A Clockwork Orange (Qurulmuş Portağal) Filminin Orijinal Analizi



  ABŞ və Avropa üçün sosial-ictimai keçid dövrü sayılan illərdə Stanley Kubrick-in növbəti ekran əsəri Clockwork Orange (Qurulmuş Portağal) filmi işıq üzü görür.


  Hər Kubrick filmi kimi bu film də kinematoqrafiyada adi qarşılanmır. Bəlkə də, həddindən də çox sensasiyaya səbəb oldu.



  Sırasıyla Spartacus, Lolita, Dr. Strangelove və 2001: A Space Odyssey kimi az qala tamamilə fərqli və birmənalı qarşılanmayan filmlərdən sonra Kubrick-in növbəti ideyası Napaleon Bonopart bioqrafik filmi idi.

  Film üçün hər şey hazırlanmışdı. Lakin 1970-ci ildə olduqca baxımlı bir film olan Waterloo (Napaleon haqqında idi) filminin maddi çöküşü Warner Brothers-i Kubrick-i bu fikrindən döndərməyə vadar etdi.



  Və Kubrik təsadüfən o dövrlərdə yazılmış Clockwork Orange romanını oxudu. Ölümünə 1 il qaldığını öyrəndikdən sonra Anthony Burgess tərəfindən yazılmış əsər (yazıçı 1993-cü ildə vəfat etmişdi) Kubrick-i çox həyəcanlandırmışdı.



  Digər filmlərində də olduğu kimi Kubrick yenə romanı səhnə üçün uyğunlaşdırır. Bu ssenari orijinal romandan ən az fərqlənən Kubrick ssenarisi idi.

  Kənardan baxıldıqda film hər nə qədər şiddəti, vəhşiliyi, seksualizmi təbliğ edən ampulada görünsə də, əslində tamaşaçıya bunların hansı hədlərdə zərərli olduğunu göstərirdi.



  Film İngiltərədə yaşayan gənc Alex-in (Malcolm McDowell) 4 nəfərlik qruplaşması ilə törətdiyi vəhşiliklər ilə başlayır. Azğın ruhu olan Alex qadın, qoca, uşaq fərq etmədən özünəməxsus cəsurluqla müxtəlif vəhşiliklər, cinayətlər törədir. Başlanğıc səhnədəki Korova süd barı sadəcə film üçün yaradılmışdı.



  Lakin bu dominantlığı digər 3 dostunun ürəyincə deyildi. Onlar Alex-i tələyə salırlar və beləcə gənc dostmuzun həbsxana həyatı başlayır. Bu həmçinin filmin xəyalən 1-ci hissəsinin sonu idi.



  Əziyyət verən, işgəncə edən Alex obrazı ağıllanmağa başlayan Alex ilə əvəz olunur. Qeyd edək ki, romanda Alex 14 yaşında məktəbli idi. Filmdə onu canlandıran Malcolm isə 27 yaşındadır.

  Həbsxanada Alex həyatı başqa prizmadan görür. Qismən dinə yönəlir. Bir gün isə həyatını dəyişdirəcəyi qərarını alır.



  Bir növ şiddəti şiddətlə məhv etmək istəyən bu üsul Kubrick vasitəsilə romandan bir az kənara çıxmaqla fərqli tərzdə bizə göstərilir. Bu üsulda isə filmin ilk dəqiqəsindən qulaqlarımızı dolduran klassik musiqi baş rolda olur.

  Sevimli içkisi süd olan, Bethoven musiqisindən heyrətamiz dərəcədə zövq alan cani ruhlu gənc. Kubrick bu xırda açarlarla personajını formalaşdırmaqla paralel olaraq onun dahiliyin, intellektualizmin simvolu sayılan Beethoven-lə müqayisəsini ən zidd arqumentlərlə göstərir.

                            

  Həbsxanadan çıxan Alex üçün artıq əziyyət çəkən, işgəncə edilən obraz formalaşır. Sanki filmin əvvəli ilə simmetrik olaraq bu dəfə oxşar münasibətlərdə əks tərəf olur Alex.

  Sonda isə Kubrick hər nə qədər siyasi mesaj vermək istəmədiyini dəfələrlə desə də, qanunsuzluğun əslində dövlətin əlində saxladığı bir idarəetmə üsulu olduğunu bizə göstərir. Filmin son səhnəsi 74 cəhddən sonra çəkilmişdi. Çəkilişlər tamamlandıqdan sonra isə Kubrick filmdə istifadə etməyəcəyi bütün kadrları məhv edir.



  137 dəqiqəlik film kinematoqrafiya şedevri kimi qiymətləndirilməmişdən öncə öz aktual mündəricatı və sosial-psixoloji aspektlərinə görə dəyərləndirilməlidir. İnsan psixologiyasını laboratoriyadakı bir kimyaçı bənzərliyiylə araşdıran Kubrick ,bəlkə də, bildiyimiz, amma qəbul etmək istəmədiyimiz özümüzü ortaya çıxarır.



  Film o qədər təsirli olmuşdu ki, premyerasında qısa müddət sonra İngiltərədə cinayət, zorlama və oğurluq faktları görülməmiş dərəcədə artmışdı. Artıq hər aidiyyatsız insidentə görə Clockwork Orange - Kubrick müqəssir sayılırdı.

  Ağır təzyiqlərə, ölüm həddinə çatan təhdidlərə məruz qalan rejissor bu gedişatı dayandırmalı olduğunu başa düşür və Warner tarixində görülməmiş bir işi edir. 61 həftədir yüzlərlə kinoteatrda nümayiş etdirilən (1971-ci ilin artıq ən çox gəlir gətirən filmidir) film birdən-birə Kubrick-in istəyi ilə İngiltərədən yığışdırılır.



  Warner tarixində ilk və yeganə olan bu hadisə rejissorun hakim mövqeyini bir daha hamıya sübut edir. Filmin nümayişi 2000-ci ilə qədər İngiltərədə qadağan idi.

  Musiqinin istifadəsi, rənglərin ahəngi, işığın möhtəşəmliyi filmi incəsənət şah əsəri, illər sonra isə klassiklərdən etdi. Növbəti filmi olacaq Barry Lyndon-da da işləyəcəyi operator John Alcott ilə film izləmə üslubumuzu da dəyişir.



  Filmdə Alex-in sürdüyü maşın "Adams Probe 16" yalnız 3 dənə istehsal edilmişdi. 



  Hollivudda seksual tərkibə görə ən yüksək reytinq olan X reytinqi alıb ilin ən yaxşı filmi Oskarına namizəd olan 2 filmdən biri Clockwork Orange-dır (Digəri Midnight Cowboy (1969)).



  Filmin bəstəkarı Walter Carlos filmin çəkilişlərindən 1 il əvvəl cinsiyyətini dəyişərək Wendy Carlos olmuşdu. Musiqi ahənginin filmə bu qədər uyğun olmasında onun payı inkaredilməzdir.



  Kubrick 9-cu filmini tamamladı. Daha 4 film çəkəcəkdi. Sadəcə 13 film rejissorun dahiliyini bəşəriyyətə çatdırdı. Kubrick kinematoqrafiya üçün bir Tanrıdır.




  Məqaləmizin sonunda nadir hallarda müsahibə verən Kubrick-in Clockwork Orange-in qala gecəsindəki film haqqındakı müsahibəsini oxuya bilərsiz. Sadəcə bu müsahibə sizə film haqqında yazılmış onlarla məqalədən daha çox informasiya verə, həmçinin rejissorun özünəməxsus üslubu ilə tanış edə bilər.

    
Anthony Burgess’in romanını 1962-ci ildə ilk çıxdığı zaman oxumuşdunuz?
Kitabı ilk dəfə (bu suala filmin premyerasında cavab verir) 2 il yarım əvvəl oxumuşam. Kitabı mənə 2001-i çəkərkən Terry Southern vermişdi, lakin o vaxt heç vaxtım olmadığından rəfdə oxunmağı gözləyən kitabların arasına daxil oldu. Sonra bir axşam rəfin önündən keçərkən hələ də səbrlə gözləyən kitaba gözucu baxıb əlimə aldım. O zaman oxumağa başladım və həmin gün bitirdim. Birinci bölümün sonunda bu kitapdan möhtəşəm bir film çıxacağını anlamışdım. İkinci bölümün sonunda çox həyəcanlanmağa başladım. Kitabı qutaran kimi yenidən oxudum. Vaxtımın çox hissəsini kitabı fikirləşərək keçirirdim. Məncə, bərabəri olmayan, möhtəşəm, hətta dahiyanə bir yaradıcılıq məhsulu idi. Diqtə etmə üslubu sehrli idi, personajlar rəngli və həyəcan verici idi, fikirlər qüsursuz bir formada təkmilləşdirilmişdi, bundan əlavə, bütün bunlar qədər əhəmiyyətli olan başqa bir nüans da hekayənin çox bəsitləşdirilmədən və əsas mövzusuna enmədən filmə uyğunlaşdırıla biləcək uzunluqda və sıxlıqda olması idi. Əslində, demək olar ki bütün hekayəni filmə daxil edə bildik. Əksər insanlar kitabın özünəməxsus dilinə təriflər yağdırmışdı, təkcə bu belə insanı heyrətə gətirən bir fikirdir. Lakin mən yenə də kifayət qədər qeyri-adi olan və daha yaxşı bir adlandırma tapa bilmədiyim üçün adi dil deyə adlandıracağım hissənin lazımi qədər tərif aldığını düşünmürəm. Məsələn, kiitabın sonunda nazir jurnalistlərə " Bu qədər söhbət kifayətdir. Əməlin səsi daha yüksək çıxır. Hərəkətə keçək. Hər şeyi müşahidə edək." deyir. Burgess dil ilə qeyri-adi dərəcədə gözəl oynayır.
Əvvəlki iki filminiz olduqca çox araşdırma və oxuma gərəkdirirdi. Bu filminizdə isə romanı olduğu kimi çəkmisiniz kimi görünür, halbuki bu film üçün də (məsələn, beyin yuma metodu barədə) müxtəlif araşdırmalar etmisiniz, elə deyilmi?
Bəzi filmlər həqiqətlərin toplanması ilə başlayır, sonra bu həqiqətlərdən hekayə haqqında fikirlər təkmilləşdirilir, amma əlbəttə ki, "Qurulmuş portağal" bitmiş bir hekayə ilə başladı, yeni bir hekayə qurma sancısından qurtulduğum üçün çox xoşbəxt idim. Texniki araşdırma məsələsinə gəldikdə isə çox da araşdırma aparmağa ehtiyac olmadığı aşkardır. Davranış psixologiyası və şərti refleks terapiyası haqqında kitablar oxudum, hekayədəki əsas texniki mövzulara hakim olmaq üçün etməli olduğum sadəcə bu idi.
Kitabda hamını təəccübləndirən məqam Alex’in həbsə düşdüyü zaman "Hamısını mən eləmişəm və 15 yaşında idim." deməsidir. Bunun filmə əks etdirilə bilməyəcəyini başa düşürəm, bəs siz heç o yaşda birinə rol verməyi düşünmüşdünüz?
Xeyr. Kitabın üçüncü ya da dördüncü bölümünü ilk oxumağımdan etibarən ağlımda Malcolm McDowell vardı. Onun kimi istedadlı bir aktyor tapmaq elə də asan deyil. Bir aktyorun qarşısına da fantastikanın ən təəccüb doğuran, ən əyləncəli icadlarından biri olan Alex kimi bir personajı oynamaq fürsəti tez-tez çıxmaz. Ədəbi və ya dramatik bir müqayisə apaqsaq, onu yalnız bir personajla qarşılaşdıra bilərəm: "3-cü Richard" (Şekspirin qısa bir tamaşasıdır. Bu aralar Kevin Spacey ilə yenidən elit təbəqənin gündəmindədir, bu yaxınlarda da Türkiyə`də tamaşaya qoyulub.) Alex də, eynilə Richard kimi sevə bilməyəcəyiniz, qorxacağınız, lakin yenə də dünyasına asanlıqla daxil olub hadisələrə birdən-birə onun gözündən baxmağa başlayacağınız bir personajdır. Bunun necə əldə edildiyini başa salmaq asan deyil, amma tamamilə personajın səmimiyyəti, zəkası və digər personajların da onlar qədər hakim personajlar olmaması, hətta bir mənada onlardan daha pis insanlar olması ilə əlaqədardır.
3-cü Richard müqayisəsi əladır, lakin 3-cü Richard uzaq keçmişdə qalmış bir personajdır. Bu səbəbdən tamaşaçının hal-hazırki zorakılıqla əlaqə qura bilməsi o qədər də mümkün deyil.
Məncə burada narahatçılığa heç bir səbəb yoxdur. Həqiqət ilə fantastika arasında böyük bir uçurum var və insanın film izləyərkən yaşadığı təcrübəni təkcə yuxu görməklə müqayisə edə bilərik. Əgər insan bu hadisələri həqiqətən yaşasa 3-cü Richard’ın etdiklərindən zövq alması mümkün deyil, lakin 3-cü Richard’ı izləməkdən zövq alırıq, təbii ki Alex’i izləməkdən də. Alex’in macəraları bir növ psixoloji əfsanədir. Şüuraltı fikirlərimiz Alex personajında üzə çıxır,eynilə yuxu görəndə olduğu kimi. Şüuraltı fikirlərimiz Alexin hakimiyyət tərəfindən sıxılmasına, basqı altında tutulmasına əsəbiləşir, halbuki beynimiz bütün bu edilənlərin lazımlı olduğunu bilir. Hekayənin quruluşu eynilə bir pəri nağılında olduğu kimidir: cazibəsini və güclü təsirlərini təsadüflərdən alır, eyni zamanda simmetriyası da eynilə pəri nağıllarında olduğu kimidir: Alex’in bütün qurbanları son səhnədə Alex’ə etdiklərinin qarşılığını vermək üçün yenidən ortaya çıxırlar. Təbii ki, hekayənin fərqli bir tərəfi də var: davranış psixologiyasının və psixoloji şərtlənmənin totalitar hökumətlər tərəfindən vətəndaşları üzərində sonsuz idarə sahibi olmaq və onları bir robotdan fərqsiz etmək üçün istifadə edə biləcəyi yeni və təhlükəli bir silahın olub olmamasını araşdıran sosial bir vergi.
Bəs zorakılığın formalaşdırılması? Çox hissəsi olduqca gülməlidir, lakin beyin yuma səhnəsində Alex’in başına gələnlər onun qurbanlarına etdiklərini izləməkdən çox daha çətindir.
Təbii ki, filmdəki zorakılıq formalaşdırılmışdı, eynilə kitabda olduğu kimi. Mənim problemim isə, təbii olaraq, yazının faydalarından aciz olaraq bunu filmdə əks etdirməyin bir yolunu tapmaq idi. Filmin ilk və ən çox zorakılıq olan hissəsi Rossini’nin "thieving magpie” uverturası ətrafında qurulmuşdu və geniş bir aspektdən baxsaq, burada zorakılığın rəqsə çevrildiyini deyə bilərik, amma təbii ki, başa düşdüyümüz mənadakı rəqslərə heç oxşamır. Lakin kinemotoqrafiya tərəfdən baxsaq, hərəkətin və musiqinin qaçınılmaz şəkildə bir-birinə bağlanmalı olduğunu deyə bilərəm. Bu eynilə 2001 filmində fırlanan kosmik stansiyanın və kosmik gəmi orion’un "blue danube" müşayiətində hərəkət etməsi kimidir. Qumarxanadakı təcavüz səhnəsindən çıxan davaya, İsa motivlərinin olduğu səhnələrdən "Bethovenin doqquzuncu simfoniyasına", su kənarındakı yavaş çəkilişli davaya və nəhəng ağ penisin Bethoven`in büstünün qarşısına yerləşdiiıldıyi, pişikli qadının olduğu səhnələrə qədər hərəkət, qurğu və musiqi ən önəmli məqamlardır, niyə də rəqs olmasın?
Bir də Alex’in aptekdə tanış olduğu iki qızla olan sürətləndirilmiş çəkilişli səhnələri var.
Bəli, əlbəttə, sürətli çəkiliş dəliliyindən bəhs etməyi unutdum. Ekranda təxminən qırx saniyə çəkən, saniyədə iki görüntünün keçdiyi bu səhnələrin çəkilişi iyirmi səkkiz dəqiqə çəkdi. Bu fikir ağlıma bir gecə “eine kleine nachtmusik”a qulaq asarkən gəldi. Sürətli çəkiliş onsuz da saniyədə iki görüntü tələb edir. Filmdə istifadə etdiyimiz William Tell’in sürətli ritmi daha məqsədəuyğun oldu.
Səhnələrin nə qədərini əvvəllcədən planlaşdırırsınız? Hitchock üslubunda detallı ön planlama etmirsiniz, elə deyil mi?
Olduqca çox planlama edirəm və səhnəni çəkməzdən əvvəl xəyal edə bildiyim hər şeyi dəyərləndirməyə çalışıram, lakin çəkilişə başlayanda vəziyyət çox fərqli olur. Ağlınıza ya səhnə ilə əlaqədar tamamilə yeni bir şey gəlir, ya da aktyorlardan birinin xarakteri nələrisə dəyişdirir və ya səhnə ilə əlaqədar əvvəldən düşündüyünüz minlərlə variantdan bir neçəsi uyğun gəlmir. Bu, təbii ki, filmin ən əhəmiyyətli anıdır, filmin real çəkiliş mərhələsi. Nə edəcəyinizi əvvəlcədən bilsəniz, nisbətən asan olur. Ama film məhz burada tarazlıqda dayanır. Burada əsas problem, bəlkə bir qədər sadə ifadə etmiş olacağam amma, çəkdiklərinizin filmə əlavə etməyə dəyər olmasıdır. Nə çəkəcəyinizi bilmədən onu necə çəkəcəyinizi düşünmək həmişə başdan çıxardıcıdır, amma çox zaman sadəcə vaxt itkisidir.
Alex "Qurulmuş Portağal"dakı tək böyük, hətta tək inkişaf etdirilmiş personajdır. "2001" filmində ən insani personaj, şübhəsiz ki, "HAL" idi və "Dr. QəribəEşq" filmində müxtəlif mərhələlərdə karikatura ilə qabağımıza çıxmışdınız. Məncə, real bir məna daşıyan bir filminizi tapmaq istəyən tamaşaçılar "paths of glory", hətta "the killing" filminə qədər geri getməlidirlər.
Qeyri-real vəziyyətləri ələ alaraq onları real şəkildə təqdim etmək həmişə xoşuma gəlib. Pəri nağıllarını, əfsanələri, fövqəltəbii hekayələri, qeyri-real və alleqorik hekayələri xoşlayıram. Məncə bu filmlər hazırki reallıq anlayışına, real tərzini qoruya bilmək üçün yüksək miqdarda seçicilik daxil olunan haqında danışdığım digər filmlər qədər formalaşdırılmış real hekayələrdən daha çox uyğundur. Məsələn, Lolita’da Quilty personajı eynilə Dr. QəribəEşq`dəki bir çox personaj kimi tamamilə bir kabus idi. Başqa bir deyişlə, Qurulmuş Portağal`ın mənim əvvəlki filmlərimlə böyük bənzərlikləri var.
Stanley Kubrick`in detallara olan qəzəbli, hətta bəzilərinə görə zorakı diqqəti haqqındakı hekayələr hər biri bir lətifəyə dönüşüb. Qurulmuş Portağal filmində yalnız 5 dəqiqə görünən Clive Francis öz səhnələri haqqında belə bəhs edərək Kubrick`ə olan heyranlığını bildirirdi: " Bu səhnədə filmin zorakılıqdan həzz alan personajı Alex həbsxanadan və elmi qaçınma terapiya proqramından yenicə çıxmış, təcavüz və oğurluq arzularından əl çəkmişdi. Dörd il sonra evinə, ana-atasının yanına qayıdan Alex evdə yad bir adamla qarşılaşır (Həmin yad adam hadisəni danışan Clive Francis ’ dir.) Anası və atası evə kirayənişin götürüb, ona Alexin otağını vermişdilər. Alex ondan otağından çıxmasını istəyir, lakin kirayənişinin belə bir fikri yoxdur. Həmin səhnə üçün iki həftə məşq etdik. Kubrick axtardığı mənzili tapmaq üçün bütün Londonu gəzdi. Nəhayət, Elstree’də axtardığı mənzili tapdı. Mənzilin pulunu ödəyib orada yaşayan cütlüyü evdən göndərdi, dizaynerləri ilə birlikdə mənzili təxminən 5 min paunda başa gələn bahalı mebellərlə döşədi. Çəkilişlər bitdikdən sonra mənzil restavrasiya olunaraq əvvəlki halına qaytarıldı və cütlüyə geri verildi, elə bu vaxt Kubrick`dən bir telefon zəngi gəldi. İki yaxın plan səhnəsini yenidən çəkmək istəyirdi. Elstree’dəki mənzilə yenidən getdik. Cütlüyə pul ödənib mənzildən göndərildi və Kubrick mənzili bir dəfə də başdan dizayn etdi. Hərhalda həmin cütlük filmin nəhayət, göstərilməyə başladığını eşidib rahatlaşmışdılar. Lakin bu hekayələr insanı Kubrick`i tanıma təcrübəsinə qətiyyən hazırlamır. Bir-birinin ardınca son dərəcə uğurlu filmlər çəkmişdi: Paths of Glory, Lolita, Dr. Strangelove və 2001:A spacey Odyssey və səbrsiz bir zalımla qarşılacağınızı düşünürdünüz. Halbuki heç də belə deyildi."
Dünyanın gedişatı ilə əlaqədar sizi düşündürən məsələlər nələrdir? Nələr sizi narahat edir? Anthony Burgess’in “Qurulmuş Portağal” romanını seçməyiniz insan beyni üzərində aparılan təcrübələrin sizi narahat etdiyini göstərir.
Əvvəla, seçdiyim hekayələri siyasi mesajlar verdiyi üçün seçmirəm. Burgess’in romanının dövrümüzün əhəmiyyətli mövzularından birinə psixoloq B.F.Skinner’ın "Beyond Freedom and Dignity" adlı kitabı ilə də əlaqəsi olan davranış psixologiyası və anti-sosial davranışın nizamlanması probleminə toxunması Qurulmuş Portağal`da marağıma səbəb olan məqamlardan yalnız biri idi. Kitaba maraq göstərməyimə səbəb olan faktor bir sənət əsəri kimi daşıdığı xüsusiyyətlər idi. Başlıca olaraq, filmlərim üçün seçdiyim hekayələrə maraq göstərməyimi təmin edən kriteriya budur. Mən işə ağlımı məşğul edən nədir və bu məsələ ilə əlaqədar bir hekayə hardan tapa bilərəm deyə başlamıram.
Cəmiyyətimizin qarışıq ictimai problemlərin həllinə göstərdiyi səbrsizliyin ən başlıca səbəbinin televizorda və filmlərdə qarışıq ictimai problemlərin 30, 60 və yaxud da 100 dəqiqədə həll olunduğunu görməyimiz olduğu göstərildi. Siz bu fikrə qoşulursunuzmu?
Məncə bu vəziyyəti yaradan yeni bir dövrün başlanacağına dair verilən boş siyasi vədlərdir. Bu vədlər və bundan əlavə, əgər bir problem çox qısa zaman müddətində həll edilə bilmirsə, insanın siyasi və ya qanuni həll üsulu yerinə daha radikal və ya anti-sosial, yaxud da qeyri-qanuni həllərə müraciət etməsi ilə bağlı bir çox fikrin iç-içə keçməsi.
Sizin gözünüzdə Qurulmuş Portağal ’ dakı yaxşılar və pislər kimlərdir?
Məsələyə bu şəkildə baxa bilmərik. Bu bir vergidir, yəni hal-hazırki dəyərlər əsas götürülərək ələ salınır. Həqiqəti yıxmaq üçün onun tamamilə əksini deyirsiniz kimi görünürsünüz. Bu vəziyyətin tək istisnası rahibdir (Alex ilə həbsxanada dost olan). Biraz da təlxəklik vəzifəsini üzərinə götürərək hekayənin əsas fikrini o başa salır. Hekayənin ən vacib əsas fikri seçimlərlə əlaqəli suallar və insanın əlində pis olma seçimi olmadan da yaxşı olub olmayacağı, əlində belə bir seçim olmayan insanın yenə də bir insan olaraq qəbul edilib edilməyəcəyidir. Alex’in pisin xüsusiləşdirilməsi olmasına baxmayaraq, yenə də qəribə bir şəkildə maraq oyandırmasının bir neçə səbəbi vardır: dürüstdür, ikiüzlü deyil, enerjili və ağıllıdır. Onu həmişə 3-cü Richard ilə müqayisə etmişəm və məncə bu çox yaxşı bir müqayisə idi. 3-cü Richard’ı niyə sevirik? Çox fərqli bir cəhətdən də olsa sevirik. Nəticə etibarilə, Alex’i başa düşməyə başlayırsınız, çünki onu çox daha böyük bir pisliyin qurbanı kimi görürsünüz. Bəlkə də, bundan çox daha vacib olaraq, öz şüuraltı fikirlərimizin fərqinə varırıq. Bu, filmin yaratdığı təzadla əlaqəli ola bilər. Şüuraltı düşüncələrin şüuru yoxdur və bunu başa düşmək insanı gərgin və qəzəbli bir vəziyyətə gətirir.
Bəziləri sizi Alex’i maraq oyadan bir personaj kimi formalaşdıraraq pisliyi ucaltmaqda günahlandırır. Kobud formada buna cavabınız marağı pisliyə çəkmək və başa salmaq istədiyinizi ən dərin misalla başa salmağınız ola bilər?
Bəli, əlbəttə. Əgər Alex daha az pis bir personaj olsaydı filmin çatdırmaq istədiyi məsələnin təsiri azalacaqdı. Eynilə günahsız insanların da əzilə biləcəyinə diqqət çəkərək əzilməyə qarşı bir film çəkməyin hədəf götürüldüyü western filmlərinə oxşayacaqdı. Filmin çatdırmaq istədiyi budur: " insanları əzməməlisiniz, təkcə günahsız insanları yox, heç kimi əzməməlisiniz". Aydındır ki, əgər Alex daha az pis bir personaj olsaydı, ona tətbiq olunan müalicəni rədd etmək çox asan olardı. Amma Alex qədər pis bir personaja belə bu cür müalicə tətbiq edilməsinə qarşı çıxdığınız zaman vurğulanmaq istənilən əlxaqi məqam daha diqqətə çarpan şəkildə meydana çıxır.
Burgess’in romanındaki kimi xoşagəlməz səhnələri filmə almamısınız. Məsələn, Alex’in 10 yaşındakı bir qıza təcavüz etməsi və sırf həyəcan üçün kiçik heyvanları əzməsi.
Kitabda Alex’in 15 yaşı var. 15 yaşındakı uşaqların 10 yaşında qızlara təcavüz etməsinə şahid olmaq istəmərik, amma bu yenə də 25 yaşındakı bir insanın 10 yaşındakı qıza təcavüz etməsindən fərqli bir vəziyyətdir.
Alex’in beyin yuma səhnəsində tətbiq olunan zorakılıq onun etdiyi hər şeydən daha çox dəhşət vericidir...
Alex’in zorbalığına lazımi ağırlığı vermək çox önəmli idi, yoxsa hökumətin ona etdikləri qarşısında əxlaqi bir qarışıqlıq yaşana bilərdi. Alex daha az pis bir personaj olsaydı, tamaşaçılar " Ona bu psixoloji silah tətbiq edilməməli idi, bu qorxunc birşeydir, həm onsuz da Alex o qədər də pis deyildi." deyə bilədilər. Digər tərəfdən, onu bu qədər qəddar şeylər edərkən göstərdiyiniz halda, hökumətin Alex’i yaxşı biri etmək üçün onu insanlıqdan uzaqlaşdırmasının böyük bir pislik olduğunu başa düşürsünüz. Mən yalnız bu zaman kitabın çatdırmaq istədiyini dəqiq bir şəkildə ötürə bildiyimi düşünürəm. Ən vacib məqam, insanların yaxşı ya da pis olmağı seçmə şanslarının olmamasıdır. İnsanı bu seçim haqqından məhrum etmək onu insanlıqdan çıxarıb mexaniki bir portağala çevirməkdir.
Purcell’in “music for the funeral of queen mary” mahnısını necə seçdiniz?
Sözlərin kifayət etmədiyi bir yerdəsiniz. Səhnə üçün uyğun musiqini fikirləşərkən ağlıma purcell’in mahnısı gəldi. Mahnıya filmin kontekstini düşünərək dəfələrlə qulaq asdıqdan sonra içimdə heç bir şübhə qalmadan istifadə etməyə qərar verdim.
Qurulmuş Portağal`ı iki böyük film arasında bir istirahət müddəti olaraq görürdünüz?
Mən filmləri böyük və ya kiçik filmlər olaraq düşünmürəm. Hər bir film öz problemləri və üstün cəhətləri ilə birlikdə gündəmə gəlir. Hər bir film məntiqi və incəsənətlə bağlı probemləri həll edə bilməniz üçün verəbiləcəyiniz hər şeyi qatmanızı tələb edir. Epik bir film çəkməyin çatışmayan cəhətləri olduğu qədər üstünlükləri də var. Böyük, izdihamlı bir səhnəni çəkib onu maraqlı bir formaya salmaq stol arxasında oturub fikirləşən bir adamı çəkməkdən dəfələrlə asandır.





Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder