Nolan biraz mürəkkəbləşdirər, biraz elmiləşdirər, Wes rəngləri, personajları elə istifadə edər ki, doymaq olmaz, Tarantino "vəhşi" yumorunu göstərər, İnarritu həyatın özünü çəkər, Coen-lər yumoru tündləşdirər və s. PTA isə dram yaradır. Sadə bir ssenari yazır, demək olar ki, heç bir boşluğa yer vermir ssenarisində və filmi qüvvətli personajları ilə doldurur. Real insan reaksiyalarını göstərir bizə. Kameranı çox vaxt uzaqda yerləşdirsə də hərəkətli çəkilişləri də nəfəs kəsir.
PTA 1970-ci il 26 iyunda Kaliforniyada anadan olur. Uşaqlığını Hollivudun qonşuluğundakı Studio City-də keçirən Anderson-un kiçik yaşlarından ən böyük hobbisi filmlər olur. 18 yaşında ilk PTA ilk qısa-metrajlı filmi The Dirk Diggler Story-ni çəkir.
Anderson-un ilk uzun-metrajlı filmi 1996-cı ildə çəkdiyi adı əvvəlcə Sydney, sonradan Hard Eight olan cinayət-dram filmi olur. Filmdə Gwyneth Paltrow və Samuel L. Jackson kimi ulduzlarla bərabər PTA-nın sevimliləri Philip Baker Hall və John C. Reilly-ni əsas rollarda görürük.
Qaranlıq keçmişi olan Sydney uğursuz həyat sürən John ilə tanış olur və ona kömək edir. Keçən illər dostluqlarını möhkəmləndirir amma sonra Clementine-in daxil olduğu münasibətlər çətinləşməyə başlayır.
İşlədiyi aktyorların qabiliyyətlərindən maksimumda yararlanan PTA-nın bu filmində Gwyneth Paltrow-un ifası xüsusilə qeyd edilməyə dəyər. Filmdə 1 dəqiqəlik kiçik səhnəsi olan Philip Seymour Hoffman da 1 dəqiqə ilə özünə heyran qoymağı bacarır. Hoffman-la işləməyi bu qədər sevsə də PTA yalnız 6-cı filmində ona əsas rollardan birini vermişdi, bu da maraqlıdır.
Növbəti il PTA onu şöhrətə qovuşduran dramı Boogie Nights-ı çəkir. Ssenarisinə görə Oskara namizəd olan PTA ilə yanaşı Hollivudun ən bacarıqlı aktrisalarından, son Oskarı da alan Julianne Moore və Burt Reynolds da köməkçi rollarda Oskara namizəd olur. Filmin baş rolunda isə həmin vaxt 26 yaşında olan (17 yaşındakı Dirk Diggler-i oynayırdı) Mark Wahlberg var. Elə də uğurlu ifa ilə yadda qalmayan Mark-ın yenə də filmin sonuna doğru yaxşılaşan performansını görürük.
Philip Baker Hall və John C. Reilly-in xırda rollarının yanında homoseksual Scotty-ni oynayan Hoffman yenə yaradır. Coen-lərin Fargo filmindən tanıdığımız, o vaxta qədər çox da diqqətimi çəkməyən William H. Macy də filmdə parıldayanlardandır. Kubrick-ə olan heyranlığı ilə tanınan PTA bu filmdə də dahiyə mesaj göndərir. HALL-ı simvolizə edən səhnəni filmi izləyəndə görəcəksiz.
Filmin mövzusu isə olduqca orijinaldır. Porn sənayesinin 70-80-ci illərdəki ustadı Jack Horner təsadüfən bizim Eddie-ni tapır (sonradan Dirk). Ailə təzyiqindən bezən və həyatda özünü tapa bilməyən gənc Eddie isə yaraşıqlı fiziki quruluşu ilə özünü pornoya verməyə hazırdır. Olduqca cəsarətli səhnələrin olduğu filmi PTA-un çılpaq qadın səhnələrinin başlanğıcı kimi adlandırmaq olar. Hər bir xırda nüansın - səs, işıq, tərz və s. zövq verdiyi film Anderson-u Hollivuda tanıdır.
1999-cu ildə PTA There Will Be Blood-a qədər vizitkası olan film Magnolia-nı çəkir. Tom Cruise-un son Oskar namizədliyini aldığını Magnolia Boogie Nights kimi bol personajı ilə diqqət çəkir. Filmdə zənnimcə heç kim baş rolda deyil. Biz bir neçə fərqli həyatın paralel yaşandığını görürük ancaq bu Inarritu-nun ölüm triologiyasındakı kimi deyil. Julianne Moore, Philip Seymour Hoffman, Philip Baker Hall, John C. Reilly, William H. Macy və digərləri hər biri digərləri ilə əlaqəli həyatını yaşayır.
Magnolia-nı bir neçə cümlə ilə başa salmaq biraz çətindir. Filmin açılış səhnəsində verdiyi qəribə informasiyalar və heç kimin gözləmədiyi sondakı hadisə əsas mövzuya olduqca cəsarətli tərzdə müdaxilə edir. Bu filmdə vunderkind uşağın adının Stanley olması və 2001: A Space Odyssey soundtrackindən istifadə diqqətdən yayınmır. Hoffman-ın sadə və qayğıkeş personajı, Cruise-un çılğın ifası, Macy-nin personalı həqiqətən möhtəşəm idi.
2002-ci ildə PTA-nın layiq olduğu dəyəri nə mükafat cəhətdən, nə də tamaşaçıdan görməsə də fikrimcə ən yaxşı 3 filmindən biri olan Punch-Drunk Love işıq üzü görür. Aktyor qabiliyyətlərindən şübhəli olduğum Adam Sandler-ə belə ilk və yeganə Qızıl Qlobus namizədliyini qazandıran film aktyora qarşı hörmət hissi oyandırır. Emily Watson ifası ilə ön planda olmasa da Hoffman yenə çox çox yaxşı idi. Filmdə Anderson-un eyni sözü təkrar-təkrar dedirtmək kimi qəribəliyini də görürük. Bunu Magnolia-da və sonrakı filmlərdində də müşahidə edirik.
Filmin sonuna qədər nə olduğu tam olaraq anlaşılmayan yerdə işləyən Barry Egan kompleksli insandır və psixi problemləri var. Daha yaxşı hiss etmək üçün müxtəlif qəribə işlərə girişən Barry "pis adamlara" bulaşır və elə həmin vaxt həyatının qadının tapır. Çoxpersonajlı 2 filmdən sonra "bir nəfərlik film" deyə biləcəyimiz Punch-Drunk Love-da PTA-nın 2-ci filmi ilə birlikdə filmlərində gördüyümüz Luiz Guzman da xırda roluna baxmayaraq uğurlu ifası ilə seçilir.
Adam Sandler-in bu filmdəki ifasını sadəcə izləmək lazımdır. Doğru filmlərdə çəkilsə nələr edə biləcəyini göstərir adam.
Və 2007-ci il. There Will Be Blood çəkilir. PTA rejissor, ssenarist və prodüser kimi Oskara namizəd olur. Film 8 nominasiyada namizəd olduğu Oskarı Daniel Day-Lewis və operator Robert Elswit ilə qazanır. Ən təəccüblü məqam - yalnız BAFTA Paul Dano-nun mükəmməl ifasını qiymətləndirir (namizəd olmuşdu). 2-ci Oskarını qazanan Day-Lewis heyran olduğum ifası ilə möhtəşəmliyini göstərir.
Film haqqında geniş məqalə saytda artıq var, buradan oxuya bilərsiz. Qısaca deyək ki, neft quyuları qazan Daniel Plainview illər ərzində işini böyüdür. Eli-nin məsləhəti ilə neft quyusu qazmaq üçün onun bölgəsində gələn Daniel burada ağır dini və psixoloji sınaqlardan keçməli olur. İşlədiyi aktyor heyətini tamamilə dəyişən PTA ilk dəfə olaraq Hoffman-a filmdə yer vermir.
There Will Be Blood fikrimcə PTA-un şah əsəridir. Kinozadə-nin Top 30 siyahısında 10-luqda olan film dramın ən yaxşılarındandır. Kilsədəki and içdirmə səhnəsi bənzərsizdir.
2012-ci ildə Anderson-un 6-cı uzun metrajlı filmi Master işıq üzü görür. Hollivudun ən bacarıqlı aktyorlarından Joaquin Phoenix-in baş rolda olduğu filmdə Hoffman və Amy Adams-ı köməkçi rollarda görürük. Ulduzların hər üçü Oskar, Qızıl Qlobus və BAFTA-ya namizəd olmuşdu. Phoenix Lincoln-dakı Day-Lewis-ə, Hoffman Django Unchained-dəki Waltz-a, Adams isə Silver Linings Playbook-dakı Jennifer Lawrence-ə Oskarı uduzur. Nə qədər radikal səslənsə də ilk ikisi ilə razılaşmaq çətindir. Hoffman bariz Waltz-dan daha yaxşı idi. Day-Lewis sevimli aktyorlarımdan olsa da Phoenix Master-də daha yaxşı idi.
Film müharibə veteranı Freddie Quell-in həyatından bəhs edir. Təsadüfən Lancaster Dodd ilə tanışan Fred-in həyatı dəyişir. Filmdə adı xüsusilə çəkilməsə də Dodd-un Scientology təriqətini təbliğ etdiyini görürük. Bəlkə də Academy-nin ikili standartı buna görə idi.
Master-dən silinmiş 20 dəqiqə
Phoenix-lə Hoffman-ın dialoqda olduğu demək olar ki, bütün səhnələr şedevr idi filmdə. Dodd-un ilk Fred ilə ilk seansı və həbsdəki aqressiv söhbət səhnəsi möhtəşəm idi. PTA-nın işıq və kamera hərəkətləri, sülietlərin göründüyü səhnələr ən uğurlu məqamlardandır.
Nəhayət ötən il Anderson-un son filmi Inherent Vice işıq üzü görür. 7 uzun metrajlı filmlə 4-cü dəfə ssenari Oskarına namizəd olan PTA Punch-Drunk Love-dan sonra 2-ci komediya-dram filmini çəkir. Inherent Vice-da daha fərqli yumoru görürük. Bu dəfə dedektiv temasını dramdan ön plana çıxaran Anderson filmin yalnız son 1 saatında öyrəşilmiş üslubuna qayıdır deyə bilərik.
Yenidən bolluca personajdan və bu vaxta qədərki ən mürəkkəb ssenarisindən istifadə edən PTA baş rolu yenə Joaquin Phoenix-ə verir. Phoenix Doktor Sportello obrazı ilə Master-dəki ifasına çatmasa da yenə olduqca uğurlu çıxış edir və Qızıl Qlobusa namizəd olur. Coen-lərin sevimlisi, dəyəri bilinməyən bacarıqlardan Josh Brolin-in ifası da mükəmməl idi. Filmdə həmçinin PTA-nın ilk dəfə işlədiyi ulduzlar Benicio Del Toro, Owen Wilson, Reese Witherspoon (həmin il Wild filmi ilə ən yaxşı aktrisa Oskarına namizəd olmuşdu) və Eric Roberts-i də görürük.
IMDb-dən və xüsusilə də Matecritic-dən daim yüksək xallar alan PTA-nın ən az Metascore xalı ümumən yüksək qəbul etdiyimiz 77-dir.
The Dirk Diggler Story (1988), Cigarettes & Coffee (1993), Flagpole Special (1998), SNL Fanatic (2000), Couch (2003), Mattress Man Commercial (2003), Blossoms & Blood (2003), Back Beyond (2013) PTA-nın çəkdiyi qısa-metrajlı filmlərdir (adlara klikləyib filmləri izləyə bilərsiniz). Filmlərin əksəriyyətini uzun-metrajlı versiyasına əsasən qısalaşdırılmaqla çəkib Anderson. Rejissor həmçinin 1975-ci ildən bəri davam edən 45 Emmy mükafatlı komediya serialı Saturday Night Live-in 26-cı sezonunda bir bölümü çəkib.
Sydney-dən başqa digər bütün filmlərinin prodüseri də olan PTA-nı 2 filmdə epizodik görürük: Magnolia-da və Steven Spielberg-in elmi-fantastikası Minority Report-da qatardakı sərnişin kimi.
0 comments:
Yorum Gönder