Saytımızdakı Inglorious Basterds və One Flew over the Cuckoo's Nest
məqalələrinin də müəllifi İlkin Vəliyev-dən növbəti maraqlı yazı - Django Unchained.Filmin rejissoru Kventin Tarantino 2013-cü ilin Oskar, Qızıl Qlobus və BAFTA-nın ən yaxşı orijinal ssenarisi mükafatlarını, Kristof Voltz isə uyğun olaraq həmin mükafatların ən yaxşı köməkçi aktyor nominasiyalarında qalib oldu.
ABŞ-ın cənubunda Vətəndaş müharibəsindən 2 il əvvəl cərəyan edən film qaradərili kölə Canqonun (Ceymi Foks) alman əsilli Doktor Kinq Şults (Kristof Voltz) ilə yolunun kəşisməsi ilə başlayır. Canqo əvvəlki sahibinin izində olan Dr.Şults ilə şifahi müqaviləyə qol qoyur və azadlığının qarşılığında Bridl qardaşlarını tapmaqda ona köməklik göstərəcəyinə dair təminat verir. Vəzifə uğurla yerinə yetirildikdən sonra da cütlüyün yolları ayrılmaz və onlar ikisi birlikdə Cənubun ən qatı, ən çox axtarılan cinayətkarlarının “kəllə ovçuluğuna” davam edərlər.
Atıcılıq qabiliyyətini get-gedə təkmilləşdirən Canqonun artıq bir məqsədi vardır: kölə ticarəti ucbatından ayrılmaq məcburiyyətində qaldığı arvadı Brumhildanı (Kerri Vaşinqton) tapmaq və onu köləlikdən xilas etmək. Bu missiya onları çox məşhur və bir o qədər də qəddar ad-sanı ilə seçilən Kendilənd (Candyland) fermasına və oranın yiyəsi Kalvin Kendiyə (Leonardo Dikaprio) qədər aparacaqdır.
Bu filmi ilə Tarantinonun yarımçıq qalmış irqçilik dosyesi də təzədən açıldı. Bundan əvvəl çəkdiyi “Ceki Braun” və “Kriminal Qiraət” filmlərində məhz irqçilikdə günahlandırılmış və bu söz-söhbətlər hələ də öz aktuallığını qorumaqdadır. Hətta film ekranlara çıxmamışdan əvvəl qaradərili rejissor Spik Li öz əcdadlarına sayğı göstərərək bu filmi seyr etməyəcəyini bildirmişdi.
“Ceki Braun” və “Kriminal Qiraət” filmlərində davamlı olaraq və təhqiramiz şəkildə “nigger” (“zənci”) ifadəsinin işlənməsi Tarantinoya qarşı bir cəbhənin yaranmasına səbəb olmuşdur. Son filmi olan “Canqo”da isə ağlardan daha qəddar şəkildə ağ olmağa çalışan və bunun da sayəsində arvadını qurtara biləcək bir obraz yaratması yenidən irqçilik müzakirələrinin alovlanmasına səbəb oldu. Bütün bunlardan da əlavə Tarantinonun şəxsinə yönəlmiş bu cür ittihamlarla bağlı heç bir açıqlama verməməsi və belə ittihamlara göstərdiyi vecsizlik tövrü söz-söhbətlərin daha da qızışmasına yol açır.
Filmdə Voltzun və DiKaprionun aktyorluq qabiliyyətləri konkret olaraq göz qamaşdırmaqdadır. 19-cu yüzillikdə mülk və kölə sahiblərinin məşğuliyyətsizlikdən dolayı kölə döyüşləri təşkil edərək özlərini məmnun etməyə çalışmaları göz önüə gətirilir. Həmçinin filmdə partlayan kəllələr, işgəncələr, bol silah səsi, döyüşlərdə bir-birini didən kölələr də bizi müşayiət etməkdədir. Elə bu məqamda modernizmin təmsilçisi alman Dr.Şults qarşımıza çıxar. Doktor heç cürə köləliyə alışa bilmir. Hətta bir səhnədə “müsyö Kendi” populistliyinə və narsist tövrlərindən dolayı pəjmürdə halda olan Dr.Şults Bethovenin müşayiəti ilə özünü və köləliyi sorğulamaq cəsarətini tapır. Onsuz da çəkinmədən söyləyə bilərik ki, filmin ən spesifik, özünəməxsus obrazı məhz elə Şultsun özüdür.
Çəkiliş texnikasına baxdığımızda da Spagetti Vestern ənənəsinin davam etdirildiyini görürük. Ani kamera hərəkətləri, səhnəiçi başqa səhnəyə keçidlər bizi elə köhnə vestern ab-havasına sürükləyir. Filmin musiqilərinə isə söz ola bilməz, çünki obrazların və hadisələrin gedişatına tamamilə uyğun gəlir.
Sonda filmlə əlaqəli bir neçə maraqlı faktı qeyd edək: DiKaprionun hiyləni öyrənib hiddətləndiyi məşhur səhnədə əli, həqiqətən, qanamışdı, amma aktyor səhnəni tamamlayır və həmin çəkiliş istifadə olunur. Xoşməramlılığı ilə tanınan DiKaprio bir çox səhnədə irqçi hərəkətlərə görə etirazını bildirirdi və heyəti, demək olar, bezdirmişdi. Buna dözməyən Samuel L. Ceksonun aktyora sözlərini tərcüməsiz yazıram: "Motherfucker, this is just another Tuesday for us!"
Filmdə Ceymi Foksun mindiyi at öz atı idi. O, atı 4 il əvvəl ad günündə hədiyyə almışdı. Tarantinonun dediyinə görə filmdə "Mendinqo" döyüş səhnələri və itlərin hücum səhnəsi daha uzun və dəhşətli idi. O filmin travma effektində olmasını istəmir, həmin səhnələri qısaldır. Tarantino ilə 4-cü dəfə işləyən məşhur bəstəkar Ennio Morrikone filmdən sonra bir daha onunla işləməyəcəyini qəti dillə demiş və rejissoru tənqid etmişdi. Buna baxmayaraq bir neçə ay sonra işıq üzü görəcək "Hateful Eight"-də də Marrikone musiqiləri dinləyəcəyik.
Voltz ssenarini ilk dəfə oxuyanda istəmir. Sonradan Tarantinoya yalnız onun personajının saf və yaxşı insan olması təqdirində filmdə oynayacağını deyir. Tarantino təklifə qısa cavab məktubu yazır: "Of Course, Mein Herr! -Q". Voltz cavabında: "Mein Herr, Of Course! -CW".
0 comments:
Yorum Gönder