Girl, Interrupted Film Analizi

(Bəzən sağlam düşüncədə qalmağın yeganə
yolu bir az dəliliyə getməkdir...)
Elə filmlər var ki, onlar aksiyon üslubunda çəkilmir. Hadisələr və personajlar səni ekrandan ayrılmağa qoymur və titirlər görünən zaman sən öz hisslərinlə baş-başa qalırsan. Rejissor Ceyms Menqoldun "Yarımçıq qalmış həyat" filmini bu qəbildən olan ekran əsərlərinə aid etmək olar. Film Süzanna Keysenin eyniadlı avtobioqrafik romanı əsasında çəkilmişdir. Süzanna, psixikatrik klinikada aldığı müalicə müddətində buradakı həyatı təsvir etmişdir. Hadislər 60-cı illərdə cərəyan edirdi. Lakin tənqidçilərin fikrincə filmlə kitab arasında fərq çox idi. Filmi "Ququ quşu yuvasının üstündən uçarkən" filmi ilə də müqayisə etmək olar. Hər iki filmin oxşar və fərqli cəhətləri var, hər ikisi öz tərzinə görə yaxşıdır. Hər iki filmdə baş qəhrəmanlar- Mak MörfiSüzanna arasında oxşarlıq var.



"Yarımçıq qalmış həyat" Menqoldun yaradıclığının ən uğurlu ekran əsəri hesab oluna bilər. Film sondan başlayır. Təsvir edilən xəstəxananın bütün pasientləri müxtəlif xarakterli insanlardır və buraya müxtəlif səbəblərdən düşmüşlər. Onların hər birinin həyatı dəyişmək üçün hədəfləri vardır. Vaynona RayderinAncelina Colinin ifası tərifəlayiqdir. Süzanna rolunda Vaynona Rayder daha inandırcı görünür. O, dəlixanaya düşdükdən sonra ölüm və həyat haqda olan fikirləri dəyişir, reallıqla fantaziyalarını səhv salan Süzi hesab edir ki, vaxt müxtəlif istiqamətlərdə-həm irəli həm də, geriyə hərəkət edə bilər. Buradakı həyat onda olan yaşam eşqini daha da alovlandırır. Liza ilə tanışlıq, klinikada təşkil olunan parti, qaçış planı - bir sözlə hər şey Süzannanı fərqli hiss etməyə, fərqli düşünməyə vadar edir. Buradakı xəstələrdən fərqli olaraq normal biri olduğunu anlasa da Süzanna düşünür ki, bəzən sağlam düşüncədə qalmaqçün bir az dəlilik də etmək lazımdır. Qısamüddətli dəlixana həyatı Süzannanı özünə qaytarır.





Filmdəki bəzi səhnələr tamaşaçıda açıq isterika yaradır. Süzannanın dəlixanaya düşməsini onun başqa dünyada yeni həyata başlamasına bənzətmək olar. Bu film həyata olan baxış bucağını dəyişir. Filmdəki obrazlar fərqli xüsusiyyətləri ilə yadda qalırlar. Liza ona heç vaxt verilməyən xəyali azadlığını itirsə də sağ qalır. Süzannanın özünü dərk etdiyi dəlixana həyatı yarımçıq qalsa da, o, başa düşür ki, düşdüyü mühitdə özünü yaxşı hiss etməyinə baxmayaraq o, sağlam düşüncəli biridir. Valideynlərinin təkidi ilə psixatrik xəstəxanada yaşadığı dönəmdə normal insanların dünyasına qayıtmağı bacarır.





Ancelina Colinin canlandırdığı Liza obrazı kobud, tipik, hər kəsə yuxarıdan aşağı baxan, soyuq xarakterli, bütün ümidləri klinikadan çıxmaq olan biridir. O, 8 ilini psixi xəstələr üçün olan klinikada keçirir, və başa düşür ki, artıq evə qayıtmağa ümid yoxdur. Qalacağı tək yer bu klinika ola bilər. Ən yaxın rəfiqəsi olan Ceymi də Lizanın klinikadan qaçmaqçün etdiyi cəhddən sonra tək olduğuna görə özünü asaraq intihar edir. İlk baxışda Liza və Süzanna fərqli görünsələr də onlar özlərində eyni hisləri gizlədirlər. Zahirən soyuq görünən Liza həkimlərə nifrət edir, onlara güvənmir. Liza rolunda Coli sanki özünü oynayırdı. Lizanı günahlandırmaq olmur, çünki, klinikada qaldığı vaxt ərzində bütün xəstələrə qohumları, dostları baş çəkməyə gəldiyi halda onunla heç kim maraqlanmırdı. Hamı ondan qorxurdu, bəlkə də qorxmaq deyil də, nifrət edirdi. Coli öz oyunu ilə Rayderin obrazını kölgədə qoyur. O, bir növ təcavüzkar, hirsli, antoqanist xarakterli obraz kimi tamaşaçı ürəyini fəth edir. Fikrimcə "Yarıda qalmış həyat" filmi Coli yaradıcılığının pik nöqtəsini təşkil edir.





Film, aktual mövzunu əhatə edir, hər kəsdə şəxsiyyətin fərqli formalaşmasını və həyatda öz yerinin axtarışını göstərir, həmçinin dəliliklə sağlam düşüncə arasında çox incə sərhəd olduğunu incəliklə çatdırır. Elizabet Moss, Cared Leto, Dyu Val da öz rollarını məharətlə ifa edirlər. Vupi Qoldberq ciddi, xeyirxah və xəstələrlə anlayışlı rəftar edən obraz kimi yadda qalır.





Film uğursuz intihar cəhdindən sonra psixatrik klinikada həyata yenidən qayıdış haqdadır. Film tamaşaçını gərginlikdə saxlamır üstəlik də darıxmağa qoymur. Sanki tamaşaçı da qəhrəmanlarla birlikdə onların həyatını yaşayır. Qəhrəmanların xarakterlərini açmaq üçün onların keçmişinə aid paralellər də filmdə yer alır. Film boyunca müşahidə etmək olur ki, Süzanna və Liza dost olmalarına baxmayaraq onlar bir-birinə zidd xarakterli insanlardır. Bu film bizə psikatrik xəstəxanaya düşməyin dəhşətlərini göstərmir, iradəni və ən çətin anlarda həyata olan marağı itirməməyi çox aydınlıqla çatdırır. Bu film gənclik dövrünün böhranı, həyatda öz yerini axtarmaq, həyat prinsiplərinin və müstəqilliyin formalaşması haqqındadır. Hadisələrin özünəməxsus dinamikliyi tamaşaçını darıxmağa qoymur. Film optimist notlarla bitir, "Heç nəyə baxmayaraq həyat davam edir" şüarı ilə yaşamağa ümidləndirir. Bitdikdən sonra belə kifayət qədər təsir altında saxlamağı bacarır. "Yarımçıq qalmış həyat" sevgi, dostluq, xəyanət və bağışlanma haqqındadır. Yalnızlığın və təcrid olunmanın qorxusu da qabarıq şəkildə nəzərə çarpır.




Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder