Burjuaziyanın Kabusu Luis Bunuel


Film bir yuxudur. Kinoteatr salonunda işıqların sönməsi ilə, gözlərimizin yumulması eyni şeydir”

  İspan rejissoru və ssenaristi Luis Bunuel dünya kino tarixində sürrealist axımın yaradıcısı və ən yaxşı davamçısı olmuşdur. 1900-cü il 22 fevralda dünyaya gələn Bunuel, varlı katolik ailəsində böyümüşdür. Artıq uşaqlıqdan dinlə bağlı tənqidlərinə başlamış gələcəyin ateist rejissoru, bir çox filmində də uşaqlığındakı qatı katolik məktəbinin istehzasını göstərəcəkdir. Sonradan Madrid Universitetinə qəbul olmuş, tələbəlik illərində o vaxtlar hələ indiki qədər məşhur olmayan rəssam Salvador Dali ilə tanış olur. Onsuzda gerçəküstü sənətə marağı olan Bunuel, Dali ilə tanış olduqdan sonra bu marağına maraq qatır və onunla birlikdə kino tarixinin ən sirrli filmlərindən biri olan “Un chien andalou” (Əndəlus Köpəyi) (1929) qısa filmi ilə debüt edir.

            

  Bunuel-in dediyinə görə bu qəribə filmin mənasını özü də bilmir, çünki filmin böyük hissəsi iki dostun gördüyü yuxulardan götürülmüşdür. Film heç bir məntiqi açıqlamaya yer verməyən qarışıq qeyri-müəyyən düşüncələrin məhsulu kimi görünür. Filmdə bir çox qəribə və şiddət doğuran səhnələr vardır. Bir qadının gözünün ülgüc ilə kəsilməsi, piano içində eşşək ölüsü və s. Ağlasığmaz görüntülər... Deyilənə görə ilk dəfə bir filmə baxıb uşaq düşürmə hadisəsi də bu filmdə olmuşdur.


 Daha sonra yenə Dali ilə birgə “L'âged'or” (Qızıl Dövr) (1930) filmini çəkmişlər. Bu iki filmlə Bunuel çox böyük  şöhrət qazanır. Artıq ikinci filmi ilə çox böyük cəsarət göstərərək, “dini tənqid, açıq-saçıqlıq, şəhvət, sadizim və anti-milliyətçilikiyi birləşdirir. Marquis De Sade-ın Sadomun 120 Günü əsərindən ilhamlanaraq çəkilmiş film qalmaqala səbəb olur. Ama bu hələ harasıdır...


  Rejissor film dünyasına girmə səbəbini Fritz Lang-ın “Der Müde Tod” filmini əsas gətirir. Dindar ailədə böyüdüyünə görə din ilə münasibətlərini bilir, eyni zamanda zəngin ailədən olduğuna görə isə, həm də yüksək təbəqə insanların həyatları ilə də yaxından tanış idi. Heç kimin xəbəri yox idi ki, Bunel uşaqlıqdan bəri ətrafında olan insanları,hadisələri nəzərində saxlayır və illər sonra - karyerasının son dönəmlərində çəkdiyi filmlərdə yüksək təbəqəli burjua cəmiyyətini çox kəskin tənqidi ilə lağ edib, onları gülünc vəziyyətdə göstərəcək.


  Ümumiyyətlə Bunuel filmlərində burjuaziya ilə din Leyli və Məcnun kimi bir şeydir. Heç vaxt bir birinə qovuşa bilmirlər. Eyni zamanda bir-birlərinə qarşı içdən kin bəsələyən iki tərəf hər dəfə gülünc vəziyyətlərə düşürlər. Hər bir filmində hansısa din xadiminin qəribə vəziyyətə düşdüyü və qeyri-normal bir əməlini görürük.


  Bunuel-in mükafatlarla bağlı ilk böyük uğuru 1950-ci ildə lentə aldığı “Los olvidados (1950) filmi oldu ki, Bunuel bu filmə görə Kann Film Festivalında ən yaxşı rejissor mükafatını qazandı. Yoxsulluq üzərinə olan bu filmdə rejissor öz üslubundan da istifadə etməyi unutmadı. 60-cı illərdə o biraz da “yetkinləşib filmlərinə minimallıq qatır. Xarakterləri daha da ön plana daşıyır. Texniki baxımdan da çox irəliləyiş edir.


   Bundan sonra 1961-ci ilə qədər çəkdiyi 4 filmdə çoxlu mükafatlar alıb, namizədlik qazandı. Və sonra Qızıl Palma Budağını almağı bacardı. Bir çox filmində olduğu kimi varlı-kasıb münasibətlərin çox qəribə şəkildə göstərən rejissor “Viridiana (1961) filmində də bu görüntünün altında xristinalıq dinini şiddətli tənqid etməyə başladı. O, bundan belə həyatının sonuna qədər çəkdiyi bütün filmlərdə bu tənqidi sürdürəcəkdi...


  Ardınca 62-ci ildə “El Ángel Exterminador (1962) filmi ilə Qızıl Palmaya namizəd olub, ala bilməyən Bunuel, Kann Festivalı ilə vidalaşır.


  Artıq “Viridiana” filmində birgə çalışdığı Catherine Deneuve-u yenidən kamera qarşısına çıxardır və çox böyük uğur qazanan filmi “Belle de jour
 (1967) filmi ərsəyə gəlir. Sonradan eyni aktrissa ilə 70-ci ildə yenidən görüşən rejissor “Tristana” filmini lentə alır.


   Yaradıcılığının son işləri elə ən yaxşıları və tanınmışları oldu. 5 il ərzində 3 film ərsəyə gətirən Bunuel özündən sonra davamçı buraxmadan film dünyasından uzaqlaşır. 

  “The Discreet Charm of the Bourgeoisie
 (1972) – Ən yaxşı xarici film nominasiyasında qalib gəlir və ən yaxşı ssenariyə görə Oskara namizəd olur. Aktyor Fernando Ray-in 4-cü Bunuel filmi idi. Sonrakı hər iki filmində də rol alacaqdı. Fernando Ray Bunuel-in ən çox işlədiyi aktyordur.(Bu film rejissorun ilk Oskar namizədliyi idi)


  “The Phantom of Liberty (1974) - Burjuaziyanı tənqid etməyə davam edir. Ancaq filmdə ilk baxışdan görünən sadəcə bu tənqiddən ibarət deyil.


  Və son filmi “That Obscure Object of Desire (1977) – Yenidən ən yaxşı ssenari və Ən yaxşı xarici film kimi Oskara namizəd olur. Özünün daha əvvəl dediyi “film bir yuxudur” anlayışını, son bir neçə filmində açıq aşkar görürük. Hadisələrin yuxudamı, gerçəkdəmi baş verdiyini ayırmaq çətin olur. Bu da filmlin süjet xəttini daha da sirli edir. Hadisələr bir-birini izləmir, çox maraqlı bir hadisənin baş verdiyi anda, rejissor kameranı başqa bir tərəfə yönləndirib, hadisələrlə birbaşa əlaqəsi olmayan bir obrazın üzərindən yeni bir hekayə yaradır. 


   Karyerasının ilkin çağlarından filmlərində kəskin dini və rejimi tənqid edən, şiddət və erotizmi də daxil edən rejissor, sonrakı dönəmlərdə artıq daha mülayim amma əslinə daha ağır şəkildə öz yoluna davam edir. Çatdırmaq istədiyini açıq aşkar göstərmək əvəzinə, simvolik şəkildə və metaforalarla tamaşaçıya özünəxas qara yumoru ilə göstərir. Hər bir sürreal səhnənin altında kəskin tənqid və anarxist ruhu gizlənir.
                         

   Bax bu Luis Bunuel kinematoqrafiyasıdır. Hər kəsin sevmədiyi, çoxlarının izləyə bilmədiyi filmlərin müəllifi. Filmlərinin maraqlı sujet xəttinin olduğunu deyə bilmərəm, bəzən darıxdırıcı ola bilər. Amma bu insanın düşüncəsinə daxil olmaq istəyənlərə filmlərini izləmək kifayətdir.

  Sevdiyi filmlər arasında “Roma” (1972), ”Botleship Potemkin” (1929), ”Goupi Manins Rougers” (1943)Persona (1966), “Paths of Glory” (1957), ”The Treasure of Sierra Madre” (1948) və s.

“Lənətə gəlsin Sevgi ! Yaşasın Dostluq!”

Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder