Məşhur Rejissor Wes Anderson-un Yaradıcılığı


 Əsl adı Wasley Wales Anderson olan Wes Anderson 1969-cu il 1 mayda Houston, Texas-da dünyaya gəlir.
3 uşaqlı ailənin ortancılı olan Wes-in atası Melver Leonard Anderson reklamçı, anası Texas Ann Burroughs isə arxeoloq idi.

  Orijinal fikirləri və mükəmməl musiqi duyumu ilə yaşıdlarından fərqlənən gənc Anderson Westchester və gələcəkdə Rushmore filmini çəkəcəyi St. John's School-da təhsilini davam etdirir.



  Rejissor Texas Universitetində fəlsəfə fakültəsində oxuyanda yaxın dostu olacaq aktyor Owen Wilson ilə tanışır. Bundan sonra Wes-in kinematoqrafiya karyerası başlayır.



  Ssenarisini Owen Wilson-la birlikdə yazdıqları ilk qısa-metrajlı film Bottle Rocket-i çəkən Anderson bu filmi ilə prodüser James L. Brooks-un diqqətini cəlb edir və filmin uzun-metrajlı versiyası üçün maddi təminatı Brooks-dan alır.

  1996-cı ildə rejissor ilk uzun-metrajlı filmi Bottle Rocket-i ərsəyə gətirir. Baş rollarında qardaşlar - Luke və Owen Wilsonlar olan film Wes-in incə yumor stilinin də ilk nümayəndəsi olur.



  Oğurluq işləri ilə məşğul olan kiçik həvəskar qruplaşmanın başına gələn əhvəlatları xırda zarafatlar və şirin nümayiş üslubu ilə bizə çatdıran film gözləniləndən çox bəyənilir və Wes-i ümid vəd edən gənclər sırasına yazır.



  2 il sonra yenə ssenarisini Owen Wilson-la yazdığı 2-ci filmi Rushmore işıq üzü görür. Gələcəkdə də tez-tez filmlərində görəcəyimiz Bill Murray və Jason Schwartzman ilə ilk əsəri olan filmdə Wes-in tələbəlik illəri ilə də oxşarlıqlar görürük.



  Bu filmi ilə daha da böyük rəğbət qazanan Anderson artıq özünü bir çoxları üçün sübut edir. İncə yumoristik üslubunu olduqca müvəffəqiyyətlə tamaşaşıya çatdıran rejissorun bu əsərində 15 yaşlı Max Fischer-in bir neçə aylıq müddətdə başına gələnlər nümayiş olunur.



  Olduqca orijinal qəbul olunan zarafat tərzi və əvvəlcədən görməyə öyrəşmədiyimiz qəribə gülməli səhnələri ilə rejissor sadəcə ilk iki filmi ilə öz üslubunu qəbul etdirməyi bacarır.

  3 illik fasilədən sonra 2001-ci ildə Anderson-u məşhurlaşdıran The Royal Tenenbaums filmi çəkilir. Ssenarisini ilk iki filmində olduğu kimi Owen Wilson-la yazdığı əsərdə sonrakı əsərlərində də görəcəyimiz ulduzlarla dolu kast diqqət çəkir.



  Gene Hackman, Bill Murray, Owen Wilson, Ben Stiller, Gwyneth Paltrow kimi ulduzların toplandığı film həmçinin rejissora ilk Oskara namizədlik təcrübəsini yaşadır. Orijinal ssenariyə görə Oskara namizəd olan filmdə Gene Hackman-ın da Qızıl Qlobus gətirən möhtəşəm ifası qeyd olunmalıdır.



  2004-cü ildə orijinal çəkiliş üslubunun növbəti nümayəndəsi The Life Aquatic with Steve Zissou filmi işıq üzü görür. Simmetriyaya olan qəribə marağı və əvvəlki filmlərdə də şahid olduğumuz cəlbedici çəkiliş üslubu artıq "Wes Anderson üslubu" anlayışını Hollivudda qəbul etdirir.



  Ssenarisini bu dəfə Noah Baumbach ilə birlikdə yazdığı filmdə rejissor Bill Murray, Cate Blanchett, Owen Wilson, Anjelica Huston, Willem Dafoe kimi ulduzlara yer verir. Dənizlərdə sənədli filmlər çəkən bir dənizçinin öz komandası ilə başına gələnlərin səhnələşdirildiyi film növbəti bəyənilən Anderson filmi olur.



  Həmin il rejissor American Express-in My Life. My Card reklam filmini çəkir və baş rolda oynayır.

                             

  3 il sonra isə baş rollarda Adrien Brody, Owen Wilson və Jason Schwartzman-ın oynadığı 5-ci Anderson filmi Darjeeling Limited işıq üzü görür. Filmin ssenarisini Wes Anderson, Roman Coppola və Jason Schwartzman yazmışdı. 3 qardaşın qəribə planları və ailədaxili münasibətlərini səhnələşdirən film rejissorun yaxın dostu Brody ilə də ilk filmi olur.



  Bütün filmləri ilə ən azı 100.000+ səs limiti keçə bilən və olduqca yüksək İMDb xalları qazanan Wes-in bu filmi də həmin qəbildən olur. Simmetriya xəstəliyi və gülümsədən orijinal yumoru ilə artıq Anderson komediya janrı üçün ən yaxşı rejissorlardan biri kimi göstərilir.

            

  Eyni il baş rollarda Jason Schwartzman və Natalie Portman-ın oynadığı Darjeeling Limited filminin davamı kimi çəkilmiş 13 dəqiqəlik Hotel Chevalier qısa-metrajlı filmi çəkilir. Portman Darjeeling Limited filminin sonunda da bir neçə saniyəlik görünmüşdü.



  2009-cu ildə rejissorun ilk və hələlik yeganə olan animasiya filmi Fantastic Mr. Fox filmi işıq üzü görür. Animasiya filmlərində görməyə öyrəşmədiyimiz qəribə üslubda və olduqca xoşagələn görünən animasiya filmi olduqca bəyənilir. Ən yaxşı animasiya filmi nominasiyasında Oskara və Qızıl Qlobusa namizəd olan film Anderson-a 2-ci Oskar namizədliyini bu dəfə prodüser kimi gətirir.



  Filmin ssenarisi Roald Dahl-ın romanı əsasında Wes Anderson və Noah Baumbach tərəfindən səhnəyə uyğunlaşdırılır. George Clooney, Meryl Streep, Bill Murray kimi məşhurların səsləndirdiyi animasiya filmi tülkü ailəsi ilə fermerlərin mübarizəsini nümayiş etdirir.



  Heç bir filmi ilə gözlənilənin altında qalmayan Anderson artıq XXI əsrin Hollivuda verdiyi ən yaxşı kinematoqraflardan sayılır. Filmlərində rejissorluqla yanaşı ssenaristlik, prodüserlik, operatorluq da edən dahi gənc fərqini hamıya göstərir. Musiqi seçimləri isə rejissorun filmlərinə keyfiyyət qatan başlıca amillərdən olur.

            

  2012-ci ildə o vaxta qədərki ən yaxşı Anderson filmi kimi adlandırılan Moonrise Kingdom filmi çəkilir. Wes ssenarist kimi növbəti dəfə Oskara namizəd olur. Bruce Willis, Bill Murray, Edward Norton, Francis McDormand, Jason Schwartzman, Tilda Swinton kimi simaları bir yerə gətirən film ailələrindən qaçan iki azyaşlı uşağın məhəbbətini və bunun uğrunda keçdikləri keşməkeşli yolları tamaşaşıya göstərir.



  Digər filmlərindən daha dolğun formada əks etdirilən xüsusi çəkiliş üslubu artıq Hollivud üçün yeni bir ikonun formalaşdığını göstərir. Hər yeni filmiylə orijinallığını bir az daha qabarıq formada tamaşaçıya çatdıran rejissor eyni zamanda möhtəşəm musiqi və incə zarafatların müşayiəti ilə bunu daha da şedevrləşdirir.



  2012-2013-cü ildə 3 qısa filmlə tamaşaçılarının qarşısına çıxan Wes olduqca bəyənilir.



  Nəhayət, ötən 2014-cü ildə rejissorun şah əsəri Grand Budapest Hotel filmi işıq üzü görür. 2 həftə əvvəl keçirilən Oskar mükafatlandırma mərasimində 9 nominasiyada mükafata namizəd olan film 4 nominasiyada (dizayn, kostyum, musiqi, makyaj) mükafatı qazanır. Təkcə bu filmə görə 3 nominasiyada Oskara namizəd olan rejissor (ilin filmi, ən yaxşı rejissor, ən yaxşı orijinal ssenari) mükafatları Birdman filminə uduzur.





  Alışdığımız möhtəşəm kast bu filmdə də qarşımıza çıxır. Ralph Fiennes, Adrien Brody, Tilda Swinton, Bill Murray, F. Murray Abraham, Jude Law, Willem Dafoe, Harvey Keitel filmin kastının bir hissəsidir.



  Orijinal üslubunun pik nöqtəsinə çatdığı bu filmində Anderson otel işçilərinin başına gələn qarmaqarışıq hadisələri incə yumor, ahəngli musiqi və mükəmməl aktyor oyunu ilə tamaşaçıya çatdırır.
  

  Filmin premyerasından sonra rejissorun son qısa-metrajlı filmi Give Beautifully işıq üzü gördü.



  Qısaca Wes Anderson-un film yaradıcılığına nəzər saldıq. 46 yaşlı rejissorun tarixin ən yaxşılarından olacağı şübhəsizdir. Sonda rejissorun sevimli aktyorları ilə işlədiyi filmləri cədvəl formasında təqdim edirik.



  

  



Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder