenarisinin ictimaiyyətə sızdırılması və paralelində gələn bir çox arzuolunmaz hadisələr Tarantinonu filmdən vaz keçmək həddinə qədər gətirmişdi. Yenidən vestern janrına üz tutan Tarantino, filmdə baş rollarda Samuel L. Cekson, Tim Rot, Maykl Medsen, Kurt Russel kimi simalara yer verəcək. Filmin premyerası 2015-ci ilin dekabr ayında olacaq.
  Növbəti gözlənilən film Kill Bill seriyasının 3-cü filmidir. Baş rolda yenə Uma Turmanın çəkiləcəyi elan olunan filmin çəkilişlərinə 2015-ci ildə başlanması gözlənilir. Kill Bill: TheWhole Bloody Affair adlanacaq filmin 247 dəqiqə olması gözlənilir. Yarım saatlıq anime (Şərq üslubunda animasiya filmi) də əlavə olunacaq film də problemlər cəhətdən Heightful Eight filmindən geri qalmır.
  Tarantinonun hamı tərəfindən səbirsizliklə gozlənilən və bir müsahibəsində çəkəcəyini söylədiyi filmi isə Pulp Fiction filminin davamıdır. Böyük kütlə istəyi və tələbatını Tarantinonun hansı dərəcədə nəzərə alacağı hamını maraqlandırır.
Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder