Alfred Hitchcock-un Psycho Filminin Orijinal Analizi



1960-cı ildə bir çoxları üçün tarixin ən yaxşı rejissoru hesab olunan,
Vertigo, Rear Window, North by Northwest, Rebecca, Birds kimi unudulmaz klassik filmlərin rejissoru Alfred Joseph Hitchcock-un ilk qorxu filmi Psycho işıq üzü görür. Mistika və triller janrları ilə şöhrət qazanan dahi rejissorun son uzun-metrajlı ağ-qara filmi də Psycho-dur.



  Ən yaxşı köməkçi aktrisa, rejissor, operator və dekorasiya nominasiyalarında Oskara namizəd olan filmin 363 min səs əsasında 8,6 IMDb xalı var. Paramount film şirkəti Psycho-nun səs gətirməyəcəyini düşünüb film üçün sadəcə 800 min dollarlıq büdcə ayırmışdı. Filmin gəliri 50 milyon dolları keçir və ən çox gəlir gətirən Hitchcock filmi olur.



  Hitchcock cəmi 9 min dollara Robert Bloch-dan anonim romanın hüquqlarını alır. Paramount-la sonuncu dəfə işləyən rejissor film haqqında: "Psycho effektinin 33%-i musiqi səbəbilə oldu." demişdi. Oskarlı bəstəkar Bernard Herrmann-ın işini çox bəyənən Alfred sənətkara maaşının 2 mislini - 34.500 dollar ödəyir.

                             

  Əvvəlcə filmin ən məşhur səhnəsi - duş səhnəsini səssiz çəkməyən istəyən Hitchcock Herrmann-ın təkidi ilə həmin səhnələri musiqi ilə çəkir və çox bəyənir. Filmin ssenarisinin məxfiliyini hər vəchlə qorumağa çalışan rejissor çəkilişlərdən əvvəl satışda olan romanın demək olar hamısını alır. Çəkiliş heyətinə ssenarini gizli saxlayacaqlarına dair and içdirən Alfred aktyorlara da ssenarinin sonunu göstərmirdi.



  Filmin premyerasından sonra 22 Oskarlı Walt Disney  Hitchcock-a Disneyland-da film çəkməyə icazə vermir, çünki onun deyişiylə Hitchcock "iyrənc filmi - Psycho-nu" çəkmişdi. Hitchcock çəkilişləri 1 aya tamamlanan filmə görə Audrey Hepburn-la işləmək istədiyi No Bail for the Judge filmindən də vaz keçməli olur.



  Filmdə Hitchcock-un növbəti qorxu filmi Birds-a da mesajlar var. Filmin əsas personajlarından Marion-un soyadı Crane-dir (durna). Norman Bates-in hobbisi quşlarla bağlı idi. Bir səhnədə isə Marion-un quş kimi yemək yediyi deyilir.



  Hitchcock qan səhnələrində şokolad siropundan istifadə edirdi. Rejissor ağ-qara filmlərdə bunun daha real göründüyünü demişdi. Hitchcock-a bir gün qəzəbli atadan qızının Les Diaboliques (1955) və Psycho filmlərinə baxdıqdan sonra duş qəbul edə bilmədiyi yazılan bir məktub gəlir. Alfred-in cavab məktubu qısa olur: "Onu quru təmizləməyə yolla."



  Bir çox filmlərində epizodik məqamlarda görünən Hitchcock-u bu filmdə də Marion-un ofisinin həyətində kovboy papağı geyinmiş görürük.



  Filmin əsas obrazı Anthony Perkins-in canlandırdığı Norman Bates idi. Hitchcock çəkiliş müddətində hamının aktyora "Master Bates" (Usta Bates) deməsini tənbehləyir. Filmin çəkilişlərindən sonra Perkins heç vaxt Norman Bates obrazı haqqında danışmır. Bates personajı ən qəddar personajlar siyahısında da daim gördüyümüz simalardandır.



  Rejissor yalnız Perkins və Janet Leigh-a improvizəyə icazə vermişdi. Norman-ın həmişə şirniyyat yeməsi aktyorun istəyi idi. 40 min dollar maaş alan Perkins-in taleyi personajı ilə oxşar idi. Belə ki, aktyor da 5 yaşında atasını itirmiş, anası ilə böyümüşdü. Perkins həmçinin 1983, 1986, 1990-cı illərdə davam kimi çəkilən 3 filmdə baş rolu oynamış, Psycho 3 filminə rejissorluq etmişdi.



  Filmdə ifası ilə Oskara namizəd olan yeganə sənətçi Janet Leigh idi. Perkins ilə eyni maaşı alan aktrisadan əvvəl rol üçün məşhur aktrisa Lara Turner da düşünülmüşdü. Duş səhnəsi çəkilərkən narahatlıq yaşamadığını söyləyən aktrisa filmi izlədikdən sonra bir qadının duşda necə müdafiəsiz olduğunu anladığını söyləmişdi. Filmdən sonra onu hələ də Marion kimi qəbul edən bir nəfər aktrisaya təhdid məktubları yollamışdı. Məsələ FBI-ın da işə qarışması ilə həll edilir.



  Çəkilişlərə hazırlaşmaq üçün cəmi 3 həftə vaxtı olan aktrisa 1 həftə sadəcə duş səhnəsi üçün məşq edir. Filmlərində büstqalterlərə qəribə marağı olduğu sezilən  bu filmdə də bəzi incə mesajları onlar vasitəsilə verir. Filmin əvvəlində Leigh-i ağ büstqalterdə görürük. Burada Hitchcock personajı mələk kimi təsvir etmək istəyir. Pulu oğurladıqdan sonrakı səhnələrdə büstqalter qara rəngdə olur. Bu isə artıq onun səhv və ya pis bir iş görməsinə işarədir. Həmçinin oğurluqdan əvvəl Leigh-in portmanatı ağ rəngdə, oğurladıqdan sonra qara rəngdə olur.



  Filmin traileri çəkilişlər bitdikdən sonra çəkilmişdi. Trailerdəki duş səhnəsinə çəkilə bilməyən Leigh-in yerinə filmdə Marion-un bacısı Lila-nı canlandıran Vera Miles çəkilir. Trailerdə duşda qızın üzünün görünməmə səbəbi budur. Çəkilişlərlə paralel 5 Branded Women (1960) filmində də çəkilən Miles buradakı rolu üçün saçını kəsdirmişdi. Psycho-da onu pariklə görürük. 12 Angry Men filmində jüriyə rəhbərlik edən Martin Balsam-ı Psycho-da dedektiv Milton kimi görürük.

                              

  Psycho tualetdən sifon çəkildiyi görünən ilk ABŞ filmidir. 1 aylıq çəkilişlərin 1 həftəsində təkcə duş səhnəsi çəkilmişdi. Bu səhnə üçün 70 müxtəlif kameradan istifadə olunmuşdu və onlarla müxtəlif versiyası var. 2008-ci ildə Oskarlı fransız aktrisa Marion Cotillard Vanity Fair jurnalı üçün fotosessiyasında həmin səhnəni yenidən canlandırmışdı.





Duş Səhnəsi

                              
Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder