Coen Qardaşlarının Həyat və Yaradıcılığı



  Hollivud kinosuna yeni nəfəs gətirən, artıq yaşayan əfsanə kimi də adlandırılan

Coen qardaşlar haqqında gec də olsa məqaləmizi hazır etdik.

  Böyük qardaş Joel Daniel Coen 1954-cü il 29 noyabrda ABŞ, Minnesota-da anadan olur. 3 il sonra 21 sentyabrda Ethan Coen dünyaya gəlir. Kiçik yaşlarından bir-birinə olan yaxınlığı və zəkaları ilə seçilən qardaşlar uşaqlıq illərini Minnesota-nın ucqar bölgəsi St. Louis Park-da keçirir.

  Ataları Edward Coen Minnesota universitetində iqtisadiyyat professoru, anaları Rena Coen isə St. Cloud əyalət universitetində sənət tarixi professoru idi.


  Uşaq yaşlarından aldıqları kamera ilə kiçik filmlər çəkməyə başlayan qardaşların hər ikisi xüsusi istedadlı uşaqlar üçün olan Massachusetts-dəki Simons Rock kollecində təhsil alırlar. Universitet seçimini Joel New York Universitetində kino oxuyaraq, Ethan isə Princetown Universitetində fəlsəfə oxuyaraq edir.

  1979-cu ildə qısa evlilik təcrübəsi yaşayan Joel universiteti bitirdikdən sonra kliplərdə və filmlərdə köməkçi prodüser olaraq işləyir. Həmin dövrdə montaj işini də professional səviyyədə öyrənən qardaşlar Spider-Man 3, Evil Dead kimi filmlərin rejissoru Sam Raimi ilə tanış olurlar. 1981-ci ildə Joel Raimi-nin Evil Dead filmində montajçı asistanı işləyir.


  Nəhayət 1984-cü ildə Coen qardaşları ilk filmlərini ərsəyə gətirir. Bugünə qədər 16 uzun-metrajlı film çəkən, eyni zamanda bütün filmlərinin həm ssenaristi, həm prodüseri, həm də montajçısı olan qardaşların yaradıcılığını bütün filmlərinə qısa nəzər salmaqla gözdən keçirək.





BLOOD SİMPLE. (1984)


  İlk filmləri ilə üslubunu qismən göstərə bildikləri Blood Simple. filmində növbəti filmlərdə də olacağı kimi rejissor kürsüsündə Joel oturur. Ssenarisini birlikdə yazdıqları əsər qara film (film-noir) nümunəsi kimi 1940-50-ci illərin abhavasını Hollivuda gətirdi.

  Texas-da bar sahibi olan Marty xanımı Abby-nin ona xəyanət etdiyindən şübhələnir. İşi araşdırmaq üçün dedektiv Visser-i tutan Marty xanımının ona barmenlərdən biri ilə xəyanət etdiyini öyrənir və bundan sonra tragediya dolu hekayə davam edir.


  Baş rollarında John Getz, Frances McDormand, Dan Hedaya olan film debüt filmi üçün olduqca yüksək qiymətləndirilir. Çəkilişlər zamanı Frances ilə tanış olan Joel elə həmin il aktrisa ilə evlənir.








RAİSİNG ARİZONA (1987)


  3 il sonra komediya və cinayət janrındakı 2-ci filmləri Raising Arisona işıq üzü görür. Qəribə personajların ağıllı ifadələri ilə dolu olan film qara yumor klassikləri arasına keçir.

  Əvvəllər cinayətkar olan McDunnough xanım polislərdən birinə vurulur və hər şeydən əl çəkib evlənirlər. Uşaqları olmayan cütlük dövrün milyonerlərindən birinin uşağını oğurlamaq qərarına gəlirlər.


  Baş rollarında Nicolas Cage və Holly Hunter olan filmin rejissorluğunu Joel, ssenaristliyini isə Ethan edir.










MİLLER'S CROSSİNG (1990)


  Daha 3 il sonra ağır mafiya münasibətlərinin fonunda eşq və psixoloji hekayəsi ilə əks etdirilən Miller's Crossing filmi ərsəyə gəlir. 3-cü filmləri ilə də tənqidçilərdən yüksək fikirlər toplayan qardaşlar uğurlu yüksəlişlərini davam etdirir.

  Mafiya başçısı Caspar digər mafiya başçısı Leo-dan işlərinə mane olan Barnie-ni öldürməyini tələb edir. Leo-nun sağ qolu Tom buna icazə vermir. Çünki Tom Barnie-nin bacısı eyni zamanda Leo-nun xanımı Verna-nı sevir.


  Daha sonra da bir çox filmlərində birlikdə işləyəcəkləri Jon Polito, John Turturro ilə ilk filmləri olan qardaşlar digər əsas rollarda Gabriel Byrne, Marcia Gay Harden və Albert Finney-ə yer verirlər. Miller's Crossing qardaşların yəhudi köklərini göstərdiyi ilk filmdir.










BARTON FİNK (1991)


  3 illik intervalları pozmayan qardaşlar 4-cü filmləri Barton Fink ilə ilk dəfə Oskar həyəcanı da yaşayırlar. Köməkçi aktyor, dekorasiya və kostyum nominasiyalarında Oskara namizəd olan film rejissorların ilk yol filmi də sayıla bilər (yol filmləri bir personaj üzərinə cəmləşən, onun başına gələnləri səhnələşdirən filmlərdir).

  New York-da uğurlu ssenariləri ilə məşhurlaşan Barton Fink-ə Hollywood-dan təklif gəlir. Qaldığı müəmmalı oteldə mistik hadisələrlə üzləşən yazıçının çarpayısında tapdığı cəsəd isə həyatını məhv edə bilər.


  Qara yumorla dolu növbəti Coen filmində baş rollarda John Turturro, John Goodman və Michael Lerner-i görürük. Film həmçinin baş rolu sönük və özünəqapalı seçmək kimi üslubu olan qardaşların bu cəhətdən ilk nümunəsidir. John Goodman-ın mükəmməl ifasının Oskara namizəd belə olmaması təəccüblə qarşılanmışdı.











THE HUDSUCKER PROXY (1994)


  Coen-lərin böyük partlayışından öncəki son filmləri Hudsucker Proxy olur. Həmişəki kimi sadə olduğu qədər axıcı və cəzbedici ssenarisi ilə seçilən filmlərini real səhnələrlə zənginləşdirən rejissorlar yeni üsluba büründükləri bu filmləri ilə olduqca bəyənilirlər.

  Axmaq görünüşlü Norville universitetdən məzun olub iş axtarışına başlayır. Qəribə hadisələr silsiləsi onu nəhəng Hudsucker şirkətinin başçısı edir. Mistik hadisələrin zəmnində incə yumoru da əksik olmayan komediya filmi istənilən gəlirləri verə bilmir.


  Baş rollarda Tim Robbins, Jennifer Jason Leigh və Paul Newman olan film 2 il sonra gələcək şedevrin xəbərçisi idi.











FARGO (1996)


  Fargo filmi qardaşların özlərini tam mənada sübu etməsi demək idi. 7 nominasiyada Oskara namizəd olan film aktrisa və orijinal ssenari nominasiyalarında mükafatı qazanır. Oskarla tanışan qardaşlardan həmçinin Joel rejissor, Ethan isə prodüser kimi mükafata namizəd olur.


  Montajçı simalarını Roderick Jaynes adı ilə birləşdirən qardaşlar bu nominasiyada da Oskara namizəd olmuşdu. Filmin ssenarisi əsasında keçən il 2 Qızıl Qlobuslu, 9 İMDb xallı Fargo serialı da çəkilmişdi.

  Pula ehtiyacı olan Jerry zəngin qayınatasından pul qoparmaq üçün xanımını özü tutduğu cinayətkarlara qaçırtdırır. Planları istədiyi kimi yoluna düşməyən Jerry sonda çıxılmaz vəziyyət qarşısında qalacaq.


  Oskar gətirən ifası ilə Frances McDormand, William H. Macy və Steve Buscemi filmdə baş rollarda idi. Film 8,2 İMDb xalı ilə reytinqdə 156-cı yerdədir.













THE BİG LEBOWSKI (1998)


  Növbəti filmləri Big Lebowski isə qardaşları ən yaxşılar sırasına daşıyır. Artıq qara yumor üslubunda şübhəsiz ən yaxşı sayılan Coen-lər belə bir filmə görə əsas mükafatlardan heç birinə namizəd olmur. İMDb xalı 8,2 olan şedevr film reytinqdə də 144-cü yerdədir.

  Sərbəst həyat tərzi olan Lebowski-nin başına gözlənilməz hadisə gəlir. Milyoner Lebowski ilə eyni adda olması ahbabı qarışıq vəziyyətin mərkəzinə gətirir. Pul və cinayət məsələləri ilə boğuşan Lebowski-nin sonu necə olacaqdı?



  Jeff Bridges ilə ilk işi olan qardaşlar digər əsas rolları bu il Oskar qazanan Julianne More, Steve Buscemi, John Goodman, John Turturro kimi məşhur simalara verir.












O BROTHER, WHERE ART THOU? (2000)


  XX əsrin sonunda rejissorların komediya, macəra janrında O Brother, Where Art Thou? filmi işıq üzü görür. Film rejissorların üslubundan biraz kənar görünsə də gözləniləndən böyük uğur qazanır. Ən yaxşı ssenari nominasiyasında yenidən Oskara namizəd olan Coen-lər, bu film ilə həmçinin operator nominasiyasında da namizədlik yaşayır.

  Həbsdən qaçan 3 cinayətkarın başına gələn müxtəlif hadisələri səhnələşdirən film yunan mifologiyasının elementlərini də özündə əks etdirir.


  Daha sonra da bir neçə dəfə birlikdə işləyəcəkləri George Clooney ilə ilk iş olan filmin digər baş rollarında John Turturro, Tim Blake Nelson, John Goodman kimi aktyorlar var. Filmin gəlirlərini də yüksək qiymətləndirmək olar.











THE MAN WHO WASN'T THERE (2001)


  2001-ci ildə gözlənilən partlayışı etməsə də qardaşların və qara yumor tarixinin ən yaxşı filmlərindən olan Man Who Wasn't There işıq üzü görür. Operator nominasiyasında növbəti dəfə Oskara namizəd olan Coen filmi yenə baş rolun sönük xarakteri ilə diqqət çəkir.

  Xanımının ona xəyanət etdiyini başa düşən bərbər Ed sadə həyatından qurtulmaq və intiqam üçün gözlənilməz üsula əl atır. Planının heç də istədiyi kimi cərəyan etməməsi sonda onu ölümə aparacaqdı.


  Möhtəşəm ifası ilə Oskara namizəd olmaması birmənalı qarşılanmayan Billy Bob Thornton-un baş rolda olduğu filmdə Frances McDormand, Jon Polito, James Gandolfini, Michael Badalucco əsas rollardadır. Filmdə həmçinin 19 yaşlı Scarlett Johansson-un da təqdirəlayiq ifasını görə bilərik.











INTOLERABLE CRUELTY (2003)


  2 il sonra qardaşların uğursuz filmlərindən sayılan İntolerable Cruelty işıq zü görür. Man Who Wasn't There kimi bir filmdən sonra olduqca bəsit təsir bağışlayan film komediya və məhəbbət janrında idi.

  Varlı kişiləri tələyə salaraq pulunu mənimsəyən gözəl Marylin işinin ustası vəkil Miles səddinə ilişir. Cütlüyün bir-birinə aşiq olması buna baxmayaraq yenə də hiyləgər planların davam etməsi adi tamaşaçı kütləsi üçün izlənməsi zövq verən film formalaşdırır.


  Baş rollarında George Clooney, Catherine Zeta-Jones, Billy Bob Thornton, Geoffrey Rush olan filmin ssenarisi Robert Ramsey-in hekayəsi əsasında Coen-lər tərəfindən səhnəyə uyğunlaşdırılmışdı.














THE LADYKILLERS (2004)


  Növbəti il maraqlı ssenarisi və doğma üslubu ilə bəyənilən Ladykillers filmi ərsəyə gəlir. Hudsucker Proxy üslubunu yenidən bizə xatırladan film həmçinin Ethan-ın Joel-lə birlikdə rejissorluq etdiyi ilk film idi. Coen-lərin kinematoqrafiyada "ikibaşlı rejissor" adlandırılması təsadüfi deyil. Rejissorlarla birlikdə işləyən aktyorların söylədiklərinə görə qardaşlara ayrı-ayrılıqda eyni sualları verdikdə belə eyni cavabları alırlar.

  Xəzinəyə aparan gizli yolu tapan hiyləgər professor Dorr öz komandası ilə gizlicə tunel qazmağa başlayır. Kirayə qaldığı evin sahibəsi ilə gözlənilməz hadisələrin baş tutması onları trajik sona aparacaq.


  Baş rollarında Coen-lərlə yeganə işi olan Tom Hanks-ın yer aldığı filmdə həmçinin bu il Oskar qazanan J.K. Simmons, İrma P. Hall, Marlon Wayans kimi simalar var.












NO COUNTRY FOR OLD MEN (2007)


  3 illik fasilədən sonra çoxlarının qardaşların şah əsəri hesab etdiyi No Country for Old Men filmi ərsəyə gəlir. 4 Oskar qazanan film hər iki qardaşa həm rejissor, həm ssenarist, həm də prodüser kimi Oskar gətirir. Tarixə keçən Javier Bardem ifası da mükafatı qazandırır. Texniki nominasiyalarda namizədlikdə qalan filmdə operator işinə görə Coen-lər Roderick Jaynes adı ilə yenidən Oskara namizəd olur.

  Təsadüfən böyük məbləğ pul tapan ağıllı fermer Moss pulu gizlədərkən cani cinayətkar Anton onun izinə düşür. Pul uğrunda gedən mübarizəyə şerif Bell-in və meksikalı xuliqanların qoşulması gözlənilməz sona gətirir.


   Baş rollarında möhtəşəm ifaları ilə Javier Bardem və Tommy Lee Jones olan filmdə həmçinin Josh Brolin və Woody Harrelson da yer alır. Uzun müddət sonra yumora yer verilməyən ilk Coen filmi olan ekran əsəri 8,1 IMDb xalı ilə reytinqdə 171-cidir.













BURN AFTER READING (2008)


  Cəmi bir il sonra ulduzlarla dolu kastı ilə diqqət çəkən 37 milyon dollar büdcəli Burn After Reading filmi işıq üzü görür. İncə yumor üslublarını hər dəqiqəsində hiss etdiyimiz film şedevr olmasa da layiq olduğu dəyəri almayan filmlərdəndir.

  CİA-dakı işindən gözlənilmədən azad olunan Cox məxfi sənədini itirir. Diski tapan Chad və Linda pula olan ehtiyaclarına görə bundan istifadə etmək istəyirlər. Yuxarı dövlət qurumları haqqında da sətiraltı mesajları olan film qarışıq və cəzbedici əks olunma üslubu ilə zövqlə izlənə bilər.


  George Clooney, Brad Pitt, Frances McDormand, Tilda Swinton, John Malkovich, J.K. Simmons kimi simaları bir araya gətirən film artıq Hollywood-da söz sahibi qardaşların növbəti klassik filmi olur.













A SERIOUS MAN (2009)


  1 il sonra isə rejissorların ən anlaşılmaz filmi Serious Man işıq üzü görür. Müəmmalı açılış səhnəsi sonrasında gələn mürəkkəb ailə quruluşu tamaşaçıda çaşqınlıq yaradır. İlin filmi və orijinal ssenari nominasiyalarında Oskara namizəd olsa da böyük əks-səda doğurmayan film Coen-lərin üslubunu bütünüylə özündə əks etdirir.

  Universitet müəllimi Larry həyat yoldaşı, övladları və qardaşı arasında qalan mürəkkəb düyünü açmağa çalışır. Növbəti dəfə baş rol aktyorunu sönük, başına nələr gəlsə də təmkinini itirməyən üslubda təsvir edən qardaşlar yenə kütlə üçün qaranlıq filmlərdən birini yaradır.


  Baş rollarında əvvəllər heç vaxt işləmədikləri Michael Stuhlbarg, Richard Kind, Sari Lennick və gənc Aaron Wolff-a yer verən qardaşlar Ladykillers-dən bu yana birlikdə film çəkməyə davam edirlər.











TRUE GRIT (2010)


  Əvvəllər toxunmadıqları western janrında ilk filmləri olan True Grit-i çəkən qardaşlar ən böyük gəliri də elə bu filmdən əldə edirlər (247 milyon dollar). Heç birində qazanmasa da 10 nominasiyada Oskara namizəd olan film qardaşlara rejissor, ssenarist və prodüser kimi növbəti namizədliyi gətirir.

  Yeniyetmə qız Mattie atasını öldürən kovboy Tom-un izinə düşür. Qazandığı pulla xəzinə ovçusu Rooster-i tutan Mattie uzun və keşməkeşli yollar keçdikdən sonra Tom-u tapır.


  Jeff Bridges, Matt Damon, Josh Brolin, Barry Pepper kimi məşhur aktyorların yanında Oskara namizəd olan ifası ilə yer alan 14 yaşlı Hailee Steinfeld böyük rəğbət qazanır. Filmin Metascore xalı 80-dir (maksimum - 100).













INSIDE LLEWYN DAVIS (2013)


  2013-cü ildə isə rejissorlar hələlik son filmləri İnside Llewyn Davis-i çəkirlər. Növbəti yol filmi olan ekran əsəri dram və musiqi janrında idi. Operator və səs effektləri nominasiyasında Oskara namizəd olan film 92 Metascore xalı ilə göz doldurur.

  Musiqiçi Davis qarışıq həyatını yoluna qoymaq istəyir. Bu yolda müxtəlif qəribə hadisələr yaşayan gəncin trajik-komik sonu təsirlidir. Cannes film festivalında ali mükafatı qazanan filmin səhnə xronologiyası da cəlbedicidir.


  Baş rollarında professional musiqiçilər Oscar Isaac və Justin Timberlake olan filmdə həmçinin cazibədar Carey Mulligan və John Goodman da yer alır.

  Dahi qardaşlar hal-hazırda "Hail, Caesar!" filminin çəkilişlərini davam etdirir. 1950-ci illərin Hollywood sinemasından bəhs edəcək filmdə kast heyrətamizdir; Scarlett Johansson, Ralph Fiennes, Channing Tatum, George Clooney, Jonah Hill, Tilda Swinton, Josh Brolin, Frances McDormand kimi məşhur simaları bir arada "Hail, Caesar!"-da görə biləcəyik. Filmin premyerası 26 fevral 2016-cı ildə olacaq.


  Beləliklə Coen kinematoqrafiyasına nəzər yetirmiş olduq. Sonda rejissorlar barədə vacib bəzi punktlara nəzər yetirə bilərsiz.

DİGƏR SSENARİST VƏ YA PRODÜSER OLDUQLARI FİLMLƏR
  

MÜVƏFFƏQİYYƏTLƏRİ


  Qardaşlar bugünədək 13 dəfə Oskara namizəd olmuş, 4 dəfə qazanmış, 6 dəfə Qızıl Qlobusa namizəd olmuş 1 dəfə qazanmış və 14 dəfə BAFTA mükafatlarına namizəd olmuş 2 dəfə qazanmışdır.

  Coen-lər biri bu il olmaqla 2 dəfə Cannes Film Festivalında jüri başçılığı etmişdir.



Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder