Əsl adı Darabont Ferenc olan Frank Arpad Darabont 1959-cu il 28 yanvarda
Fransanın Montbeliard şəhərində macar ailəsində anadan olmuşdu. Ailəsi Macarıstanı 1956-cı ildə Macar İnqilabı dövründə tərk etmişdi.
5 yaşı olanda ailəsi Los Angeles-ə köçən Darabont 1977-ci ildə Hollywood High Scool-dan məzun olur. Universitetə getməyən gənc Frank kiçik büdcəli filmlərdə operator köməkçisi kimi işləməyə başlayır.
1983-cü ildə 24 yaşlı Darabont ilk işi olan The Woman in the Room qısa-metrajlı filmini çəkir. Stephen King-in hekayəsindən səhnəyə uyğunlaşdırdığı yarım saatlıq film debüt filmi üçün qənaətbəxş sayıla bilərdi.
1987-ci ildə məşhur qorxu filmi A Nightmare on Elm Street seriyasının 3-cü hissəsini, bir il sonra Chuck Russell-in qorxu filmi Blob-u, 1989-cu ildə isə bəyənilən qorxu filmi Fly-ın 2-ci hissəsini səhnəyə uyğunlaşdıran Darabont ssenarist kimi adını eşitdirməyə başlayır.
1990-cı ildə rejissorun təkseriyalı TV filmi Buried Alive işıq üzü görür. Qorxu-triller janrında olan TV filmi elə də uğurlu alınmır.
2 il sonra Two-Fisted Tales TV filminin ssenarisini səhnəyə uyğunlaşdıran Frank 1994-cü ildə yenə Stephen King-in romanı əsasında Nightshift Collection video toplusunun rejissorluğunu edir (Jeff Schiro ilə birlikdə).
Elə həmin il rejissor ilk uzun-metrajlı filmi ilə öz şedevrini yaratmağı bacarır. Stephen King-in "Rita Hayworth and Shawshank Redemption" qısa hekayəsi əsasında səhnələşdirdiyi The Shawshank Redemption filmi illərdir İMDb Top 250 siyahısında 1-ci yerdədir. 1,4 milyon səsdən 9,3 İMDb xalı toplayan film ilin filmi, aktyor, uyğunlaşdırılmış ssenari nominasiyaları daxil olmaqla 7 nominasiyada Oskara namizəd oldu.
Baş rollarında Tim Robbins, Morgan Freeman və Bob Gunton olan film haqsız həbs olunan Andy-nin Shawshank həbsxanasında başına gələnlər və oradan qaçmasını səhnələşdirir.
İlk filmi ilə ssenarist kimi Oskara namizəd olan Darabont təsirli səhnələri və olduqca usta rejissor işi ilə gözlənilməyən uğur əldə edir. Film ilk zamanlar ABŞ-da çox da bəyənilməsə də növbəti il ən çox kirayə götürülən film olur. Filmin geniş analizini saytımızdakı bu məqalədən oxuya bilərsiz.
1994-cü ilin sonlarında Robert De Niro və Helena Bonham Carter-in baş rollardan olduğu Frankenstein filminin ssenarisini Mary Shelley-in novellasından uyğunlaşdıran Frank növbəti illərdə bir neçə TV filminə ssenari yazır.
1999-cu ildə rejissorun 2-ci şah əsəri The Green Mile işıq üzü görür. Növbəti dəfə Stephen King-in eyniadlı romanından səhnəyə uyğunlaşdırdığı filmi 60 milyon dollara çəkən Darabont filmə görə prodüser və ssenarist kimi Oskara namizəd olur. Frank eyni zamanda ilk 2 filmi ilə ilin filmi Oskarına namizəd olan 6 rejissordan biri olur.
Baş rollarda Tom Hanks və Oskara namizəd olan ifası ilə Michael Clarke Duncan olan film yenə həbsxana temasında idi. Həbsxana gözətçisi Paul-un bölməsinə nəhəng məhkum John gətirilir. Qeyri-adi istedadları olan Paul-un elektrikli stula gedən yolda başına gələnlər və Paul-un hadisələrə münasibəti təsirli və bir o qədər möhtəşəm bir film əmələ gətirir.
Green Mile-dən sonra 1999-2000-ci illərdə 3 İndiana Jones videosuna daha ssenari yazan Darabont 2001-ci ildə 3-cü uzun-metrajlı filmi Majestic-i çəkir. Ssenarisini Michael Sloane-ın yazdığı 72 milyon dollar büdcəli film gözlənilən partlayışı yaratmır.
Baş rolunda Jim Carrey olan dram filmi avtomobil qəzasına düşüb yaddaşını itirən Hollywood yazıçısı Peter-in başına gələn trajik hadisələri səhnələşdirir. 2 saat yarımlıq İngiltərə istehsalı filmdə kommunist ideyalarını da sətiraltı hiss edə bilərik.
2002-ci ildə Val Kilmer-in baş rolda olduğu The Salton Sea filminə və 2 il sonra Michael Mann-ın baş rolda Tom Cruise, Jamie Foxx və Mark Ruffalo olan məşhur filmi Collateral-a prodüserlik edən Darabont özünəməxsus geyim stili və mehriban simasi ilə Hollywood ikonlarından birinə çevrilmişdi.
2007-ci ildə 6 illik fasilədən sonra yenidən rejissorluq fəaliyyətinə davam edən Frank Raines və Shield seriallarında bir bölüm çəkir. Həmin ilin sonlarında rejissor 4-cü və sonuncu uzun-metrajlı filmi Mist-i çəkir.
Stephen King-in novellasından səhnələşdirdiyi elmi-fantastik triller filmi aşağı büdcəsi və zəif vizual effektlərinin yanında təsirli və dolğun psixoloji momentləri ilə kino tənqidçilərindən orta rəy qazanır.
Kiçik qəsəbəni müəmmalı duman bürüyür. Dumandan çıxan əcaib varlıqların insanları öldürməsi panikaya səbəb olur və qapalı yerdəki insan toplusunun psixoloji müharibəsi başlayır. Baş rollarda Oskarlı aktrisa Marcia Gay Harden və Thomas Jane olan filmin böyük hissəsi dini mesajlar fonunda cərəyan edir.
2010-cu ildə rejissor karyerasının ən böyük işlərindən birinə imzasını qoyur. Tarixin ən yaxşı seriallarından biri olan The Walking Dead-in yaradıcısı olan Darabont 2012-ci ilə qədər serialda əsas prodüser olur. Həmçinin serialın 66 bölümünün ssenarisini yazan Frank, 2010-cu ildə 1-ci sezondakı Days Gone Bye bölümünə də rejissorluq edir.
2013-cü ildə 1 sezon davam edən yeni serialı Mob City-ni ərsəyə gətirən Darabont serialda 6 bölümün müəllifi olur.
Rejissorun son işi isə 2016-cı il 22 apreldə premyerası olacaq Huntsman filminin ssenarisini yazmaq olur. Filmin rejissoru vizual effekt mütəxəssisi kimi məşhurlaşan Cedric Nicolas-Troyan olacaq. Baş rollarda isə məşhur simalar Chris Hemsworth, Emily Blunt, Charlize Theron, Jessica Chastain var.
Darabont kinematoqrafiyasına ümumi nəzər yetirdik. Rejissorun adını Ən Yaxşı 30 Rejissor siyahımızda da görə bilərsiz.
0 comments:
Yorum Gönder