Keyfiyyətli dedektiv filmlər siyahısı düzəldiriksə burada artıq
Chinatown, Se7en, Gone Baby Gone, The Girl with the Dragon Tattoo kimi əksəriyyətin tanıdığı və izlədiyi filmləri daxil etmək düzünü desək mənasız gəldi.
Bunun əvəzinə məşhurlaşmamış və ya çəkildiyi dövrdə ajataj yaratsa da sonradan unudulan 25 keyfiyyətli, dedektiv temalı filmə siyahıda yer verdik. Buyurun yararlana bilərsiz.
Siyahını hazırladı: Mənsur Zeynalov
Clint Eastwood-un çəkdiyi bu filmdə ziyarət etdiyi şəhərdə dostlaşdığı milyonerin (Kevin Spacey) birdən birə cinayətlə mühakimə olunması və bu məsələni araşdıran jurnalistdən (John Cusack) bəhs edir. Olmuş hadisələr əsasında çəkilib.
24. “The Reckoning” (2003)
14-cü əsr. Bir keşiş, bir qrup aktyor, sirrli bir cinayət. Baş rolda Willem Dafoe.
23. “In Her Skin” (2009)
Avstraliya tarixinin ən çox danışılmış və ən şok edici kriminal hadisələrindən biri. İtən bir qız, onu axtaran ailə və polislər, və qızın başına gələnlər.
22. “The Bone Collector” (1998)
Denzel Washington və Angelina Jolie kimi iki məşhur ulduzun olmağına baxmayaraq “Bone Collector” hazırda çox yad edilməyən amma kifayət qədər maraqla izlənən detektiv filmlərindəndir.
21. “Dead Again” (1991)
Əgər müəyyən qədər mistik əlamətləri olan detektiv filmləri sizi özünə cəlb edirsə zəngin heyətə malik “Dead Again” çox uyğun seçimdir.
20. “Night Moves” (1975)
Gene Hackman-ın karyerası bir-birindən yaxşı filmlərlə zəngindir. “Night Moves” da həmin filmlərdən biri.
19. “China Moon” (1994)
Adi bir məişət problemi kimi görünən məsələ detektiv Kyle (Ed Harris) üçün heç gözlənilməyən nəticələrə gətirib çıxardacaq. bu maraqlı filmdə baş rolları Harris ilə birgə Madeleine Stowe və hələ o vaxtı şöhrətə qovuşmamış Benicio del Toro bölüşür.
18. “Blink” (1993)
Görmə məhdudiyyətli musiqiçi uğurlu əməliyyatdan sonra görməyə başlayır, hərçənd ara bir bulanıqlaşır və ya gördüklərini seçə bilmir... elə bir qətli törədən cinayətkarı görəndə də başına bu gəlir. Həmin adamın üzünü seçə bilmir. Bir detektivin də yardımıyla qəhrəmanımız qətli kimin törətdiyini aydınlaşdırmağa çalışır... nə qədər ki, onu “tək şahid” hesab edən qatil onun da canını almaq üçün qayıtmamışkən.
17. “Extreme Measures” (1996)
Elə yuxarıdakı filmin Oskar namizədi rejissoru Michael Apted-dən bir başqa triller. Tibbi triller mövzüsünda çəkilmiş onsuz az keyfiyyətli film var amma demək olar unudulmuş olan “Extreme Measures” janrın ən maraqlı nümünələrindən olmaqla yanaşı, sadəcə tibçilər üçün yox istənilən tamaşaçını düşündürəcək və başqalarıyla müzakirə etməyə səbəb olacaq əxlaqi bir dilemma üzərində qurulub. Baş rollarda Hugh Grant və Gene Hackman hər ikisi əladır.
16. “Dream Lover” (1993)
İllərdir etibar etdiyiniz adam sizə keçmişi ilə bağlı yalanlar dediyini öyrənsəniz nə edərdiniz? Yoldaşının şübhəli davranışları və keçmişiylə bağlı gizlədiyi məsələlər qəhrəmanımızı (James Spader) həqiqəti araşdırmağa, belə desək detektivliyə sövq edir. Filmin ssenaristi məşhur rejissor Elia Kazan-ın Oskar namizədliyi olan oğlu Nicholas Kazan-dır.
15. “Suspect” (1987)
Vəkillər çox zaman öz müştərilərini müdafiə edərkən özlərini bəzən lazımından çox dərəcədə işin içində tapır və məsələdə gizli qalan məqamları araşdırmağa başlayırlar. Liam Neeson-un gənclik dövründən olan “Suspect” filmində də belə bir mövzü var.
14. “Jagged Edge” (1985)
Yenə “Suspect”dəki tip bir mövzü. Vəkil (Glenn Close), müdafiə etdiyi adamın (Jeff Bridges) günahsız olub olmamasını anlamağa çalışır.
13. “Thunderheart” (1992)
Siyasi bir qətlin arxasındakıları araşdırarkən öz köklərini kəşf edən agentimizdən bəhs edən film, Val Kilmer-in də ən güclü aktyorluq ifalarından biridir.
12. “The General’s Daughter” (1999)
Orduda generalın qızının qətlinin arxasındakı sirr pərdəsinin aralanmasından bəhs edən, çıxdığı vaxtda kifayət qədər gəlir gətirmiş olmağına baxmayaraq hazırda çox adı çəkilməyən John Travolta filmlərindən.
11. “Copycat” (1995)
Tarixdə bir çox məşhur cinayətkar olub. Hərəsinin öz unikal tərəfləri olub ki, onları digərlərindən fərqləndirir amma bu filmdə iki nəhəng aktrisa Sigourney Weaver və Holly Hunter-in obrazlarının qarşılaşdığı qatil onların hamısından nəsə daşıyır, o bir çox qatilin etdiklərini kopiyalayır. Qəhrəmanlarımız isə onun növbədə kimin etdiklərini təkrarlayacağını bilib, onu dayandırmağa çalışmalıdırlar.
10. “Swimming Pool” (2003)
Bu filmində Hitchcock-un üslübünü imitasiya edən müasir fransız kinosunun ən böyük adlarından Francois Ozon, baş rolda əfsanəvi aktrisa Charlotte Rampling ilə başdan sona maraqda tutan və sonunda da təəcübləndirən bir sirrli hekayə təqdim edir.
9. “Dolores Claiborne” (1995)
Uzun illərdir anasıyla (Kathy Bates, karyerasının ən güclü ifalarından biri) görüşməyən gənc (Jennifer Jason Leigh), anasının ölümlə mühakimə edildiyini öyrənəndən sonra onun yanına qayıdır. Film boyu Dolores-in qatil olub olmaması məsələsi filmin triller-sirr tərəfinə xidmət edərkən, eyni zamanda təsirli bir ana-qız dramı da izləyirik. Bir Stephen King əsəridir.
8. “The Pledge” (2001)
O qatili tapacağına söz vermişdi və bütün həyatını da buna həsr etti. Sean Penn-in ən yaxşı rejissorluq işi. Baş rolda Jack Nicholson.
7. “Wild Things” (1998)
Əgər gözlənilməz hadisələrlə dolu filmlər sevirsinizsə, yəqin ki, bu filmdən daha uyğun seçim az olar. Müəllimini (Matt Dillon) onları zorlamaqla günahlandıran tələbələr və işin içində başqa şeylər olduğunu düşünən detektiv (Kevin Bacon).
6. “Dead Men Don’t Wear Plaid” (1982)
Siyahıdakı ən fərqli film. Ona görə ki, bu film digərlərindən fərqli olaraq triller yox komediya janrındandır. Klassik film dövrünün bir çox məşhur filminin parodiyası olan “Dead Men Don’t Wear Plaid” elə həmin filmlərdən olan səhnələrdən də hissəcikləri özündə birləşdirir. Əgər filmlərin orijinalına baxmamısınızsa belə qorxusu yoxdur, əfsanəvi komediyaçı Steve Martin güldürməyin bir yolunu tapır.
5. “Kiss Kiss Bang Bang” (2005)
Çox böyük ehtimal ki, “Nice Guys” filmini izləmisiniz. Bəyənib-bəyənməməyizindən asılı olaraq eyni rejissorun oxşar üslüblü amma çox daha yaxşı bu filmini də gözdən qaçırtmayın. Baş rollarda Robert Downey Jr, Val Kilmer, Michelle Monaghan.
4. “8mm” (1999)
Varlı milyarderin ölümünün ardından kassasında tapılan kasetdə öldürülən qızın təsviri olan videonun həqiqət olub olmadığını araşdıran detektivin (Nicolas Cage) hekayəsindən bəhs edən Joel Schumacher filmi, çıxdığı dövrdən zorakılıq səhnələrinə görə tənqidçilər tərəfindən xoş qarşılanmamış olmağına baxmayaraq, zamanla özünəməxsus bir fan kütləsi qazanıb. Pul hərisliyi, paranoya, ikiüzlülük və daha bir çox mövzüya toxunan filmdə sevilən ulduz Joaquin Phoenix, “The Sopranos” serialının ulduzu James Gandolfini, “Prison Break”dən tanıdığınız Peter Stormare və iki Oskar namizədi aktrisa Cahterine Keener kimi geniş bir heyət var.
3. “Klute” (1971)
Detektivin (Donald Sutherland) yoxa çıxan bir adamı tapmaqda əlindəki əsas ipucu, həmin adamın Nyu Yorklu fahişə (Jane Fonda) ilə arasındakı əlaqəni aydınlaşdırmaqdır. Alan Pakula-nın “paranoya” trilogiyasının ilk filmi. Hər nə qədər hamı trilogiyanın son filmi “All the President’s Men”-dən xəbərdar olsa da “Klute” haqqsız yerə adı az hallanan, dövrünün ən çox bəyənilmiş və baş rol ifaçilarından Jane Fonda-ya da Oskar gətirmişdi.
2. “Affliction” (1997)
“Taxi Driver” və “Raging Bull” kimi filmərin ssenaristi Paul Schraderdən şübhəli görünən bir hadisəni araşdıran detektiv (Nick Nolte) və həyatındakı digər problemlərə işıq tutulur.
1. “Blow Out” (1981)
Filmi tanınmamış bir az qəribə səslənə bilər, çünki öz ölkəsində De Palma-nın ən bilinən filmlərindən olmaqla yanaşı Quentin Tarantino da filmi bir dəfə ən sevdiyi ikinci film adlandırmışdı. Siyasi məsələlərdən tutmuş cinsi ayrı-seçkiliyə kimi bir çox mövzülara toxunan triller, həm də kino tarixindəki ən orijinal serialı qatıl obrazlarından birinə sahibdir və öz janrının şahəsərlərindəndir.
Bonus: Hal hazırda kinoteatrlarımızda olan Taylor Sheridan-ın (“Sicario” və “Hell or High Water” filmlərinin ssenaristi) çəkdiyi “Wind River” filmi də yüksək keyfiyyətli detektiv-trillerdir. Gedib izləməyiniz məsləhətdir. Baş rolda Jeremy Renner və Elizabeth Olsen.
0 comments:
Yorum Gönder