Keçən ilin ən yaxşı filmlərindən biri
və Oskar müfakatlarının ən böyük namizədlərindən biri meksikalı rejissor və ssenarist Guillermo Del Toro-dan gəldi. Hellboy və Pan's Labyrinth kimi filmlərinin rejissoru maddi çətinliklərin öhdəsindən gəlmək üçün Pacific Rim kimi kütləvi film çəkmişdir. Lakin bu dəfə qarşımıza yenə Pan's Labyrinth dadında film ilə çıxmağı bacardı və bu dəfə Oskarın ciddi namizədlərindən biridir. Sözün düzü Pan's Labyrinth-nin həmin il rəqibləri güclü olsa da haqsızlıq edildiyini düşünürəm. Eyni tərzdə və bu dəfə İtaliyadakı Mussolini rejimi haqqında danışılacaq növbəti filmi olacaq Pinocchio isə hələ də bücdə üçün yetərli mənbə axtarışındadır. Meksikalı Alfonso Cuarón, Alejandro González Iñárritu bildiyiniz kimi hollivud filmləri çəkməyə başladıqdan sonra Oskar mükafatı qazanmağı bacarmışdır. The Shape of Water filmi ilə rejissor Guillermo Del Toro-nun da bu siyahıya daxil olacağını düşünürəm. Lakin qarşısında Three Billboards Outside Ebbing, Missouri kimi güclü rəqib var.
Blue Jasmine filmi ilə tanıdığımız Sally Hawkins (Elisa), Nocturnal Animals filmi ilə diqqət çəkən Michael Shannon (Strickland), The Visitor filmi ilə Oskar nominasiyalı Richard Jenkins (Giles) və nəhayət bir çox rolu ilə gönlümüzdə taxt quran və The Help filmi ilə Oskar müfatını qazanan Octavia Spencer (Zelda) filmin əsas aktyorlarıdır. Hollivud istehsalı filmlərə nisbətdə aşağı bücdə ilə çəkilmiş Shape of Water 1962-ci illəri əhatə edir və Rusiya-ABŞ arasındakı soyuq müharibəyə deyinərək iki fərqli xarakter arasındakı sevgidən və insanların yalnızlığından bəhs edir. İlk dəfə Venice Film Festivalı ilə tamaşaçının qarşısına çıxan və filmin əsas qəhrəmanlarından olan personajın Hellboy filmindəki Aquaman ilə əlaqələndirilməsi səbəbilə rejissor personajın Aquaman ilə heç bir əlaqəsinin olmadığını və bunun sadəcə bir gözəl ilə çirkin arasındakı sevgi hekayəsi olduğunu dilə gətirmişdir. Aşağıdakı ilk şəkil Hellboy filmindən, ikinci şəkil isə Shape of Water filmindəndir.
Amfibiyalı adam (Aquaman) rolundakı şəxs isə rejissorun sevimli aktyorlarından olan və bu kimi rolların dəyişilməzi Doug Jones-dur. Filmin musiqilərini hazırlayan isə The Grand Budapest Hotel filmi ilə Oskar mükafatı qazanmağı bacaran fransız bəstəkar Alexandre Desplat-dır. Həqiqətən də bu film üçün həddindən artıq gözəl musiqilər hazırlayıb və izləyiciyə Amelie hissi bəxş etdirir. Sizi məlumatlarla çox boğmadan filmə keçək ona görə də filmi izləməyənlərin bundan sonra bizdən ayrılması daha uyğundur çünki yazının sonrakı hissəsinə spoiler daxil olacaq.
Əsasən kinolar başlarkən adaptasiya problemləri yaşayırıq. Buna görə də bir çox rejissor yaxşı intro ilə izləyicini ələ almaq istəyir. Çoxları isə çəkinir çünki bu riskdir və başlanğıc yaxşı başlarkən gözləntini çoxaldır və sonradan o gözləntilər aşağı düşür. Beləliklə normal olaraq izləyici sıxılmağa başlayır. Biraz öncə vurğuladığım kimi Amelie tərzi hekayənin başlanğıcı və doğru musiqisi seçimi ilə başlar-başlamaz filmin içinə daxil olursunuz və dəqiqələr su kimi axır. Qarşımıza filmin qəhrəmanı, lal olan Elisa çıxır. Elisa hər gün eyni şeyləri edərək keçirir və monotonluğu onu daha da yalnızlaşdırır. Hətta o qədər monoton həyat yaşayır ki, hər gün işə eyni qədər gecikir. Lakin ən yaxın dostu Zelda hər dəfə ona kömək edir və növbə gözləmədən vaxtında işə başlayır. Xüsusi hərbi təcrübələrin aparıldığı bir qurumda təmizlik xadiməsi kimi işləyən Zelda və Elisa-nı heç kəs diqqətə almır və həyatları yavaş-yavaş öz axarında axır.
"Dünyanın böyük adamları yenə də yerə işəyir. Kişilər bunun öhdəsindən gəlmək üçün təcrübə keçməlidir. "
İlk başlarda bu replikanın nə məna kəsb etdiyini düşünməyə başlayacaqsınız. Əslində bu replika ilə qarşımıza çıxan qurumun ən rütbəli şəxsi olan Strickland-in kimliyini qısa şəkildə ifadə edir. Heç bir zaman məğlub olmağı xoşlamayan və hər dəfə rütbəsi qalxdıqca aşağı təbəqəni daha da əzən Strickland mənə Gogol-un Palto hekayəsindəki "mühüm adamı" xatırlatdı. Hər zaman inkişaf etməyə çalışan Strickland-in ofisində Norman Vincent Peale tərəfindən yazılmış və "The Power of Positive Thinking" adlı kitabı oxuduğunu görürük. Ötən əsrin 60-cı illərində Amerikanın qara dərili və gay insanlara qarşı etdiyi insanlıqdan kənar işgəncələr bu kitab vasitəsilə simvoilik olaraq izləyicinin qarşısına çıxır və nə zaman ki, işlər dəyişməyə başlayır Strickland bu kitaba vurğu edərək hərbi köməkçiyə "I can't be in a negative frame of mind." (Mən, neqativ bir zehin çərçivəsində ola bilmərəm) deyir.
Artıq filmin digər qəhrəmanı və Amazon meşələrində yerli tayfalar tərəfindən Tanrı kimi qəbul edilən amfibiyalı adam qarşımıza çıxır. Amerikanın onun üçün başqa planları var və Rusiyaya cavab olsun deyə, onu, təcrübə cismi kimi görür. Onunla heç bir insani münasibət qurmadan hər gün işgəncələr edilir. Nəticə də Strickland onun hücumuna məruz qalır və barmaqlarının ikisini itirir. Yerdəki qanı təmizləmək üçün hərbi nəzarətçi Elisa və Zelda-nı çağırır. Bu zaman Elisa həmin qəribə canlı ilə tanış olur və ona qarşı maraq hissi yaranır. Təmizlik zamanı Strickland-in barmaqları tapılır və yerinə tikilir. Bu hissəni ağlınızda saxlayın. Bir neçə mövzundan sonra yenidən qayıdacam.
Bundan sonra hər gün onun ziyarətinə gedən, yemək verən və musiqi dinlədən Elisa artıq ona qarşı bir şeylər hiss etməyə başlayır. Elisa və amfibiyalı adam arasındakı münasibəti görən əslən rus olan və təcrübələri gizli şəkildə ötürən Dr. Robert Hoffstetler həmin canlıya işgəncə edilməsinin qarşısını almağa çalışır. Buna görə yüksək rütbəli insanlarla danışsa da heç bir fayda vermir. Çünki qərar bəllidir və amfibiyalı adam bir neçə gün ərzində öldürüləcəkdir. Bunu öyrənən Elisa-nın tək çıxış yolu amfibiyalı adamı ordan qaçırmaqdır. Bunun üçün özü kimi yalnız olan Giles-dən yardım istəyir. Giles həyatın gərçəklərindən kənar yaşayan və gərçəkləri görməkdən qorxan, yalnız bir adamdır. Ünsiyyətdə olduğu tək insan Elisa-dır. Xoşladığı gənci görmək üçün hər gün barın dadsız tortlarından alan Giles bir gün gay olduğu üçün bardan qovulur və çəkdiyi rəsmlər maraq görmür. Çarəsiz bir şəkildə Elisaya kömək etməyə razı olur.
Bunlar Dr. Hoffstetler -in diqqətindən yayınmır və qaçış planında Elisaya kömək edir. Dr.Hoffstetler-in köməyi ilə Elisa amfibiyalı adamı evinə gətirə bilir. Hər günü monoton keçən Elisanın həyatı artıq dəyişmişdir və həyata sevgi ilə bağlanmışdır. İzləyicilər, bir tərəfdən Elisanın xoşbəxtliyini digər tərəfdən isə itirilmiş hörmətinə görə qəzəblənən və məğlubiyyəti həzm edə bilməyən Strickland-i görür. Məsələni həll etməsi üçün Strickland-in vaxtı azdır və əlində heç bir dəlil yoxdur. Lakin tək şübhələndiyi şəxs Dr.Hoffstetler-dir. Bu hadisədən sonra geri çağırılmaq üçün ruslara müraicət edən Dr.Hoffstetler üçün hər şeyin bitməsinə 48 saatı vardır.
Sevdiyi insanı azadlığa buraxmaq üçün kanalın lazımı dərəcə suya çatmasını gözləyən Elisa bir gün işdə olarkən ona yardım edən Giles amfibiyalı adamla yalnız qalmışdır. Onun şəklini çəkərkən yuxuya gedən Giles oyandığında amfibiyalı adamın evdəki pişiyi yediyini görür və birdən bağırmağa başlayır. Etdiyi şeyin yanlış olduğunu anlayan bu canlı istəmədən Giles-in qolunu zədələyir və evi tərk edir. Elisa gəldiyində olub-bitənləri öyrənən kimi onu axtarmağa çıxır lakin onu tapmaq çox da çətin olmur. Aşağıdakı kinoteatra gedən amfibiyalı adam maraqla kinoları izləməkdədir. Rejissor, bu səhnədə izləyiciləri tənqid edərək onlara əllərindəki dəyəri bilmədiyini dilə gətirməyə çalışdığını düşünürəm. Evə qayıdan amfibiyalı adam Giles-dən üzr istəyir. Növbəti gün Giles oyandığında başında tüklərin çıxdığını görüb sevinər və qolunu açanda heç bir yara izinə rast gəlməz. Giles artıq amfibiyalı adamı Tanrı kimi qəbul etməyə başlar. Digər tərəfdən isə Strickland-in barmaqları iy verməyə və çürüməyə başlamışdır.
"- Özünü isbat etmiş yaxşı və hörmətli bir insan nə zaman qəbul görər, cənab ?
- Hörmət ? Əvvəla həqiqi hörmətcil bir insan işləri məhv etməz. Digər növ hörmət isə vacib deyil. Biz hörmətləri satırıq, ixrac edirik çünki bunu istifadə etmərik. "
Strickland-in işi artıq bitmişdir və bütün bu işləri qaydasına salmaq üçün 36 saat vaxtı vardır. Buna görə də tək şübhələndiyi şəxs olan Dr.Hoffstetler izləyəməyə başlayır. Dr.Hoffstetler isə bütün əşyalarını toplayıb ruslarla görüşə gedərkən ruslar tərəfindən xəyanətə uğrayır. Dr.Hoffstetler-in əslində bir agent olduğunu öyrənən və onu öldürən Strickland-in digər şübhələndiyi şəxs Zelda-dır və bunun üçün onun evinə gedib Zeldanı hədələyir. Bundan qorxuya düşən onun həyat yoldaşı olub-bitənləri anladır və Strickland, Elisanın evinə gedərək onları öldürüb işi təmizləmək üçün tələsir.
Bunları öyrənən Elisa tez bir zamanda kanala getməyə çalışır. Lakin Strickland son anda onları yaxalayır və Elisanı öldürür. Amfibiyalı insanı öldürməyə çalışsa da bunu bacara bilməyən Strickland onun bir Tanrı olduğunu qəbul edir və ölür. Bundan sonra amfibiyalı adam Elisanı da götürərək suyun dərinliklərinə dalır.
“Unable to perceive the shape of You,
I find You all around me.
Your presence fills my eyes with your love,
It humbles my heart,
For You are everywhere.”
I find You all around me.
Your presence fills my eyes with your love,
It humbles my heart,
For You are everywhere.”
Yazar : Nicat Hacıyev
0 comments:
Yorum Gönder