Müjgan tarixi filmlərin analizlərinə davam edir. Bu dəfə məşhur polşalı rejissor Andrzej Wajda-nın Ashes & Diamonds filminə toxunan gənc yazarımızın analizini təqdim edirik.
"Kül və almaz" 1958-ci il, Polşa istehsalı siyasi-dramatik döyüş filmidir. Akademiya Mükafatı ilə mükafatlandırılmış polşalı rejissor Ancey Vaydanın çəkdiyi filmin ssenarisini 1948-ci ildə Yeji Andjeyevskinin eyni adlı romanı əsasında yazmışdır. Ssenarinin yazılmasında Vaydanın da köməyi olmuşdur.
"Kül və almaz" Ancey Vaydanın döyüş Filmləri trilogiyasının sonuncu filmidir. Üçləməni təşkil edən digər iki film 1955-ci il çəkilmiş "Nəsil" və 1957-ci ildə çəkdiyi "Kanal" filmidir. Filmin adı, filmin qəhrəmanının bombardmanda uçmuş bir kilsənin divarında gördüyü XIX əsrdə yaşamış polşalı şair Siprian Norvidə aid bir şeirdən götürülmüşdür. Şeirin sətirlərində, kömürün yüksək istilik və təzyiq altında almaza çevrilməsi faktı göstərilir.
Kanal (1957) filmindən kadr |
Filmdə Milliyyətçi bir xadim olan Macekə (Zibiqnev Sibulski) bir kommunist liderini öldürmək tapşırığı verilir. Macek tapşırıq əsnasında qaldığı oteldə həyata dair fərqli şeylər hiss etməyə başlayır. Vaydanın atası da bir müqavimətçi olaraq nasistlərə qarşı döyüşmüş, 2-ci dünya müharibəsində öldürülmüşdü. Filmdə baş rolda çəkilən Zibiqnev Sibulski Vaydanın çox yaxın dostu idi. Onun 1967-ci ildəki faciəli ölümü (qatarın altında qalaraq ölmüşdü) Vaydaya və onun sonra çəkəcəyi filmlərinə çox təsir etdi.
1959-ci ildə Venesiya Film Festivalında nümayiş olunan filmin rejissoru Ancey Vayda Beynəlxalq Film Tənqidçiləri Federasiyası mükafatını alır. İngiltərədə də həm bu film, həm də baş rolun ifaçısı Zibiqnev Sibulski BAFTA mükafatlarına namizəd olmuşdu. 1994-cu ildə 13-cü, 2007-ci ildə isə 26-cı Beynəlxalq İstanbul film Festivalında nümayiş olunur.
Macek və dostu Ancey, Şuka (Vaslav Zastşejinskiy) adında əhəmiyyətli bir Kommunist liderini öldürmək üçün yol üzərində silahlarıyla pusu qururlar amma səhvən onun yerinə iki sement fabriki işçisini öldürürlər. Döyüşdən əvvəl nasistlərə qarşı birlikdə hərəkət edən milliyyətçi və kommunist yeraltı müqavimət qrupları arasındakı məcburən ittifaq bağlanır. Almaniyanın təslim olub Sovet Ordusunun Polşada tam söz sahibi olmağa başlamasından sonra bu iki qrup arasında döyüş başlanır. Macek və Anceyə Şukanı öldürmələri üçün bir şans daha verilir. Şəhərin ən böyük otelində vali üçün bir ziyafət təşkil edilir. Təşkilat işi ilə prezidentin köməkçisi - Drebnovski məşğul olur. Drebnovski əslində iki tərəfli bir agentdir və filmin başlağıcındakı hücumda da göstərilir. Macek və Anceyə, vali şərəfinə ediləcək mərasimə Şukanın da qatılacağını və bu oteldə qonaq qalacağını xəbər verən də yenə odur. Mərasimin hazırlıqları zamanında Anceylə birlikdə otelə gələn Macek, otelin yaşlı xidmətçisi ilə tez dost olur və özünə Şukanın otağının yanındakı otağı götürür. Bu vaxt Şukanın Marek adında bir oğlu olduğunu tamaşaçı öyrənir. Uşaq itkin düşdüyü üçün Drebnovski onu axtarır. Müharibə başlayanda ondan ayrı düşən arvadı Maria öləndə uşağı bacısı Katerina götürmüşdür. 17 yaşında olan uşaq bir milliyyətçi olaraq böyümüşdür.
Katerina, Şukanın öldürülməsini istəyən milliyyətçi müqavimətçi qrupun liderlərindən biri olan bir polkovnikin arvadıdır. Katerinanın evinə uşağının aqibətini soruşmaq üçün gələn Şuka müsbət bir cavab ala bilmir və kədərli bir şəkildə geri qayıdır. Görünüşü, gün eynəyi və çox da əhəmiyyətli sayılmayan rəftarları ilə Macek bir qatildən daha çox universitet şagirdini xatırladır. Macek otelin barında işləyən Kristinaya (Yeva Kşijevskaya) ilk baxışda vurulur. Macek bu qızla birlikdə yaxınlıqdakı bombardman zamanı uçmuş bir kilsəyə gedirlər. Uçuq kilsənin divarlarından birində Polşalı şair Siprian Norvidin bir şeiri daşa həkk olunmuşdur. Kristina kibrit işığında şeiri çətinliklə oxuyarkən Macek son misraları əzbər tamamlayır... Bir neçə dəqiqə sonra eyni kilsədə dəfn edilmək üçün hazırlanmış iki cənazə görən Macek onların üzərlərindəki örtüyü qaldırdığında dəhşətlə qışqırır, çünki bunlar iki gün əvvəl öldürdükləri işçilər idi.
Bu vəziyyət Macekin dəyişməsini daha da sürətləndirir. Kristinaya aşiq olan və həyata başqa bir gözlə baxmağa başlayan Macek sui-qəsddən tam imtina etmək üzrə ikən Anceyin təkidi ilə vəzifəsini yerinə yetirir və oğlunu axtarmağa gedən Şukanı küçədə öldürür. Ertəsi gün oteldən başı qarışıq bir halda təlaşla ayrılan Macek, ondan şübhələnən əsgərlərin açdığı atəş nəticəsində ağır yaralanır. Sürünərək getdiyi zibillikdə can verir.
Siyasi filmləri ilə məşhur Ancey Vaydanın ilk filmlərindən üçü "döyüş trilogiyası" adı altında yadda qalır. Bu filmlərdən birincisi Vaydanın ilk uzun metrajlı filmidir. "Kül və almaz" filmində baş rol ifaçısı olan Zibiqnev Sibulski, trilogiyanın ilk filmi olan "Nəsil" filmində də oynamışdı. O filmdə məşhur rejissor Roman Polanski də oynayırdı. Rene Kler bu filmin pərəstişkarı idi. Martin Skorsezenin də, ən bəyəndiyi filmlərdən biri olan "Kül və almaz"-ı 2006-cı ildə "The Departed" filminin çəkilişləri zamanı Bred Pitt-ə göstərmişdi. Çünki hər iki filmin baş qəhrəmanları oxşar taleyi yaşayırlar.
Filmdə Sibulskinin paltarları (kürək çantası, günəş eynəyi və s) daha çox 1970-ci illərin universitet tələbələrinin geyimlərinə bənzəyir. Film ekranlara çıxdıqdan sonra Sibulskinin filmdə taxdığı günəş eynəklərinin satışı da çoxaldı. Təəssüf ki, Sibulskinin sonu faciəli oldu, o da 1967-ci ildə qatarın toqquşması nəticəsində öldü.
1961-ci ildə Film Venesiya Beynəlxalq Festivalına göndərildi və bu festivalda rejissor Ancey Vaydaya FIPRESCI (Beynəlxalq Film Tənqidçiləri Federasiyası) mükafatı verildi. Fikrimcə daxili məkan və dialoqlarla film tamamilə darıxdırıcı alınmışdır. Vayda filmi daha çox təsirli çəkə bilərdi. Əsas mövzu kənarda qalmış, əlavə ünsürlər ön plana çıxarılmış və daha qabarıq göstərilmişdir. Aktyorların oyununu da mükəmməl saymaq olmaz. Baş qəhrəman Macek obrazı qatil olmaq istəmir onun arzusu yaşamaq və sevməkdir lakin o dostunun təkidi ilə işi başa çatdırmalı olur.
Bu filmdə dərin və qədim bir kədər var, hansı ki, sözlərlə ifadə etmək çətindir. Macekin (Sbiqnyov Sibulskiy) özünü müdafiəsizliyi tünd eynəyinin böyük şüşələrini arxasında gizlənir. Kədərli istehzayla o öz təsadüfi məşuqəsi Kristinaya (Həvva Kşijevska) deyir ki, bu eynək "Vətənə bölünməmiş sevginin" mənasını verir.
Macek füsunkardır, zərifdir. Müharibə qurtarsa da, onun amansız qaydaları hələ də hökm sürür. Macek isə bunu görür, və ona görə də özünü aldadılmış uşaq kimi hiss edir. Macek köhnə kabusların aydın olmayan dünyasında yaşayır. Müharibə bitsə də hələ də insanların ürəyində davam edir. Burada Tanrı və iblis mübrizə aparır amma döyüş yeri insanların ürəyidir. Filmdə Macek obrazında rejissor, özünü itirmiş, güclü və eyni zamanda zəif insanın taleyində olan tragizmi göstərmişdir. Macek həyatda öz yeri tapmır və ölür.
Film ilk növbədə öz drammatik inkişaf xətti ilə diqqəti çəkir. Final daha faciəlidir. Macekin öldürdüyü kommunist onun doğma atasıdır. Lakin Macek bunu bilmədən gözlərini əbədi yumur. O, sadəcə qurbandır. Macek sanki iki - bir-birinə zidd olan iki cəhdin qarşısında parçalanır: özü ilə arzsunda olduğu sakit həyatın arasında. Son qətl səhnəsi simvolikdir. Sonda Qanlı döşəkağıların altında, çirkli qapı altlıqlarında, bir yığın zibilin içində Macek anlayır ki, bütün bu vaxt ərzində özüylə vuruşurdu. Öz həqiqi arzularıyla. Və, o düşünür ki, axı, həyatı tamamilə başqa ola bilərdi. Yalansız,dinc və sadə insan xoşbəxtliyi ilə dolu olan bir həyat...
"Kül və Almaz" filmi həyatla ölümün arasında olan varlığın dramıdır. Rejissor üslubunun açıq metaforizmi, xüsusilə filmin finalında özünü göstərir. Yaxşı insanın əbədi narahatlığı haqqında olan fəlsəfi, ibrətli hekayəsinin kinayəliliyini təsdiq edir, hansı ki, azadlığı yanmaqda axtarırdı. Bir çox tənqidçilərə görə film heç də birmənalı deyil. Sibulskiy məhz romantik qatildir. Qəhrəman sonda rus əsgərlərinin atəşindən ölür və sual yaranır ki, ədaləti ruslar bərpa etdi?
Filmdə rejissor kommunizmi tənqid edirdi və bu da tezliklə senzuranın hədəfinə tuş gəldi. İkinci dünya müharibəsi Vaydanın yeniyetməlik yaddaşında silinməz izlər buraxmışdı və bəlkə də rejissor "Kül və almaz" filmi ilə öz itirilmiş gəncliyini əks etdirdi. Vaydanın qəhrəmanlarından hər biri ikilidir. Əgər onların xarici maskaları tamamilə adidirsə, onda daxili portretlər xüsusi dərinliklə fərqlənir. Filmdə hər kadr kiçik əsəri təşkil edir. Atışma səhnələri xüsusilə təsirlidir. Filmin son səhnələrində emosiya o qədər parlaq verilir ki, tamaşaçı bütün bunlara laqeyd qala bilmir.
0 comments:
Yorum Gönder