Olduqca böyük maraq görən "mürəkkəb filmlər"
paylaşımlarımızdan sonra əvvəlki siyahılarımızda yer vermədiyimiz filmləri yeni listdə topladıq.
Sıralama etmədən yeni - beyin yoran filmlər siyahımızı təqdim edirik.
Siyahını hazırladı: Mənsur Zeynalov, Rəşid Əliyev
İlk siyahı: Anlaşılması Mürəkkəb 17 Film
Altered States (1980)
Zorakılıq, yumor, triller, dram, elmi-fantastika.
Filmdə hər şey var. Britaniya kinosunun hər daim özünə məxsus üslubuyla seçilmiş və fərqlənmiş rejissoru Ken Russell-dan həm qeyri-adi mövzüsü ilə beyninizi yoracaq, həm də dövrünə görə üstün vizualları və ses effektləri ilə də heyrətləndirəcək. Baş rolda Oskarlı aktyor
William Hurt.
Dark City (1998)
Özünü tapmaq, kim olduğunu anlamaq mövzülü başqa
bir çox filmə ilham mənbəyi olacaq “Dark City”-ni
ABŞ-ın ən populyar kino tənqidçisi Roger Ebert “şahəsər” və “ilin ən yaxşı filmi”
adlandırmışdı. Rufus Sewell, Kiefer Sutherland və Jennifer Connelly kimi ulduzların heyətində olduğu film indi də öz populyarlığını qorumağa davam edir.
Trance (2013)
Son vaxtlar Split filmiylə gündəmdə olan aktyor James McAvoy-un baş rolunda olduğu film, sizi
durmadan təəcübləndirəcək, başınızı qarışdıracaq, hətta yəqin ki, hər şeyi tam anlamaq üçün ikinci dəfə izləmək ehtiyacını da hiss edəcəyiniz, eyni zamanda qətiyyən darıxmayacağınız bir Danny Boyle filmidir.
Raising Cain (1992)
Split demişkən əfsanəvi rejissor Brian De Palma da eyni mövzüya illər əvvəl 1992-ci ildə toxunmuş amma rejissorun
nisbətən az bilinən işlərindən birinə çevrilmişdi. Mürəkkəb mövzüsü ilə indi də filmin heyranlarının tam
konkret izahını verməkdə çətinlik çəkdiyi “Raising Cain” qara yumor elementləri də daşıyır. Baş rolda John Lithgow-un ifası isə Oskara layiqdir.
Upstream Color (2013)
Cəmisi 7 min dollara ilk filmi
“Primer”-ı çəkən Shane Carruth-un elə eynilə ilk filmi kimi qəliz olan filmi. Carruth yenə rejissorluğu, ssenaristliyi, baş rolu, montajı, görüntü
işini, musiqi bəstələrini öz boynuna götürüb.
Eraserhead (1977)
Kino tarixinin ən qeyri-adi filmlərindən biri
olan "Eraserhead" (Pozanbaş) rejissor David Lynch-in ilk tammetrajlı
filmi olmasına baxmayaraq tarixdə iz qoyub. Niyə? Çox ciddi mövzunu ələ alıb, narahat edici səhnələri ilə izləyicinin psixologiyasına birbaşa təsir edir. Ailə problemləri mövzusunda bu qədər qəribə və tük ürpədici film tapa bilməzsiz. Bizi izləyin, gələcəkdə filmin analizini edəcəyik .
eXistenZ (1999)
Video oyunlar reallığa çevrilsə və biz özümüzü orada tapsaq nə olar? Janrının dahilərindən olan David Cronenberg-in
qismən az tanınan amma ən çox diqqətə layiq işlərindən biri. Baş rollarda Jude Law, Jennifer Jason Leigh.
Angel Heart (1987)
Shutter Island-ı bəyənirsiniz? Angel Heart da eyni janrda sayıla
biləcək amma mistik elementlər və çox izlənildikdə çox daha incə nüanslar tapa biləcəyiniz mükəmməl bir film olmaqla yanaşı janrda böyük iz
qoymuş, sonu ilə təəcübləndirən və bütün filmdəki məsələlərə ikinci dəfə göz atmaq istəməyinizə səbəb olacaq Alan Parker filmidir. Baş rolda
Mickey Rourke karyerasının ən mükəmməl işlərindən birini sərgiləyir. Filmdə əsas rollardan birini Robert De Niro-nun
canlandırdığını da əlavə edək.
In the Mouth of Madness (1994)
Qorxulu bir kitab həyatımıza nə qədər təsir edə bilər? Orada baş verənlər real ola bilərmi? Qorxu filmlərinin ustası John Carpenter-in karyerasının qızıl
dövrünün son işlərindən. Mütləq izləyin.
Stay (2005)
Psixoloq Sam Foster bir pasietini intihardan yayındırmağa
çalışır. Getdikcə intiharın ardında fövqəl bir sirrin yatdığı hiss olunur. Pasientini daha da dərindən araşdırdıqca, öz təhtəlşüur və gerçək həyatında da dəyişikliklərə səbəb olur. Gedişatı ilə izləyicisini həyəcanlı saxlayan film sonda təəccübləndirməyi də bacarır. Sonda baş verənləri tam aydınlığa çıxartmaq üçün filmin
gedişatındakı kiçik detalları da gözünüzdən qaçırmayın.
Frailty (2001)
Bu filmin qısa məzmunu da artıq filmə baxmaq üçün ciddi səbəbdir. İki oğlu olan bir ata, gecə gördüyü bir yuxuya görə uşaqlarına ona tanrıdan bir əmr gəldiyini, tanrının əmri ilə bir neçə insanı öldürməli olduğunu deyir. Uşaqlarını da bu işə məcbur edən ata, bir müddət sonra azğınlaşmış qatilə çevriləcək. Filmin sonunda atanın "tanrıdan gələn mesaj" iddiasının gerçəkmi yalanmı olduğunu görəcəksiz.
Rejissoru və baş rolu bu il ölmüş Bill Paxton-dur. Eyni zamanda Matthew McConaughey-in də əla ifasına şahid olacaqsız.
0 comments:
Yorum Gönder