Scarface Filminin Orijinal Analizi


  Brian De Palma-nın hazırda ən uğurlu mafiya
filmlərindən hesab olunan Scarface filmi
1983-cü ildə ekranlara çıxıb. 80-ci illərdə Miami-də kubalı bir immiqrantın narkotik işində sürətli yüksəlişi və çöküşündən bəhs edən film dahi aktyor Al Pacino-nun uğurlu ifası ilə də zənginləşmişdir. Filmin ilk başlarda tənqidçilər tərəfindən zəif qiymətləndirilməsi, Oskara heç bir namizədliyinin olmaması və hətta Brian De Palma-nın ən pis rejissor nominasiyasında Razzie mükafatına namizəd olması belə kinoteatrlarda böyük uğur əldə etməsinə mane ola bilməyib. 



  1932-ci ildə çəkilmiş tanınmış gangster Al Capone-nin həyatından bəhs edən Scarface filmindən remake olunmuş bu filmin ssenarisini Oliver Stone kokain asılılığı ilə mübarizə apardığı dövrdə yenidən səhnəyə uyğunlaşdırıb. Rejissor olaraq ilk seçim Sidney Lumet olsa da, sonradan prodüserlər filmi Brian De Palma-ya təklif edirlər. De Palma ssenarini o qədər bəyənir ki, bu film üçün çəkilişlərinə başlamağa hazırlaşdığı Flashdance (1983) filminin rejissorluğundan imtina edir. De Palma bu filmi orijinal Scarface (1932)-in ssenarist və rejissorları olan Ben HechtHoward Hawks-a həsr edib. 



  Baş rol Tony Montana obrazı ilə Qızıl Qlobusa namizəd olan Al Pacino bu rolun ən sevdiyi performanslarından biri olduğunu deyir. Qeyd edək ki,  Pacino bu rol üçün ilk seçim deyildi. Prodüserlər başda Robert De Niro-nu istəsələr də, aktyorun imtina etməsi ilə De Palmanın seçimi olan Al Pacino rola qəbul edilir. Kubalı roluna hazırlaşmaq üçün aylarla ispan dili və aksenti üzərində məşq edən Al Pacino filmin quruluşçu operatoru John A. Alonzo-dan çəkilişlər müddətində onunla yalnız ispan dilində danışmasını xahiş etmişdi.



  Köməkçi rol Manny Ribera üçün də ilk olaraq John Travolta düşünülsə də, sonradan rol həqiqi kubalı aktyor Steven Bauer-ə verilir. Qeyd edək ki, Steven Bauer də bu rol ilə ən yaxşı köməkçi aktyor nominasiyasında Qızıl Qlobusa namizəd olmuşdu. 



  Elvira Hancock rolu üçün isə Sharon StoneJodie Foster, Kim BasingerRosanna Arquette, Melanie Griffith,  Sigourney WeaverCourteney Cox kimi aktrisalar da daxil olmaqla onlarla aktrisanı düşünən prodüserlər sonda rolu Michelle Pfeiffer-ə verirlər. 



  Filmin digər bir uğurlu aktyoru olan F. Murray Abraham çəkilişlər zamanı Milos Forman-ın Amadeus (1984) filmindən ona Oskar qazandıracaq Salieri roluna qəbul edildiyini öyrənir. Bundan sonra aktyor Scarface film setində ona münasibətin dəyişdiyini və hörmətinin artdığını müşahidə edir. Səbəb isə Salieri rolu üçün çox böyük aktyorların mübarizə aparması idi. Milos Forman aktyorun hər iki filmdə eyni vaxtda işləməsini istəmədiyindən, Amadeus-un çəkilişlərinə başlamaq üçün   F. Murray Abraham-ın Scarface-də çəkilişlərinin bitməsini gözləyir. 



  Filmdə hadisələrin çox hissəsinin Miami-də cərəyan etməsinə baxmayaraq, çəkilişlər Los Angeles-də baş tutub. Buna səbəb isə filmin mafiya məzmunlu olması idi. Belə ki, Miami turizm təşkilatı filmin turizmə mənfi təsir edəcəyini düşünərək Miami-də çəkilişlərə icazə verməyib.



  Filmdə Tony Montana tərəfindən istifadə olunan "yeyo" sözü ispan dilində kokain mənasına gələn bir argo sözdür. Bu ifadənin işlənməsi ssenaridə nəzərdə tutulmamışdı, Al Pacino bu sözü kubalı aksenti üzərində işləyərkən öyrənmişdi. De Palma da ifadəni bəyəndiyindən, filmə daxil etməyə qərar verir. Çəkilişlərdə əvvəlcə kokain əvəzinə quru süd istifadə olunması nəzərdə tutulmuşdu, lakin sonradan çəkilişə uyğun olmaması səbəbindən istifadə edilmir. Rejissor reallıq görüntüsünü yox edəcəyini düşündüyü üçün, kokain əvəzinə istifadə edilən maddəni açıqlamaqdan imtina edir.



  Film eyni zamanda "fuck" sözünün və ya onun törəmələrinin ən çox istifadə edildiyi filmlərdən biridir. Hətta 1994-cü ildə Tarantino-nun Pulp Fiction filmi ekranlara çıxana qədər bu rekordu əlində saxlamışdır. Belə ki, filmdə 226 dəfə (orta hesabla dəqiqədə 1,32 dəfə)  "fuck" deyilib. 



  Scarface ekranlara çıxdığı vaxtdan bəri hip-hop və rep musiqi üzərində təsir göstərmişdir. Eminem Sean Combs da daxil olmaqla, bir çox reper bu filmi ən sevdikləri film olaraq qeyd edirlər. 2003-cü ildə filmin 20 illiyində yenidən kinoteatrlarda göstərilməyə başlayanda çəkiliş studiyası Scarface-dən ilhamlanaraq yazılmış rep mahnılarını filmin soundtrack-i olaraq istifadə etməyi təklif edir, lakin rejissor Brian De Palma qarşı çıxır.



 Filmin təsirlərindən başqa biri kimi bu nümunəni göstərmək olar: Səddam Hüseynin başçılığı altında fəaliyyət göstərən çirkli pulların yuyulması ilə məşğul olan bir şirkət Montana Management adlandırılmışdı. 

  Tanınmış rejissor Steven Spielberg də bu filmi çox bəyəndiyini ifadə etmişdir. Hətta sondakı məşhur səhnənin çəkilişi zamanı kameralardan birinin arxasında olan Spielberg bu fürsəti qaçıra bilməyəcəyini demişdi.



Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder