1995-ci ildə Bryan Singer-in şah əsəri - klassiklərdən olan Usual Suspects
filmi işıq üzü görür. Sonralar X-Men seriyasının 3 filmini, Superman Returns, Valkyrie kimi məşhur filmləri də çəkəcək Singer-in 2-ci uzun-metrajlı filmi cinayət janrının ən yaxşılarındandır.
35 günə 6 milyon dollar büdcə ilə çəkilən Usual Suspects namizəd olduğu 2 nominasiyada da - ən yaxşı köməkçi aktyor (Kevin Spacey) və ən yaxşı orijinal ssenari (Christopher McQuarrie) mükafatı qazanır. 8,6 IMDb, 77 Metascore xalı olan film IMDb reytinqində 23-cü yerdədir. Film həmçinin IMDb-nin xalq səsverməsində Sixth Sense (1999), Crying Game (1992) və Witness for the Prosecution (1957) filmlərini qabaqlayaraq ən gözlənilməz sonluğa malik film seçilmişdi.
Ssenarisi və qəddar personajı Kayzer Soze ilə daha çox önə çıxan şedevr filmin ssenaristi McQuarrie-ni Edge of Tomorrow, Jack Reacher (həçinin rejissoru idi), Valkyrie, Tourist kimi filmlərin ssenaristi kimi görürük. Filmin ideyasının sinemada növbə gözləyərkən ağlına gəldiyini deyən McQuarrie ilkin formada sadəcə yanyana düzülmüş 5 nəfər cinayətkarın olduğunu açıqlamışdı.
Ssenarini 6 aya tamamlayan McQuarrie filmin 9 müxtəlif versiyasının olduğunu demişdi. Filmdəki Kayzer Soze obrazını formalaşdırarkən 17 il əvvəl anasını öldürən canidən ilham alan ssenarist bu adın əvvəlcə Keyser Sume olmasını istəyirdi. Keyse Sume ssenaristin bir vaxtlar müdiri olduğundan onun etirazı ilə ad dəyişdirilir.
Filmdəki personajların adları McQuarrie-nin gənc yaşlarında işlədiyi dedektivlik bürosundakı iş yoldaşlarının adlarıdır. Keyzer adı da bəzi dillərdə imperator deməkdir. Ssenaristi filmdə də görürük. Ən son səhnədə Dave Kujan-ın arxasında kameraya gülümsəyən polis məmuru McQuarrie-dir.
İfası ilə ilk Oskarını qazanan və dəfələrlə ən qəddar personajlar siyahılarında ön sıralarda olan Kevin Spacey Oskarını alarkən: "Kayzer Soze hər kimdisə bu gecə çox pis sərxoş olacaq." demişdi. Soze personajı birbaşa Spacey üçün formalaşdırılmışdı. Beyin qüsurlu xəstələrin davranışları üzərində həkimlərlə danışıqlar aparan aktyor daha real görünmək üçün sol əl barmaqlarını film boyu bir-birindən ayırmır. Topal insanın ayaqqabısının yandan aşınmış olacağını düşünən aktyor ayaqqabını yonmuşdu.
Spacey-in Verbal obrazın məşhur sözü - "Şeytanın ən böyük hiyləsi dünyanı özünün mövcud olmadığına inandırmaqdır." fransız şair Charles Baudelaire-dən sitatdır. Həmin sözü baş rollarında Gabriel Byrne və Kevin Pollak olan End of Days (1999) filmində də eşidirik.
Mürəkkəb ssenarini bir dəfə oxuyub başa düşən Spacey buna inanmayıb ssenarini ikinci dəfə oxumuşdu.
Polis Dave Kujan rolu üçün Al Pacino-ya ciddi təklif göndərilir. Pacino Michael Mann-ın Heat filminə görə bu roldan imtina edir. Filmi izlədikdən sonra Pacino: "Bu rol imtina etdiyimə görə ən çox peşman olduğum roldur." demişdi. Rol Chazz Palminteri-dən əvvəl Robert De Niro və Christopher Walken-ə də təklif edilmişdi.
Məşhur aktyor Benicio Del Toro filmə Kevin Spacey-in məsləhəti ilə seçilmişdi. Qəribə ləhcə ilə danışan Del Toro aktyorları çətin vəziyyətdə qoyurdu. Çəkilişlərdən sonra baş rol Gabriel Byrne: "Film boyu onun nə dediyini anlamadım." demişdi. Bir film festivalında "Kayzer Soze kimdir?" sualına isə aktyor belə cavab vermişdi: "Film çəkilərkən və indi izləyənə qədər mən olduğumu düşünürdüm."
Filmdəki bütün aktyorlar ortalama maaşlarından daha aşağı məvacib almışdı. Gördüyümüz bütün zümrüdlər isə orijinal idi və film üçün müvəqqəti götürülmüşdü. Filmdəki qızıl alışqan və saat isə Kayzer Soze-nin kim olduğunu əvvəlcədən bizə deyirdi. Verbal polis şöbəsindən buraxılanda bu şəxsi əşyalarını götürür. Həmin saat və alışqanı filmin əvvəlində Kayzer Soze istifadə edirdi.
Kayzer Soze-nin üzünün görünmədiyi səhnələrdə onu 5 müxtəlif aktyor oynayır. Gabriel Byrne və Kevin Spacey-in üzlərinin bir hissəsi Kayzer Soze səhnələrində görünür. Flashback səhnələrdə Soze uzun saçlı, mistik görünüşlü aktyor tərəfindən oynanır. Soze-nin siqaret çəkəndə görünən əli filmin bəstəkarı və montajçısı John Ottman-ın əlidir. Kayzer Soze-nin ayaqları görünən səhnələrdə isə rejissor Bryan Singer-in ayaqlarını görürük.
0 comments:
Yorum Gönder