Bennett Miller Filmləri

 

Düzdü çox da məşhur deyil və çoxlarımız onu tanımırıq.
Bennett Miller Hollywoodun ən yaxşı rejissorlarından biridir. Aktyordan ala biləcəyini maksimumda alır, Paul Thomas Anderson kimi. 3 bioqrafik film çəkib cəmi - üçü də dram, ikisi həmçinin idman janrındadır. Filmlərinin ikisi ilin filmi Oskarına namizəd, özü də həmçinin 2 dəfə rejissor Oskarına namizəd olub. Onun filmlərində oynayan 6 müxtəlif aktyor da Oskara namizəd olub. Miller öyrəşdiyimiz səhnələri öyrəşmədiyimiz tərzdə çəkir. Onun filmlərində etdiklərini özünün də etdiyini hiss edirsən və bu əladır.



  1966-cı il 30 dekabrda New York-da anadan olan Bennett Miller 1998-ci ildə çəkdiyi Cruise sənədli filmindən 7 il sonra - 2005-ci ildə ilk uzun-metrajlı filmi Capote-u çəkir. Yazıçı Truman Capote-un bioqrafiyası olan film onun 1959-cu ildə baş vermiş ailə cinayəti haqqında kitab yazmaq üçün gördüyü işləri səhnələşdirir. Boogie Night-dan sonra 2-ci dəfə homoseksual obrazı canlandıran Philip Seymour Hoffman Master-dəki ifasına çatmasa da mükəmməl performası ilə Oskar, Qızıl Qlobus və BAFTA qazanır. Köməkçi rolda sadə və orijinal ifası ilə Catherine Keener Being John Malkovich filmindən sonra 2-ci Oskar namizədliyini Capote ilə qazanır.



  Film sadə və axıcı davam edən süjet xətti ilə tamaşaçını həyəcanlandırmasa da yormur da. Xüsusilə Truman-ın dostlarını başına yığıb etdiyi söhbətlər, danışıq tərzi izlənməyə dəyər. Filmə aylar əvvəldən hazırlaşan Hoffman səsini, yeriyişini və ən xırda hərəkətlərini belə dəyişir. Film ümumiyyətlə süjetə təsir etməyən xırda səhnələrlə doludur. Bu Bennett-in stilidi, bütün filmlərində görə bilərik və olduqca uğurlu alınır. 7 milyon dollarlıq məhdud büdcəsini hiss etdirməyən Capote böyük əsk-səda doğurmasa da 88 Metascore xalı ilə mükəmməlliyini göstərir.



  6 il sonra - 2011-ci ildə Miller 2-ci uzun-metrajlı filmi Moneyball-ı çəkir. Fikrimcə Miller-in şah əsəri bu filmdir. İdman, dram və bioqrafiya kimi hər birində film öz fərqliliyi və təsir qüvvəsi ilə seçilir. Baş rollarında Brad Pitt və ən istedadlı gənc aktyorlardan Jonah Hill (Django Unchained, Wolf of the Wall Street) olan film məhz bu 2 adamın ifası ilə daha da zövq verir. Aktyorların hər ikisi Oskara namizəd olmuşdu, Moneyball isə ilin filmi Oskarını Artist filminə uduzur. 



  Gənc məşqçi Billy Beane-in beyzbol komandasını çempion etmək mübarizəsini səhnələşdirən film aktyor ifaları ilə yanaşı səs, montaj kimi texniki göstəricilərdə də keyfiyyətini göstərir. Filmdə keçmişə qayıdan səhnələrdən uğurla istifadə edən Miller ilk idman temalı filmi ilə bu dəfə həm də geniş tamaşaçı kütləsinin rəğbətini qazanır. 87 Metascore xalı olan Moneyball-ın məşhur soundtrackını da qeyd edək (Show). Filmdə az da olsa Philip Seymour Hoffman-ı da görürük.



  2012-ci ildə çəkdiyi Question adlı sənədli filmdən sonra Bennett hələlik son filmi Foxcatcher-i çəkir. Ötən il namizəd olduğu 5 nominasiyada mükafat almasa da fikrimcə 2014-cü ilin ən yaxşı filmlərindən biridir. Steve Carell, Mark Ruffalo, Channing Tatum - hər üçü karyerasının ən yaxşı performansını bu filmdə göstərir. Xüsusilə CarellTatum möhtəşəm idi. Niyəsə Tatum heç bir ciddi mükafata namizəd olmadı.



  Əvvəlki 2 filmindəki sakit üslubunu bu filmdə də zövqlə izlədiyimiz Miller bu dəfə Olimpiya çempionları Schultz qardaşlarının bioqrafiyasını çəkir. Kiçik qardaş Mark-a Foxcatcher komandasının rəhbəri varlı John du Pont sərfəli təklif edir. Bundan sonra hamının həyatı dəyişir. Filmin əsas mövzusu ilə paralel xırda olsa da yaxşı formalandırılmış digər məqamlar diqqətdən yayınmır: Pont-un anası ilə mürəkkəb münasibətləri, David-in şəxsiyyəti və sağlam ailəsi, Mark-la Pont-un sanki gizlədilmiş əlaqələri və s. Bu filmin Metascore xalı isə 81-dir. Miller-in lənəti şübhə yox ki, ümumi tamaşaçı kütləsinin simpatiyasını qazanmamasıdır.



  Hələlik heç bir film üzərində işləməyən rejissorun çəkdiyi 3 filmə baxmağınızı şiddətlə məsləhət görürük.

Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder