Interstellar (Ulduzlararası) Filminin Orijinal Analizi


  "Yer kürəsinin məhvi insanlığın məhvi demək deyil."


  Bu iddialı şüar Christopher Nolan-ın son filmi Interstellar-dandır. Elmi-fantastika janrında növbəti filmini çəkən rejissor bir şedevr daha yaratmağı bacardı.

  Elmi, dramatik və orijinal üslubu ilə sələflərindən seçilən film bir çoxları tərəfindən Stanley Kubrick-in 2001: A Space Odyssey filmi ilə birlikdə tarixin ən yaxşı elmi-fantastik filmi hesab olunur.

  Filmin rəsmi trivia səhifəsinə və filmdəki bir çox səhnələrə nəzər yetirsək 2001: A Space Odyssey motivlərini dolğun şəkildə hiss edə bilərik.
  Guardian-ın hazırladığı 2 filmin müqayisəsinə buradan baxa bilərsiz.



  Ssenarisi Jonathan Nolan tərəfindən hekayə kimi yazılan Christopher Nolan tərəfindən səhnələşdirilən əsərdə elmi izahı olan bir çox səhnə Stephen Hawking və onun müasiri Kip Thorne tərəfindən verilən göstərişlərlə çəkilmişdi.



  Jonathan Nolan ssenarinin ideya müəllifi olan Steven Spielberg-ə Christopher Nolan-dan əvvəl filmi çəkməyi təklif etmişdi. Spielberg isə ona filmi qardaşı ilə birlikdə çəkməyi məsləhət görür.



  İnsanlığın - bəşəriyyətin sonu yaxınlaşır. Tarlalar məhsul vermir, davamlı toz qasırğaları xəstəliklər törədir. Bu hadisələrin paralelində əvvəllər kosmonavt olmuş Cooper ona kimlərsə tərəfindən gizli mesaj göndərildiyini başa düşür.



  Bir qrup cəsur kosmonavt soxulcan dəliyi vasitəsilə zamanda hərəkət edib insanları Yer kürəsindən çıxarmağın yolunu araşdırırlar və müəmmalı səyahət başlayır.



  Zaman-məkan kompleks əlaqəsinin, qara dəlik və soxulcan dəliyinin sirlərinin də göstərildiyi film ata ilə qızının dramatik ayrılığı və daha da təsirli qovuşma yolunu da səhnələşdirir.



  Filmin baş rolunda 2013-cü ilin ən yaxşı aktyoru Oskarını alan Matthew McConaughey var. Cooper obrazını canlandıran aktyorun Mud filmindəki ifasından sonra kasta daxil edən Nolan aktyorun dram və zəka qarışığı aktyorluq qabiliyyətindən olduqca təsirləndiyini bildirmişdi.

  Matthew filmin premyerasından sonra bütün çəkilişlər müddətində filmin mövzusunu həyat yoldaşına demədiyini açıqlamışdı. Film boyu aktyorun canlandırdığı Cooper-in adı da heç vaxt deyilmir.



   Digər əsas obraz Murph-ni uşaq yaşlarda Mackenzie Foy, ahıl yaşlarda Oskarlı aktrisa Ellen Burstyn, cavanlıq dövrünü isə Jessica Chastain canlandırır. Filmə çəkilmə təklifini Miss Julie filminin çəkilişləri əsnasında Christopher Nolan-dan məktubla alan aktrisa ssenarini oxuduqdan sonra ilk olaraq filmdə çəkilmək istəməmişdi.

  Filmin ssenarisi yeni formalaşan vaxt Murph obrazının oğlan olması planlaşdırılırdı.



  Kosmonavt heyətinin əsas üzvlərindən Brand personajını rejissorun son filmi The Dark Knight Rises filmində də gördüyümüz Anne Hathaway canlandırır. Çəkilişlərin Antraktidada çəkilmiş soyuq havada keçən hissəsində kosmonavt kostyumu açılan aktrisa buzlu suda qaçdığı səhnələrdə çətin anlar keçirir daha sonra isə hipotermiyadan (vücud istiliyinin normaldan aşağı düşməsi) əziyyət çəkir.



  Professor Brand obrazını artıq 7-ci dəfə Nolan-la birlikdə işləyən qocaman aktyor Michael Caine canlandırır. Nolan-la yaxın dost olan aktyor çəkilişlər zamanı daim çay içən rejissora "Içdiyin çaydır yoxsa vodka?" demişdi.



  Cooper-in qrupundan əvvəl göndərilmiş dəstədə planetlərin birində qalan Mann obrazını Nolan-la ilk dəfə işləyən Matt Damon canlandırırdı. Kasta sonradan daxil edilən aktyorun hansı personajı canlandıracağı premyeraya qədər açıqlanmadı. O vaxta qədər aktyorun obrazı rəsmi olaraq "dəqiqləşdirilməmiş rol" adı altında qeyd edilirdi.



  Filmdəki ən uğurlu detallardan sayılan musiqi məşhur bəstəkar Hans Zimmer tərəfindən hazırlanmışdı. Bu, bəstəkarla Nolan-ın 5-ci əməkdaşlığı idi.



  Filmdəki qarğıdalı tarlası Nolan-ın istəyi ilə həqiqi yetişdirilmişdi və tam real idi (500 hektar). Rejissor bunu prodüseri olduğu Man of Steel filminin çəkilişləri zamanı düşündüyünü açıqlamışdı. Çəkilişlər tamamlandıqdan sonra tarlanın məhsulu satıldı və olduqca böyük məbləğdə gəlir qazandırdı.

  Ümumiyyətlə Nolan filmlərində xüsusi effektlərdən istifadə etməyi sevmir. CGI filmləşdirmə effektlərindən minimumda istifadə edən rejissor tamaşaçının kompüter effektlərinin hansı səhnədə tətbiq edildiyini anladığına inanır.



  Filmdə fizik Kip Thorne-un kosmosda səyahət mövzulu əsərlərindən istifadə edilmişdi. Bu ideyalardan 1997-ci ildə çəkilmiş Contact filmində də istifadə edilmişdi. Həmin filmdə baş rollarda Jodie Foster və Matthew McConaughey var idi.



  Filmdə Romilly-nin soxulcan dəliyini vərəqdə çəkərək Cooper-ə başa saldığı səhnənin demək olar eynisini 1997-ci il filmi Event Horizon-da görə bilərik.



  Filmdə diqqətlə baxsaq Murph-nin cavanlıq yaşlarında geyindiyi paltarların Cooper-in filmin əvvəlində geyindiyi paltarla oxşarlığını görə bilərik. Bu rejissor tərəfindən ata-qız cütlüyünün zaman kəsimində ayrılsa da hansısa üsulla əlaqədə qala bilməsini simvolizə edir.




  Nolan ilk dəfə The Dark Knight filmində istifadə etdiyi, həmin vaxt cəmi 4 ədəd olan (2008-ci il) olan IMAX kameralarından filmin böyük hissəsinə istifadə edir. İşinə məsuliyyətlə yanaşan rejissor filmin çəkilişlərindən əvvəl New York-dakı bir çox sinema salonlarını çəkilişi yayımlayacaq texnologiyanın olub-olmamasını öyrənmək üçün gəzmişdi.



  Murph-nin kitab rəfinə diqqət yetirsək burada məşhur yazıçı Stephen King-in hələki səhnələşdirilməmiş əsəri Stand romanını görə bilərik. Roman insanlığın məhvi və əhalinin başqa yerə köçürülməsi haqqındadır. Həmçinin filmdəki personajların bir çoxunun adı Murph-nin kitablarının müəlliflərinin adlarıdır.



  İlk filmi Following-dən bəri operator kimi Wally Pfister ilə işləyən Nolan Pfister-in rejissor kimi debütü olan Transcendence filmini çəkdiyinə görə Interstellar-da operator Hoyte Van Hoytema ilə işləyir. Nolan həmçinin Transcendence filminin prodüserlərindən idi.



  3-cü filmi Insomnia-dan bəri içində "fuck" sözü olan yeganə filmi Interstellar olur rejissorun.

  Nolan-ın 165 milyon dollara başa gələn 169 dəqiqəlik filmi ideyası, effektləri, Oskarla zəngin kastı bəlkə də ən əsası rejissor işi ilə ən yaxşı elmi-fantastika filmlərindən olur. 2014-cü ilin ən yüksək IMDb xallı filmi olan Interstellar 5 nominasiyada Oskara namizəd oldu və vizual effektlərə görə mükafatı qazandı.



  Hələlik 665 milyon dollar gəlir gətirən film AFI tərəfindən ilin ən yaxşı 10 filmi siyahısına daxil edilən 4-cü Nolan filmi olur.


Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder