Pulp Fiction (Kriminal Qiraet) Filminin Orijinal Analizi




Pulp Fiction (Kriminal Qiraət) Kventin Tarantinonun
1994-cü ildə ərsəyə gətirdiyi filmidir. Film Tarantinonun şah əsəri olaraq qiymətləndirilir və kült filmlər siyahısındadır. Kriminal, dram və triller janrlarında olan film o vaxta qədər görülməmiş tərzdə çəkilmişdi və eyni janrdakı filmlər arasında oxşarını tapmaq mümkün deyildi. Film 7 nominasiyada Akademiya mükafatına namizəd göstərilmiş, ən yaxşı orijinal ssenari nominasiyasında Tarantinoya Oskarı qazandırmışdır.




 Eyni zamanda film 1994-cü ildə  Kann Film Festivalının ən böyük mükafatı olan Qızıl Palma Budağını da qazanmışdı. Hal hazırda Pulp Fiction 9 xal ilə IMDb`nin Top 250 siyahısında 5-ci yerdə qərarlaşıb.



 Fimlin əsas aktyor heyətini Uma Turman, Con Travolta, Samuel L. Cekson, Tim Rot, Hervi Keytel, Brus Uillis, Kristofor Ualken kimi tanınmış Hollivud ulduzları təşkil edir. Bu barədə maraqlı məlumatlardan biri filmin büdcəsinin 8milyon dollar olması və bunun 5 milyon dollarının aktyorların maaşını təşkil etməsidir.



      Film, 3 fərqli hekayəni ayrılıqda ələ alır və sonradan onların qəribə bir şəkildə birləşməsini göstərir. Filmi qeyri-adi göstərən əsas xüsusiyyətlərdən biri isə hekayədə zaman ardıcıllığının olmamasıdır. Son səhnə ilə ilk səhnənin ardıcıl olması kimi qəribəliklər filmi tam bitmədən əsl mənada başa düşməyə imkan verməsə də, izləyicinin filmin gedişatından zövq almasına heç bir şəkildə pis yöndə təsir etmir.



 İlk səhnədə bir-birini çox sevən soyğunçu cütlük Ringo (Tim Rot) və Yolandanın (Amanda Plamer) işlərinə həyəcan qatmaq üçün fərqli bir soyğun planı hazırlamasını görürük. Restorandakı insanları soymağa çalışan və qəddar cinayətkarlar kimi görünən cütlük əslində bir-birlərinə “ballı çörəyim” və “balqabağım” deyən şirin bir cütlükdür. Bu maraqlı personajları Tarantino xüsusi olaraq Tim Rot və Amanda Plamer üçün yazdığını deyib.



      Belə iddialı bir giriş səhnəsindən sonra digər bir ikili - əsas qəhramanlarımız olan Vincent Vega (Con Travolta) və Jules Winnfield (Samuel L. Cekson) görünür. 



 Tarantino əvvəlcə Vincent Vega personajını Maykl Medsen üçün yazdığını desə də, rolu Con Travolta aldıqdan sonra Vincent Vega personajı ilə Tarantinonun əvvəlki filmi Reservoir Dogs (Quduz Köpəklər) filmində Maykl Medsenin canlandırdığı Vic Vega personajı ilə qardaş olduqlarını demişdir. Qeyd etmək lazımdır ki, bu rolu Daniel Dey Levis də istəyirdi, lakin rejissor Con Travoltada qərar qıldı.



  Rejissor eyni zamanda Jules Winnfield personajını da xüsusi olaraq Samuel L. Cekson üçün yazdığını bildirmişdir. Vinsent və Jules basçıları Marsellus Wallace'ın onlara verdiyi tapşırığı yerinə yetirməyə gedirlər – başçılarını  aldatmağa cəhd göstərən bir neçə gənci öldürməyə. Bu gənclərin arasında casus olaraq yerləşdirdikləri öz adamları da vardır. Səhnənin əvvəllərində Tarantinonun yaradıcısı olmasa da çox məşhurlaşdırdığı və demək olar ki, bütün filmlərində istifadə etdiyi məşhur baqaj səhnəsini də görürük. Buraya gələrkən yolda etdikləri söhbətlərdən məlum olur ki, Marsellus Wallace, Vincentə başqa bir tapşırıq da vermişdir. Bir neçə günlüyə iş üçün başqa yerə  gedecəyi üçün ondan xanımı Mia Wallace (Uma Turman) ilə maraqlanmağını, onu gəzdirməyini xahiş etmişdir. Vincent, Amsterdamdan bir neçə gün əvvəl gəldiyi üçün Julesdan Mia Wallace haqqında məlumat almağa çalışır və daha sonra söhbət ayaq masajına gəlir. Bu mövzuda uzun və qəribə söhbət etdikdən sonra evə girib saxtakarları öldürür və Marsellusun çantasını alırlar. Bu hissədə Tarantinonun vəhşiliyi və qanı nə qədər sevdiyini açıqca görə bilirik. Julesın hər dəfə adam öldürməzdən əvvəl İncildən oxuduğu kiçik hissə də personajı olduqca maraqlı edir və daha da maraqlısı isə bu nitqin əslində çox kiçik bir hissəsinin İncildən olması və çox hissəsini Tarantino ilə Samuel L. Ceksonun birlikdə tərtib etməsidir.

                  

 Sirli çantanın içində nə olması ilə bağlı da bir çox versiya mövcuddur: Bəziləri çantanın içində qızıl olduğunu, bəziləri ssenarisini Tarantinonun yazdığı TrueRomance (Gerçək Sevgi) filmində istifadə olunan Elvis Presleyin qızılı kostyumu, bəziləri hətta Marsellus Wallace'ın ruhu olduğunu, bəziləri isə sadəcə 20 Vt-lıq lampa olduğunu deyirlər. Hər necəsə çantanın içindəkini filmin sonuna qədər izləyiciyə göstərməyən Tarantino daha sonra bir müsahibəsində bu barədə belə demişdir : “Çantada tamaşaçı nə istəyirsə o var”.



     Daha sonra Marsellus Wallace'ın boksçu Butch (Brus Uillis) ilə bir razılaşma etdiyini görürük. Marsellus Butcha hiylə işlətməyi, yəni boks matçında bilərək məğlub olmasını tapşırır və ona yüksək miqdarda pul təklif edir. Marsellusla razılaşan Butch pulu götürür cəsur və qürurlu olduğundan, daha sonra məlum olur ki, başçısını aldatmağı planlaşdırırmış. Tarantino ilk əvvəl Butch personajı üçün Miki Rouk, Met DilyonSilvesterStallone kimi ulduzları düşünmüşdü, lakin daha sonra Hervi Keytelin təkidi ilə rolu Brus Uillis aldı. 



 Bu səhnədə də Tarantinoya xas çəkiliş üslublarından birini görürük. Səhnə xaricində biri danışarkən qulaq asan personajın üzünü yaxın çəkim göstərməsi bir çox digər filmlərində də istifadə etdiyi yöntəmdir. Bu səhnədə də Marsellus danışarkən Butchun üzünü yaxın çəkim ilə görürük. 



Bundan başqa, Tarantinonun filmlərində reklam almaması və saxta markalar yaradıb onları istifadə etdiyi çoxları tərəfindən bilinən bir gerçəkdir. Pulp Fictionda buna misal olaraq “Big Kahuna” burger və “Red Apples” marka siqaretləri göstərmək olar. Sözügedən səhnədə Butch və ilk səhnədə Ringo personajları ilə yanaşı, rejissorun digər bir çox filmində də personajlar “Red Apples” marka siqareti istifadə edərkən görünürlər. Tarantinoya xas digər bir xüsusiyyət isə bir çox filmlərində acgözlüklə yemək yemə səhnəsi vardır. Pulp Fictionda da Marsellus Wallace personajının belə bir səhnəsi var.



      Bir sonrakı önəmli səhnə isə Vincent Vega ilə Mia Wallaceın tanış olduqları və birlikdə vaxt keçirdikləri hissələrdir. Mia rolu üçün Hel Berri, Mişel Pfeyer, Deril Hannah kimi aktrisalar düşünülmüşdü.



 Rozanna Arquet də bu rol üçün seçmələrə qatılmışdı amma Tarantino onu narkotik satıcısı Lance`ın xanımı Jody personajı üçün uyğun gördü. 



Eyni zamanda qeyd etmək lazımdır ki, Uma Turman bu rolu istəmirdi və geri çevirmişdi. Rejissor onu razı salmaq üçün demək olar ki, bütün ssenarini telefonda oxumuşdu. Vincent Vega Mia və Marsellusun evinə gəldiyi zaman ev sahibəsi ona yuxarıda geyindiyini və özünə bir içki alıb onu gözləməsini deyir. Daha sonra narkotik qəbul edərək aşağı gəlir və sadəcə “Çıxaq” deyir. Filmin bu səhnəsinin böyük bir hissəsi montajda kəsilmişdir. Əslində personajların bu hissədə uzun və maraqlı dialoqu var idi. Mia Vincentə insanların iki kateqoriyaya ayrıldığını deyir : Elvis (Elvis Presley) insanı və Beatles(The Beatles) insanı. Onun fikrincə, Elvis insanı eyni zamanda Beatles`ı da dinləyə və sevə bilər. Eyni şəkildə, Beatles insanı da Elvis dinləyə və sevə bilər. Lakin heç vaxt bir insan hər ikisini eyni dərəcədə sevə bilməz. Mia iddia edir ki, Vincent Elvis insanıdır.

                    

 Yemək yemək üçün gəldikləri restoran dekorasiyası ilə diqqəti cəlb edir. Səhnənin əvvəllərində cütlüyün maraqlı diaqloqları həmişə olduğu kimi, izləyiciyə zövq verir. Filmin ən maraqlı xüsusiyyətlərindən biri isə bu səhnədəki söhbətin Tarantinonun 8 il sonra çəkəcəyi Kill Bill (BilliÖldürmək) filmi haqqında mesajlar verməsidir. Daha sonrakı dialoqlarında hər kəsin yaşadığı qəribə vəziyyəti dilə gətirən personajlar bunu “narahat edici susqunluq” adlandırırlar. Bu vəziyyəti belə məharətlə ifadə etməsi isə bir daha rejissorun böyüklüyündən xəbər verir.

                  

 Daha sonra isə, şübhəsiz, filmin ən maraqlı hissəsi olan rəqs səhnəsi gəlir. Mia restoranda keçirilən rəqs yarışmasında Vincentin fikrini almadan iştirak edəcəklərini bildirir və mükafatı istədiyini səbəb göstərir. Vincent əvvəlcə etiraz etsə də, sonradan ikili möhtəşəm bir rəqs ortaya çıxarırlar.  Rəqs səhnəsinin Federiko Fellininin məşhur filmi 8 ½ `dəki rəqs səhnəsi ilə oxşarlıqlar təşkil etməsi müəyyən etirazlara səbəb olsa da, bu səhnə mükəmməlliyi ilə hamının könlünü fəth etmişdir və bu gün kinematoqrafiya tarixində kült səhnələrdən biri olaraq qəbul edilir. Qeyd edək ki, bu səhnənin çəkilişləri zamanı Uma Turman bir qədər tərəddüd etmişdir və Tarantinoya sanki düzgün mahnı seçmədiyini demişdir. Rejissor isə cavabında sadəcə olaraq, “İnan mənə, bu əladır.” demişdi. Rəqs mahnısı olan Chuck Berry`nin "You Never Can Tell" mahnısı isə bu filmdən sonra məşhurlaşmışdır. Bu səhnə ilə bağlı maraqlı məqamlardan biri də, Mia personajının rəqs zamanı ayaqyalın olmasıdır. Ümumiyyətlə, Mia və taksi sürücüsü xanım Esmarelda demək olar ki, bütün səhnələrində yalın ayaqla görülürlər. Qadın ayağının yaxın çəkimlə təsviri Tarantinonun bütün filmlərindən alışdığımız özünəməxsus səhnələrdən biridir.

       


    Bir sonrakı səhnədə Mia və Vincenti evə qayıdarkən əllərində mükafatla birlikdə görürük və qalib gələrək onu qazandıqlarını düşünürük. Həqiqət isə belədir ki, onlar mükafatı oğurlamışdılar. Bu barədə sonrakı səhnələrdən birində - Butchun atasının saatını almaq üçün evinə qayıtdığı səhnədə eşidə bilərik, qonşularının televizorunda bu barədə danışılır.



 Vincent və Mianın bir birinə qarşı müəyyən hissləri başlasa da, Vincent başçısının xanımına qarşı belə hərəkətin uyğunsuz olacağını fikirləşir və ona xəyanət etmək istəmədiyi üçün hislərini cilovlamağa çalışır. Çünki Marsellus ona çox güvənir və “oğlum” deyir. Tarantinonun bir çox filmində gördüyümüz səhnələdən biri də tualet səhnələridir. Bu filmlə bağlı daha maraqlı olan isə Vincent personajı nə vaxt tualetə getsə pis nəsə olmasıdır. Filmdə ümumilikdə 3 belə səhnə vardır. Bunlardan ilki Mianın evindədir. Vincent tualetdə olarkən, Mia onun plaşının cibindən tapdığı narkotiki qəbul edir və yüksək dozadan şoka girir. Vincent nə edəcəyini bilmir və onu təcili narkotik satıcısının evinə gətirir. Filmin ən maraqlı səhnələrindən biri də məhz bu səhnə - iynə səhnəsidir. Lance`in tapşırığı ilə Vincent Mianın ürəyinə adrenalin iynəsi vurur və Mianın həyatını xilas edir. Bu səhnənin çəkilişi ilə bağlı maraqlı fakt odur ki, iynə səhnəsi tərsinə çəkilmişdir, yəni Vinsent iynəni Mianın sinəsindən çəkib çıxarır. Digər bir maraqlı fakt isə odur ki, Tarantino filmdə hansı personajı canlandırması məsələsində qərarsız qalır. Lance ya da Jimmie Dimmick personajlarından birini seçməli olan rejissor sonda Jimmie Dimmick`i seçir çünki iynə səhnəsində ekranda yox kamera arxasında olmaq istəyir.

        


      Növbəti səhnələrdə yenidən boksçu Butch`un başına gələn hadisələrin şahidi oluruq. Boks matçında Marsellusla etdiyi razılaşmanın şərtlərini pozan və rəqibini öldürən Butch sabah sevgilisi Fabienne ilə şəhərdən qaçmaq fikrindədir. Bu səbəbdən artıq Fabienne evlərindəki əşyaları toplamış və müvəqqəti qalacaqları yerə gəlmişdir. Yola çıxacaqları səhər hər şey yolunda gedərkən, birdən Butch Fabienne`in atasının saatını götürməyi unutduğunu görür.



 Saat onun üçün çox dəyərli olduğundan onu götürmək üçün evinə qayıtma riskini gözə alır. Vincentin növbəti tualet səhnəsi bu evdədir. Marsellusun tapşırığı ilə Butchu tapmaq üçün onun evinə gələn Vincent tualetə gedərkən silahı stolun üstünə qoymuşdur. Butch saatı aldıqdan sonra stolun üstündə silahı görür və anlayır ki, onun üçün gəliblər. Vincent tualetdən çıxdıqda Butch onu öldürür. Hər şeyin həll olduğunu düşünən Butch yenidən problemlərlə üzləşir və sonda iş elə gətirir ki, Marsellusu çətin bir vəziyyətdən xilas edir. Bu səbəbdən də Marsellus onu bağışlayır və şəhərdən getməsini tapşırır. Butch Fabienne ilə birlikdə şəhərdən gedir.

       


      Bu səhnədən sonra yenidən geriyə - Vincent və Jules`ın Marsellusu aldatmağa çalışan gəncləri öldürmək üçün gəldikləri səhnəyə qayıdırıq. Onlar, buradakıları öldürdükdən sonra getməyə hazırlaşarkən gənclərdən biri daha tualetdən əlində silahla çıxır və onlara atəş açır. Heç birini vura bilməyən gənci öldürürlər və Jules bu hadisədən çox təsirlənir. İsrarla bunun bir möcüzə olduğunu deyir və qara işləri atmağa qərar verir. Vincent, Jules və adamları Marvin maşında olarkən yenidən bu barədə söhbət edilər. Vincent Marvindən bu barədə fikrini soruşmaq üçün arxaya çevrildikdə bilmədən onu öldürür. Maşını necə təmizləyəcəklərini bilməyən qanqsterlər Jules`in tanışı Jimmie Dimmick`in (Kventin Tarantino) evinə gəlirlər. Sözügedən maşının əslində rejissora məxsus olması və filmin çəkilişləri zamanı oğurlanması da maraqlı faktlardandır. 

      

Tarantinonun canlandırdığı Jimmie personajı olduqca maraqlı bir personaj idi və onun iştirak etdiyi bəzi səhnələr rejissor Robert Rodrigez tərəfindən çəkilmişdi. İkili maşınlarında bir cəsədlə birlikdə Jimmie`nin evinə gəlirlər və heç də xoş qarşılanmırlar. Jimmie onlara xanımının 1,5 saat sonra evə gələcəyini və əgər bütün bu olanları görərsə ondan boşanacağını deyir və o gələnədək hər şeyi həll edib getmələrini tapşırır. Jimmie personajının bu danışığı bir çoxları tərəfindən təndiq edilmişdir çünki eyni cümlənin içində bir çox dəfə “zənci” sözü işlədilir. Jimmie`nin etirazından sonra Jules Marsellusa zəng edir və onları bu vəziyyətdən xilas etməsini istəyir.



 Marsellus isə cavabında narahat olmamalarını çünki onların köməyinə Wolfu göndərəcəyini deyir. Filmin ən maraqlı personajlarından biri olan Wolf, Hervi Keytel tərəfindən canlandırıldı və Tarantino bu personaji məhz onun üçün yazmışdı. Wolf bu tərz problemləri həll etmədə bir mütəxəssis kimidir. Maraqlı sitatları ilə yadda qalan Wolf, hərşeyi həll edir və dostlar ona təşəkkür etdikdən sonra, səhər yeməyi üçün bir restorana gedirlər.



 Yenidən maraqlı və uzun dialoqlarlardan sonra bayaqki “möcüzə” haqqında danışmağa başlayırlar. Vincent Jules`a çox şişirtdiyini və bunun sadəcə bir təsadüf olduğunu desə də, o dəqiq qərarını verib – qanunsuz işləri ataraq bundan sonra sakit bir həyat keçirəcək. Və bu məqamda restoranın başlanğıcdakı soyğunçu cütlük – Ringo və Yolandanın soymağa hazırlaşdığı restoran olduğu məlum olur. Sonuncu tualet səhnəsi də filmin bu hissəsindədir. Vincent tualetdə olarkən soyğun başlayır və cütlük restorandakı hamının pulqabını  toplamağa başlayırlar.



 Ringo Jules`in da pulqabını aldıqdan sonra çantanı çantanı açır və onu da almaq istəyir, amma Jules buna icazə vermir. Silahını əlindən alır və onları öldürməli olduğunu, amma aldığı qərara sadiq qalaraq öldürməyəcəyini deyir. Məşhur nitqini tamamladıqdan sonra öz pul qabını alır və soyğunçuların getməsinə icazə verir. Bundan sonra Vincent və Jules restoranı tərk edirlər. Bu səhnə ilə bağlı maraqlı fakt da Jules`ın məşhur pulqabının əslində Tarantinoya məxsus olmasıdır.



     Beləliklə, xronoloji olaraq filmin ilk səhnəsi Jules və Vincentin saxtakar gənclərin evinə getdiyi səhnə, sonuncu isə Butch və Fabienne`in şəhərdən getdikləri səhnədir.
Pulp Fiction`ın musiqiləri haqqında da danışmasaq olmaz. Filmin bütün musiqiləri möhtəşəmdir və təkcə soundtrekləri ilə belə könülləri fəth etmişdir. Tarantinonun özünəməxsus çəkiliş tərzlərindən biri olan personajın fonda çalınan mahnıya qoşulması da bu filmdə Mia Urge Overkill `in "Girl, You'll Be A Woman Soon"  və Butch Statler Brothers `in "Flowers on the Wall" mahnılarını oxuduqları səhnələrdə göstərilmişdir. Yuxarıda qeyd etdiklərimizdən əlavə, Kool & The Gang - “Jungle Boogie”,  Dusty Springfield - “Son Of A Preacher Man”, The Lively Ones - Surf Rider kimi mahnılar da əsasən, Pulp Fictiondan sonra məşhurlaşmış və bu gün də dinlədiyimiz möhtəşəm mahnılardır.

       

      Son olaraq, qeyd etmək istərdim ki, Tarantino Pulp Fiction filminin namizəd olduğu ən yaxşı film Oscar mükafatını ala bilməməsi məsəsləsinə belə münasibət bildirmişdi: "Çox yaxşı film çəkdik, il boyunca bütün mükafatları biz topladıq, amma sonda ən yaxşı film Oskarını `Forrest Gump` adlanan o filmə verdilər".
Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder