2014-cü ilin ən uğurlu
20 filmini İMDb və Metacritic xalı və Oskar mükafatlarına görə qiymətləndirib ortaq məxrəcə gəldik. Filmlərə münasibətimizi də göstərdiyimiz siyahımızı ümidvarıq bəyənəcəksiz.
20. Still Alice
Cəmi 1 nominasiyada Oskara namizəd olub qazanan film. Julianne Moore mükəmməl ifası ilə filmi yadda qalan edir. İlin ən yaxşı dramlarından olan film gözlənilməz xəstəlik xəbərindən sarsılmış qadının hekayəsini səhnələşdirir.
19. Unbroken
Angelia Jolie-nin hələlik ən uğurlu rejissor işi. Ssenarisini artıq dahi kimi də adlandırılan yəhudi Koen qardaşlarının yazdığı film 3 texniki nominasiyada Oskara namizəd də olmuşdu.
18. Mr. Turner
İlin başlıca bioqrafik filmlərindən. Əsasən dekorasiya, kostyum və musiqiləri ilə ön plana çıxan film 4 nominasiyada Oskara namizəd olmuşdu.
17. Edge of Tomorrow
Elmi-fantastika janrının bu ilki nadir uğurlu nümayəndələrindən. Baş rollarını Emily Blunt, Tom Cruise kimi ulduzların oynadığı film Oskar cəhətdən gözləniləni verə bilmədi.
16. How to Train Your Dragon 2
Uğurlu alınan 1-ci filmdən sonra 2-ci hissə ilə də bəyənilən animasiya filmi. Ilin ən yaxşı animasiyasına namizəd olsa da, film Oskarı ala bilmədi.
15. Foxcatcher
Bioqrafiya, dram və idman temalarının uğurlu qarışığı. Mark Ruffalo, Chaning Tatum, Steve Carell kimi simaların möhtəşəm ifaları ilə diqqətləri cəlb edən film ilin ən yaxşı filmi nominasiyası daxil olmaqla 5 nominasiyada Oskara namizəd olmuşdu.
14. Selma
Siyasi motivlərin ən vurğulu olduğu filmlərdən. Bu ilki qaradərili azadlığı mövzusunu bu film təmsil etdi, demək olar. Film ilin ən yaxşısı nominasiyasında Oskara namizəd idi və möhtəşəm Glory mahnısı ilə mahnı Oskarını aldı.
13. Big Hero 6
İlin ən yaxşı animasiya filmi seçilən film. Disney dayanmır.
12. Nightcrawler
Orijinal ssenarisi və Jake Gyllenhaal-ın şedevr ifası ilə məşhurlaşan film. Oskara kimi az qala bütün mükafatlarda baş rol aktyora namizəd olan Jake-in Oskara namizəd olmaması ilin ən böyük haqsızlıqlarından biri kimi qiymətləndirilir.
11. X-Men: Past of Future
Hələ də niyə çəkildiyi məlum olmayan Wolverine seriyasının sonuncu və ən uğurlu alınan filmi. Michael Fassbender və Hugh Jackman ilə aktuallığını saxlayan film ən yaxşı vizual effektlərə görə də Oskara namizəd olmuşdu.
10. American Sniper
2014-ün ən çox gəlir gətirən və bəlkə də ən çox mübahisə doğuran filmlərindən biri. 84 yaşlı dahi Clin Eastwood-un rejissorluğunu etdiyi film ABŞ-İraq müharibəsindəki bir snayperin hekayəsini səhnələşdirir. Siyasi motivlərinə görə olduqca həssas olan filmin 6 nominasiyada Oskara namizəd olması da birmənalı qarşılanmadı. Film ən yaxşı səs montajına görə Oskarı almışdı.
9. The Theory of Everything
Bioqrafik filmlərin bolluğu və keyfiyyəti ilə seçilən 2014-cü ildə bu qəbildən ən uğurlu filmlərdən biri. Stephen Hawking-in bioqrafiyası olan film gənc olduzlar Eddie Redmayne və Felicity Jones-un heyrətamiz ifaları ilə zənginləşmişdi. 5 nominasiyada Oskara namizəd olan film yalnız Eddie-nin ilin ən yaxşı baş rol aktyoru Oskarı ilə kifayətləndi.
8. Guardians of the Galaxy
Marvel-in 2014-cü ildəki uğuru. Bəziləri tərəfindən bu qədər təqdir görməyi anlaşılmayan film hal-hazırda reytinqdə 192-ci yerdədir. Film həmçinin vizual effektlər və makyaja görə Oskara namizəd olmuşdu.
7. Gone Girl
David Fincher-in səbirsizliklə gözlənilən filmi. Oskar cəhətdən haqsızlığa uğrayan əsas filmlərdən biri kimi qiymətləndirilir. Mükəmməl qurğulu ssenarisi, usta rejissor işi və ən əsası Oskara namizədlik gətirən Rosamund Pike ifası ilə film Fincher klassikləri arasına girdi. Maraqlı digər məqam filmin baş rol aktyoru Ben Affleck-in bu il ən pis aktyor nominasiyasına namizəd olması idi.
6. Imitation Game
Növbəti bioqrafik şedevr. Müasir kompüterlərimizin banisi sayılan Alan Turinq haqqında çəkilmiş filmdə alimi möhtəşəm ifası ilə Benedict Cumberbatch canlandırırdı. Dövrün hal və vəziyyətini orijinal üslubda canlandıran film nə az, nə çox 8 nominasiyada Oskara namizəd oldu, ən yaxşı uyğunlaşdırılmış ssenari Oskarını aldı.
5. Boyhood
Heç şübhəsiz, ilin ən böyük fiyaskosu. 13 ilə çəkilən - yaşa dolmaların təbii olduğu Richard Linklaterin ailə-dram filmi 6 nominasiyada Oskara namizəd oldu, yalnız Patricia Arquette ən yaxşı köməkçi aktrisa Oskarını aldı.
4. Interstellar
Texniki göstəriciləri ilə ön plana çıxan növbəti Christopher Nolan şedevri. Kosmos və elmi-fantastika mövzusunun ən vacib nümunələrindən biri olan film ssenarisi, bəşəri-fəlsəfi ideyaları, qalaktika haqqındakı təsəvvürləri ilə sələflərini geridə qoydu. Hətta Stanley Kubrick-in məşhur 2001: A Space Odyysey filminə rəqib kimi göstərilən film 5 nominasiyada Oskara namizəd oldu, vizual effektlərə görə ali mükafatı qazandı. Film 2014 filmləri arasında ən yüksək İMDb xalına malikdir. (22-ci yer)
3. Grand Budapest Hotel
Dahiyanə Wes Anderson üslubunun ən mükəmməl nümunəsi 2014-cü ilə təsadüf etdi. Qüsursuzluq, orijinallıq və keyfiyyəti simvolizə edən komediya filmi rejissorun gələcək perspektivlərindən xəbər verir. Makyaj, dekorasiya, musiqi, kostyum sahələrində rəqibsiz olan film bu nominasiyalarda Oskarı da aldı. İlin ən yaxşı filmi, rejissor, ssenari, operator, montaj kimi nominasiyalarda namizədliklə kifayətlənən film reytinqdə 185-ci yerdədir.
2. Whiplash
30 yaşlı gənc Damien Chazelle-in ərsəyə gətirdiyi ilin ən sensasional filmi. J.K. Simmons-un gözlənilməz dahiyanə ifası ilə zövq verən film köməkçi aktyor, səs effektləri və montaj nominasiyalarında Oskarı aldı. İlin filmi və uyğunlaşdırılmış ssenari nominasiyalarına isə namizəd oldu. Film 2014-ün ən yüksək 2-ci İMDb xallı filmidir. (38-ci yer)
1. Birdman
Bir meksikalının nələr edə biləcəyini göstərən film. Ekvivalenti olmayan möhtəşəm əsər. Məşhurluğunu itirən bir aktyorun çırpınışlarını və orijinal tərzdə göstərilən psixoloji mübarizəsini səhnələşdirən filmlə bağlı digər əsas məqam kastdır. Edward Norton, Michael Keaton, Naomi Watts, Emma Stone, Zach Galifianakis kimi simaları bir araya gətirən film hər birinin möhtəşəmliyi ilə zənginləşir. 9 namizədlikdən 4 Oskar qazanan film rejissoru İnarritu-nun da ustalığını bir daha hamıya sübut etdi.
0 comments:
Yorum Gönder