Bir
Zamanlar Hollivudda .... Quentin Tarantino-nun ən yetkin filmi, ümumilikdə ən
yaxşı filmlərindən biri
və 60-cı illərin Hollivuduna, həm mədəniyyət sahəsində
həm də sosial həyatda olacaq nəhəng dəyişiklərin gəlməyə başladığı dövrə
yazdığı “sevgi məktubu”. Ya da elə filmin rəsmi təqdimatlarında da
adlandırıldığı kimi “Hollivudun qızıl dövrünün bitişinə həsr olunan nağılımsı və
müasir bir ithaf”.
2016-cı ildə Coen qardaşları Hail, Caesar! adlı filmlərində klassik Hollivudu
bolluca tənqid etmişdilər. Siyasi məsələlərin Hollivuda daxil olması, xəyanətlər,
kommunist ovu, orientasiyasını gizləməyə məcbur olanlar, hansı janrda uğurlu
filmlər ərsəyə gəldisə dalbadal o janrlarda (müzikl, tarixi-epik, western) çəkilən
mənasız və indi çoxusu unudulmuş filmlər, yaradıcı azadlığın boğulması və daha
bir çox məsələ. Söhbət Tarantino kimi birindən gedirsə, onun bu qədər sərt
olacağını gözləmək əlbəttə ki, imkansızdır. Quentin, Hollivudu və onun
mistikasını çox sevir amma bu dəfə həm də heyranlığını tənqid və parodiyaları ilə
birlikdə uğurlu formada balanslaya bilib.
Film üç xətt üzrə gedir – ulduzu sönməyə başlayan kovboy filmləri ulduzu Rick Dalton (Leonardo DiCaprio), onun kaskadyoru və həm də yaxın dostu Cliff Booth (Brad Pitt), o cümlədən Rick-in yeni qonşusu Sharon Tate (Margot Robbie). Tarantino obrazları mükəmməl yaradıb. Dalton – eqoist, özünü həmişə zirvədə görmək istəyən, uğurlu rol əldə etməyəndə hərfi olaraq ağlayan və filmin ən yadda qalan səhnələrinin birində görüldüyü kimi heç öz sənətini balaca bir uşaq qədər yaxşı başa düşməyən və ya özünü buna həsr edə bilməyən biridir.
Bu ab-havada Vyetnam müharibəsi və digər ABŞ-ın o zamanına aid problemlər arxa fonda yansıdılması maraqlıdır. Hərçənd ki, Tarantinonun məqsədi burada “Buna baxın. Dünyada nələr baş verir, o isə pulunun dərdini çəkir” demək istəyirmi? Bu sualın cavabı yoxdur çünki Quentin səthi obrazlar yaratmır, Rick-in bütün əyriliklərinə rəğmən film boyu tamaşaçı onunla empatiya qura bilir. Burada əlbəttəki Leonardo DiCaprio-nun da obrazı karikaturalaşdırmadan canlandırmasının da rolu var. Ümümən film aktyorun ən yaxşı rollarından biridir. Filmdə DiCaprio ilə Pitt-in birlikdə səhnələri yaxşı olsa da, Quentin hər iki obrazı tam reallaşdırmaq və belə desək “nəfəs almağa” kifayət qədər vaxt verir. Elə Cliff-in uzun maşın sürdüyü səhnələrdə həm dövrün Los Ancelesini göstərən mükəmməl set dizaynlarına şahid olarkən, Cliff-in özünün də profili yavaşça öz formasını tapır.
Cliff – sadiq
dostdur, işində müvəffəqiyyətlidir, amma eyni zamanda bəlkə də həyat yoldaşını
öldürmüş bir qatildir. Eynilə Dalton kimi Cliff Booth da mürəkkəb obrazdır, nə
standart müsbət, nə də standart mənfi baş obraz deyil. Həm də onun müsbət tərəflərinin
yanında yoldaşını öldürmüş olması şübhəsini də qoymasıyla Quentin bəlkə də
heyran olduğumuz adamların cinayət törətdikdə bizdə yaratdığı narahat hissə
işıq tutmağa çalışır. Bəzən məşhurlar hansısa bir cinayət aktı ilə (məsələn son
dövrlərdəki Weinstein skandalı sonrası ittihamlardan nümunə versək: cinsi
istismar kimi) ittihamlar gəlir və insanlar həmin adamın sənətini sevirsə, həmin
adama sanki pak müqəddəs biriymiş kimi davranaraq, bunun mümkün olmadığını, “şər-böhtan”
olduğunu deyir. Hətta bəzi hallarda onlar öz film-serial zövqlərini, sevdikləri
sənətkarın incitdiyi (ya da incitdiyi iddia edildiyi) insanlardan üstün
tuturlar. Sevmədikləri sənətkardısa ümumən məsələ ilə maraqlanmırlar. Burada da
arvadını öldürmüş birini “cool göstərmək” məqsədi güdülmür, əsasən müsbət kimi
görünən bir adamın da qaranlıq tərəfi də olması ehtimalı ilə tamaşaçınınin hislərində
əmin olmamasına çağırır. Brad Pitt də öz obrazına uyğun olaraq üstün iş
çıxardır. Sadiq dost və kaskadyorun altında bəlkə də daha sərt, daha qaranlıq
adamın olduğunu çatdıra bilir. Dalton karyerasını xilas etməyə çalışarkən,
Cliff-in isə Charles Manson ailəsiylə tanış olmasının şahidi oluruq.
Manson filmdə az görünür. Tarantino, böyük bir Justified serialı heyranıdır.
Daha əvvəlki filmlərində serialın ulduzlarından Walton Goggins-ə rol vermiş
rejissor, bu dəfə serialın baş rol ifaçısı Timothy Olyphant-a, həm də serialdan bir digər aktyor Damon Harrimon-a rol verib ki, elə Manson-u da o canlandırır.
Manson, bəzi populyar mədəniyyət nümunələrindəki “mifik” və xarizmatik təsvirinin
əksinə, burada son dərəcə maraqsız və avara adam təəsüratı bağışlayır. Bir sözlə
Manson mifini filmdə yıxır. Eləcə də onun tərəfdaşlarını da beyni yuyulmuş,
başıboş və ya təhlükəli formada göstərir. Hətta onların təhlükəli olmasını
kuliminasiyaya hələ çatmamış, Cliff-in Dakota Fanning-in obrazıyla yaşadığı
dialoqda yaradılan gərginlikdə də görmək olur. Lakin Quentin hamını damğalamaq
və şeytaniləşdirmək niyyəti də güdmür, sonda qətli törətmək əvəzinə qaçıb gedən
Linda obrazı bu səbəbdən uğurludur. Elə yeri gəlmişkən onu Uma Thurman-ın (və
Ethan Hawke-un) qızı Maya canlandırır. Filmdə Bruce Willis-in də qızının rol
alması bir digər maraqlı detaldı. Necə deyərlər, həm Mia-nın qızı buradadır, həm
də Butch-ın.
Cliff-in, Bruce Lee ilə olan səhnəsində də bir növ mif dağıtma niyyəti olmuş ola bilər. Bruce Lee-nin ölümündən sonra onu ilahlaşdıran insanlar çoxdu, amma təəsüf ki, bu səhnəni – niyyəti nə olsa da qismən filmin uğursuz səhnəsi sayıram, çünki yumor filmin digər yumoristik anlarındakı qədər yaradıcı və maraqlı deyil. Eləcə də Bruce-un qızı Shannon Lee-nin filmi izləyərkən həmin səhnədən xoşunun gəlməməsi də anlaşılandır. Film boyu başqa real adam təsvirləri və bəzi filmlərə “reference”lər görsək də (xüsusən Great Escape-də Steve McQueen əvəzinə Rick Dalton-u görmək əla an idi), Quentin burada da necə deyərlər işin şitini çıxartmayıb və bir aləm real həyatdan olan obrazı yerli-yersiz göstərərək nostalgiya manipulyasiyası ilə əlavə bal əldə etməyə çalışmayıb.
Nə isə, gələk Sharon Tate-ə. Tate-in ətrafında xüsusi bir obraz yaratmır, çünki
əvvəla həssaslıqla yanaşıb təsvirə amma eyni zamanda Sharon filmdə dövrün gözəlliyini,
dəbdəbəsini, Hollivudun özünə cəlb edən tərəflərini və həm də saf qalan tərəflərini
təsvir etməyə xidmət edir. Tate-in burada aurası film üçün əhəmiyyətlidir,
filmdə bir növ mələyimsi formada yer alır, rəqs edir, öz filminə baxıb camaatın
filmi bəyəndiyini görərək sevinir, dostlarıyla xoş vaxt keçirir. Amma onu hədsiz
mifikləşdirməyə də yer vermir.. Necə ki, bir səhnədə Sharon-un təkcə yatıb,
xoruldamasını izləyirik. Aktyorluq cəhətdən çox xüsusi bir iş çıxartmalı olmasa
da, Margot Robbie rolun yaratdığı atmosfer üçün ideal seçimdir. Quentinin
yuxarıda qeyd etdiyim fanatizmini balanslama anlarından birini Sharon-un həyatının
təsvirində görmək olar. Filmdə nə Roman Polanski-nin nə də James Stacy-nin gələcəkdə
cinsi zorakılıq törədəcək insanlar olduqları deyilmir, Roman Polanski-ni yenə
dahi rejissor olaraq göstərir (elədi ki, var) amma onu ilahlaşdırmır, sənət
ilə sənətkarı ayırır və Sharon üçün ideal adam olmadığını da işarə verir. Ümumən
özü western sevən və dövrün ənənələrini Kill Bill-dən tutmuş Hateful Eight-ə
kimi bir sıra filmlərində canlandırmış biri kimi, həmin dövrdəki filmlərin də
bir qismini parodiya edə bilməsi başqa müsbət detaldır.
Film boyu bir xeyli məşhuru qısa rolda görürük. Əlbəttə ki, Al Pacino, Kurt Russell,
Timothy Olyphant və Love Witch-in ulduzu Samantha Robinson-u görəndə daha maraqlı
obraz canlandırmalarını da istəyə bilərdik (Kurt-un filmi nəql etdiyini nəzərə
alaraq onu istisna etmək olar) amma yenə də bu qədər simanı görmək xoşdu. Həm də
hamı roluna çox yaxşı oturub. Nəticədə Olyphant, Justified-dan əvvəl XXI əsrin
ən yaxşı western serialı sayılan Deadwood-un ulduzu idi. Western ulduzu roluna
daha yaxşı kim uyğun gələr? Ən yaxşı ikinci plan obrazı böyük ehtimal Margaret
Qualley-indir. Qualley, olduğu səhnələrdə filmə həm yumor, həm də xüsusi bir əlavə
enerji qatır. Bruce Dern kameosu da eyni dərəcədə effektivdir.
Tarantino-nun bir səhnəlik kameo yazma qabiliyyəti həmişə əla olub – məsələn Christopher Walken, həm True Romance-da, həm də Pulp Fiction-da cəmi bir səhnədə görünür amma ikisində də iz qoyub gedir. Məlumat kimi deyim ki, Bruce Dern-in bu filmdəki obrazını Burt Reynolds oynamalı idi amma aktyorun vəfatına görə onu Dern əvəz etdi (filmdə James Marsden də “gənc Burt Reynolds” rolunda idi, onun da səhnələri çıxarılıb). Film həm də bir dövrün sevilən TV ulduzu Luke Perry-nin də son filmidir. TV ulduzlarından danışmışkən, Tarantino və işlədiyi kastinq rəhbərləri xeyli gözü açıqdı – filmdə epizodik rollarda görünən bir qisim insan, film çıxana kimi başqa işlərlə tanınmağa başlayıb artıq. Məsələn, Sydney Sweeney hazırda Euphoria serialında parlayır, Victoria Pedretti isə Haunting of Hill House ilə məşhurlaşdı, Tex rolundakı Austin Butler da hazırda yeni filmdə Elvis Presley rolunda oynamağa hazırlaşır. Elə Margaret Qualley-in özü də Fosse/Verdon serialındakı ifasıyla bu il Emmy mükafatı namizədləri arasındadır.
Tarantino, filmi Pulp Fiction-a ən yaxın işi adlandırmışdı və anlaşılandır. Burada da müxtəlif obrazlar və onların hekayələri bir-biri ilə sıx bağlı olduğu kimi hər şeyi mükəmməl tamamlayır və sonda da çox uğurlur bir kuliminasiya səhnəsinə aparır. Həmin kuliminasiya yəqin ki, filmdəki “ən klassik Tarantino” anı kimi dursa da belə deyil. Mən də daxil olmaqla bu səhnənin necə olacağına dair bir az narahatlıq var idi. Bura bir az spoylerli olacaq. Qorxum o idi ki, Sharon Tate özü Manson ilə qarşılassın və onu öldürsün, hər şey bir növ intiqam anına çevrilsin ya da nəsə bu tipli bir şey olsun amma dediyim kimi, bu Quentin-in ən yetkin filmidir və çox uğurlu bir finalla öz “nağılı”nı bitirir, Sharon Tate xatirəsinə (film sözsüz ki, ona gözəl bir ithafdır – nəzərə alanda ki, bu ilki “Haunting of Sharon Tate” adlı iyrənc film də daxil olmaqla tez-tez onun faciəsini sadəcə diqqət yığmaq üçün istifadə edirlər) hörmətini göstərir, həm də heyranlarına ondan gözlədiklərini verir. Ən mükəmməl tərəfi isə odur ki, Rick ya da Cliff burada qəhrəmana çevrilmirlər. Onlar yığışıb Manson ailəsini dağıtmaq məqsədi güdmürlər. Sadəcə vəziyyət belə gətirir ki, qatillər Sharon ilə yox onlarla üzləşməli olur. Yəni “maço oğlanlar” günün təsadüfi xilaskarıdır, qəhrəmanları deyil. Spoyler burada sonlanır.
Film, yəqin ki Jackie Brown-dan bu yana Tarantino-nun ton cəhətdən müəyyən qədər seçilən yeganə filmidir. Ona görə də durmadan action, həyəcan və dayanmaz Quentinsayağı dialoq gözləyən kütlə məyus ola bilər. Amma film - seçilən mövzusu və quruluşu, əla kostyum dizaynı, set dizaynı, Quentindən gözlənildiyi kimi uğurlu mahnı seçimləri, rejissorun artıq “trademark”ı olan ayaq fetişizmini də unutmadan, dövrün Hollivuduna (o cümlədən Sharon Tate xatirəsinə), dəyişən sosial mühitinə gözəl ithaf olmaqla birlikdə, rejissorun da öz tərzini də tam itirməyərək, hər dəfə özünü yeniliyə bildiyini və yenə güclü iş çıxara bildiyinin mükəmməl nümunəsidr. Hətta hazırda şəxsi fikrimcə ən yaxşı üç filmindən biri belə ola bilər.
Sonda isə yazını Quentin-in özünü filmi izləyənlərin filmdəki obrazları, atmosferi və mövzunun özünü daha da yaxşı anlaması üçün məsləhət gördüyü film siyahısı və bir neçə trivia ilə bitirirəm:
“Cactus Flower” (1969)
“Bob & Carol & Ted & Alice” (1969)
“Easy Rider” (1969) – filmdə niyə Dennis Hopper-in adının çəkilməsini tutmamısınızsa izləməyiniz məsləhətdir.
“Arizona Raiders” (1965) – filmin aktyorlarından Audie Murphy, DiCaprio-nun obrazından çox şey daşıyır.
“Getting Straight” (1970)
“The Wrecking Crew” (1968)
“Model Shop” (1969)
“Hammerhead” (1968)
“Gunman’s Walk” (1958)
“Battle of the Coral Sea” (1959)
Trivia-lar:
* Filmdə Margot Sharon Tate-ə məxsus olan ziynət əşyalarından istifadə edir. Bunları ona Tate-in bacısı Debra Tate veribmiş;
* Filmdəki Kadillak Michael Madsen-in öz maşınıdır. Həmin maşını Tarantino-nun 1992-ci il filmi Reservoir Dogs-da da izləmişik.
* Tate, El Cayote restoranında şənliyə daxil olduqdan sonra Jay Sebring ilə Beverly bulvarı yaxınlığındakı bir erotik kinoteatrdakı kino premyerası olacağından danışırlar. Sharon soruşur ki: "Elə kinoların da premyerası olur?" Həmin kinoteatr Eros teatrıdır. Teatr hal-hazırda New Beverly adı fəaliyyət göstərir və köhnə filmləri yayımlayır. Sahibi isə Quentin Tarantino-dur.
* Filmdə Tarantino filmlərində çox da rast gəlinməyən aktyor improvizasiyaları olmuşdu. Bunların çoxu DiCaprio ilə bağlı idi. Leo Dalton-un film çəkilişi səhnələrində çox çətinlik çəkirdi, çünki özü kimi yox Dalton kimi oynamalıydı. Replikasını unutduğu və özünə əsəbiləşdiyi səhnələrin bir qismi improvizasiya idi.
* Tarantino Sharen Tate obrazı barədə Roman Polanski ilə heç nə danışmır, bunu Kann-dakı mətbuatla görüşdə də deyir. Amma Tate-in bacısı Debra-dan çox kömək alır və filmin sonundakı kreditlərdə də ona təşəkkür edir.
Quentin hətta ssenarinin ilk versiyasını Debra-ya göndərir, onun Santa Barbaradakı evinə gedir və birlikdə həftəsonu keçirib Tate obrazı barədə danışırlar.
* Tarantino bir müsahibəsində ssenarinin üstündə 5 il işlədiyini demişdi.
* Quentin Leo-Brad cütlüyünə Robert Redford və Paul Newman-dan bəri ən həyəcanverici ulduz cütlüyü deyir.
* Leonardo-nun 2015-ci ildə yayımlanan Revenant-dan bəri ilk filmi idi.
* Damon Herriman həmçinin bu gün 2-ci sezonu yayımlanacaq Netflix serialı Mindhunter-da da Charles Manson-u canlandırır.
* Tim Roth-un adını kreditlərdə görsək də əslində onun bütün səhnələri kəsilmişdi.
* Tarantino Al Pacino-nun obrazı Marvin Schwars-ı məhz onun üçün yazdığını demişdi.
* Film Kanndakı premyerada 7 dəqiqə ayaqüstə alqışlanmışdı.
* Filmin ilk montajdan sonra uzunluğu 4 saat 20 dəqiqə imiş.
* Leonardo DiCaprio və Al Pacino-nun birlikdə oynadığı ilk filmdir.
* İlk Tarantino filmidir ki, Michael Madsen-in obrazı sonda ölmür.
* Çəkilişlərə ümumilikdə 90 milyon dollar xərclənib.
* Tarantino-nun Death Proof (2007) və Hateful Eight (2015) filmlərindən sonra Kurt Russell-lə 3-cü filmi oldu. Əslində 4-cü ola bilərdi amma Django Unchained (2012) filmində Quentin nə qədər istəsə də Russell-in vaxtı düz gəlmədi.
* Tarantino Leonardo DiCaprio ilə birdən çox filmdə işləyən 3-cü rejissordur. Digər ikisi: Martin Scorsese və Baz Luhrmann.
* Ocean's Thirteen (2017) filmindən bəri Brad Pitt-lə Al Pacino-nun birlikdə olduğu ilk film idi.
* Tate-ni kinoteatrda öz filminə getdiyi səhnələrdə həqiqətən The Wrecking Crew (1968) filmi göstərilirdi. Tarantino Margot ilə səhnələri yenidən çəkmək əvəzinə filmin özünü göstərməyi istəmişdi.
Müəllif: Mansour Zeynalov
* Leonardo-nun 2015-ci ildə yayımlanan Revenant-dan bəri ilk filmi idi.
* Damon Herriman həmçinin bu gün 2-ci sezonu yayımlanacaq Netflix serialı Mindhunter-da da Charles Manson-u canlandırır.
* Tim Roth-un adını kreditlərdə görsək də əslində onun bütün səhnələri kəsilmişdi.
* Tarantino Al Pacino-nun obrazı Marvin Schwars-ı məhz onun üçün yazdığını demişdi.
* Film Kanndakı premyerada 7 dəqiqə ayaqüstə alqışlanmışdı.
* Filmin ilk montajdan sonra uzunluğu 4 saat 20 dəqiqə imiş.
* Leonardo DiCaprio və Al Pacino-nun birlikdə oynadığı ilk filmdir.
* İlk Tarantino filmidir ki, Michael Madsen-in obrazı sonda ölmür.
* Çəkilişlərə ümumilikdə 90 milyon dollar xərclənib.
* Tarantino-nun Death Proof (2007) və Hateful Eight (2015) filmlərindən sonra Kurt Russell-lə 3-cü filmi oldu. Əslində 4-cü ola bilərdi amma Django Unchained (2012) filmində Quentin nə qədər istəsə də Russell-in vaxtı düz gəlmədi.
* Tarantino Leonardo DiCaprio ilə birdən çox filmdə işləyən 3-cü rejissordur. Digər ikisi: Martin Scorsese və Baz Luhrmann.
* Ocean's Thirteen (2017) filmindən bəri Brad Pitt-lə Al Pacino-nun birlikdə olduğu ilk film idi.
* Tate-ni kinoteatrda öz filminə getdiyi səhnələrdə həqiqətən The Wrecking Crew (1968) filmi göstərilirdi. Tarantino Margot ilə səhnələri yenidən çəkmək əvəzinə filmin özünü göstərməyi istəmişdi.
* Filmdəki “Bounty Law” serialı Steve
McQueenin oynadığı “Wanted Dead or Alive” parodiyasıdır. Dalton-un Cliff Booth
ile dostluqları isə aktyor Burt Reynolds ilə kaskadyoru Hal Needham arasındakı
dostluqdan təsirlənib. Dalton-u yaradarkən bir çox simadan təsirlənilib – o cümlədən
George Maharis, Edd Byrnes, Tab Hunter, Fabian kimi. Brad Pitt-in obrazı isə
film obrazı Billy Jack-dən təsirlənib (həmin obrazı dörd fərqli filmdə Tom
Laughlin canlandırır).
* Margot Robbie rola hazırlanmaq üçün Roman Polanski-nin
yazdığı avtobioqrafiya kitabını oxuyub.
* Margaret Qualley-in obrazının ləqəbi
(Kitty) Kathryn Lutesinger-dən təsirlənilib amma özünün görünüşü və
davranışları əsasən Ruth Ann Moorehouse təsirlidir. Hər iki adı çəkilən şəxs
Manson ailəsinin üzvləridir.
* Dalton-un italyan yoldaşını oynayan aktrisa Lorenza
Izzo, həyatda Eli Roth-un həyat yoldaşıdır (Roth-u da “Inglorious Basterds”-də izləmişdik).
Obrazın təsvirində Sophia Loren, Claudia Cardinale kimi dövrün italyan
ulduzlarının təsiri var.
* Filmdəki serial
rejissoru Sam Wanamaker-i canlandıran aktyor 70-ci illərin “Amazing Spider Man”
serialında Peter Parker-i oynayan Nicholas Hammond-dur.
* Cliff-in yoldaşının ölümü
böyük ehtimal dövrün dəfələrlə Oscar namizədi olmuş rus-amerikalı ulduzu
Natalie Wood-un ölümü və ölümündə bir müddət sonra yoldaşı Robert Wagner-in şübhəli
bilinməsindən təsirlənib.
* Tarantino özü də filmdə var (sondakı reklamdakı
rejissor). Həyat yoldaşı Daniella Pick də filmdə qısa roldadır.
* Film üçün uzun
müddət Tom Cruise-un da adı hallanmışdı. Amma hansı rol üçün, həqiqətən təklif
getmişdimi və s. bu barədə bir təsdiqlənmə olmadı.
* Filmdə Marvin-in (Pacino) çox qısa olaraq görünən yoldaşını Brenda Vaccaro canlandırır. Vaccaro, Oscar namizədliyi (Midnight Cowboy), Qızıl Qlobus və Emmy qalibi aktrisadır. Lakin son dövrlər elə də çox filmlərdə görünmür.
* Filmdə Marvin-in (Pacino) çox qısa olaraq görünən yoldaşını Brenda Vaccaro canlandırır. Vaccaro, Oscar namizədliyi (Midnight Cowboy), Qızıl Qlobus və Emmy qalibi aktrisadır. Lakin son dövrlər elə də çox filmlərdə görünmür.
* Filmin adının "bir
zamanlar..." olması və son gecəni də Kurt Russell-in səsləndirməsi filmin Tarantino-nun
dəyişiylə "nağıl tərəfi"ni yansıtmaq məqsədini də daşıyır. Nəticədə
film tarixi faktları izləmir.
Müəllif: Mansour Zeynalov
Super yazmısınız ��
YanıtlaSilTəşəkkürlər!
YanıtlaSil