1977-ci ildə 4 Oskarlı böyük aktyor-rejissor Woody Allen-in
gözəl və istedadlı aktrisa Diane Keaton ilə baş rollarını paylaşdığı Annie Hall filmi ekranlara çıxır. Komediya və melodram janrlarını özündə birləşdirən film sadə üslubu, əyləncəli ssenarisi və maraqlı personajları ilə izləyicilərin rəğbətini qazanmışdı. "Big Five" adlanan 5 əsas nominasiyada (ilin ən yaxşı filmi, ən yaxşı aktyor, ən yaxşı aktrisa, ən yaxşı rejissor və ən yaxşı ssenari) Oskar mükafatını yalnız ən yaxşı aktyor mükafatına görə ala bilməmiş film 93 dəqiqə ilə ilin filmi Oskarını qazanan ən qısa ikinci film olmuşdur (Birinci isə 91 dəqiqəlik Marty (1955) filmidir). 168 min səs ilə 8,1 IMDb xalı alan film Top 250 siyahısında 180-ci yerdədir.
Diane Keaton ilə uzun müddət birlikdə olmuş rejissor bu filmi də aktrisaya həsr etmişdir. Belə ki, Diane Keaton-un əsl adı Diane Hall-dır və Annie isə aktrisanın ləqəbidir. Yəni əslində Annie Hall personajı Diane Keatonun özüdür və filmdəki münasibətlər də müəyyən mənada cütlüyün real münasibətlərini əks etdirirdi. Aktrisanın personaj ilə oxşarlığını göstərmək məqsədilə Allen bir müsahibəsində demişdi: "Real həyatda Keaton Allaha inanır, lakin o həm də inanır ki, radio içində kiçik insanlar olduğu üçün işləyir."
Həmçinin qeyd etmək lazımdır ki, filmdə Annie-nin o vaxt qısa müddətə Amerikada dəb halına gələn geyimləri Diana Keaton-un öz paltarları idi.
Filmdə Annie kinoteatrın qabağında onu gözləyən Alvy-nin yanına çatanda Alvy ona "Burada Xaç atasının aktyorları ilə dayanmışam" deyir. Alvy-ni narahat edən Ralph personajını canlandıran aktyor Rick Petrucelli həqiqətən də Godfather (Xaç atası) filmində epizodik bir rolda çıxış etmişdi. Maraqlı burasıdır ki, Alvy Annie-nin görmək üçün Xaç atası aktyorlarından qaçır, əslində isə Diane Keaton da Godfather-də Kay Adams personajını canlandırmışdı.
Növbəti səhnədə onların baxmaq istədikləri, lakin gecikdikləri film Ingmar Bergman-ın Face to Face (1976) filmi idi. Woody Allen dahi rejissora rəğbətini öz filmində bu yolla bildirmişdi. Başqa bir film üçün növbədə gözləyərkən yaşanan maraqlı səhnədə iştirak edən kanadalı mütəfəkkir Marshall McLuhan Allen-in ilk seçimi deyildi. O əvvəlcə Federico Fellini və Luis Buñuel-i düşünmüş, lakin hər ikisi rolu geri çevirmişdi.
Filmin ən maraqlı səhnələrindən biri xərçəng bişirmə səhnəsi idi. Bu səhnədə Annie-nin Alvy-nin xərçənglə çəkdiyi şəklin daha sonra evinin divarında asılı olduğunu görə bilərik.
Alvy və Annie-nin psixoloqları ilə danışdıqları səhnə iki fərqli səhnənin birləşməsi kimi görünür. Əslində isə bu səhnə bir divar ilə ayrılmış çəkiliş setində eyni vaxtda çəkilmişdi.
Digər bir səhnədə Alvy-nin kokainin içinə asqırması əvvəlcədən ssenaridə yox idi və sadəcə kiçik bir qəza idi. Çəkiliş qrupunun reaksiyasını görən Allen bu səhnəni filmə daxil etməyi qərara alır.
Alvy-nin məktəbdəki sinfinə getdiyi flashback səhnəsində müəllimənin lövhəyə "Çərşənbə axşamı, 1 dekabr" yazdığını görürük. 1 dekabr Woody Allen-in ad günüdür.
Film üçün Annie və Alvy-nin cəhənnəmi ziyarət etdikləri xəyali bir səhnə də çəkilmişdi, lakin sonradan silindi. Woody Allen bu səhnəni 20 il sonra çəkdiyi Deconstructing Harry(1997) filmində yenidən canlandırır.
0 comments:
Yorum Gönder