M. Night Shyamalan. Haqqında və Filmləri

“Ölü insanlar görürəm!”. Bu replikanı yəqin ki, bilməyən,
eşitməyən kinoman qalmayıb. “The Sixth Sense” çıxdığı dövrdə böyük bir populyar-mədəniyyət fenomeninə çevrilmişdi. O dərəcə ki, adətən qorxu janrındakı filmlərə Akademiya üzvlərinin müəyyən bir hissəsinin marağı olmadığı məlumdursa belə bu janrda film çəkməklə M. Night Shyamalan Oscar-a namizəd olmuşdu. Olduqca da layiqli namizədlik idi. “The Sixth Sense” nəticədə indi də öz populyarlığını qorumağa və filmi spoylersiz izləyənləri şok etməyə davam edir. Bu yazımızda da bu il “Split” filmiylə bir daha gündəmi işğal edən Hindistan doğumlu rejissor M. Night Shyamalandan bəhs edəcəyik.
M. Night Shyamalan və ya həqiqi adıyla Manoj Nelliyattu Shyamalan Hindistanın Mahe şəhərində malayali mənşəli bir ata və tamil mənşəli bir ananın övladı kimi dünyaya gəlib. Yüksək təhsilli bir ailədə böyümüş olan Night, elə özü də yuxarı səviyyəli təhsil almışdır. Öz ölkəsində başladığı təhsil həyatını ABŞ-da davam etdirmiş, Nyu York Universitetində oxuduğu vaxtlarda da özünə ikinci ad kimi “Night”-ı götürmüşdür. Atası özü kimi oğlunun da tibb təhsili almağını istəsə də Night kino sənətinə yönəldi.
İlk filmləri “Praying with Anger” (avtobioqrafik film saymaq olar. Dost-tanışlarından yığdığı büdcə ilə elə tələbə ikən çəkmişdi) və dini mövzülü “Wide Awake” çoxlarının izləmədiyi, gözdən qaçan filmlərə çevrilir amma ssenarist kimi uğur qazana bilir. Məşhur “Stuart Little” filminin ssenaristi olaraq diqqət yığmağa başlayır. Film ölkəmizdə də maraqla qarşılanmışdı. Həmçinin o dövrün gəlir baxımından müvəfəqiyyətli amma tənqidçilərdən çox aşağı ballar alan “She’s All That” adlı romantik komediya filminin də ssenarisində rolu olduğunu demişdi.
Gözlənilməz idi ki, “Stuart Little”-ı yazan adam birdən-birə qorxu janrına yönələr amma Shyamalan bu janrda çəkdiyi və yazdığı ilk filmdə nəhəng uğur əldə etdi. “The Sixth Sense”, baş rollarını Bruce Willis, Toni ColletteHaley Joel Osment-in bölüşdüyü bu film 6 Oscar-a namizəd oldu. (Collette və Osment də daxil olmaqla) 2013-də Yazıçılar Gildiyası filmi Amerikan Kino tarixinin ən yaxşı 50 ssenarisindən biri adlandırdı. Amerikan Film İnstitutu da “Ən Yaxşı 100 Triller”dən biri kimi filmə siyahısında yer verdi. Filmin dramatik ağırlığı o qədər idi ki, Toni Collette ssenarini oxuyarkən filmi “qorxudan çox dram olacağını” düşündüyünü demişdi. Filmdə rejissorun özü kameo rolda göründü. Özü də həkim rolunda. Valideynlərinin istəyinə sadiq qalıb həkim olmasa belə valideynləri onu artıq “həkim” kimi görə bilərdi.

Növbəti filmi “Unbreakable”-da yenidən Bruce Willis ilə işlədi. Superqəhrəman filmlərinin indiki kimi gündəmdə olmadığı bir dövrdə tanınmamış, özünün məhsulu olan bir qəhrəman obrazını yaradıb özünə məxsus üslübüyla filmi çəkən Shyamalan buradan da üzü ağ çıxdı. Filmlərin davamını “Signs” və “The Village” kimi digər uğurlu filmlər təqib etdi. Artıq M. Night-ın özünə məxsus fan kütləsi olduğu kimi, adı “gözlənilməz sonluq”-larla bir çəkilirdi. Hərçənd sonrakı dövr çox da uğurlu alınmadı, “Lady in the Water” ilə böyük uğursuzluq əldə edən rejissorun sonrakı filmi “The Happening” daha böyük tənqidlərə tuş gəldi.



Filmin vermək istədiyi ismarıc qiymətləndirilsə də ümümi çəkilişi, atmosferi, və baş rolda Mark Wahlberg-in ifası tənqid olundu. Mark özü də filmdən narazı qaldığını dilə gətirdi, filmin digər baş rol ifaçısı Zooey Deschanel üçün məyus olduğunu, Zooey-dən əvvəl filmin təklif olunduğu amma cədvəli uyğun gəlmədiyindən filmi rədd edən Amy Adams üçün isə xoşbəxt olduğunu dedi. “The Last Airbender” və “After Earth” də rejisosrun digər tənqid atəşinə tuş gələn filmləri oldu. Hərçənd, belə desək “After Earth”-ü M. Night tək başına çəkməmiş, bir növ filmin prodüseri də olan Will Smith ilə ortaq çəkmişdi. Shyamalan-ın öz filmlərinin uğursuzluğunu müdafiə etməyə çalışması və onu tənqid edənlərə də tənqidlə qarşılıq verməsi də xoş qarşılanmamış, rejissorun imicinə pis təəsürat vermişdi.
Ancaq son dövrlərdə rejissor yenidən özünə qayıdıb. “The Visit” filmi az büdcəsi və normal üslübündan kənara çıxmasına görə diqqət topladı, ilk epizodunu çəkərək bir növ atmoferini sabitləşdirdiyi “Wayward Pines” serialının da ilk mövsümü böyük müvəfəqiyyət əldə etdi. Serialda yenidən Matt Dillon, Terrence Howard, Carla Gugino, Melissa Leo, Toby Jones, Hope Davis, Juliette Lewis kimi nəhəng bir heyətlə işlədi. Belə bir layihəni öz boynuna götürməsi təəcüblü deyildi çünki nəticədə özünün ən bilinən xüsusiyyətlərindən olan “sürpriz sonluq” bu serialda da özünü göstərirdi. Dini mövzülar və ya məsələlərdən təsirlənərək yazılmış hissəciklər, sudan adətənz zəif düşmək metaforası kimi istifadə etmək, müəyyən qəzaların (adətən maşın) bəzi mövzülarında əhəmiyyətli rol oynaması rejissorun digər bilinən xüsusiyyətlərinə daxildir. Və bir də əlbəttə ki, öz sevimlilərindən olan Hitchcock kimi özünün də tez-tez kameo rollarda peyda olması.

Bu il “Split” filminin həm tənqidçilərdən həm də tamaşaçılardan yüksək bal yığması ilə, (diqqət spoyler) filmin sonunda da işarə etdiyi kimi, “Unbreakable” filmiylə birləşdirərək ortaq kainat yaradacağı (spoylerin sonu) yeni filmi “Glass”ın çəkilişlərinə başlayır.



Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder