Johnny Depp. Heyati ve En Yaxsi Filmleri


 Qeyri-adi, maraqlı rolların ifaçısı
John Christopher Depp II  
9 iyun 1963-cü ildə Owensboro, Kentucky-də anadan olub. Atası John Christopher Depp inşaat mühəndisi, anası Betty Sue Wells isə ofisiant olan Johnny uşaqlığını Florida-da keçirir. 



  15 yaşında olarkən valideynləri boşanan Depp həmin il rock ulduzu olma ümidi ilə məktəbi tərk edir və The Kids adlı rock qrupunda gitarda ifa etməyə başlayır.



  1983-cü ildə - 20 yaşında qrupun vokalistinin bacısı makiyaj sənətçisi Lori Anne Allison (Lori A. Depp) ilə ailə qurur və bundan az bir müddət sonra qrup dağılır. 



  Həyat yoldaşının köməyi ilə Los Angeles-də aktyor Nicolas Cage ilə tanış olan Johnny Depp onun sayəsində kino dünyasına addım atır. 1984-cü ildə ilk dəfə məşhur qorxu filmi A Nightmare on Elm Street-də oynamaq şansı əldə edir. 



  Növbəti il Lori A. Depp ilə boşanan aktyor bir müddət seriallarda və televiziya filmlərində kiçik rollar ifa etməyə davam edir. Oliver Stone-un Platoon (1986) filmində və o vaxtlar populyar 21 Jump Street serialında oynadığı rollarla tanınmağa başlayan Depp-in əsas böyük çıxışı rejissor Tim Burton ilə tanışlığından sonra başlayır.



  Rejissorun Edward Scissorhands (1990) filmində baş rolu ifa edən aktyor bu rol ilə ilk Qızıl Qlobus namizədliyini də qazanır. Filmin böyük uğur qazanmasından sonra mütəmadi olaraq qəribə, bir qədər qaranlıq, cəmiyyət tərəfindən yanlış anlaşılmış və ya təcrid olunmuş, orijinal, dəbdəbəli xarici görünüşə malik özünəməxsus personajları ifa edərək bir növ öz üslubunu yaradır. 



  1994 və 1995-ci illərdə ardıcıl olaraq Benny & JoonEd Wood filmləri ilə Qızıl Qlobusa namizəd olan Depp 2004-cü ildə Pirates of the Caribbean film seriyasının ilk filmi olan The Curse of the Black Pearl filmindəki unudulmaz Jack Sparrow personajı ilə Qızıl Qlobus ilə yanaşı ilk dəfə Oskara və BAFTA mükafatına da namizəd olur. Növbəti il yenidən Finding Neverland filmi ilə 3 əsas mükafata namizəd olan aktyor 2008-ci ildə 3-cü dəfə Oskara da namizəd olduğu Sweeney Todd: The Damon Barber of Fleet Street filmi ilə Qızıl Qlobus mükafatını qazanır. (Bundan əlavə ümumilikdə 9 Qızıl Qlobus namizədliyi var). 



  Tim Burton və Helena Bonham Carter ilə 8 filmdə birlikdə işləyən Johnny Depp cütlük ilə yaxın dostdur və həm də oğulları Billy Ray Burton-ın xaç atasıdır.




  The Matrix (1999) filmindəki Neo (rolu sonda Keanu Reeves alır), State of Play (2009) filmində Cal McCaffery (Russell Crowe), American Gangster (2007) filmində Detective Trupo (Josh Brolin), Hulk (2003) filmində Bruce Banner (Eric Bana), Pulp Fiction (1994) filmində Pumpkin/Ringo (Tim Roth) kimi bir çox məşhur personajları geri çevirmiş aktyor hazırda da Hollywood-da ən çox tələb görən aktyorlardandır.



  Marlon Brando-nun böyük heyranı və aktyorun ölümündən əvvəl yaxın dostu olan Depp ilk rejissorluq təcrübəsi olan The Brave (1997) filmində onunla birlikdə oynamışdır. 



  Eyni zamanda serbiyalı məşhur rejissor Emir Kusturica ilə də yaxın dost olan aktyor Sean PennJohn Malkovich ilə ortaq olaraq Parisdə bir restoranın sahibidir. 




  Tez-tez adı qalmaqallarda hallanan Johnny Depp məşhur aktyor Joaquin Phoenix-in qardaşı gənc aktyor River Phoenix-in yüksək dozada narkotik istifadəsindən həyatını itirdiyi barın sahibi idi. Bu hadisə səbəbindən polis soruşdurmasına tabe tutulan Depp bundan başqa bir dəfə jurnalistlərdə mübahisə və bir dəfə də otel otağına zərər verməsi səbəbindən həbs olunub. 



  Özünün ən çox bəyəndiyi performanslarının Jack Sparrow, Edward Scissorhands və Ed Wood olduğunu deyən aktyor heç vaxt öz filmlərini izləmir. Charlie and the Chocolate Factory (2005) filmində şokolad fabrikinin sahibini canlandıran Depp-in əslində şokolada allergiyası var. Klounlara (coulrophobia), hörümçəklərə (arachnophobia) və ruhlara (phasmophobia) qarşı qorxusu olan aktyor uzağı yaxşı görə bilmir və sol gözünün demək olar ki, görmədiyini deyir.


  Qəribə şəxsiyyəti ilə yanaşı, həm də xeyriyyəçi kimi tanınan Depp İngiltərədə Jack Sparrow kostyumu geyinərək Great Ormond Street uşaq xəstəxanasını ziyarət edib, xəstə uşaqlarla maraqlanıb və xəstəxanaya 2 milyon dollar bağışlayıb. Bundan başqa, həyatını itirmiş aktyor Heath Ledger-in son filmi The Imaginarium of Doctor Parnassus (2009)-da birlikdə oynadığı Johnny Depp aktyorun ölümündən sonra bu filmdən əldə etdiyi bütün gəliri onun kiçik qızı Mathilda-ya bağışlamağı qərara alıb. Eyni filmin digər ulduzları Jude LawColin Farrell də bu ideyanı bəyənərək eyni addımı atıblar. 



  Məşhur aktrisalar ilə yaşadığı münasibətlər ilə də tez-tez adından bəhs edilən Depp-in 14 il birlikdə olduğu aktrisa Vanessa Paradis ilə 2 övladı var. 



  Oğlunun və anasının adlarını bədəninə tattoo etdirən Depp məşhur aktrisalar Sherilyn Fenn, Kate Moss, Jennifer GreyWinona Ryder ilə nişanlı olmuşdur. Winona Ryder ilə birlikdə olduğu müddətdə qoluna "Winona forever" (sonsuzadək Winona) yazısını tattoo etdirən Depp aktisa ilə ayrıldıqdan sonra qolundakı yazını kiçik bir əməliyyat ilə "Wino forever" (sonsuzadək sərxoş, şərabçı) olaraq dəyişdirir. 


  Johnny Depp 3 fevral 2015-ci ildə ikinci dəfə aktrisa Amber Heard ilə ailə qurub. 



  Dəfələrlə müxtəlif jurnallar tərəfindən yaşayan ən cazibədar kişi və ya ən cazibədar aktyor ünvanlarına layiq görülmüş Depp eyni zamanda 1 milyard dollardan çox gəlir gətirmiş 10 filmdən 3-ündə iştirak etmiş tək aktyordur (Pirates of the Caribbean: Dead Man's Chest (2006), Alice in Wonderland (2010) və Pirates of the Caribbean: On Stranger Tides (2011)). 




  2010-cu ildə Empire jurnalının araşdırmasında dünya üzrə ən çox fanatı olan (1 milyarddan çox) aktyor seçilən Johnny Depp-in ən yaxşı 14 filmini təqdim edirik :














Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder