2001 : A Space Odyssey 1968-ci ildə ekranlara çıxmışdır. Zamanının çox irəlisində olan film kinematoqrafiya tarixinin ən yaxşı elmi-fantastika filmidir desək, yanılmarıq. 2001 : A Space Odyssey Artur C. Clarke-ın qısa hekayəsindən Kubrick və Clarke tərəfindən ekrana uyğunlaşdırılmış, eyni vaxtda hekayəni romana çevirən yazıçı Kubrick-in xahişi ilə kitabı filmin premyerasından sonra satışa buraxmışdır.
Texnikanın inkişafının insan həyatındakı rolunu hələ insanlığın erkən dövrlərində ilk alətin kəşf olunmasından başlayaraq, ən üstün süni intellektin yaradılmasına qədər maraqlı keçidlərlə ələ alan rejissor kosmos əsrinin başlaması ilə milyonlarla il təkamül keçirərək mükəmməlləşmiş insanın kosmosda necə möhtac olduğunu və özü yaratmış olduğu alətlərin idarəsini itirdiyini tamaşaçıya göstərir.
Hələ insanların aya ayaq basmasından əvvəl filmdə ay səhnələrini çəkən rejissor mükəmməliyyətçiliyinin üst səviyyələrində hər bir incə detalı ayrılıqda işləmiş və hər şeyin inandırıcı alınması üçün illər sərf etmişdir.
İlk 25 və son 23 dəqiqəsində heç bir dialoq olmayan iddialı filmin çəkilişlərinə hazırlaşmaq üçün onlarla elmi-fantastik film izləyən Kubrick filmdə istifadə olunacaq müxtəlif kosmik mexanizmlərin dizaynı, yaradılması və rənglənməsinin bir insan tərəfindən 13 ilə başa gələcəyini hesabladıqdan sonra bu işi 1 ildə tamamlamaları üçün 13 insanı işə götürür.
Əsas kəşfiyyat gəmisi saatda 5 km sürətlə döndürülməsi nəzərdə tutulmuş hər biri 12 metr diametrində iki çevrədən ibarət idi və təyyarə firması Vickers-Armstrong tərəfindən 750.000 dollara düzəldilmişdi.
Ay səthindəki səhnələrin çəkilişi üçün tonlarla qum idxal etdirib, yudurtub, rənglətdirən rejissor kosmonavt geyimi içərisində tənəffüs səsinin aydın eşidilməsi üçün də geyimlərə xüsusi mexanizm əlavə etmişdi. Deyilənə görə, Kubrick bu film üçün düzəltdiyi bütün qurğuları, kostyumları və çəkiliş setlərini sonralar yenidən istifadə olunmasın deyə çəkilişlərdən sonra qırıb məhv etmişdi.
Astroboy (1963) televiziya serialını izlədikdən sonra Kubrick bədii rəhbər kimi əfsanəvi manga yaradıcısı Osamu Tezuka ilə işləmək istəsə də, o bu təklifi müəyyən gediş-gəliş problemlərinə görə təəssüflə geri çevirir. Filmin yayımlanmasından sonra Osamu Tezuka Kubrick-ə filmi çox bəyəndiyini və iş zamanı musiqilərinə qulaq asdığını yazan bir məktub göndərir.
Filmdə istifadə edilmiş süni intellekt - HAL 9000 kompyuteri maraqlı məqamlara səbəb olmuşdu. Bir çox mübahisələrə səbəb olan məsələlərdən biri bu idi ki, "HAL" sözünün hər bir hərfini əlifbada özündən sonrakı hərf ilə dəyişdirdikdə "IBM" sözü alınır.Yazıçı Arthur C. Clarke dəfələrlə bunun təsadüf olduğunu və əvvəldən bilsəydi dəyişdirmiş olacağını deyib. O, HAL-ı Heuristic Algorithmic Computer (Evristik Alqoritmik Komyuter)-in qısaltması kimi təsvir etmişdi. Filmdə IBM şirkətinin məhsulları da bir çox səhnədə istifadə olunub.
Clarke açıqlamışdı ki, Stanley Kubrick filmin premyerasından əvvəl süni intellektin kəşf olunması zamanı özünü dəyəcək zərərdən sığortalamaq istəyirdi. Sığorta şirkəti isə bu tələbi qəbul etməmişdi. Məşhur astronom Carl Sagan bu barədə bildirmişdi ki, yaxın zamanda o səviyyədə bir süni intellekt sisteminin yaradılması qeyri-mümkündür, sığorta şirkəti böyük bir məbləği əlindən qaçırıb.
HAL ilə bağlı məsələlərdə Kubrick ilə Clark bəzi anlaşmazlıqlar yaşamışdılar. Bunlardan biri HAL-ın kosmonavtların dodaqlarını oxuyaraq söhbətlərini başa düşməsi ilə əlaqəli idi. Clarke bir kompyuterin belə bir xüsusiyyətə malik olmasının mümkünsüz olduğunu israrla deyirdi. İllər sonra kompyuterlərdə bu xüsusiyyətin inkişaf etdirildiyini öyrəndikdə Clarke Kubrick-in başından bəri haqlı olduğunu qəbul edir.
Filmin bu dərəcədə məşhurlaşmasının əhəmiyyətli səbəblərindən biri də vizual effektləri olmuşdur. Kubrick vizual effektlərdən minimal istifadə etmişdi. Effektlərin inandırıcı alınması üçün 18 ay işləyən rejissor bu sahədə
6.5 milyon dollar (Filmin ümumi büdcəsi 10.5 milyon dollar idi) xərcləmişdi. 2001 : A Space Odyssey filminin vizual effektləri Kubrick-ə ilk və tək Oskarını qazandırıb.
Kubrick kosmik gəminin içərisində havada süzülən qələmin inandırıcı effekt yaratması üçün aylar boyunca müxtəlif üsüllar yoxlamışdı. Dəfələrlə uğursuz nəticə əldə etdikdən sonra nəhayət sadəcə nazik şüşə lövhəyə yapışdırılmış və kameradan iplə asılmış qələm istifadə etməyə qərar verir.
Filmdə əvvəlcə kitabdakı kimi sonda Dave-in Yupiterə yox Saturna getməsi nəzərdə tutulmuşdu. Lakin o vaxtın vizual effektləri Saturnun ətrafındakı halqalarını təsvir etməyə imkan vermədiyindən Kubrick bu dəyişikliyi etməli olur. Christopher Nolan son filmi Interstellar-da bir çox səhnəni ən sevdiyi film olan 2001 : A Space Odyssey-dən ilhamlanmış və Kubrick-in xatirəsinə insanların yeni məskunlaşma yeri olaraq Saturnu təsvir etmişdi.
Filmin və kitabın şərəfinə NASA da bir Mars orbitinə 2001 Mars Odyssey adını verib.
Filmdə Stanley Kubrick-in qızı Vivian Kubrick kiçik bir rolda- Dr. Floyd-un qızı rolunda iştirak etmişdi.
Son səhnələri çəkmək üçün Keir Dullea (Dave) 12 saat qrim stulunda oturmalı olurdu. Film haqqında maraqlı faktlardan biri də odur ki, son səhnədə Dave-in otaqda dayandığı 5 fərqli yeri xətlərlə birləşdirsək, ulduz şəklini alarıq.
Filmin nümayişindən 1 il sonra Neil Armstrong və Buzz Aldrin ilk dəfə aya ayaq basırlar. Öncədən filmi izləyən Armstrong çox təsirləndiyini və hətta aya enərkən ilk işinin ərtafda nəhəng qara daş axtarmaq olduğunu demişdi.
Film hal-hazırda tarixin ən yaxşılarından biri kimi qiymətləndirilsə də, ilk vaxtlar kinoteatrlarda o qədər də maraq görməmişdi. Hətta premyerası zamanı 241 nəfər salonu tərk etmiş və hətta bəziləri "Kimsə bizə açıqlayacaqmı bu axmaq film nə haqqındadır?" deyə qışqırmışdı. Arthur C. Clarke isə belə cavab verir : "Əgər siz '2001'-i tamamilə başa düşsəydiniz, biz uduzardıq. Biz filmin cavab verdiyimizdən daha çox sual yaratmasını istəyirik".
kubrick2001.com saytında filmin maraqlı açıqlaması verilmişdir.
0 comments:
Yorum Gönder