Memento Filminin Orijinal Analizi


  1998-ci ildəki debüt filmi Following-dən 2 il sonra
Christopher Nolan-ın gözlənilməz sensasiya doğuran Memento filmi gəlir. Çəkildiyi dövrə qədər bu tipdə ssenari və çəkiliş tərzinə rastlanmayan film kino tənqidçiləri və tamaşaçılar tərəfindən olduqca bəyənilir.

  Ən qəliz filmlər siyahısında həmişə gördüyümüz Memento-nun ssenarisi Jonathan Nolan-ın Memento Mori hekayəsi əsasında Christopher Nolan tərəfindən səhnələşdirilmişdi. Jonathan hekayəsini yazsa da onu çap elətdirmir. Buna görə filmə "ssenarisi məlum olmayan film" də deyirlər.



  Həyat yoldaşı öldürülən Leonard qatillərin axtarışındadır. Lakin onun yaddaş problemi var. Sadəcə son 10-15 dəqiqəlik hissələri yaddaşında saxlaya bilən Leonard davamlı olaraq yaddaşını itirir. 

  Filmin ssenarisi ilə yanaşı çəkiliş üslubu da onun anlaşılmasını çətinləşdirir. Sondan əvvələ doğru 22 hissə halında bizə göstərilən filmdə ağ-qara hissələrin hekayənin hansı hissəsində cərəyan etdiyi də məlum deyil.



  Leonard rolunu ifa edən Guy Pearce-ə qədər bu rol üçün Aaron Eckhart, Brad Pitt, Charlie Sheen, Thomas Jane düşünülmüşdü. Nolan-ın ilk istədiyi aktyor isə Alec Baldwin idi.



  Filmdə Leonard-ın Jimmy-ni öldürdüyü səhnədən əvvəl bu obrazı canlandıran Larry Holden Pearce-dən inandırıcı görünməsi üçün onu həqiqətən vurmasını istəyir. Köhnə bodibulder olan Pearce belə də edir. Çəkilişdən sonra Holden yara və ağrı içində qalır.



  Qarışıq hadisələrin mərkəzindəki Natalie obrazını Carrie-Anne Moss canlandırır. Çəkilişləri cəmi 25 günə tamamlanan filmdə aktrisanın səhnələri isə 8 günə tamamlanmışdı. Matrix filmindəki ifası ilə Nolan-ın diqqətini cəlb edən Moss-dan əvvəl rol üçün Angelina Jolie, Ashley Judd, Famke Janssen kimi simalar düşünülmüşdü.



  Filmdəki digər əsas obraz Teddy-ni Joe Pantoliano canlandırır. Filmdə Teddy-nin Leonard-a dediyi '"You don't have a clue, you freak!" (Sənin ipucun yoxdur, sən dəlisən!) cümləsindəki tonu Nolan bəyənmirdi. Dəfələrlə çəkilsə də ifanı bəyənməyən rejissor sonda həmin cümləni özü söyləyir, səs xüsusi effektlərlə Pantoliano-nun səsinə uyğunlaşdırılır. Joe-dən əvvəl rol üçün düşünülən aktyor Denis Leary idi.



  Leonard-la əlaqəli personaj Sammy Jankis personajını canlandıran Stephen Tobolowsky-nin bu rola seçilməsi şəxsi amneziya xəstəliyi ilə bağlı idi. Aktyor bir neçə il öncə keçirdiyi cərrahiyə əməliyyatından sonra müvəqqəti yaddaş pozğunluğu yaşamışdı. Tobolowsky Nolan-a bu rol üçün şəxsi təcrübəsi olan yeganə aktyoun özü olduğunu demişdi.



  Filmdəki motelin həyətində Leonard-ın Jaguar model maşının yanında Nolan-ın ağ Honda Civic maşınını görə bilərik.



  Filmdə diqqətlə baxsaq Leonard-ın komiks kitabları satan mağazanın qarşısından keçəndə Batman embleminin şüşədə gözə çarpan formada olduğunu görə bilərik. Following filmində bu işarəni qapının üstündə yerləşdirən Nolan Dark Knight seriyasının mesajlarını verir. 



  Filmdə Teddy Leonard-ı Sammy-ə çevrildiyinə inandırmağa çalışır. Bunu filmin gedişatında incə mesajlarla görə bilərik. Həyat yoldaşının ölümündən sonra Sammy psixi dispanserdə otururdu. Sonrakı səhnədə telefonla danışan Leonard-ın da eyni stulda oturduğunu görürük.




  Sammy-nin həyat yoldaşı istəmədən də olsa onun ucbatından ölmüşdü. Sanki bunu Leonard-ın da etdiyinə dair qəribə mesaj var filmdə. Leonard Natalie-nin evində TV izləyəndə arxa planda ağ, boyun hissəsi V hərfi formasında olan köynəyi geyinən insan şəkli görünür. Sammy xanımını TV izləyəndə iynə vuraraq öldürmüşdü. Həmçinin arxa plandakı şəkildə gördüyümüz paltarı filmdə Leonard-ın həyat yoldaşının geyindiyini görürük.



  Son olaraq filmi tam anladığını zənn edənlər üçün bir maraqlı faktı da qeyd edək. Leonard-ın 3-cü və sonuncu telefon danışığında barmaqlarına diqqət etsək 555-0134 nömrəsini yığdığını görə bilərik. Bu nömrə Teddy-nin şəklinin altında yazılmışdı. Həmin səhnələrdə Leonard-ın məhz Teddy-lə danışdığını anlaya bilərik.

  Bu nömrə həmçinin Memento-dan 1 il öncə çəkilmiş Fight Club filmindəki Marla Singer-in nömrəsidir.




  Filmin Martin Scorsese-nin Shutter İsland filmi ilə də oxşarlıqları var. Xanımı öldürülmüş və yaddaşıyla problemli baş qəhrəman hər iki filmdə özünün yaratdığı müəmmalı vəziyyəti araşdırmağa çalışır. Shutter Island filmi Memento-dan 10 il sonra çəkilmişdi.






Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder