1929-cu ildən müxtəlif nominasiyalarda ən yaxşı film və sənətçilərə verilir. Adını məşhur aktrisa Bette Davis-in musiqiçi həyat yoldaşı Harmon Oscar Nelson-dan aldığı təxmin edilən mükafat AMPAS-ın 6.000-dən çox üzvünün səsverməsi ilə sahibini tapır. Qeyd edək ki, üzvlərin təxminən 20%-ni aktyor/aktrisalar təşkil edir. Hər il müxtəlif nominasiyalarda mükafatı qazanan sənətçilərə üzvlük haqqı təklif olunur.
Hər nə qədər Oskar qazanmaq bir kino adamı üçün ən böyük uğur sayılsa da müxtəlif səbəblərdən mükafatdan imtina edənlər və ya əhəmiyyət verməyənlər də var. Həmin məşhurları araşdırdıq.
- Dudley Nichols
30-cu illərin ən məşhur yazıçılarından Dudley Nichols 1936-cı ildə Informer filminə görə orijinal ssenari nominasiyasında mükafatı qazanmışdı. Həmin dövrdə Academy və Writer's Guild qurumları arasındakı konflikt yazıçılar birliyinin boykotu ilə nəticələnir. Bu səbəbi əsas gətirən Nichols Oskardan imtina edir. Academy mükafatı rəsmi olaraq 1949-cu ilə qədər yazıçının ixtiyarında saxlamışdı. Qeyd edək ki, bundan sonra yazıçı daha 3 dəfə Oskara namizəd olur.
- George C. Scott
Dr. Strangelove-dakı emosional general George C. Scott 1971-ci ildə 7 Oskarlı bioqrafik Patton filmi ilə ən yaxşı aktyor nominasiyasında Oskara layiq görülür. Aqressiv təbiəti ilə tanınan Scott digər namizəd aktyorlarla rəqabət etmək istədiyini səbəb gətirib mərasim haqqında: "Ət parçalarının paradı" demişdi. Mükafatı filmin prodüseri Frank McCarthy götürür və növbəti gün Academy-ə qaytarır. Scott 1962-ci ildə Hustler filminə görə namizəd göstərilməsindən də imtina etmişdi.
- Marlon Brando
Dahi aktyor Marlon Brando Coppola-nın Godfather seriyasının 1-ci hissəsindəki ikonik Vito Carleone ifası ilə 1973-cü ildə ən yaxşı aktyor Oskarını qazanır. Brando-nun adı elan ediləndə səhnəyə hindu aktrisa Sacheen Littlefeather çıxır. Aktrisa Brando-nun ABŞ-dakı yerli əhaliyə olan haqsız münasibətə diqqət çəkmək üçün mükafatdan imtina etdiyini açıqlayır. Vaxt məhdudiyyətinə görə Brando-nun məktubunu səhnədə oxuya bilməyən gənc qız mərasimdən sonra mətni jurnalistlərə verir. Marlon 8 dəfə Oskara namizəd olub 2 dəfə mükafatı qazanmışdı.
- Katherine Hepburn
12 dəfə ən yaxşı aktrisa Oskarına namizəd olan Katherine Hepburn mükafatı 4 dəfə qazanıb və bu sahədə 1-cidir. Aktrisa heç vaxt Oskar mükafatlandırma mərasimində iştirak etməmişdi. Academy-nin işini heç vaxt tənqid etməyən aktrisa sadəcə mükafatların onun üçün əhəmiyyətli olmadığını söyləyirdi. Morning Glory (1933), Guess Who's Coming to Dinner (1967), The Lion in Winter (1968), On Golden Pond (1981) Hepburn-un mükafatı qazandığı filmlər idi.
- Stanley Kubrick
Çəkdiyi 5 filmə görə 13 nominasiyada - rejissor, ssenarist, prodüser və vizual effektor kimi Oskara namizəd olan Stanley Kubrick heç vaxt mükafatlandırma mərasimlərində iştirak etməmişdi. Nadir hallarda müsahibə verən Kubrick-in Oscar haqqında səslənmiş hər hansı fikri məlum deyil. Kubrick yalnız 2001: A Space Odyssey filminə görə vizual effekt nominasiyasında Oskar qazanmışdı. Mükafatı almağı heç kimə tapşırmayan Kubrick-in Oskarı mükafatı təqdim edən Diahann Carroll və Burt Lancaster-də qalır.
- Woody Allen
Çəkdiyi 16 filmə görə 24 nominasiyada Oskara namizəd olan dahi Woody Allen 3 dəfə ssenarist, 1 dəfə rejissor kimi mükafatı qazanmışdı. Namizəd olduğu mükafatlandırma mərasimlərinə heç vaxt gəlməyən Allen yalnız 2002-ci ildə - 11 sentyabr hadisələrindən bir neçə ay sonra qonaq qismində mərasimdə nitq söyləmişdi.
- Terrence Malick
Təbiət vurğunu rejissor Terrence Malick də Oskara əhəmiyyət verməyənlərdəndir. 1999 və 2012-ci illərdə The Thin Red Line və The Tree of Life filmlərinə görə Oskara namizəd olan rejissor-ssenarist mərasimlərə gəlməməklə bərabər Oskara olan laqeydliyini də deməkdən çəkinmir.
0 comments:
Yorum Gönder