Casablanca Filminin Orijinal Analizi.


  Michael Curtiz-in 1942-ci ildə ekranlara çıxmış unudulmaz filmi Casablanca tarixin ən yaxşı müharibə filmlərindən biri hesab edilir. Aktyorların uğurlu ifası, sadə və təsirli ssenarisi və çəkiliş üslubu ilə Casablanca  hər kəsin izləməli olduğu kült filmlərdəndir. 



  Filmdə hadisələr II dünya müharibəsi vaxtında Mərakeş-də bir şəhər olan Casablanca-da cərəyan edir. Vətəninə - Amerikaya qeyri-müəyyən səbəblər ucbatından qayıda bilməyən bir qürbətçi - Rick (Humphrey Bogart) qarışıq hadisələrin mərkəzində keçmiş sevgilisi Ilsa (Ingrid Bergman) ilə qarşılaşır. Gözlənilməz hadisələri də bərabərində gətirən bu qarşılaşma Rick-i çətin vəziyyətdə qoyur. 



  Humphrey Bogart-ın ən yaxşı baş rol aktyoru kateqoriyasında Oskara namizəd olduğu film ümumi olaraq, namizəd olduğu  8 nominasiyadan 3-ündə Oskara layiq görülmüşdür : İlin filmi, ən yaxşı rejissor və ən yaxşı ssenari.



  Filmin bu qədər uğur qazanmasının səbəblərindən biri də şübhəsiz baş rol aktyorlarının unudulmaz personajları, ifaları və aralarındakı mistik uyğunluqdur. Ingrid Bergman Humphrey Bogart ilə işləməyə hazırlaşmaq üçün aktyorun baş rolu ifadə etdiyi məşhur The Maltese Falcon (1941) filmini dəfələrlə izləmişdi. 



  Filmə diqqətlə baxsaq görə bilərik ki, Rick ilə Ilsa arasındakı boy fərqi mütəmadi olaraq dəyişir. Bunun səbəbi əslində Ingrid Bergman-ın  Humphrey Bogart-dan 2sm hündür olması və aktyorun çəkilişlər zamanı hündür platformlu ayaqqabılar geyinməsi, stulda oturarkən isə bir neçə yastığın üstündə oturması idi. İkilinin üz-üzə dayandığı səhnələrdə Ingrid Bergman-ı həmişə görüntünün sağ tərəfində görməyimizin səbəbi isə, aktrisanın üzünün sol tərəfinin daha gözəl olduğunu düşünməsi idi. 



  Baş rol aktyorlarını bir-birinə o qədər çox yaraşdırırdılar ki, hətta Bogart-ın həyat yoldaşı aktrisa Mayo Methot onu Bergman-la münasibətdə olmaqda günahlandırırdı. Bütün bunlara baxmayaraq, ikilinin başqa heç bir filmdə birlikdə oynamamaları da maraqlıdır. 

  Rejissor Michael Curtiz Ingmar Bergmanın Rick və Victor-un arasında qalmışlığını daha yaxşı ifadə etməsi üçün aktrisaya personajının sonra kiminlə birlikdə olacağını heç vaxt demirdi. Filmdə bir neçə səhnədə bəhs edilsə də, Rick-in Amerikaya niyə qayıda bilmədiyi də heç vaxt bizə açıqlanmır. 



  Filmin digər bir maraqlı personajı pianoçu Sam-dir (Dooley Wilson). Ssenaridə ilk əvvəl Sam-in qadın olması nəzərdə tutulmuşdu və hətta Hazel Scott, Lena HorneElla Fitzgerald kimi aktrisalar ilə sınaq çəkilişləri keçirilmişdi. Filmdə istifadə olunan Sam-in pianosu 2012-ci ildə New York-da keçirilən bir hərracda 600 min dollara satılıb.



  Sam-in ifa etdiyi unudulmaz mahnı "As Time Goes By" xüsusi olaraq film üçün deyil, daha əvvəldən bəstələndiyi üçün Oskar-a namizəd göstərilməmişdi. 



  Filmdə istifadə olunan bir çox epizodik rol ifaçıları Almaniyadan qaçmış yəhudilər idi və Fransa himni Marseillaise oxunduğu məşhur səhnədə həqiqətən gözləri dolmuşdu. Ümumiyyətlə filmdə 34 müxtəlif milliyyətdən insanlar işləyirdi.



  Müharibə dövrü olduğu üçün, hava qaraldıqdan sonra aeroportda çəkilişlərə icazə verilmirdi. Son səhnənin çəkilişi üçün kiçik karton təyyarə və insan fiqurları istifadə olunaraq çəkiliş bucağı vasitəsilə real təyyarə görüntüsü əldə edilir. İllər sonra bu üsul Ridley Scott-un Alien (1979) filmində də istifadə edilmişdi.



  Filmin adı ilk olaraq, "Everybody Comes to Rick's"  olaraq düşünülmüşdü, rejissor sonradan Casablanca olaraq dəyişdirir. Casablancanın ssenarisi ilə yazıçılar Julius J. EpsteinPhilip G. Epstein Oskar qazanmış ilk və indiyə qədər tək əkizlər olublar. 



  2000-ci illərin əvvəllərində Madonna Casablanca-nı baş rollarını özü və Ashton Kutcher-in ifa edəcəyini planlaşdıraraq remake etmək istəyirdi. Bu ideyanı bir neçə film studiyasına bildirsə də, hamısı geri çevirir və prodüserlərdən biri ona bu filmin toxunulmaz olduğunu deyir. Bu cavabdan sonra Madonna fikrindən daşınır. 



  Filmin ən məşhur və unudulmaz ifadəsi "Here's looking at you, kid" əslində ssenaridə yox idi və Humphrey Bogart tərəfindən improvizə olunmuşdu. Tam olaraq mənası başa düşülməyən ifadə üçün bir çox izah mövcuddur. Bəziləri qədəh qaldırarkən deyilən bir ifadə kimi izah etsə də, bəziləri isə poker oyununda istifadə edilən bir söz olduğunu deyir. Ümumi mənada Rick-in Ilsa-ya olan heyranlığını ifadə edən söz Amerikan Film İnstitutu (AFI) tərəfindən "Filmlərdən unudulmaz 100 sitat"  siyahısında 5-ci, Premiere jurnalı tərəfindən 1-ci seçilmişdir. Eyni zamanda Casablanca AFI-nin "Tarixin ən yaxşı 100 filmi" siyahısında da 3-cü yerdədir.


Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder