Amadeus Filminin Orijinal Analizi



1984-cü ildə böyük rejissor Milos Forman kinemotoqrafiya tarixinin
ən möhtəşəm əsərlərindən biri olan Amadeus filmini ərsəyə gətirir. Dahi bəstəkar Wolfgang Amadeus Mozart-ın həyat hekayəsinin onun gizli rəqibi bəstəkar Antonio Salieri tərəfindən danışıldığı film həm tamaşaçılar, həm də kino tənqidçilərinin rəğbətini qazanmışdır. 263 min səslə 8.4 IMDb və 93 Metascore xalı ilə film IMDb Top 250 siyahısında 91-ci yerdədir.



  İstər rejissor işi, istər aktyor performansları, istərsə də geyim, makiyaj və dekorasiya cəhətdən qüsursuz olan film 11 nominasiyada Oskar mükafatına namizəd göstərilmiş və ilin filmi, ən yaxşı aktyor və rejissor nominasiyaları da daxil olmaqla, 8 nominasiyada ali mükafatı qazanmışdır. Mozart rolunu canlandıran Tom Hulce da ən yaxşı aktyor nominasiyasında Oskara namizəd olmuşdu. Aktyor seçimində çox seçici davranan Milos Forman Mozart rolu üçün Tom Hulce-dan əvvəl Mel Gibson, Mick Jagger, Sam Waterston, Tim CurryStar Wars seriyasından tanıdığımız Mark Hamill kimi aktyorları düşünmüşdü. Hətta bir studiya Formana film üçün vəsait ayırmağı 1 şərtlə təklif edib ki, Mozart roluna Valter Matthau-nu qəbul etsin. Rejissor Matthau-nun bu rol üçün çox qoca olduğunu deyərək təklifdən imtina edib.






  F. Murray Abraham da əslində kiçik bir rol - Rosenberg üçün müraciət etmişdi. Milos Forman ondan Salieri-nin rolunu oxumasını istəyir. Aktyordan çox təsirlənən Forman artıq onu baş rola qəbul etsə də, bu barədə ona heçnə demir, çünki bilirdi ki, F. Murray Abraham Scarface (1983) filmində də oynayır və çəkilişlər toqquşacaq. Scarface-in çəkilişlərinin bitməsini gözləyən rejissor daha sonra bu qərarını açıqlayır. Sonralar bu barədə o demişdi ki, o böyük aktyordur lakin iki filmdə birdən işləsə, istedadını tam göstərə biməzdi.



 Aktyorlar öz rollarına hazırlaşmaq üçün xeyli əmək sərf etmişdilər. F. Murray Abraham rolu üçün not oxuma və dirijorluq dərsləri almışdı. Personajının bəzi xüsusiyyətlərinə hazırlıq üçün aktyor Tom Hulce kaprizli tennis ulduzu Con Mcenroe-nin tennis kortunda psixi krizis görünüşlərini araşdırmışdı. Musiqili səhnələrdə musiqi əvvəlcədən yazılmış və səhnə çəkilərkən arxa planda səsləndirilirdi. Tom Hulce belə səhnələrin inandırıcı alınması üçün gündə 4 saat piano arxasında məşq edirdi. F. Murray Abraham Salierinin qocalığını oynamaq üçün hər gün orta hesabla 4.5 saat qrim stulunda oturmalı olurdu.




  Tom Hulce və F. Murray Abraham filmin çəkilişləri zamanı şəxsi münasibətlərini qəsdən uzaq işgüzar münasibətlər səviyyəsində saxlayırdılar. Eynilə, onların personajları kimi. Salieri-nin Mozartın diqtəsi ilə ölüm marşını yazdığı səhnəni çəkərkən Tom Hulce Abraham-ı təəccübləndirmək üçün qəsdən bəzi sətirləri ötürürdü. Aktyor bunu Saileri-nin diqtə edilən musiqini tamamilə anlamasının mümkün olmadığı görüntüsünü əldə etmək üçün etmişdi.



 Çəkilişlər zamanı baş vermiş maraqlı hadisələrdən biri də Mozart-ın xanımı Constanze-ni canlandıran aktrisa Elizabet Berridge Salieri-nin ona şirniyyat təklif etdiyi səhnədə dublların arasında onları tüpürmək ağlına gəlməmişdi və bütün şirniyyatı yemişdi. Daha sonra bundan iyrənmiş və hətta xəstələnmişdi.




  Rejissor Milos Forman baş rol aktyorlarına çəkilişlər zamanı aksent üzərində çox səy göstərməmələrini və öz amerikan aksentlərini saxlamağı tapşırmışdı. Bu sayədə onlar diqqətini tamamilə rollarına cəmləyə biləcəkdi.

  Forman filmin çəkilişləri üçün öz doğma şəhəri Praqanın ideal olduğunu düşünürdü. Çünki o vaxtlar kommunist hakimiyyəti altında olan şəhərdə müasir televiziya antenası, plastik və ya asfalt nadir hallarda rast gəlinirdi. Filmin işıqlandırılmasının tamamilə təbii günəş işığı ilə aparılması da maraqlı faktlardandır. Bəzi səhnələrdə işığın lazımi diffuziyasını almaq məqsədilə pəncərələrə kağız yapışdırılırdı. Filmdə bir çox opera səhnələri real teatrlarda çəkilmişdi. Hətta "Don Giovanni" operası ilk dəfə təqdim olunduğu səhnədə canlandırılmışdı. Opera tamaşaları üçün dekorasiya və kostyumlar da istifadə olunan operanın premyerasındakı orijinal geyimlər və setlərin eskizləri əsasında hazırlanmışdı.


 Mozartın həyatından bir neçə real hadisə bir qədər dəyişdirilmiş şəkildə ssenariyə daxil edilib. O cümlədən, "Saraydan qız qaçırtmaq" əsərinə imperatorun "həddən artıq not" kommenti Fransa kraliçasi Marie Antionette tərəfindən deyilmişdi. Bir səhnədə, Mozart Kristof Willibald Gluck haqqında "sıxıcı" və Corc Frideric Handel haqqında da "Mən onu xoşlamıram" deyir. Ancaq, Gluck və Handel Mozart-ın ən sevdiyi iki bəstəkar idi. Filmdə Mozartın zəhlətökən gülüşü üçün "şüşəyə sürtünən metalın çıxardığı səs kimi" konsepsiyası əsas götürülmüşdü. İddia olunur ki, bu məlumat onun haqqında iki qadın tərəfindən yazılmış məktubdan götürülmüşdü, lakin məktubu yazanların kimliyi və ya yazılma tarixi məlum deyil.


  Filmin mükafat qazandığı 1985-ci il 57-ci Oskar mükafatlandırma mərasimi də maraqlı hadisələrlə yadda qalır. Ən yaxşı film mükafatını təqdim edən aktyor Laurence Olivier kürsüyə çıxır, zərfi açır və qalibin adını səsləndirir. Məsələ burasındadır ki, o əvvəlcə namizədlərin adlarını oxumağı unutmuşdu.


  Maurice Jarre isə A Passage to India (1984) filminə görə ən yaxşı orijinal musiqi Oskarını qəbul edərkən çıxışında öz minnətdarlığını bildirmişdi ki, Amadeus ən yaxşı orijinal musiqi nominasiyasında namizəd olmayıb. Bu aşkar zarafat idi, çünki Amadeus-un musiqilərinin heç biri orijinal deyildi.

Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder