2006-cı ildə Goodfellas və Casino kimi şedevr mafiya filmlərindən
sonra Martin Scorsese-in bu mövzudakı növbəti filmi Departed işıq üzü görür. Qocaman Scorsese-ə ilk Oskarını qazandıran film həmçinin ilin filmi, montaj və uyğunlaşdırılmış ssenari nominasiyalarında mükafatı qazanır.
Mafiya-polis münaqişəsi fonunda çəkilən film hər iki cəbhəyə sızdırılmış köstəbəklərin məqsədləri uğrunda gördüyü işləri səhnələşdirir.
Scorsese ən çox gəlir gətirən 2-ci filmi olan Departed-i (289 milyon dollar) mafiya temalı filmləri ilə tanınan, məşhur Dirty Harry filminin də rejissoru olan Don Siegel-ə ithaf etdiyini söyləmişdi. Rejissor Director's Guild of America mükafatını alarkən söyləmişdi: "Departed mənim süjet xəttindən istifadə etdiyim ilk filmdir." Həmçinin film daha çox keçmiş dövrə aid mövzuları çəkməsiylə tanınan Scorsese-in öz dövründə çəkdiyi nadir filmlərdəndir.
Scorsese filmi hekayənin cərəyan etdiyi real məkan olan Boston-da çəkmək istəyirdi. Bəzi siyasi və maddi səbəblərə görə film New York-da çəkilir. 6 həftəlik müddətdə New York-dakı çəkiliş meydançası Boston-a bənzəyəcək şəkildə dizayn edilir.
Rejissor film tamamlanmadan öncə qəsdən İnfernal Affairs (2002) filmini izləmədiyini söyləmişdi. Sözügedən filmdə də köstəbək polisin və mafiyanın axtarışı əsas mövzudur. Scorsese həmçinin filmin büdcəsini aşağı səviyyədə tutmaq istədiyini ancaq ulduzlarla dolu kast seçimindən sonra büdcənin böyüdüyünü açıqlamışdı (90 milyon dollar).
Filmdəki personajlardan 4 ən vacibi qeyd edilməlidir. Mafiya başçısı Frank Costello (Jack Nicholson), polis (köstəbək) Colin Sullivan (Matt Damon), polis Billy (Leonardo DiCaprio), polis Dignam (Mark Wahlberg).
Filmin ən maraqlı personajı Costello-dur. Uzun illər mafiya başçısı olan Costello-nun sonda FBİ agenti olduğunu öyrənirik. Obrazı canlandıran dahi Jack Nicholson-un Scorsese ilə ilk işi idi bu film. Əvvəlcə roldan imtina edən aktyor sonradan son vaxtlar daha çox komediya filmlərində oynadığını düşünərək rolu qəbul etdiyini söyləmişdi.
Costello obrazı real mafiya başçıları Lucky Luciano və Meyer Lansky-nin müasiri olaraq formalaşdırılmışdı.
Scorsese dahi aktyora filmdə sərbəstlik vermişdi. Filmdə Nicholson-un əksər sözləri və hərəkətləri improvizə idi. Costello-nun narkotik və qadın düşkünü olması həmçinin porno sinemadakı səhnə aktyorun istəyi ilə filmə əlavə edilmişdi.
Rejissor Costello personajının Boston Red Sox komandasının şapkasını geyinməsini nəzərdə tutmuşdu. Nicholson bunu qəbul etmir və əvəzinə New York Yankees şapkasını geyinir.
foto filmdən deyil
2006-cı ildə Warner Brothers-in digər filmi Blood Diamond-da da çəkilən aktyor bu filmdə baş rol idi. Warner ilkin olaraq aktyoru Departed filminə görə də baş rol kimi göstərmək istəyir. Lakin aktyor 2 filmə görə baş rol üçün namizəd olmaq istəmir. Beləliklə DiCaprio köməkçi rol nominasiyasında qeyd olunur və Oskara namizəd olmur. Blood Diamond filminə görə isə baş rol nominasiyasında namizəd olur.
Filmin aktyorla bağlı digər maraqlı əlaqəsi həmin il çəkilən Good Shepherd filmi ilədir. Rejissorluğunu Robert De Niro-nun etdiyi filmdə baş rol təklifi alan DiCaprio Departed filminə görə təklifdən imtina edir. Həmin obrazı isə Departed filmində baş rolda gördüyümüz Matt Damon oynayır.
Departed filmi Gangs of New York-dan sonra Leonardo-nun irlandiyalı gənci canlandırdığı 2-ci Scorsese filmidir. Filmdə Billy obrazı ilə bağlı xırda səhv də var idi. Billy-nin sənədlərində doğum gününün 7 noyabr 1984 olduğu görünür. Həmin sənədi 2-ci dəfə gördükdə isə tarixin 1980 olduğunu görürük.
Digər baş rol isə polisin arasına sızdırılan əsas köstəbək Sullivan obrazını canlandıran Matt Damon idi. Obraz üçün ilk düşünülən Brad Pitt idi. Lakin Pitt həmin il İnarritu-nun Babel filminə çəkildiyindən roldan imtina edir. Həmçinin Tom Cruise da rol üçün düşünülmüşdü.
Filmdə Sullivan obrazının bizə göndərdiyi incə mesajı da görə bilərik. Filmin əvvəlində Costello-nun kiçik Sullivan-a marketdə ərzaq aldığını görürük. Son səhnədə - Sullivan öldürülməmişdən əvvəl marketdən gəldiyini görürük. Əlindəki paketdə isə məhz filmin əvvəlində alınan ərzaqlar var idi.
Filmdə ifasına görə Oskara namizəd olan yeganə aktyor Mark Wahlberg idi. Xüsusi təyinatlı polis Dignam-ı canlandıran aktyordan öncə rol üçün Goodfellas filmindən xatırladığımız Ray Liotta və Boyhood filmindən tanıdığımız Ethan Hawke düşünülmüşdü.
Wahlberg, obrazını canlandırarkən uşaq yaşlarında onu 2 dəfə həbs etmiş polis ofiserindən təsirləndiyini söyləmişdi. Aktyora ilk Oskar namizədliyini gətirən Scorsese filmindən 4 il sonra aktyor Fighter filminə görə prodüser kimi Oskara namizəd olacaqdı.
Sona qədər 22 nəfərin öldüyü Departed ilin filmi Oskarını alan filmlər içərisində ən çox "fuck" sözü deyiləndir (237 dəfə). Filmdə Alec Baldwin-in canlandırdığı Ellerby obrazı üçün ilk düşünülən Mel Gibson idi. Lakin aktyor həmin il Apocalypto filmini çəkdiyindən roldan imtina etməli olur. Queenan obrazı üçün isə Martin Sheen-dən əvvəl düşünülən Robert De Niro idi. O isə Good Shepherd filmini çəkdiyindən filmdə iştirak etmir.
Scorsese-in Oscar alarkən etdiyi zarafat:
"Vərəqi bir daha yoxlayın"
0 comments:
Yorum Gönder