Aktyor və ya aktrisa kimi kifayət
qədər müvəfəqiyyət
qazanmış bir çox insan rejissorluğa meyl edib. Kimiləri
uğurlu işlər alındıra biliblər, kimilərinki isə faciəvi alınıb. Independent
qazetinin “müstəqil filmlərin kraliçası” adlandırdığı Greta Gerwig-in isə
rejissorluq işinin uğurla alınacağına şübhəmiz yox idi. Hər şeydən əvvəl Greta
teatr vurğunudur və aktrisalığa başlamamışdan əvvəl dramaturgiyaya çox ciddi
marağı olub, hər daim yazıb-yaradıb. Ardından kinoya maraq salıb və
müsahibələrini izləyənlər bilər ki, kifayət qədər də güclü kino anlayışına
sahibdir. Sonralar ssenarisiz çəkilən, təkcə improvizasiyaya əsaslanan
“Mumblecore” cərəyanın filmləriylə aktrisa kimi karyerasına başlayıb. Həmin filmlərdəki kreativ prossesin içində dərindən yer alıb. Sonralar həyatda
da birlikdə olduğu rejissor Noah Baumbach ilə birlikdə yazdığı ssenarilərdən
(“Frances Ha”, “Mistress America”) də kifayət qədər istedadlı ssenarist
olduğunu, həmçinin çox uğurlu dialoq yazmaq qabiliyyətini ortaya qoymuşdu.
Gerwig son dövrlərdə kinotənqidçilərin ən çox təriflədikləri aktrisalardandır,
keçən il “20th Century Women” filmindəki mükəmməl işiylə bir daha yayım
tənqidçiləri mükafatına namizəd göstərilən aktrisanın “Frances Ha”-dakı işi
tənqidçi John Anderson da elə böyük təəsürat qoymuşdu ki, bunu resenziyasında
“bəlkə də Gerwig yaşayan ən yaxşı aktrisadır” deyə izah etməli olmuşdu.
Gerwig
onu aktrisa kimi bu qədər unikal və sevilən edən bütün cəhətləri rejissor kimi
öz nəqletmə üslübünda birləşdirərək ilin ən səmimi, ən gözəl və ən təsirli
filmlərindən biri “Lady Bird” yazıb və çəkib. Film 2002-ci ildə, aktrisanın
böyüdüyü Sacramento bölgəsində keçir. Amma filmin Greta-nın böyüdüyü yerdə
keçməsi və bu qədər dəqiq təsvirlərin olması belə filmi xüsüsi şəkildə
“amerikan işi” etmir. Çünki filmdəki mövzülar və məsələlər universaldı və bir
çox adamın özündə nəsə tapacağı və ya ən azından tanıdığı insanları anımsadan
təsvirlər görə biləcəyi işdir. Təsadüfi deyil ki, bəzi tənqidçilər filmi
“Boyhood-un qadın versiyası” adlandırıblar. Greta, böyüdüyü yeri
sentimentallaşdırmır və keçmişin təsvirini verərkən belə nostalgiyaya qaçma
kimi heç bir hiylədən istifadə etmir. Çox incə nüanslarla dövrün siyasi və
ictimai atmosferi də filmdə özünü yansıdır (“Respublikaçı olma!”).
“Lady Bird”
ona öz adıyla müraciət edilməsini istəməyən, əvəzində “Lady Bird” (bitişik
yazıldıqda “Parabüzən” mənasını verir) deyilməsini istəyən Christine McPherson-un (Saoirse Ronan)
həyatından bəhs edir. Bir çox yeniyetməlik dövrü filmi konkret bir məsələ
üzərində durur. Greta isə necə edibsə saat yarımın içinə birdən çox mövzünü
sığışdıra bilib. Christine-nın anasıyla problemli münasibəti, ilk dəfə aşiq
olması, ilk məyusluqları, musiqili teatra qoşulması, məktəbin populyar
qızlarından geri qalmamağa çalışması, ən yaxın rəfiqəsiylə olan dostluğu, dini
məktəbdə aldığı təhsil və buna münasibəti, həyatda özünü tapmağa çalışması və
gələcəyini qurmaq üçün atdığı addımlar, ailəsinin iqtisadi vəziyyəti və onun
buna yanaşması və s. və s. bir çox mövzüya toxunulub və bütün bunlar hamısı o
qədər yerində, o qədər uyğun ahəngdədir ki, heç bir mövzü yarımçıq hiss etdirmir
özünü və ən əsası filmdəki təsvirlərin çox real olması, dialoqların axıcılığı
daha da zövq verir. Sanki həyatdan bir parçaymış kimi gedir. Filmin səmimi
tonundan söz açılmışkən bu baxımdan sonluğu da çox əladır ki, (Diqqət spoyler!)
sonda yeganə yaşanan dəyişiklik Lady Bird-ün artıq özüylə, doğulduğu yerlə və
anasıyla barışması və artıq başqa birisi yox, özü olmağı qəbul etməsidir. Buna
baxmayaraq sonluq “xoşbəxt son” deyil. Christine, Nyu-York küçələrində tək
tənhadır, atası hələ də işsizdir, anası hələ də iki işdə işləyir, Kyle hələ də
qəlbsizdir, Danny hələ də cinsi orientasiyasını gizlədir və s. çünki həyatda da
belədir – heç nə birdən birə dəyişmir. (Spoylerin sonu)
Filmi bir çox digər
yeniyetmə mövzülü filmlərdən fərqləndirən bir başqa cəhət obrazların stereotipə
çevrilməsinə imkan verməyən ssenarinin dərinliyidir. Bu baxımdan aktyorlara da
böyük tərif düşür. 23 yaşlı Saoirse Ronan – yəqin ki öz nəslinin ən istedadlı
aktrisası – bu il böyük ehtimal artıq üçüncü Oscar namizədliyinə qovuşacaq.
Ronan hər daim öz rollarında risk götürür və bu yaşında, karyerası boyu
bir-birindən fərqli obrazlar canlandırıb. Tutalım “Lovely Bones” ilə “Hanna”-nı
müqayisə etsək iki kökündən fərqli obraza necə yüksək səviyyədə
canlandırdığının şahidi olarıq. Ya da “Atonement” ilə “Brooklyn”. Ryan Gosling-in onu “Gələcəyin Meryl Streep-i. Üstad. Onunla işləmək məni daha yaxşı
aktyor etdi” deyərək izah etməsi təsadüfi deyil. Özü irland olmasına baxmayaraq
filmdə qüsursüz amerikan ləhcəsiylə danışan aktrisa, filmin həm yumoristik həm
dram səhnələrində parlayır. Lady Bird canlandırılması qəliz obrazdır çünki
“həyatdan və ətrafındakılardan narazı olan yeniyetmə” obrazı tamaşaçıda
asanlıqla qıcıq oyandıra bilər amma Ronan balansı əla qoruyur. Ümümən bütün
heyət – Lucas Hedges, Timothee Chalamet, Tracy Letts, Beanie Feldstein (ki
Jonah Hill-in bacısıdır bu arada) – öz üzərinə düşəni artıqlamasıyla yerinə
yetirib. Xüsüsi diqqət isə Lady Bird-ün anasını canlandıran Laurie Matcalf-a
düşməlidir. Bir çoxları filmi “Terms of Endearment” (1983) filmindən bu yana çəkilmiş ən
inandırıcı ana-qız münasibəti təsviri hesab edir və burada ssenaridən əlavə
aktyorların da rollarını nə qədər məharətlə oynamasından irəli gəlir.
Filmin musiqi seçimləri də tərifə layiqdir. Dave Matthews Band'in "Crash Into Me" mahnısı filmdə əhəmiyyətli rol oynayır. Lady Bird-ün daha populyar, daha "cool" olmağa cəhd göstərdiyi zamanların sonunun gəlməsi məhz sevgilisi, özündən çox razı Kyle-ın (Timothee Chalamet) mahnıya nifrət etməsinin deməsinin ardından - bura bir az spoylerdi - Lady Birdün mahnıya olan sevgisini dilə gətirməsi artıq özü olmağı qəbul etməyə başlamasının siqnalını verir. Bundan əlavə Alanis Morissette mahnısının soundtrackdə yer alması anlaşılandı, Morissette 90-cı illərdə üsyankar ruhlu mahnılarla bir çox gəncin könlünü fəth etmişdi. Lady Birdün mahnı haqqında məlumatlı olması və bildiklərini atasıyla bölüşməsi təkcə Alanisə olan heyranlığını yox, həm də ideyaların o ərəfələrdə ona nə qədər yaxın olmasını, yaşadığı icmayla olan problemlərinin əksini görməsini təsvir edir. Və əlbəttə ki, Justin Timberlake mahnısı "Cry Me a River". Şənlik səhnəsində eşitməyimiz təsadüfi deyil çünki həm dövrün hiti olaraq filmin keçdiyi vaxta uyğun gəlir, həm də o dövrün gəncləri arasında olduqca populyar mahnı idi.
Texniki
detallardan da film xeyli uğurludur. Tez-tez müxtəlif məsələlərə toxunan
bir film kimi montaj işi çox ehtiyyatla görülüb. Rejissor filmin təbiiliyini də
pozmadan bir çox gözəl kadr əldə edə bilib. Bir sözlə, “Lady Bird” hər baxımdan
çox uğurlu və izlənilməyə layiq, ilin ən yaxşı filmərindən biridir. Az-çox
Greta-nın yaradıcılığıyla tanışsınızsa onun nə qədər istedadlı aktrisa və
ssenarist olduğunu bilirsiniz onsuz, indi isə istedadları arasında
rejissorluğun da olduğunu göstərir. Bizə isə izləyib, zövq almaq qalır.
0 comments:
Yorum Gönder