rejissorlardandır Sam Mendes. İlk filmi ilə ən yaxşı rejissor Oskarı alar, aksiyon çəkər, ailədaxili münasibətlərə toxunar, heç gözləməzkən müharibə filmi də çəkər və hamısında keyfiyyətli bir iş göstərər bizə. 6 uzun-metrajlı filmi var, 7-cisinin də çəkilişlərini tamamlayıb.
1965-ci ildə İngiltərənin Reading şəhərində anadan olan Samuel Alexander Mendes 1993-cü ildən kiçik büdcəli proyektlərlə rejissorluq karyerasına başlayır. 1999-cu ildə isə Spielberg-in də dəstəyi ilə rejissor ilk uzun-metrajlı filmi American Beauty-ni çəkir. Kevin Spacey və Annette Bening-in möhtəşəm ifasını izlədiyimiz filmi ailə temalı ən yaxşı film saymaq olar. İlin filmi, rejissor, aktyor, ssenari və operator Oskarı qazanan film Tarantino, Darabont, Ritchie kimi Mendes-ə də elə ilk filmindən şöhrətin qapısını açır.
Film haqqında ətraflı yazımızı buradan oxuya bilərsiz. Filmdə ər-arvad, valideyn-övlad və gənclərin məhəbbətinə münasibəti fərqli üslubda izləyirik. Finalı çəkiliş mərhələsində bir neçə dəfə dəyişən filmin son səhnəsi həm təsir gücü, həm də tamaşaçını sual qarşısında qoyması ilə mükəmməl idi. Artıq klassiklərdən hesab olunan filmin Meta xalı 86-dır.
3 il sonra rejissor əvvəlcə American Beauty-də baş rol vermək istədiyi Tom Hanks-la Road to Perdition filmini çəkir. Operator işi, dekorasiya və kostyumları əla olan film ssenarisindəki boşluqları ilə təəccüb doğurur. Oskarlı qocaman aktyor Paul Newman-ın ifası isə filmdə ən yaxşılardan idi.
John Rooney üçün işləyən Michael Sullivan gözlənilməz hadisə ilə üzləşir. Bundan sonra o, oğlu Michael ilə düşmənlərə qarşı mübarizə aparmalıydı. 80 milyon dollar büdcəli film gözlənilən səviyyədə gəlir gətirmir. Hanks-ın ifası da orta səviyyədə idi. Newman-dan geri qalmayan uğurlu ifası ilə Jude Law da diqqəti cəlb edir. Filmin ən maraqlı personajı da elə onun canlandırdığı Maguire idi.
2005-ci ildə Sam orijinal müharibə filmi Jarhead-ı çəkir. İstedadlı aktyor Jake Gyllenhaal-ın baş rolda olduğu film nəhəng büdcəsinə və uğurlu rejissor işinə baxmayaraq səs gətirən filmlərdən olmur. Əsas səbəbin zəif aktyor ifası olduğunu söyləmək olar. Bundan başqa rejissorun Kubrick-in Full Metal Jacket-indən ilham almayıb da birbaşa səhnələşdirdiyi bir çox səhnəni görə bilərik. 40 tənqidçidən 58 Meta xalını başqa cür izah etmək çətindir.
Orduda xidmət edən Anthony 2003-cü ildə ABŞ-ın Səudiyyə Ərəbistan nefti uğrunda girişdiyi müharibədə Küveyt səhralarına yollanır. Film əsasən əsgərlərin uzun müddət səhrada yaşamağının psixoloji tərəflərini göstərir. Əslində olduqca iddialı personaj olan Sykes-in Jamie Foxx-un zəif ifası ilə gözə dəymədiyini görürük. Bunlara baxmayaraq Jarhead-da saysız təsirli və orijinal səhnəni görürük. Alternativ müharibə filmi kimi izlənməyə dəyər.
2008-ci ildə Mendes ailədaxili münasibətlərə yenidən toxunduğu Revolutionary Road filmini çəkir. Tarixi cütlük Leonardo DiCaprio və Kate Winslet-i Titanic-dən sonra yenidən birlikdə gördüyümüz film mükəmməl dialoqları ilə kişi-qadın münasibətlərinə fərqli tərzdə münasibət bildirir. Operator işi və dekorasiya növbəti Mendes filmində də ön plana çıxır.
April və Frank təsadüfən tanış olur və atəşli eşq yaşayırlar. Evləndikdən sonra isə münasibətləri adiləşməyə başlayır və April-in problemləri meydana çıxır. Film ilk dəfə gördüyümüz, gözə xoş gələn xırdalıqlarla zəngindir. Geri planda qalsa da ən güclü personajlardan biri ifası ilə Oskara namizəd olan Michael Shannon-un John Givings-i idi. Mövzu üçün qondarma personaj kimi görünsə də Mendes onu məsələyə ən düzgün momentlərdə daxil edir və John sanki simvolik bir ittihamçı kimi həqiqətləri söyləyirdi.
Revolutionary Road-a görə Mendes 2-ci dəfə rejissor nominasiyasına Qızıl Qlobusa namizəd olmuşdu. 4-cü filmi ilə rejissorun bütün filmlərində yağışlı səhnələr olduğunu da görürük. Filmdə cütlük arasında keçən söhbətdə gəmi səyahətindən bəhs olunması Titanic-ə incə mesaj idi.
Növbəti il rejissorun ən kiçik büdcəli və ən qısa filmi Away We Go işıq üzü görür. Azad həyat tərzi və azad fikirli insanların sərgisi kimi qiymətləndirdiyim film sənət cəhətdən olduğu qədər dünyagörüşünün inkişafı cəhətdən də olduqca uğurludur. Filmdə görmədiyimiz müxtəlif həyat tərzlərini, azadlığın, müstəqilliyin gözəlliyini görürük.
Burt və Verona bir-birini sevirlər və doğulacaq övladları üçün ideal həyat tərzi və tərbiyə axtarışındadılar. ABŞ-ın müxtəlif əyalətlərini gəzən cütlük hər dəfə müxtəlif təcrübələr yaşayırlar. Bu qədər tanınmamış aktyor/aktrisa heyətini yəqin ki, başqa filmdə görməyibsiz. Yalnız məşhurlardan Maggie Gyllenhaal-ı (Jake-in bacısı) görürük və ən yaxşı ifa da elə onun idi. Bu filmdə də 58 Meta sindromu yaşayan Mendes-in ssenarisində də bəzi boşluqlar olsa da əsasən aktyor ifasına görə keyfiyyəti itirir.
2012-ci ildə isə Mendes hələlik son filmi - dünyada ən çox gəlir gətirən 12-ci film olan (1,1 milyard dollar) Skyfall-ı çəkir. Martin Campbell-in Casino Royale və Marc Forster-in Quantum of Solace filmlərinin ardından müasir James Bond seriyasının 3-cü bölümü olan Skyfall 200 milyon dollar nəhəng büdcəsinin haqqını verir. Adele-nin Skyfall mahnısı ilə Oskar qazandığı film səs montajında da Oskar qazanır.
Javier Bardem, Ralph Fiennes və Naomie Harris kimi ulduzların qoşulması ilə ən göz oxşayan kastı gördüyümüz filmi ən keyfiyyətli aksiyon filmlərindən biri kimi göstərmək olar. 43 tənqidçidən 81 Meta xalı olan film bu tipli filmdə ilk dəfə işləyən Mendes-in ustalığını göstərir. Son filminə qədər daim müxtəlif aktyor heyəti ilə işlədiyini müşahidə etdiyimiz rejissoru bu dəfə Road to Perdition-da da işlədiyi Daniel Craig (James Bond) ilə görürük (Chris Cooper ilə də American Beauty və Jarhead-da işləmişdi).
Mendes hal-hazırda Bond seriyasının 4-cü filmi Spectre üzərində işləyir. Filmin çəkilişləri artıq tamamlanıb və ilk traileri paylaşılıb. Spectre-da Ralph Fiennes-lə yanaşı 2 Oskarlı Christoph Waltz, Monica Bellucci və Lea Seydoux kimi məşhurları izləyəcəyik. Premyera 6 noyabrda olacaq.
0 comments:
Yorum Gönder