Clint Eastwood - Klint Istvudu Yaxindan Taniyaq. Heyati ve Filmleri


Əsl adı Klinton Eliyas İstvud olan Klint İstvud
1930-cu ildə ABŞ-ın Kaliforniya ştatının San Fransisko
şəhərində anadan olmuşdur. Məktəb illərində güclü və aktiv fiziki cəhətləriylə həmyaşıdlarından fərqlənən Klint, dəmirçi atasının iş yerini dəyişdirməsi səbəbindən ailəsiylə birlikdə çoxlu şəhərlərə köçmək məcburiyyətində qalırdı. 
  1949-cu ildə 19 yaşında orduya çağrılan gənc Klint, Koreyaya göndərilir. Hər nə qədər müharibə üçün getsə də heç bir döyüşdə iştirak etməyən Klint, bu mövzuya gələcəkdə çəkəcəyi bir filmində də toxunur. 1951-ci ildə Koreyada təyyarə qəzası keçirir və dənizə düşür. Fiziki cəhətdən güclü olması ona sağ qalmağında kömək olur. Evinə qayıdan Klint, su quyusu qazmaq, qəzet satmaq, fəhlə kimi işləməklə bir müddət dolandıqdan sonra təhsilinə davam etmək qərarı alır və idarəetmə fakültəsində oxumağa başlayır.
  Tanışlarının təkidi ilə o vaxta qədər heç düşünmədiyi aktyor olmaq arzusu yaranan Klint, `Universal` film şirkətinə müraciət edir. Almacıq sümüyünün çox iri olması və aktyor qabiliyyətlərinin məhdudluğunu əsas gətirərək imtina etdikləri Klint, yolundan dönmür. 1955-ci ildə cəmi 75 dollara b-sinif filmlərdə epizodik rollar ifa edən Klint, uğursuz da olsa Hollivuda ilk qədəmlərini qoyur.
  İstvudun aktyor kimi məşhurlaşdığı filmi isə 1959-1965 illəri arasında oynadığı Rawhide (Xam Dəri) teleserialı idi. Aktyorluq qabiliyyəti ilə diqqətləri cəlb edən Klint, vestern filmləri üçün yeni və orijinal simaya çevrilir.

  Serial çəkilərkən, 1964-cü ildə Klint onu zirvəyə çıxaracaq təklifi alır. Spagetti vestern janrının şübhəsiz ən görkəmli nümayəndəsi Sergi Leon, ona çəkəcəyi Dollar triologiyasında baş rol oynamağı təklif edir. Öz rolu ilə öyrəşdiyimiz kovboy imicinin əksinə ağıllı, hiyləgər və yaraşıqlı kovboy imicini müvəffəqiyyətlə tamaşaçılara çatdıran Klint, ifası ilə çox bəyənilir və birdən birə vestern filmlərinin ən arzuolunan simasına çevrilir. Seriyanın ilk filmi A Fistful Of Dollars (Bir Ovuc Dollar) böyük rəğbət qazanır və 8,1 IMDb xalı ilə ən yaxşı 250 film siyahısına düşür.
  Klint İstvudla yanaşı, dövrünün ən yaxşı vestern film aktyorlarından olan GiyanVolentenin də çəkildiyi film, eyni zamanda ən az büdcəylə çəkilən ən yaxşı filmlər sırasındadır. (Çəkilişlər üçün 1 milyon dollar belə xərclənməmişdi). Filmdə `ya qazan ya öl` şüarını tamaşaçıya çatdıran Klintin canlandırdığı Coy obrazı, qızıl ümidiylə iki ailənin düşmən münasibətdə olduğu təhlükəli qəsəbəyə gəlir. Mahir atıcılığı və iti zəkası sayəsində sağ qalmağı bacaran Coy istəyinə nail olacaqdı.
       
  Bir il sonra seriyanın 2-ci filmi For A Few Dollars More(Daha Çox Dollar Üçün) filmi tamamlanır. Yenə aşağı büdcəylə çəkilən və ilk bölümündən daha çox rəğbət görən film, 8,4 İMDb xalı ilə ilk 100 film sırasına adını yazdırır. Bu dəfə Monko obrazına canlandıran Klintin, digər mahir mükafat ovçusu ilə olan pul mübarizəsi səhnələşdirilir. Az və sakit danışan, siqareti ağzından əksik olmayan iti baxışlı kovboy Klint, bir çoxlarının könlünə yol tapır.
  Li Van Klifin də usta aktyorluğu ilə şedevrləşən filmi ilə Klint artıq bütün dünyada kovboy deyildikdə ağla ilk gələn sima olmuşdu.
      
  Nəhayət 1966-cı ildə seriyanın son filmi The Good, The Bad and The Ugly (Yaxşı, Pis və Eybəcər) çəkildi. IMDb-dən fantastik 9 xalını alan və dünyada 6-cı sırada qərarlaşan film Klintin də möhtəşəm ifası ilə bütün dünyada tanınan bir film oldu. Sarışın obrazını canlandıran və adı filmdə çəkilməyən Klintin məşhur çuxası hər üç filmdə də eyni idi. Filmdə 3 ayrı kovboyun bir əsgərin qəbirdə gizlətdiyi xəzinəni tapmaq uğrunda mübarizəsi Leon üslubunda real ictimai faktlarla tamaşaçıya çatdırılır. Finalındakı 3 nəfərlik duel səhnəsi ilə yaddaşlarda silinməz iz buraxan film haqqında ən maraqlı fakt isə ispan ordusu tərəfindən dağıdılan körpünün yenə həmin ordu əsgərlərinə yenidən tikdirilməsi və filmdəki körpünü partladmaq səhnəsinin real olmasıdır.
      
  Cəmi 10 illik periodda zirvəni fəth etməyi bacaran Klint, rejissorların sevimli aktoruna çevrilmişdi. Özünü rejissor kimi də sınamağı düşünən İstvud, bu illərdə Paint Your Wagon (Öz Vaqonunu Rənglə), Two Mules for Sister Sara (Bacım Sara Üçün İki Qatır), Kelly's Heroes (Kellinin Qəhrəmanları) kimi dövrünün səviyyəli komediya filmlərində çəkilən Klint, bu janrda da səmimi ifası ilə aktyor kimi universallığını da sübut etmeyi bacardı. Paint Your Wagon filmində ifa etdiyi 5 fərqli mahnı onun görülməmiş qabiliyyətdə bir ulduz olacağının xəbərçisi idi.
                   
 1971-ci ildə məşhur rejissor Don Siqellə tanış olan Klint, ondan çox şey öyrəndiyini hər fürsətdə dilə gətirirdi. Əməkdaşlıq etdikləri ilk film olan Beguiled (Aldadılmış) filmi ilə qanun naminə özünəməxsus üsulları ilə mübarizə aparan şəhər kovboyunu canlandıran aktyor, dram janrında da ustalığını bizlərə göstərdi.

  Eyni il Klint rejissor karyerasına da başladı. Malpaso film şirkətini yaradan Klint, dövrün bir çox aksiyon filmlərinin bu şirkətdə çəkilməsində əsas səbəbkar idi. İlk fimi Play Misty For Me (Mənim Üçün Dumanlı) filmi ilə debüt üçün pis sayılmayan filmlə fanatlarını sevindirən Klint, baş rolunu da ifa etdiyi filmdə cinayət və mafiya münasibətlərinə toxunur.
       
  Məhsuldar ilin sonlarında yenidən Don Siqel ilə işləyən Klint, yeni bir əfsanə yaratdı. Kovboy obrazları ilə özündən sonrakı bir çox rejissor və aktyorlara ilham mənbəyi olan İstvud bu səfər orijinal polis obrazını təqdim etdi. Öz üsulları olan, vəzifə böyüklərinin sözünə məhəl qoymayan polis, bağlanmaq təhlükəsi olan Magnum silah şirkətini də bazarda 1 nömrə etdi. Sərt, öz qanunları olan və mahir silah ustası Harry Callohan, Dirty Harry (Kirli Herri) filminin baş personajı idi.
         
  Özünün çəkdiyi ilk vestern filmi olan High Plains Drifter (Böyük Səhra Avarası) filmi ilə 1973-cü ildə ən yaxşı filmlərdən birini çəkən Klint artıq Hollivudun zirvəsində idi. Aktyorluqdan sonra rejissor kimi də ən yaxşı olmağa layiq olduğunu göstərən Klintin əsas filmləri hələ qabaqda idi.
                   
  Dirty Harry əfsanəsi yenə davam edirdi. 1973, 1976, 1983, 1988-ci illərdə sırasıyla Magnum Force (Maqnum Gücü), Enforcer (Zorlayan)  Sudden İmpact (Ani Təsir), Dead Pool (Ölüm Hovuzu), filmlərində Herri personajını canlandıran İstvud, üçüncüdə həm də rejissor idi. Böyük şöhrət və maddi gəlir qazandıran Dirty Harry seriyası Klintin də imic və ağırlığını formalaşdıran əsas filmlərdən idi.




  1976-cı ildə yenidən bir vestern filmi çəkən Klint, bu janrda tarixin ən yaxşılarından birinə imzasını qoydu. Outlaw Josey Wales (Qanundankənar Cosi Uels) filmi böyük əks səda doğurdu. Öyrəşilmiş vestern ssenarilərindən fərqlənməsi ilə seçilən filmdə o dövrdəki bir çox filmlərində birlikdə işlədiyi Sandra Louk ilə yenidən bir araya gələn Klint, ailəsini intiqamını alan bir kəndlini canlandırır. Film 7,9 İMDb xalı ilə səviyyəsini göstərir.
        
  Hollivud tarixinin ən sıxıcı və tənəzzüldə olan dövrü 1970-80-ci illərdə daha bir neçə aksiyon və komediya filmləri çəkib oynayan Klint, pis gedişata 1985-ci ildə tamamladığı Pale Rider (Solğun Atlı) filmi ilə dayan dedi. Yenidən vestern janrına üz tutan Klint, filmdə məzlum kəndliləri qoruyan cəsarətli kovboy personajını canlandırır.
        
  1986-cı ildə qatı hərbçi imici ilə qarşımıza çıxan İstvud, rejissorluğunu da etdiyi Heartbreak Ridge (Kədərlər Silsiləsindən) filmi ilə filmindən daha çox diqqət çəkməyi bacardı. Ekvivalent imici gələcək şedevr əsərində də sərgiləyəcək olan Klint, filmin musiqisinin də sözlərini yazmışdı.
  Klint İstvud səviyyədə kinematoqraf üçün çatışmayan yeganə uğur Akademiya mükafatı idi. Bu istəyinə isə nəhayət 1992-ci ildə Unforgiven (Bağışlanmayan) filmi ilə iki Oskar birdən almaqla nail oldu. İlin ən yaxşı filmi və ən yaxşı rejissor nominasiyalarında qalib gələn Klint, ən yaxşı kişi baş rol nominasiyasında da namizəd idi.
  Vestern filmlərinə yad olan mükəmməl dram səhnələri, təsirli süjet xətti ilə film şedevr vestern filmlərindəndir. Morqan Friman və Oskar gətirən ifası ilə Gen Hekmenin usta performansları ilə zənginləşən filmi artıq dünyasını dəyişən Don Siqel və Sergi Leonun xatirəsinə həsr etdiyini deyən Klint, dahi rejissorlara bağlılığını bir daha göstərdi. Filmdə üç kovboyun başlarına pul mükafatı qoyulmuş iki gənci öldürməsi üçün qanunların ciddi tətbiq olunduğu qəsəbəyə gəlməsi və mükəmməl intiqam səhnəsi, usta rejissor işi ilə tamaşaçılara zövq verir. 8,3 IMDb xallı film, dünyada 108-cidir.
       
  Növbəti il ən yaxşı dram filmlərindən sayılan Perfect World (Mükəmməl Dünya) filmini çəkən rejissor, ilk dəfə öz çəkdiyi filmdə köməkçi rolda oynadı. Kevin Kostnerin baş rolunu ifa etdiyi film, azyaşlı uşaqla qanun qaçağının psixoloji münasibətlərini təsirli sujet xətti ilə bizlərə göstərir. 7,5 IMDb xallı filmdə baş rolun ilk olaraq təklif olunduğu aktyor Denzel Vaşinqton idi.
        
  1980-90-cu illərdə siyasətə də atılan dahi rejissor iki il müddətində bələdiyyə başçısı vəzifəsini icra edir. Qatı Cumhuriyyətçilərdən olan Klint, seçki kampaniyalarında da iştirak edirdi. Filmləri ilə şəxsi həyatı təzad təşkil edən Klint, siqaret əleyhinə çıxışları ilə məşhurdur. Eyni zamanda silah və müharibələrə də nifrət edən Klint, bir müsahibəsində dünyanı silahsız təsəvvür etmək istədiyini demişdi. Filmləri və gündəlik həyat tərzi ilə xarizmanın rəmzi sayılan İstvudun, homoseksuallığa da tolerant baxış tərzi var.
  1995-ci ildə daha əvvəl toxunmadığı romantik janrda da film çəkən Klint, Bridges of Madison County(Madison Kəndini Körpüləri) ilə rəğbətlə qarşılandı. Hollivudun ən çox Oskara namizəd olan aktrisası Merli Strip ilə baş rollari bölüşdüyü filmdə aktyor, stilinə zidd olan romantik obrazını da məharətlə ifa etməklə dahiliyini sübut edir. Qeyri-mümkün eşqə tutulan iki ortayaşlı insanın 4 günlük eşq macərasından bəhs edən film 7,5 IMDb xalı ilə dəyərini göstərir.
                  
  2003-cü ilə qədərki dövrdə orta səviyyəli filmlər çəkən və oynayan Klint, adınalayiq Mystic River (Mistik Çayı) filmi ilə öz standartlarına çatdı. Qorxmaz və mərd xarakterini göstərən rejissor, o dövrdə adı vətən xaini kimi hallanan hətta ölkədən departasiyası müzakirə olunan məşhur aktyor Şan Penə baş rol verməklə ona olan dəstəyini göstərdi. Tim Robbins, Kevin Beykon, Lourens Fişborn kimi ulduzların çəkildiyi film İstvudun ən yaxşı filmləri siyahısında ilklərdəndir.
  Uşaqlıq dostu olan üç ailə başçısının baş vermiş müəmmalı qətl hadisəsindən sonra reaksiyaları və orijinal təqdimetmə üslubunda ailə münasibətlərini mükəmməl ifadə edən film, 8 IMDb xalı topladı. Eyni zamanda ən yaxşı kişi baş və köməkçi rollarında Oskar qazanan Şan Pen və Tim Robbins rejissorun etimadını tam doğrultdu.
                  
  Növbəti il Klint ən çox Oskar qazanan filmi Million Dollar Baby (Milyon Dollarlıq Qız) filmini nümayiş etdirdi. İdman və dram janrlarının ən yaxşı nümunələrindən sayılan film, Klintin necə dərin və dolğun sujet xətti yarada biləcəyini göstərdi. Növbəti iki Akademiya mükafatını bu filmə görə alan rejissor, ilin ən yaxşı filmi və ən yaxşı rejissor nominasiyalarında mükafata layiq görüldü. Ən yaxşı kişi baş rol nominasiyasında isə ali mükafata namizəd oldu.
  Boksçu bir qızı sıfırdan yetişdirərək ən yüksək zirvəyə qaldıran sonra isə onun ölümünə qədər gedən yolu bizlərə göstərən film, Morqan Friman və Hilari Şvankın Oskar gətirən ifaları ilə şedevr əsərə çevrildi. Çətin görünən səhnələri bir-iki dubla çəkməsi ilə məşhur olan rejissor bu ənənəsini yenə pozmadı. Rejissorluq edərkən `oyna`, `kəs` kimi ifadələr yerinə sadəcə `okay` deyən İstvud, filmin ilk səhnələrinin birində öz ailə münasibətlərinə də sətiraltı işarə edir.  6 ayrı xanımdan 8 uşağı olan ulduz, cəmi 2 dəfə evlənib.
       
  2006-ci ildə Klint görülməmiş bir işə imzasını atdı. Eyni vaxtda paralel olaraq 2 müharibə filmi çəkən rejissor İkinci Dünya müharibəsi dövründə İvo Cima müharibəsini 2 əks-cəbhədə ayrı-ayrı filmlərlə çəkən İstvud məharətlərinin hüdudları olmadığını göstərdi. Letters From İwo Jima (İvo Cimadan Məktublar) filmi ilə Yaponiya, Flags of Our Fathers(Atalarımızın Bayrağı) filmi ilə ABŞ cəbhəsini reala tam uyğun əks etdirən Klint, biricinin rejissorluğuna görə Akademiya mükafatına namizəd olur. 8 və 7,1 İMDb xallrı toplayan filmlər ən yaxşı müharibə filmlərindəndir.                 
                                
  2008-ci ildə 2 filmiylə birdən qayıdan Klint, bunlardan ilki Changeling (Saxtakar) filmi ilə dram və tarix janrlarına əvəzolunmaz töhfəsini verdi. Anjelina Colinin baş rolunu ifa etdiyi və Oskara namizəd olduğu film, dövrünün sosial həyatını dolğun şəkildə bizlərə göstərməklə, övladı oğurlanan bir ananın fəryadını dramatik notlarla tamaşaçıya çatdırır. Dizayna görə də Akademiya mükafatına namizəd olan filmin IMDb xalı isə 7,8-dir.
                    
  Digər filmi Gran Torino (Qren Turin) isə Changeling-i kölgədə qoydu. İstvudun ən çox gəlir gətirən filmi ünvanını daşıyan dram filmində Koreya müharibəsi veteranı olan qoca kişinin ABŞ-dakı Çin məhəllələrindən birində başına gələn hadisələri xuliqanlıq və özbaşınalığı tənqid edərək bizlərə çatdırır. Laqeyd oğul münasibətləri, müharibə veteranı sərt kişi obrazı, Çin adət-ənənələri, təmiz uşaqların necə pis yola düşə biləcəyini dərin ictimai və psixoloji arqumentlərlə tamaşaçıya çatdıran film, ara-sıra komik səhnələri ilə universallığını göstərir.
        
  Artıq 78 yaşı olan İstvud aktyorluq fəaliyyətinə fasilə verir və növbəti 3 il üçün 3 filmlə fanatlarını sevindirir. Bunlardan birincisi avtobioqrafik İnvictus (Məğlubedilməz) filmi idi. Nelson Mandelanın həyatını 134 dəqiqəlik filmlə tamaşaçıya çatdıran Klint, məsuliyyətli rol üçün ən ideal seçim olan Morqan Frimanı seçir. Köməkçi kişi rolunda da Met Deymonun əla çıxışı filmi ən yaxşı bioqrafik filmlərdən biri edir. Hər iki aktyorun Akademiya mükafatına namizəd olması və filmin 7,4 xallıq IMDb göstəricisi əsas faktlardandır.
        
  Növbəti il fantastika janrına üz tutan Klint, Hereafter (Bundan Sonra) filmi ilə üç fərqli insanın başqa həyatlarda kəsişən yollarını axıcı sujet xətti ilə əks etdirir. Filmi kölgədə qoyan vizual effektlər Hereafter haqqında deyə biləcəyimiz ən yaxşı nəaliyyətdir. Yenidən Met Deymonun iştirakı ilə çəkilən filmin sunami səhnəsi unudulmazlardandır.
        
  2011-ci ildə 81 yaşlı Klint yenidən avtobioqrafiya janrına yönəldi və hal-hazırki ABŞ FTB (Federal Təhqiqat Bürosu)-nin banisi olan Edqar Huver haqqında J. Edgar (Edqar) filmini çəkdi. Baş rola ilk dəfə birlikdə işlədiyi Leonardo Di Kapriyonu çəkən rejissor, bu filmi ilə tənqidlərə məruz qaldı. Qurğusu və ssenari keçidlərində usta rejissor işini hiss elətditrən filmdə, ən əsas zəiflik isə makyaj faktorunda idi.
        
  2012-ci ildə Klint, hələlik son filmi olan Trouble With TheCurve (Döngədəki Narahatlıq) filmində baş rolda yer aldı. Rejissor Robert Lorenzin filmi idman, dram janrlarında idi. Beyzbol komandasına gənc idmançılar tapan istedad ovçusu rolundakı Klintlə bərabər məşhur simalar Emmi Adams  Con Qudman da filmə rəng qatır.
         
  Filmin çəkilişləri əsnasında ABŞ-da keçirilən konqresdə İstvud qalmaqalı yaşandı. Cumhuriyyətçilər adından çıxış edən Klint boş bir stula prezident Obama kimi rəftar edərək onunla məzaci söhbət etdiyi çıxışı ilə öz tənqidini ironik tərzdə çatdırdı və Hollivuddan kənarda da fərqini göstərdi.
       
  Nəhayət bu ilin iyun ayında Klintin son filmi Jersey Boys (Cersili oğlanlar) işıq üzü gördü. İlk musiqili filmini 84 yaşında çəkən dahi rejissor epizodik rollardan birini də qızı Françesko İstvuda verdi. 1960-cı illərdə 4 nəfərlik caz qrupunun yüksəlişi və başına gələn hadisələrdən bəhs edən film hələlik 7000nəfərlik ortalama ilə 7,3 IMDb xalındadır.
      
  Hal-hazırda isə 84 yaşlı rejissor enerjisindən heç nə itirmədən 2014-cü ilin son günlərində premyerası olacaq American Sniper (Amerikalı Snayper) bioqrafik filminin çəkilişlərinə davam edir. Baş rolunu Bredli Kuperin oynayacağı film, 150-dən çox əsgər öldürmüş manyak haqqındadır. Qeyd edək ki, filmi çəkməsi üçün ilk müraciət olunan rejissor Stiven Spilberq idi.

  Həyatı, siyasi görüşləri, qanunu sevməsi və şübhəsiz yaratdığı əvəzedilməz obrazlar ilə Klint İstvud Hollivudun ən parlaq ulduzlarındandır. Özünəməxsusluğu sevən dahi insana uzun ömür diləyirik.
  Sonda ən məşhur ifası - Gorillaz.
         

Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder