Citizen Kane (Vətəndaş Kane) Filminin Orijinal Analizi


  Kinematoqrafiya tarixinin ən dəyərli əsərlərindən biri
olan Orson Welles-in Citizen Kane filmi 1941-ci ildə ekranlara çıxmışdır. Zamanının çox çox irəlisində olan bu möhtəşəm əsər hal-hazırda tarixin ən yaxşı filmlərindən hesab edilir. 



  Bir çox çəkiliş texnikalarının ilk dəfə istifadə olunması ilə bərabər, film o illərdə layiq olduğu dəyəri görə bilməmişdir. Buna səbəb isə filmdə bəhs edilən o vaxtki Amerikada mətbuat sahəsində ən böyük iş adamlarından olan Charles Foster Kane personajının real şəxsiyyət William Randolph Hearst-dan ilhamlanmış olması, hətta aşkarca onun həyatını əks etdirməsiydi. Onun haqqında belə bir film çəkilməsini bəyənməyən Hearst mətbuat sahəsində olan imkanlarından istifadə edərək filmi hər fürsətdə pisləyir. İş adamının bu cəhdləri nəticəsiz qalmır və film böyük uğursuzluğa düçar olur. Kinoteatrlarda cəmi 1 - 2 həftə nümayiş olunan film Akademiya mükafatlandırma mərasimində də auditoriya tərəfindən alqışlanmır, 9 nominasiyada namizəd olmasına baxmayaraq, yalnız ən yaxşı ssenari nominasiyasında Oskar qazanır. Qeyd edək ki, o vaxt 25 yaşında olan gənc Orson Welles indiyədək Akademiya mükafatına həm prodüser, həm rejissor, həm ssenarist, həm də baş rol aktyoru kimi namizəd olmuş yeganə şəxsdir.



  Film nəhayət 50-ci illərin ortalarında yenidən kinoteatrlarda göstərilməyə başlayır və layiq olduğu dəyəri əldə edir. Akademiya bu səhvlərin bağışlanması üçün 30 il sonra - 1971-ci ildə Welles-ə fəxri Oskar verir. Citizen Kane Amerika Film İnstitutu (AFI) tərəfindən 1998-ci və 2007-ci illərdə tarixin ən yaxşı filmi elan edilib. Filmdəki məşhur "Rosebud" sözü isə "Filmlərdən unudulmaz 100 söz"   siyahısında 17-ci yerdədir. 



  Deyilənə görə, Orson Welles filmin San Francisco-dakı premyerasına gedərkən liftdə William Randolph Hearst ilə qarşılaşır. Welles atası ilə dost olan Hearst-ı filmi izləməyə dəvət edir, lakin Hearst təklifi qəbul etməyərək liftdən çıxır. Welles isə arxasından yüksək səslə "Charles Foster Kane qəbul edərdi." deyir.


  Çəkilişlərə başlayarkən Welles studiya rəhbərlərinin narahat etməməsi üçün onlara çəkilişlərə başlamadıqlarını, sadəcə məşq etdiklərini demişdi. Studiyanın bunu başa düşməsi 1 həftə çəkmişdi. Filmdə Kane-in kütlə qarşısındakı nitqi səhnəsində əslində dinləyicilər sadəcə hərəkətsiz bir şəkil idi. Hərəkət effekti vermək üçün o vaxt irəli texnologiya hesab olunan işıqlandırma üsullarından istifadə edilmişdi. 



  Həmçinin qarşı qarşıya qoyulmuş iki güzgünün istifadə olunduğu səhnə də o vaxtadək görülməmiş bir şey idi və sonralar bir çox filmdə istifadə olunmağa başladı.



  Welles çəkiliş zamanı malikanənin pilləkənlərindən yıxılmış və 2 həftə boyunca əlil arabasında gəzməli olmuşdu. Buna baxmayaraq çəkilişləri saxlamayan rejissor ayaq üstə durmalı olduğu səhnələrdə metal protez ayaq istifadə edirdi. 



  Kane-in qoca halını əldə etmək üçün Welles gecə     
02:30-da qrim stuluna oturur və səhər 09:00-da çəkiliş üçün hazır olurdu.



  Çəkilişlər müddətində rejissor qəsdən ikinci xanımı Susan Alexander-i canlandıran aktrisa Dorothy Comingore-a  bütün çəkiliş qrupu önündə kobud və alçaldıcı davranırdı ki, personajının ondan daha çox nifrət etməsinə nail ola bilsin.


  Kane-in Susan-ın otağını darmadağın etdiyi səhnə yalnız 1 dubla çəkilmişdi. Welles özünü rola o qədər vermişdi ki, əlini də kəsmişdi. Səhnəni bitirdikdən sonra isə o demişdi : "Bunu həqiqətən hiss edərək etdim." 



  Filmin orijinal lentləri qalmayıb, 70-ci illərdə bir yanğında məhv olub. 
  Filmin nümayişindən illər sonra Orson Welles fanatları ilə yemək yeyərkən bir nəfər ona sual verir : "Əgər Kane öləndə yanında heç kim yox idisə, onun son sözünün Rosebud olduğunu necə bilə bilərlər ?" Welles bir müddət düşünür və cavab verir : "Bu barədə heç kimə demə."


Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder