David Fincher Analizi
Əsl adı David Leo Fincher olan David Fincher 1962-ci il 28 avqustda ABŞ-ın Kolorado ştatında anadan olub. Atası Jack Fincher Life jurnalının yazıçısı və başçısı idi.
7 yaşı olanda izlədiyi Butch Cassidy and Sundance Kid filmi onda kinematoqrafiyaya həvəs yaradır. Rejissor olmaq istəyən Fincher əl kamerası ilə kiçik filmlər çəkməyə başlayır.
Oregon-dakı Ashland məktəbindən məzun olduqdan sonra bir animasiya şirkətində işləməyə başlayır və keçən müddətdə olduqca profesionallaşır. 1983-84-cü illərdə Star Wars: Episode VI və İndiana Jones and Tample of Doom filmlərində vizual effektlər üzərində işləyir.
1985-90-cı illər arasında Madonna-nın bir klipi də daxil olmaqla sənədli filmlər və kliplər çəkən Fincher-in rejissorluq karyerası da başlamış olur.
1992-ci ildə Alien seriyasının davamı Aliens 3 ilk uzun-metrajlı filmi olur. Ridley Scott və James Cameron kimi iki rejissorun filmdən sonra çəkilən seriyanın son filmi vizual effektlər nominasiyasında Oskara namizəd olur.
İlk işi olmasına baxmayaraq zəif təsir bağışlamayan film seriyanın ortabab filmi olur. Bu film ilə özünəməxsus üslubunu tam göstərə bilməyən rejissorun əsas filmləri çox uzaqda deyildi.
1993-94-cü illərdə 3 video ilə gündəmə gələn Fincher-in növbəti uzun-metrajlı filmi Se7en olur. Dedektiv janrın ən yaxşısı kimi qəbul edilən film bir caninin (Kevin Spacey) insanlığı alçaldan 7 xüsusiyyətə malik insanları öldürərək öz missiyasını tamamlamağa çalışmasını paralel olaraq 2 polisin (Morgan Freeman və Brad Pitt) gedişatı dayandırmaq üçün cəhdlərini səhnələşdirir.
Montaja görə Oskara namizəd olan filmdə Fincher, özünəməxsus stilini bu filmi ilə göstərə bilir. Üslubu əsasən filmin ssenarisi ilə özünü göstərən rejissor həmçinin orijinal əks etdirmə üslubu ilə olduqca bəyənilir. Film İMDb reytinqində 23-cü sıradadır.
1997-ci ildə 3-cü uzun-metrajlı filmi Game işıq üzü görür. Qardaşı tərəfindən dəvət edildiyi oyuna qoşulmaqla həyatı dəyişən zəngin iş adamının hekayəsini səhnələşdirən film Fincher-in sirli klasikləri arasına keçir.
Baş rolunda məşhur aktyorlar Michael Douglas və Sean Penn olan sirr və triller filmi gözlənilən gəlirləri əldə etməsə də tənqidçilər tərəfindən yüksək qiymətləndirilir.
1999-cu ildə Fincher şah əsəri olan Fight Club filmini ərsəyə gətirir. Filmdəki Tyler Durden personajı XX əsrin ən təsirli obrazı seçilir. Baş rollarda Brad Pitt, Edward Norton və Helena Bonham Carter olan film səs effektlərinə görə Oskara namizəd olur.
Cəmiyyətin qəbul olunmuş qanunlarına boyun əymək istəməyən və bu reaksiyasını öz kimliyində göstərə bilməyən bir gəncin sirli və cəlbedici hekayəsini səhnələşdirən film əvvəlki 2 filmi ilə birlikdə rejissorun artıq özünü sübut edə bildiyini göstərir.
Həmin il Madonna-ya bir klip daha çəkən rejissor 3 il sonra 2002-ci ildə bir çoxları tərəfindən ən zəif filmi kimi də qiymətləndirilən Panic Room filmini çəkir.
Baş rolda 2 Oskarlı aktrisa Jodie Foster olan filmdə həmçinin Oskarlı aktyorlar Forest Whitaker və Fight Club filmində də birlikdə işlədiyi Jared Leto iştirak edir. Qarətçilərdən qorunmaq üçün müəmmalı panika otağında gizlənən ana və qızının hekayəsini səhnələşdirən film Fincher-in sirri sevən tərzinin növbəti nümayəndəsi olur.
5 illik fasilədən sonra rejissor ən anlaşılması qəliz filmi Zodiac-ı çəkir. Baş rollarda Jake Gyllenhaal, Robert Downey Jr. və Mark Ruffalo olan film Se7en-də olduğu kimi yenə zəncirvari cinayətlər törədən bir caninin axtarışı üstündə qurulur. (Anlamaqda çətinlik çəkənlər üçün filmdə 3 fərqli Zodiac-ın olduğunu qeyd edək.)
Kriminal və dedektiv üslubundakı filmi ilə diqtə etmə tərzinin effektivliyini bir daha göstərən Fincher-in Oskar cəhətdən üzü hələki gülmür.
2008-ci ildə rejissorun növbəti şedevri Curious Case of Benjamin Button filmi işıq üzü görür. Eric Roth-un hekayəsindən özü tərəfindən səhnəyə uyğunlaşdırılan film nə az nə çox 13 nominasiyada Oskara namizəd olur. Makyaj, dekorasiya və vizual effektlər nominasiyalarında mükafatı qazanan film həmçinin Fincher-ə ilk Oskara namizədlik həyəcanını yaşadır.
Zamanla bağlı müəmmalı sirrə görə uşaq bətniylə qoca simada doğulan Benjamin böyüdükcə cavanlaşır. Oskara namizəd olan ifası ilə Brad Pitt və ondan geri qalmayan Cate Blanchett filmin bu qədər maraq görməsində əsas amillərdən olurlar.
2009-cu ildə Fincher növbəti Madonna klipi Celebration-ı çəkir.
Gələn il isə 8-ci uzun metrajlı filmi Social Network işıq üzü görür. 8 nominasiyada Oskara namizəd olan film rejissora ardıcıl ikinci filmi ilə namizədlik gətirir. Uyğunlaşdırılmış ssenari, montaj və musiqi nominasiyalarında Oskar qazanan filmin gəlirləri də olduqca yüksək hədlərdə olur.
Sosial şəbəkə Facebook-un yaranma yolunu səhnələşdirən və qurucu Mark Zukerberg-in bioqrafiyası olan film motivasiyaedici ruhu və sələflərindən fərqlənən rejissor üslubu ilə göz doldurur. Jesse Eisenberg-in möhtəşəm ifası ilə zənginləşən filmdə məşhur müğənni Justin Timberlake də Sean Parker rolu ilə qarşımıza çıxır.
Dayanmaq bilməyən Fincher növbəti il Girl with Dragon Tatoo filminin Hollivud versiyasını çəkir. Qətl araşdıran üçüncü filmində baş rollarda müasir James Bond kimi məşhurlaşan Daniel Craig və Social Network filmində də gördüyümüz, ifası ilə Oskara namizəd olan Rooney Mara var.
Namizəd olduğu 5 nominasiyadan yalnız montaja görə Oskar azanan filmdə Fincher-in axıcı üslubunu yenidən görürük. Bu filmdə personajların izləyiciyə mənimsədilmə tərzi olduqca bəyənilən Fincher-in üzü gələn gəlirlərə görə də gülür.
Nəhayət ötən il sirr, triller və dram janrında olan son filmi Gone Girl işıq üzü görür. Yalnız baş rol aktrisasına görə Oskara namizəd olan film İMDb Top 250 siyahısına düşən 3-cü Fincher filmi olur.
Möhtəşəm Emi obrazı ilə yaddaşlara qazınan filmin baş rollarında Ben Affleck, Rosamund Pike və son Oskar mərasiminin aparıcısı Neil Patrick Harris var. Bu ilki Oskarlarda ssanari və rejissor nominasiyalarında namizəd olmaması birmənalı qarşılanmayan film Fincher klassiki kimi yaddaşlarımıza qazınır.
Rejissor haqqında maraqlı fakt heç vaxt öz çəkdiyi filmlərə prodüserlik etməməsidir. 2001-ci ildən prodüserlik karyerasına başlayan Fincher 7-si qısa, 3-ü uzun metrajlı olmaqla 12 layihədə prodüserlik edib.
Fincher-in Madonna klipləri:
0 comments:
Yorum Gönder