Müjgan Nəsirzadənin qələmindən |
Devid Finçerin 2010-cu ildə çəkdiyi "Sosial şəbəkə" filmi Feyzbuk sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq haqqındadır. Bu baxımdan filmi bioqrafik saymaq olar. Janrdan məlum olduğu kimi heç bir əkşn və ya həyəcanla inkişaf edən hadisələr yoxdur. Finçerin uğurlu ekran əsərlərindən olan "Sosial şəbəkə" 8 nominasiyada "Oskar"a, 6 nominasiyada isə "Qızıl qlobus" mükafatına namizəd olmuşdu. Zukerberq isə bu filmi qəbul etməmiş və bir müddət feyzbukda filmin səhifəsinin açılmasına icazə verməmişdi.
Finçer bu filmlə tamaşaçıya çatdırmaq istəyirdi ki, hal-hazırki dövrdə biz sosial şəbəkələrdən asılıyıq. Aktyor seçimi də həmişəki kimi qüsursuz idi. Baş rolun ifaçısı Cessi Ayzenberq ən yaxşı aktyor nominasiyasında Oskara namizəd oldu. Sosial mühitdən seçilmək arzusu, sevdiyi qızla (Rooney Mara) olan dava ona yeni sosial şəbəkə yaratmaq ideyasını verir. Filmdə maddiyyat ilə mənəviyyatın müqayisəsi verilir. Mark obrazı çox aydın məqsədi olan insandır. O, hər şeyi unudub Feyzbuku yaratmağı qarşısına məqsəd qoyur. Onun təkəbbürü tamaşaçıda ona qarşı mənfi hisslər aşılayır.
İkinci planın aktyorları əla seçilmişdir. Filmdə musiqinin müşayiəti də harmonikdir. Operator işi də diqqətəlayiqdir. Hər səhnədə rakurs düzgün seçilmişdir. Filmdə tünd rəng qammasına diqqət yetirilmişdir.
Mark sevdiyi qızla olan davadan sonra qızı öz bloqunda təhqir edir. Uinklboss qardaşlarının ideyasını bəyənir və onlara kömək edəcəyinə söz versə də ideyanı oğurluyub özü bu işi tək görür. Film demək olar ki, iri planlarla çəkilmişdir. Baş rol ifaçısı melanxolik-istehzalı obraz kimi yadda qalır. Məhz bu hadisələrin fonunda sadə insanların formalaşması göstərilir. "Sosial şəbəkə" insanların hisləri və həyəcanları haqqında olan dramdır. Burada uzun bir insan hekayəti təsvir olunur. Sadəcə dahi bir insanın həyatının 3 ilinin kiçik bir hissəsi göz önünə gətirilir. Cessi Ayzenberq gənc Mark Zükerberqin rolunu məharətlə ifa edir. İlk dəqiqələrdən qəhrəmanın mimikası, onun başqalarına aydın olmayan fikirlərinin xaotik keçidini əks etdirir. Əsas surət bizə azad, məğrur, ağıllı, özünə-vurğun və çox tənha təsir bağışlayır. Mark özünü istedadlı sayır. Daha dəqiq, o, özünü gənc dahi sayır. O, hamıdan fərqlidir və bunu başqalarının nəzərinə çatdırmaq istəyir. Çoxları razılaşa bilər ki, dahilər çox zaman tənhalığı seçir. Mark tənhalığı arzulayır və hesab edir ki, onun intellektual üstünlükləri və bacarığının əvəzində tənhalıq onun ödəməli olduğudur.
Endryu Qarfild filmdə Markın ən yaxın dostu - Eduardo rolunu ifa edir. Mehriban Eduardo ilə ağıllı Markın yolları ayrılır. Filmdə təkcə Feyzbuk sosial şəbəkəsinin yaranma tarixi deyil, dahinin, insanlar arasındakı həyatı işıqlandırılır. Onun kimi öz ideyaları ilə dünyanı dəyişən dahilər 100 ildən bir doğulur. O, bu saytı yaratmaqla tarixdə ən gənc milyarder kimi tanınır. Onun digər saytlardan fərqi kontakt imkanını yaratmasıdır. Saytın məqsədi yeni dostlar tapmaq yox, köhnələrlə əlaqələri saxlamaq idi.
Film boyu biz Markı ciddi insan, əla proqramist, psixoloq, tələbkar boss, bacarıqlı natiq, menecer və milyonlarla insanın ünsiyyətə girdiyi virtual dünyanın yaradıcısı kimi görürük. Filmin aktyor oyunu möhtəşəm üçlük - Cessi Ayzenberq, Endryu Qarfild, Şon Parker tamaşaçı rəğbətinə layiqdir. Cessi surəti çoxşaxəli olub, tamaşaçıda müxtəlif emosiyalar doğurur. Baş qəhrəman insanı özünə görə həyəcan keçirməyə vadar edir. Lakin ona acımaq olmur. Endryunun öhdəsinə isə ən dürüst, emosional və xarizmatik (amiranə, hökmlü, özünə güvənən) surət yaratmaq düşür. Castin də öz ifası ilə qüsursuz və bəyəniləndir.
Filmə baxarkən sanki belə bir sual yaranır: böyük sərvət və şöhrət gətirən ideyaların həyata keçməsinə görə insan nələrdən keçməyə hazırdır? Dünyamızda hər bir uğurun əks tərəfi də var. Həyatda hər şeyə nail olduqda ən qiymətlini itirmək ehtimalı həmişə olur. Sosial şəbəkənin tarixçəsi iki ürəyin acı ayrılığından başlayır. Filmin tamaşaçıya çatdırmaq istədiyi veb-texnologiya, onun sayəsində əldə olunan sərvət və şöhrət deyil, öz şəxsi-tənhalıq şəbəkəsində donub qalan insandır. Baş qəhrəmanın üzünün iri planlı təsvirlərində soyuqqanlılığı və təkəbbürü aydın sezmək olur. Və çoxları hesab edir ki, bu film sənədlidir. Filmin əsl mahiyyəti odur ki, xoşbəxtlik heç də pulda deyil.
Aktyor seçimi yenə də həmişəki kimi qüsursuzdur. Baş rol ifaçısı Cessi Ayzenberq öz ifası ilə tamaşaçını onun dərdinə şərik olmağa məcbur edir. Film nə spesifik ssenariyə, nə vizual yeniliklərə malik deyildi. Lakin son onilliyin ən yaxşı filmləri sırasında yer ala bilmişdir. Film dostluq, sevgi, paxıllıq, ambisiyalar, istedad və dahilik haqqındadır. İlk kadrından sona qədər gərginlikdə saxlamağı bacarır. Mark Zukerberq obrazı böyük qabliyyətlərə malik idi, böyük qabliyyətlər də böyük ambisiyaları doğurur, onlar da öz növbəsində ideyanı yaradırlar və layihə meydana çıxır. Budur Zukerberq sosial şəbəkəni yaratdı və insanların virtual ünsiyyətini daha da asanlaşdırdı. Amma o, həyatındakı boşluğu qazandığı milyardlar ilə doldura bilmədi. Markın iç dünyası tamaşaçılardan gizlədilmişdir. Yalnız sonda qəhrəmanın həqiqi faciəsini onun yalnızlığında görmək olur.
Filmin əsas üstünlüklərindən biri də onun aktual problemlərə toxunmasıdır. "Sosial şəbəkə" insanlar arasında olan dostluq, paxıllıq və rəqabəti ön plana çəkir. Filmdə rejissor feyzbuk sosial şəbəkəsinin formalaşması fonunda, şəxsiyyətin formalaşmasını göstərmişdir. Sosial şəbəkənin boş, süni dünyasında olan əbədi yalnızlıq isə Markın faciəsidir. "Sosial şəbəkə" pul haqqında yox, dostluq haqqında olan filmdir. Nə vaxt ki, dostluq pul üstündə qurulur, bu artıq dostluq deyil. Bu film digər bioqrafik filmlərdən fərqlənir. Tənqidçilərin rəyinə əsasən "Sosial şəbəkə" Finçerin ən yaxşı filmidir. Film əla peşəkarlıqla, bacarıqla çəkilmişdir. Şübhəsiz ki, aktyor oyunu da diqqət çəkir. Xüsusilə Cessi Ayzenberq və Castin Timberleykin ifası. Finçer bu filmi ilə göstərdi ki, dahilik-nisbilik anlayışıdır. Dahilər çox az doğulur və onların dünyaya gəlişi də diqqətdən kənarda qalmır. Zukerberq də məhz belələrindən idi. Yöndəmsiz, görkəmilə heç nəylə nəzərə çarpmayan Mark, qızların belə xoşuna gəlmirdi. Zukerberq obrazı daha çox şöhrətpərəst, lovğa, küsəyən və kinli olmağı ilə yadda qalır.
Tamaşaçı film boyu mürəkkəb kompyuter terminlərindən darıxmır. Filmdə olan parlaq rəng çalarları da azlıq təşkil edir. Ümumiyyətlə film bir çox aspektlərə toxunur. Finçer bu filmi ilə insanların sosial şəbəkələrdən asılı olduğunu göstərdi. Müasir dövrümüzdə virtual münasibətlərə real münasibətlərdən daha çox üstünlük verildiyini, sosial şəbəkələrin bizim həyatımızın ayrılmaz hissəsinə çevrildiyini insanlara çatdırdı. Bütün süjet sanki, şəxsi və maliyyə maraqlarının toqquşması üzərində qurulmuşdu. Hansı ki, qarşılıqlı ziddiyyətlərə və münaqişələrə aparırdı. Filmin qəhrəmanları öz real prototiplərinə çox oxşardılar. Harvard tələbələrinin həyatı çox gözəl təsvir olunub. Orada insanlar həqiqətən yaradıcılıq və öz məqsədlərini həyata keçirmək üçün daha çox imkanlara malikdirlər.
Aktyor heyətinə gəlincə ən çox Cessi Ayzenberq tərəfindən öz rolu üçün hazırlıqlar aparılmışdır. Endru Qarfild də öz rolu ilə diqqətdən kənarda qalmırdı. Castin Timberleykin isə istedadı digər baş qəhrəmanların fonunda itmirdi. Rejissor feyzbukun yaranma tarixindən insan münasibətlərinin açılmasında istifadə etmişdir. Fikrimcə rejissor dahi bir gəncin timsalında hər kəsə müəssər olmayan, böyük sərvət və şöhrət gətirən, milyonlarla insana, səthi münasibətlər yaratmaq imkanları verib, bircə dərin, dəyərli, insani, etibarlı və sadiq münasibəti əldə etməyin və qorumağın çətinliyini göstərmək istəmişdir. Bəli, veb-texnologiya böyük dünyamızın müxtəlif, çox uzaq guşələrində yaşayan insanları virtual aləmdə, ünsiyyətə girməyə, fikirlərini bölüşməyə, tənhalığını azaltmağa yardımçı ola bilər, lakin real, daha dərin insani münasibətləri əvəz edə bilməz. Filmin daha bir dərin mahiyyəti dostluğun, etibarın, səmimiyyətin maddiyyat adlı aysberqə dəyib parça-parça olmasıdır.
0 comments:
Yorum Gönder