Bugün sevimli rejissorlarımızdan Christopher Nolan-ın yeni
filmi Dunkirk kinoteatrlarımızda göstərilməyə başlandı. Biz də öz növbəmizdə filmi izlədik və öz fikirlərimizi, film haqqında maraqlı faktları, analizimizi sizinlə bölüşürük.(SPOİLERSİZ HİSSƏ)
Film öyrəşdiyimiz Nolan üslubundan kənar, real faktlara əsaslanan və döyüş səhnələri ilə zəngin idi. II Dünya Müharibəsinin əvvəllərində (1940-cı il 27 May - 4 İyun) müttəfiq qoşunları - ingiliz və fransız əsgərlər Fransa, Dunkirk-də dəniz sahilində almaq qoşunları tərəfindən sıxışdırılır. Film təxliyə prosesini müxtəlif cəbhələrdən və baxışlardan bizə göstərir.
Film 150 milyon dollar büdcəsi ilə rejissorun digər nəhəng büdcəli filmlərinin ortalama büdcəsindən aşağıda qalır. Oskarlı Mark Rylance ilə ilk dəfə işləyən Nolan, Tom Hardy, Cillian Murphy kimi ulduzlara vacib rollar verməsə də növbəti dəfə onlarla çalışır. Məşhurlarla bərabər çox hiss etməsək də baş rol olan 20 yaşlı Fionn Whitehead ilk film təcrübəsini Dunkirk ilə yaşayırdı.
Dərin və beyin yormamıza səbəb olan Nolan dialoqlarından kasad olan filmdə Hans Zimmer musiqisi hər an zövq oxşayır. Amma fikrimizcə filmin ən möhtəşəm nüansı operator işi idi. Spectre (2015), Interstellar (2014), Her (2013), Tinker Tailor Soldier Spy (2011), The Fighter (2008) kimi məşhur filmlərin də operatoru olan isveçrəli Hoyte Van Hoytema başdan sona möhtəşəm rakurs və səhnələrlə göz oxşayır. Blade Runner 2049 filmində 13 Oskar namizədliyi olan operator Roger Deakins daha yaxşı olmasa çox güman Oskar Hoyte-nin olacaq.
Film müharibə və tarixi mövzusu ilə bu qəbildən olan ən yaxşılardan biri kimi qiymətləndirilə bilər. Sadəcə Nolan üslubundan müəyyən qədər kənar olması izləyicilər arasında birmənalı qarşılanmaya da bilər. Tənqidçilərə üz tutsaq film haqqında review-ların sayı artsa da Metacritic və Rotten Tomatoes kimi 2 nüfuzlu film saytında reytinq 96-nı qoruyur. IMDb Staff isə nisbətən daha aşağı 8,6 səviyyəsində qiymətləndirir hələki.
FAKTLAR: (BU HİSSƏDƏ SPOİLER GÖRƏ BİLƏRSİZ)
Filmdə "Nolansayağı" məqam da var idi. Rejissor filmi zaman kəsimində 3 hissəyə bölmüşdü. Donanmanın yerləşdiyi sahil 1 həftəlik periodda, Şəhər 1 günlük periodda, Hava hücumu/müdafiəsi 1 saatlıq periodda cərəyan edirdi. Xronologiya ilə bir xeyli oynayan Nolan bəzən eyni hadisəni 3 müxtəlif zaman kəsimində fərqi vaxtlarda göstərirdi.
* Nolan ənənəsinə sadiq qalır və yenə də vizual effektlərdən minimum dərəcədə istifadə edir. Bir çox döyüş və gəmi səhnələri həqiqətən reallaşdırılır - Nolan filmlərinin əsas qüvvəsi - reallıq özünü göstərir.
* Nolan məvacib kimi film gəlirlərindən 20% almaq əvəzinə fix 20 milyon dollar almağa razılaşır. Müqayisə üçün deyək ki, bu rəqəm Peter Jackson-un hələ 12 il əvvəl King Kong (2005) filmi üçün aldığı məvacibə bərabərdir.
* Dunkirk ssenarisini Nolan-ın tək yazdığı 3-cü filmdir. İlk 2 film debüt filmi Following (1998) və Inception (2010) idi. Rejissorun ssenari işində iştirak etmədiyi yeganə filmi Insomnia (2002)-dır.
* Nolan-ın Hans Zimmer-lə işlədiyi 6-cı filmdir.
* Filmin tam ssenarisi 76 səhifə idi.
* Rejissor Dunkirk üçün əsasən bu 3 filmdən ilham aldığını söyləmişdi: Greed (1924), Intolerance (1916), Sunrise: A Song of Two Humans (1927).
* 1 saat 46 dəqiqə ilə Dunkirk, Following (1998)-dən sonra ən qısa Nolan filmidir.
* Tom Hardy-nin filmdə söylədiyi cəmi 10 cümlə var idi.
* Rejissor Dunkirk-i çəkməyi 11 il əvvəlki Prestige filmindən bəri planlaşdırırdı.
MÜSBƏTLƏR
1. Vizual effektlərdən minimum istifadə.
2. Möhtəşəm operator işi.
3. Bütün səhnələrlə tamamilə uyğun fon musiqisi (Hans Zimmer çox yaşa)
4. Rəng korreksiyası
5. Orijinal xronoloji keçidlər.
6. Səs effektləri həmişəki kimi möhtəşəm idi.
MƏNFİLƏR
1. Filmdə məna dərinliyi və personajların formalaşdırılması öyrəşdiyimiz Nolan səviyyəsində deyildi.
2. Maraqlı dialoqlar və həmişəki incə yumordan nisbətən məhrum idik.
3. Film fərdə yox hadisəyə fokuslansa belə demək olar heç kimdə möhtəşəm ifa görmədik.
0 comments:
Yorum Gönder