The Dark Knight (Qara Cengaver) Filminin Orijinal Analizi

  

  Aksiyon filmlərinin çox da böyük nəaliyyətlər əldə edə bilmədiyi
son illərdə bu janrın bəlkə də ən dəyərli nümayəndəsi sayılan The Dark Knight (Qara Cəngavər) filmi bu mənfi tendensiyanı pozdu. Artıq adı ən yaxşı rejissorlar içərisində ön sıralarda çəkilən ingilis rejissor Christopher Nolan-ın şah əsərini fərqli baxış bucağı və bilmədiyiniz bir çox maraqlı informasiyalarla analiz edək.


  Filmin premyerası 2008-ci ildə keçirildi. Ən yaxşı səs effektləri və ən yaxşı köməkçi kişi aktyor nominasiyalarında Oskar qazanan film hal-hazırda da 9 IMDb xalı ilə dünyada 4-cü yerdədir.



  Təəssüf ki, filmin Oskar qazanan aktyoru məşhur Joker personajını canlandıran HeathLedger, filmin çəkilişləri tamamlandıqdan bir neçə gün sonra vəfat etdi. Şübhəsiz Joker kimi bir personajı bu səviyyədə canlandıran aktyorun əməyi ölümündən sonra olsa belə yetərincə dəyərləndirildi. Oskar və Qızıl Qlobus mükafatları başda olmaqla 32 fərqli qurum tərəfindən ən yaxşı köməkçi kişi aktyor nominasiyasında ən yaxşı seçildi. Eyni zamanda Ledger, bir cizgi roman personajına görə Oskar qazanan ilk aktyor oldu və bu personajı canlandıran ən cavan aktyor idi.



  1 ildən çox müddətdə insomnia (yuxusuzluq) xəstələyindən əziyyət çəkən Ledger, roluna hazırlaşmaq üçün 6 həftə heç kimlə əlaqə saxlamadan kiçik bir mehmanxanada yalnız məşqlərini etmişdi. Ölümündən bir neçə gün əvvəl bu rolun ən sevimli rolu olduğunu söyləyən aktyordan əvvəl bu rol üçün Adrien Brody, RobinWilliams, Steve Carell kimi məşhurlar düşünülmüşdü. Lakin Nolan, lap əvvəldən bu rolun Ledger üçün olduğunu söyləmişdi. Səbəbini isə belə izah etdi: “Çünki o qorxusuzdur.” Ledger ilə ilk dəfə seriyanın ilk filmi Batman Begins-də tanış olan Nolan, Batman rolu üçün kastinqə qatılan Ledgeri məhz Joker roluna çəkmək qərarını aldı.



  Film, rəğbətlə qarşılanan Batman seriyasının 2-ci filmi idi. İlk film – Batman Begins-in dünya əhatəsindəki ümümi gəlirini cəmi 6 günə toplayan film, eyni zamanda premyerasından 2 gün sonra IMDb siyahısında 1-ci yerə yüksələn yeganə filmdir. 20 fevral 2009-cu il tarixində isə 1 milyard dollardan çox gəlir gətirən 4-cü film oldu. (İlk 3 film isə Titanic, The Lord of the Rings: Return of the King, Pirates of the Caribbean: Dead Man’s Chest idi). Film həm də ən çox məkanda göstərilən filmdir. 4366 fərqli məkanda göstərilmişdi. 2-ci yerdə isə 4362 məkan ilə Pirates of the Caribbean: At World’s End filmidir.



  Batman Begins filminin sonunda növbəti filmin Jokerlə mübarizə temalı olacağının mesajı verilmişdi. Hər bir detal ilə özü maraqlanan və mükəmməlliyyətçi xarakteri ilə məşhurlaşan gənc rejissor Nolan Batman Begins filmindən əvvəl bütün aktyorlarına Blade Runner filmini izlətmişdi. The Dark Knight filmindən əvvəl isə Citizen Kane, Clockwork Orange, King Kong, Heat və ən əsası Batman Begins filmlərini izlətmişdi.



  Baş rol – Batman rolunu Hollivudun öndəgedən aktyorlarından Oskarlı Christian Bale ifa edirdi.O, ilk dəfə bir Batman seriyasında bütün bölümlərdə baş rol oynayan yeganə aktyor idi.



 Şəhər komissarı Harvey Dent rolunu Thank You for Smoking filmindəki rolu ilə Nolana təsir edən Aaron Eckhart ifa edirdi. Üz quruluşu Robert Kennedy-nin siması əsas tutularaq makyaj olunan Eckhart-dan əvvəl rol üçün Matt Damon düşünülürdü amma o ClintEastwood-un Nelson Mandelanın bioqrafiyasını səhnələşdirdiyi Invictus filminə dəvət aldığına görə roldan imtina etdi. Bundan sonra Hugh JackmanRyan Phillippe də rol üçün dəvət alsa da hər ikisi filmə çəkilməkdən imtina etdi.



  Harvey Dent (Eckhart) və Bruce Wayne (Bale) arasında seçim etmək qararında qalan Rachel obrazını isə Jake Gyllenhaal-ın bacısı Maggie Gyllenhaal canlandırırdı. Personajın filmin yarısında ölməsinə səbəb isə aktrisanın 3-cü filmdə çəkilmək üçün təklif olunan 1,5 milyon dollarlıq təklifi bəyənməməsi idi. Rol üçün ilk olaraq Rachel McAdams, Isla Fisher, Emily Blunt kimi məşhurların ifası nəzərdə tutulmuşdu.



  Film sadəcə şəxsi maraqları üçün öldürməyi və oğurlamağı sevən Jokerlə öz üsulları ilə Gotham şəhərini qorumağı vəzifə kimi qəbul edən Batmanın mübarizəsinindən bəhs edir. Xələflərindən fərqli olaraq mürəkkəb ssenari sturukturu effekt və səslərin mükəmməlliyi ilə seçilən film 152 dəqiqəlik bir şah əsərdir. Filmin məşhur səhnələrindən biri SWAT maşınları ilə yük maşınlarının ötüşdüyü səhnədə dünyada cəmi 4 dənə olan IMAX kameralarından biri parçalanmışdı. Məlumat üçün deyək ki, bu növ kameraların birinin qiyməti 500.000 dollardır. Elə həmin səhnələrdə səslər o qədər real idi ki, Çikaqo polisinə əhalidən onlarla xəbərdarlıq zəngləri olmuşdu.





  Alfred obrazını canlandıran qocaman aktyor Michael Caine çəkilişlər ərzində Heath Ledger-lə tanış olmamışdı. Jokerin ziyafət salonuna basqın etdiyi səhnədə qapını açıb ilk dəfə Joker obrazını görən Caine o qədər qorxdu ki, deyəcəyi sözü unutdu. Diqqətlə baxıb aktyorun üzündəki qorxunu aydın görə bilərsiz.

 Həmin səhnədə və digər bir neçə səhnədə Jokerin qəribə dil çıxarma hərəkətini görürük. Bu ssenaridə nəzərdə tutulmamışdı, sadəcə Ledgerin vərdişi idi. 



Ledgerin filmə çəkilməzdən əvvəl ilham aldığı personaj isə dahi Stanley Kubrick-in şedevr əsəri Clockwork Orange-də Malcolm Mcdowell-ın canlandırdığı Alex idi.



  Batmanın maşını Lamborghini Murcielago idi. Murcielago sözü ispanca yarasa deməkdir. Bruce-un daha sürətli və çevik olmaq üçün yeni batsuit istəməyinin səbəbi isə əslində Nolanın onu yenidən dizayn etməsi idi.




  Jokerin tibb bacısı paltarı geydiyi məşhur səhnədə yaxasına qızının adı – Mathilda yazılmışdı.



 Gordon-un vəzifəsinin yüksəldiyini öyrəndiyi səhnədə Joker qəribə formada əl çalırdı. Bu da ssenaridə yox idi Ledger bunu özündən edirdi.



  Filmdə bu və ya digər formada nə az nə çox 39 maşın qəzaya düşdü yaxud partladı.



  Çəkilişlər tamamlandıqdan sonra Bale, Batman maskasını özü üçün götürdü. Əslində o, bütün Batman kostyumlarını almaq istəyirdi amma onları yerləşdirməyə kifayət qədər otağı yox idi. Ledgerin ölümündən sonra milyonlarla Joker oyuncağı ABŞ-da satışa buraxıldı və bir neçə saat ərzində qutardı. Joker oyuncağı dünyada ən çox gəlir gətirən oyuncaqdır.



  Bütün bir film ərzində səhnələr cinayət üzərində qurulsa da cəmi 3 səhnədə qan görürük. Bu film həm də adında`Batman` sözü olmayan ilk Batman filmi idi.
  The Dark Knight-ın Blue-Ray DVD-ləri satışa çıxarılanda Türkiyənin Batman şəhərinin əhalisi ad oğurluğuna görə Warner Bros. film şirkətini məhkəməyə vermiş və məğlub olmuşdu.
Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

1 yorum: