First Reformed Film Resenziyası




-Sizcə Tanrı bizi Yer Kürəsinə etdiklərimizə görə bağışlayacaq?
-Bilmirəm. Tanrının nə fikirləşdiyini kim bilə bilər?

 "Müasir Amerikan kinosunun əsas yaradıcılarından" (New Yorker) olan Paul Schrader, ilk dəfə diqqətə “The Yakuza” (1974) filminin ssenaristi kimi gəldi. Qardaşıyla birlikdə yazdığı ssenarini dövrü üçün rekord qiymətə - 300.000 dollara satmışdı. Elə bunun ardından bir sıra populyar filmlərin ssenaristi olmağa başladı. Brian De Palmanın “Obsession”, John Flynnin “Rolling Thunder” (ki Quentin Tarantino bir müddət öz şirkətinə həmin filmin adını vermişdi) və qismən də olsa Steven Spielbergin “Close Encounters of Third Kind” kimi (Steven ssenariden faydalansa da sonra özü filmi yenidən yazmışdı). Hərçənd, ssenarist kimi ən nəhəng uğuru onda baş verdiki De Palma, Martin Scorseseyə Schraderin yazdığı “Taxi Driver” ssenarisini göstərir və Martin həmin ssenarini ekranlaşdırır. Schrader, bu əfsanə filmin əfsanə ssenarisinə görə təəcüblü şəkildə Oscara namizəd göstərilməsə də (dörd il sonra digər Scorsese filmi “Raging Bull”un ssenaristi kimi də yenə namizəd ola bilmir, o cümlədən çox diqqət yığmış “Affliction” və rejissorluq işində şahəsər hesab edilən “Mishima” filmlərinə görə də) bu sayədə artıq öz filmlərin çəkmək fürsəti əldə edir və “Blue Collar”, “American Gigolo”, “Cat People” kimi uğurlu filmlərlə rejissor karyerasını da başladır. Ancaq heç bunları etməsəydi belə, tarixin ən yaxşı və ən mühüm filmlərindən birinin - "Taxi Driver"in ssenaristi olmaq belə onu dahi saymağa kifayət edir.

Image result for paul schrader
Schrader özü kalvinist ailədə böyüməsinə (və 18 yaşına kimi ailəsinin inancından ötəri kino izləməmiş olmasına rəğmən) din mövzusuna filmlərində dərin yer verməyib. Baxmayaraq ki, sevimli rejissorları Carl Dreyer, Robert Bresson və Yasujiro Ozu filmlərindəki transdental üslüb barədə kitab yazıb – özü bu üslüba filmlərində yer vermirdi, ta ki “First Reformed”a kimi. Doğrudur, “Hardcore” (1979) filmində atasının timsalında dindar obraz yaradıb amma orada əsas məsələlər tamam başqa idi. Eyni zamanda ssenarisini yazdığı qalmaqallı Scorsese şahəsəri “The Last Temptation of Christ” (1988) filmini də “spiritual yox, psixoloji” bir təsvir hesab edir. Rejissorun karyerasında yer verdiyi bir sıra məsələlər – tənhalıq (“Light Sleeper”, 1992), siyasət (“Patty Hearst”, 1988), mənəvi çöküş və insanın özü-özünü məhv edən təbiəti (“Auto Focus”, 2002), cəmiyyətlə barışa bilməmək (“The Mosquito Coast”, 1986), depressiya (“Bringing Out the Dead”, 1999) - “First Reformed”də öz yerini tapır amma görmədiyimiz formada.

Filmin mövzusu keşis (reverend) Ernst Tollerin ətrafında dönür. Nyu Yorkda balaca bir kilsədə işləyir, ABŞ-da bir çox balaca kilsə kimi o da daha böyük kilsəyə tabedir. Bura o qədər də çox gəlib gedən yoxdur. Ernst də həmçinin olduqca tənha adamdır. Səhhətinin pisə getdiyini görsək də (böyük ehtimal xərçəngdir) o bunu elə də vecinə almır. Sonralar öyrənirikki onun oğlu İraq müharibəsində həyatını itirib və orduya yazılmasında rol oynadığı üçün Toller özünü burada günahkar bilir. Filmimizin alt-mətnlərində ABŞ-ın Orta Şərq siyasəti və ümümilikdə anti-müharibə tonu gözə deysə də bu filmdəki bir çox mövzüdan sadəcə biridir. Tollerə bir gün hamilə bir gənc qadın, kilsənin daimi ziyarətçilərindən olan Mary yaxınlaşır və yoldaşıyla söhbət etməsini xahiş edir. Sonra isə yoldaşı Michaelın ətraf-mühit fəalı olduğunu öyrənirik, onunla söhbət (ki filmin ən əla səhnələrindən biridir, istər aktyorluq, istər çəkiliş, istər ssenari baxımından) Ernstdə məsələyə bağlı maraq oyandırır.
Ethan Hawke in First Reformed (2017)
Resenziyanın sonrası filmi izləməyənlər üçün spoylerli olacağını qeyd edərək davam edim ki, sonralar filmdə bir sıra hadisələr baş verir. Marynin yoldaşı ölür, Ernest Maryə çətin günlərdə dəstək olur, onun yoldaşının – Michaelın dəfnində iştirak edir, orada iqlim dəyişikliyinə diqqət çəkən və kapitalizmə, mövcüd sistemə qarşı mesajlar verən Neil Young mahısı ifa edilir. Bu məsələ Tollerin başına qismən bəla olur, siyasətə girdiyinə görə tənqidlə üzləşir. Baş verən hər şey onu radikalizmə - belə desək ətraf-mühit uğrunda “cihad” etməyə yaxınlaşdırır. Filmin mövzusunu yazdıqca belə mövzuları ayrı-ayrı izah etmək ehtiyacı yaranır. Bu da Schraderin dühasından irəli gəlir. Schraderin ssenariləri asan cavablar qoymaq və ya birbaşa mesajlar verməyə, birtərəfli obrazlara qarşı olub hər daim. Burada da yenə öz axarındadır. Filmdəki obraz “spiritual səyahət”dədir, lakin filmdə nə onun bağlı olduğu inanca tərəf nə də qarşı olan bir şey yoxdur. Buradakı məsələlər tamam başqadır – yaşadığımız dünyada baş verən hadisələrin bir insanı nə vəziyyətə sala biləcəyi ilə bağlıdır. Tollerin hər şeyi əlindən gedib. Müharibələr onun oğlunu əlindən alıb və evliliyini bitirib, rahatlıq tapmaq üçün qoşulduğu kilsə kapitalist sistemdəki hər bir şey kimi sadəcə bir “şirkət”dən ibarətdir. Toller Tanrının yaratdığı təbiəti məhv edən insanlarla əlbir olan kilsə siyasəti tərəfindən məyus olunur, pərt edilir, əsəbiləşdirilr və qorxudulur. Filmin iqlim dəyişikliyinə diqqət çəkdiyinə söz yox, dünyada bir çox insanın iqnor etdiyi, ya da danışanda belə məğzinə varmaqdan imtina etdiyi, dırnaqarası baxdığı amma bütün insanlığı təhdid edən bu məsələnin dəhşəti filmin surreal səhnələrinin birində ən açıq-aşkar şəkildə özünü tapır. Lakin unutmayaq ki, biz bir Paul Schrader filmi izləyirik. Bu halda da birbaşa mesajlar gözləməməliyik.



Tolleri insanların yer kürəsinə nə etdiyi narahat edir, hərçənd ki Tanrının yaratdığı bir başqa varlığa – insana, yəni özünə zərər verməkdən çəkinmir. Təəcüblü deyil, Paul Schraderin obrazları çox vaxt həyatda var olmaları üçün bir məqsəd axtarışında olublar. “Taxi Driver”da sosiopat Travisin məqsədi sadəcə yeniyetmə bir fahişəni bataqlıqdan xilas etmə deyildi. Bunu edərkən o həm də özünü fikirləşirdi, “lazımi” olmaq ehtiyacında hiss edirdi özünü. Tollerin də məqsədi budur, bəlkə də onu birbaşa narahat edən heç iqlim dəyişikliyi də deyil, eqosudur. İnsan eqosu. Özünü vacib və dəyərli hiss etmək ehtiyacı. Burada rejissorun məqsədi ekstremizmə üz tutan insanların psixologiyasına işiq tutmaqdır. Son illərdə özlərini hansısa bir amal uğrunda partladan insanlar barəsində xəbərlərdə çox şey eşidib, gördüyümüzü nəzərə alsaq bunu aktual mövzü saya bilərik. İnanılan şey nə olursa olsun, radikallaşdıqda təkcə insanın özünü məhv etməsinə çevrilir. Toller də filmin sonunda bunu etmək istəyir, kilsəni uçurmaq istəyir ki bu xeyli şok edici sonluq olardı lakin yenə deyirəm, bu Paul Schrader filmidir. “Şok etmək” kimi məqsədlər burada yoxdur. Maryə gəlmədiyini dediyi halda kilsəyə gəldiyini görən Toller, orani partlatmır. İntiharı seçir. Filmin sonluğu məqsədli şəkildə yozuma açıq buraxılıb. “Taxi Driver”in sonunda Travisin narahat ruhu özünə sakitlik tapırdısa burada da bəlkə Toller özünü öldürərək çəkdiyi əzabı sonlandırır, həmin sonluqdakı öpüş səhnəsi isə rejissorun öz sözləriylə desək “bəlkə də cənnət uzun bir öpüşmədir”. Ya da sonluq başqa cür yozula bilər – Toller xilas olur, Marynin sayəsində. Mary – Tollerin həyatda xeyr verdiyi tək insandır. Mary onun sayəsində həyatda bir az rahatlıq tapa bilib. Bəlkə də demək istənilən odur ki, dünyanı dəyişə bilmərik amma cəmi bir insana kömək etmək belə özü bir addımdır. Bir insan üçün belə dəyərli olmaq əslində yaşamaq üçün səbəbdir. Paulun ən əla filmlərindən “Light Sleeper” (1992) filmində də qadın obraz bir növ gələcəyə ümidin simvolu kimi çıxış edirdi.
Ethan Hawke and Amanda Seyfried in First Reformed (2017)
Mövzular dərindi, dialoqların yazılışı əladır. Üslüb baxımından Bressondan Bergmana – Schraderin belə desək sevimli rejissorlarına həm çəkiliş həm ssenari baxımından göndərmələr var. Elə obrazımızın gündəlik tutması da bir başa Bressonnun “Diary of a Country Priest” filmini yad etməsidir. Görüntü işi (cinematography) baxımından Schraderin filmləri hər daim bir-birindən fərqlənib. “The Comfort of Strangers” (1991) ilə “Auto Focus” (2002) filmlərinə rejissorun kim olduğunu bilmədən baxsaq bilmək olmaz ki, eyni rejissorun göstərişiylə çəkilmiş filmlərdi. Bu baxımdan ötən ilin “Ghost Story” filmini bir az anımsadır, hərçənd əlbəttə ki, Schraderin fərqliliyi bir çox yerdə özünü göstərir. Filmdə musiqilərdən demək olar ki, istifadə olunmayıb. Əvəzinə kilsə xorlarının ifasında dini mahnılar eşidirik ki, müəyyən qədər mövzüyla bağlamaq olar (sondaki mahnıda özünü tənha hiss edən birinin Tanrının əbədi qollarında rahatlıq tapmasından bəhs edilməsi kimi).
Ethan Hawke in First Reformed (2017)
Amanda Seyfried çox uzun müddətdir ki, bu qədər yaxşı yazılmış bir rolu oynama fürsəti əldə etmirdi. Komediyaçı Cedric Kyles da heç vaxt oynamadığı bir rolda xoş mənada təəcübləndirir. Lakin səhviniz olmasın, bu Ethan Hawke’un aktyorluq şousudur. Schrader əzab çəkən obrazlar təsvir etməkdən yorulmur. “Adam Resurrected”də Jeff Goldblumun həyat verdiyi baş obraz yəhudi soyqırımından xilas olduğu üçün özünə rahatlıq tapmır, “Light Sleeper”da Willem Dafoe’nun obrazı həyatının götürdüyü təxmin olunmaz gedişatın verdiyi narahatçılıqla gecələr yata bilmir. “First Reformed”da da özünü lazımsız sayan, oğlunun ölümündən özünü günahkar tutan bir adam var. Ethan Hawke isə rolu son dərəcə uğurlu balansla, xeyli təsirli formada ifa edir və bəlkə də, karyerasının ən mükəmməl ifalarından birini göstərir. Tez-tez uğurlu layihələrdə yer alan aktyor, rejissor Andrew Niccol’un iki filmində (“Gattaca”, “Good Kill”) etik dilemmalarla üzləşən bir adam kimi parlayırdı. Görünür Schrader həmin filmlərdən təsirlənərək onun rol üçün uğurlu seçim olduğuna əmin olub. Maraqlı bir qeyd də edimki Ethanın obrazının adı iqtisadi problemlərdən əziyyət çəkən və bacısı ilə qardaşının Hitler Almaniyasında düşərgələrə göndərildiyini öyrənəndən sonra depressiyaya girərək öz həyatına qəsd edən yəhudi mənşəli almaniyalı dramaturq ilə Ernst Toller ilə eyni adı daşıyır. Amanda Seyfriedin hamilə qadın obrazının adının "Mary" olması Məryəmlə bağlı ola bilər. Bir romantik versiya da var. Paul Schrader cavanlığında narkotik aludəçiliyindən əziyyət çəkib, aktrisa Mary Beth Hurt ilə tanış olması həyatının dönüm nöqtələrindən olub və həyat tərzini dəyişməsində əhəmiyyətli rol oynayıb. Filmin sonluğu nə cür yozaqsa yozaq - Mary obrazı, ya "xilaskar" (hadisələri hərfi yozsaq) ya da "cənnətə aparan mələk" (xəyal səhnəsi kimi yozsaq) kimi verilir. Nəzərə alandakı ailə üzvlərindən təsirlənərək çəkdiyi filmlər olub, ola bilsin ki, Paul burada da 35 illik yoldaşının şərəfinə elə Mary adını seçib.

Amanda Seyfried in First Reformed (2017) Filmin ilin əvvəllərindən çıxmasından ötəri və arthaus olduğunu, hamıda fərqli növ təəsürat oyandıra biləcək ağır mövzulara sahib olduğunu da nəzərə alsaq Oskarlarda nə qədər diqqət yığacağı şübhə altındadır amma ümid edək ki, son illərin kino industriyasının ən uğurlu şirkətlərindən A24 film üçün uğurlu reklam kompaniyası apararaq ilin sonunda yenidən gündəmə getirəcək və filmi nəzərlərindən qaçırmış Akademiya üzvlərinin də nəzərinə çatdıracaq. Hawke və Schrader, sözsüz ki, bütün mükafatlara layiq iş çıxardıblar.

Yazan: Mənsur Zeynalov
Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder