Dr. Strangelove (Doktor Qəribə Eşq) Filminin Orijinal Analizi



  1964-cü ildə dahi Stanley Kubrick-in 7-ci uzun metrajlı
filmi - qara yumorun ən dəyərli nümunələrindən Dr. Strangelove or: How I Learned to Stop Worrying and Love the Bomb filmi işıq üzü görür. Kubrick-in yeganə komediya filmi olan Strangelove 4 nominasiyada - İlin filmi, ən yaxşı aktyor, ən yaxşı rejissor və ən yaxşı ssenari nominasiyalarında Oskara namizəd olur. Bunların üçündə Kubrick namizəd idi.



  İlin filmi Oskarına namizəd olan ən uzun adlı film olan Strangelove çəkildiyi ilə görə rekord sayıla biləcək 303 min səs əsasında 8,5 IMDb xalına və yenə rekord səviyyədə 96 Metascore xalına malikdir. IMDb Top 250 siyahısında 50-ci yerdə olan film həmçinin AFI Top 100 siyahısında 39-cu yerdədir.



  Siyasi mövqeyi birmənalı qarşılanmayan filmin çəkilişləri ABŞ hökümətinin təzyiqi altında başladı. Çəkilişlər zamanı da hökümət ilə gərginlik yaşanır. Təyyarə səhnələrinin birində kameralardan biri səhvən ABŞ-ın məxfi hava qüvvələrini çəkir. Dərhal enməyə məcbur edilən çəkiliş heyəti bir müddət Sovet casusları kimi ittiham olunur.



  Dövrün prezidenti Kennedy-ə edilən sui-qəsd filmin premyerasının gecikməsinə səbəb olur. Kubrick prezidentin ölümü ərəfəsində içində prezident obrazı olan komediya filminin göstərilməsinin düzgün olmayacağını açıqlamışdı. Filmin məşhur səhnəsində təyyarədə Mayor Kong-un: "Bu əşyalarla Veqasda gözəl həftəsonu keçirə bilərəm." dediyini görürük. Əslində o Dallas demişdi. Kennedy-nin Dallasda ölməsi bu sözün dəyişdirilməsinə səbəb olur. Diqqətlə baxsaq həmin səhnədə aktyor Slim Pickens-in ağzından Dallas sözünün oxunduğunu görərik.



  Məşhur müharibə otağının dizaynında 1927-ci il filmi Metropolis filmindən ilham alınmışdı. Həmin otağın işıqlandırılmasında isə nə az nə çox 10 mil elektrik kabelindən istifadə olunmuşdu. Bir çox massonik işarəni də həmin otaqda görə bilərik.



  Son ağ-qara filmi Strangelove-ın çəkilişlərinə bütün filmlərində olduğu kimi uzun müddət hazırlaşan Kubrick xanımı Christiane-nın sözlərinə görə 50-dən çox atom bombası haqqında kitab oxumuşdu. Rejissorun rekviziti halına gələn CRM-114-dən ilk dəfə istifadə etdiyi filmdə təyyarə səhnələrinin əksəriyyətində operatorluğu birbaşa özü edir.



  Ciddi üslubu ilə seçilən, aktyorlarla çox yaxın olmağı sevməyən rejissor Dr. Strangelove obrazını canlandıran Peter Sellers-in səhnələrinin çəkilişlərində gülməkdən özünü saxlaya bilmirdi. Filmdə Peter Sellers-in bir əlinə geyindiyi əlcək də məhz Kubrick-in idi. Aktyor parlaq qara əlcəyi Kubrick-də görür və bunun personajı daha yaxşı ifadə edəcəyini düşünüb filmdə onu geyinir.



  Filmin sonunu isə Kubrick əvvəlcə fərqli formada planlaşdırmışdı. Dairəvi stola tortlar gələcəkdi, Sovet və ABŞ rəsmiləri tort müharibəsi edəcəkdi. Bu sonluğu həddindən artıq bayağı qiymətləndirən rejissor həmin səhnələr çəkilsə də filmdə ondan istifadə etmir. Bunun digər səbəbini Kennedy-nin ölümü kimi qiymətləndirənlər də var. Həmin səhnələr rejissorun ölümündən sonra 1999-cu ildə London Milli Film Teatrında ilk dəfə ictimayətə göstərilir.



  Kubrick həmçinin dairəvi stolu yaşıl örtü ilə çəkmək istəyirdi. Bununla o poker stoluna işarə edəcək və bir növ liderlərin insanların taleyi ilə necə qumar oynamasını göstərəcəkdi. Sonradan filmin ağ-qara olması dəqiqləşir və rəngin mənası qalmır.



  1960-cı illərin milli mühafizə texnologiyası B-52-nin müharibə otağında müəyyən qədər təsviri Kubrick-i FBI tərəfindən izlənilənlərdən etmişdi. Çəkilişlər zamanı rejissor həmçinin məşhur elmi-fantastika yazıçısı Arthur C. Clarke ilə görüşür. Məhz bu görüşdə Kubrick-in növbəti şedevri 2001: A Spacey Odyssey filmi qərarlaşdırılır. Həmin vaxt Kubrick belə bir zarafat etmişdi: "Hava Qüvvələri artıq məndən heç nə eşitmək istəmir."



  İfası ilə Oskara namizəd olan Peter Sellers filmdə 3 obraz yaradır. Aktyor Kapitan Lionel Mandrake, Prezident Merkin Muffley və Doktor Strangelove obrazlarını ifa edir. Sellers 3 fərqli obrazı bir filmdə ifa edib ən yaxşı aktyor nominasiyasında Oskara namizəd olan ilk və tək aktyordur.



  1,8 milyon dollar büdcə ilə çəkilən filmdə Sellers-in maaşı 1 milyon dollar (büdcənin 55%-i) idi. Kubrick bu barədə: "Biz ona 3 aktyor əvəzinə 6 aktyorun pulunu ödədik." zarafatını etmişdi. Ən maraqlı məqam isə filmdə əsasən Strangelove obrazını yaradarkən aktyorun demək olar bütün sözləri və hərəkəti o ankı hissinə görə improvizə etməsi idi.



  Aktyorun nazi heyranlığı, Mein Fuhrer! sözü, kontrolsuz əl hərəkətləri hamısı Peter-ın fantaziyası idi. Müasir tibbdə isə Strangelove-ın xəstəliyi aqonistik apraksiya adlanır. Filmin premyerasından sonra Aberdeen Universitetinin tədqiqatçıları həmin xəstəliyə Strangelove sindromu adını verir.



  Əslində isə Sellers-in 4 obrazı canlandırması nəzərdə tutulmuşdu. Aktyor Mayor Kong rolu üçün də kastinqə qoşulur amma bütün cəhdlərə baxmayaraq Texas ləhcəsi alınmır. Beləcə rol üçün Slim Pickens seçilir. Pickens isə heç vaxt ABŞ-dan kənar ölkəyə səfər etməmişdi. Sənədlərində problemləri yaşanan aktyor çəkilişlərə gec qoşulur və onun çəkilişləri sonda reallaşır.



  Filmin İngiltərədə çəkilməsinin səbəbi isə Sellers idi. Çəkiliş müddətində boşanma məsələləri ilə məşğul olan aktyorun ölkə xaricinə çıxması mümkün olmur və çəkiliş qrupu İngiltərəyə gəlir.



  Filmin digər maraqlı personajı isə 1970-ci ildə Oskardan imtina edərək diqqət mərkəzində olacaq George C. Scott-un canlandırdığı General Turgidson idi. Emosiyanal xarakteri ilə tanınan aktyor Kubrick-in Turgidson personajını niyə belə axmaq kimi formalaşdırdığını başa düşə bilmir. Dəfələrlə rejissora şikayətlənən aktyor çəkilişlər zamanı əsəbi idi. Filmdən sonra isə bir daha Kubrick-lə işləməyəcəyinə and içdiyini söyləmişdi.



  Scott-un filmdə stuldan yıxıldığı səhnə isə nəzərdə tutulmamışdı və tamamilə təsadüf nəticəsində alınır. Aktyor bunu gözləməsə də heç nə olmamış kimi roluna davam edir.



  Çəkilişlər müddətində Kubrick ilə Scott tez-tez şahmat oynayırlar. Kubrick-in uşaq yaşlarından bəri qatı şahmat həvəskarı olması və rəsmi olaraq master səviyyəli oyunçu olmasına baxmayaraq həvəskar oyunçu olan Scott hər dəfə rejissoru asanlıqla məğlub edir.



  Film haqqındakı digər maraqlı məqam General Turgidson-un (George C. Scott) ilk, General Ripper-in (Sterling hayden) isə son səhnəsinin hamamda olması idi.



2004-cü ildə Stephen Hopkins-in rejissorluğu ilə Peter Sellers-in bioqrafiyası The Life and Death of Peter Sellers filmi çəkilmişdi. Dr. Strangelove filminin çəkilişinin də təsvir olunduğu filmdə Sellers-i Geoffrey Rush, Kubrick-i isə Stanley Tucci canlandırır.

  

Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder