Taxi Driver (Taksi Sürücüsü) Filminin Orijinal Analizi

 

Dahi rejissor Martin Scorsese-in GoodfellasDeparted filmləri
haqqındakı məqalələrimizdən sonra digər şedevri Taxi Driver yazısını təqdim edirik.



  1976-cı ildə premyerası olan film Vyetnam müharibəsi veteranı taksi sürücüsü Travis Bickle-in dramatik hekayəsini səhnələşdirir. İlin filmi, ən yaxşı aktyor (Robert De Niro), köməkçi aktrisa (Jodie Foster) və musiqi (Bernard Herrmann) nominasiyalarında Oskara namizəd olan film 435 min səs əsasında 8,4 İMDb xalına və rekord sayıla biləcək 93 Metascore xalına sahibdir.



  34 yaşında çəkdiyi 5-ci uzun-metrajlı filmi Taxi Driver ilə gözlənilən partlayışı edən Scorsese 3 il əvvəl Mean Streets filmində birlikdə işlədiyi Robert De NiroHarvey Keitel ilə növbəti dəfə bir araya gəlir. Filmin prodüserləri (Michael və Julia Phillips) rejissor kimi ilk öncə məşhur Scarface (1983) və Mission İmpossible (1996) filmlərinin də rejissoru Brian De Palma-nı düşünmüş və onunla razılaşmışdılar. De Palma çəkilişləri 2 həftə davam etdirmiş Jodie Foster-in İris obrazı üçün Melanie Griffith-i seçmişdi. Lakin sonradan onların hər ikisi işdən azad edilir. Scorsese-dən əvvəl Tony Bill də rejissor kimi düşünülmüş hətta ssenarist Paul Schrader tərəfindən Al Pacino-ya Travis rolu təklif edilmişdi. Pacino roldan imtina edir və nəhayət Scorsese ilə razılıq əldə olunur.



  Scorsese baş rolun adının Travis olmağına A Clockwork Orange (1971) filmindəki Alex obrazı ilə tanıdığımız Malcolm McDowell-in If.... (1968) filmindəki ifasını gördükdən sonra qərar verdiyini açıqlamışdı. Filmdə McDowell-in obrazının adı Mick Travis idi.



  Film zamanı Scorsese-i 2 səhnədə - Travis-in taksisinə minən, xanımı ona xəyanət edən emosiyonal sərnişin və Betsy kampaniya mərkəzinə gedərkən arxada oturan adam kimi görürük. Rejissorun Goodfellas filmində də rol verdiyi valideynlərini (Charles və Catherine Scorsese) bu filmdə də görürük. Filmin sonunda Travis-in otağında gördüyümüz qəzet məqaləsindəki şəkildə onlar İris-in valideynləri idi.



  Scorsese filmin irqi ayrı-seçkiliyə görə ittiham olunmasından çəkinirdi. Schrader-in ssenarisində Sport (Harvey Keitel), Mafioso (Bob Maroff) və otel katibi personajları zənci idi. Scorsese bu personajları ağdərili aktyorlara həvalə edir.



  Filmin ssenarisi Paul Schrader cəmi 5 günə yazmışdı. O motivasiyasını artırmaq üçün ssenarini yazanda stolda həmişə dolu tapança saxladığını söyləmişdi. Ssenarist Travis rolunu yalnız Jeff Bridges üçün yazdığını açıqlamışdı. Çoxları bilməsə də Taxi Driver qismən Schrader-in bioqrafiyasıdır. Yazıçı uzun müddət depressiyada qalmışdı və əsəb xəstəliyindən əziyyət çəkirdi. Tez-tez porno teatrlara gedən yazıçı həmin vaxtlar taksi şoferi işləmək istədiyini söyləmişdi.



  Filmin uğurunda böyük pay ifası ilə ikinci Oskar namizədliyini qazanan Robert De Niro-nun idi. Baş rol üçün De Niro ilə 35.000 dollara razılaşılmışdı. Razılıqdan qısa müddət sonra aktyor Godfather: Part II (1974) filminə görə Oskar qazanır. Prodüserlər profili yüksələn De Niro-nun məvacibinin artırılmasını istəyəcəyini düşünürdü və narahat idilər. Lakin aktyor razılaşmaya sadiq qalır, əlavə pul istəmir.



  34 yaşlı De Niro çəkilişlərdən əvvəl roluna çox ciddi hazırlaşırdı. 1 ay gündə 15 saat olmaqla taksi sürücüsü işləyən aktyor sonralar həmin günlər haqqında: "Taksi sürücüsü işlədiyim günlərdə New York-da məni cəmi 1 nəfər tanıdı." demişdi. Rolu üçün Midwestern aksenti üzərində işləyən Robert həmçinin ruhi xəstəliklər üzrə təhsil də almışdı.



  Scorsese-in Travis rolu üçün ilk seçimi isə 2 Oskarlı Dustin Hoffman idi. Aktyor bu rolu "dəli obrazı" adlandırıb imtina etmişdi. Travis ümumiyyətlə ən çox aktyorun düşünüldüyü personajlardandır: Jeff Bridges, Jack Nicholson, Dustin Hoffman, Warren BeattyBurt Reynolds, Ryan O'Neal, Peter Fonda, Al Pacino, Jon Voight, Robert Blake, David Carradine, Richard DreyfussChristopher Walken, Alain Delon, James Caan, Roy Scheider, Paul Newman, Marlon Brando, Martin Sheen, Elliott GouldAlan AldaGeorge Hamilton bu rol üçün siyahıda idi.



  Porno teatr səhnəsində tamaşaçılardan biri Robert De Niro-nun eks-həyat yoldaşı Diahnne Abbott idi. Filmdən sonra onlar evlənmişdi. Taxi Driver De Niro-nun Vyetnam müharibəsi veteranını oynadığı ikinci filmdir (ilki Deer Hunter). Filmdə De Niro-nun qəribə saç kəsimi sonradan səhnələr çəkilməli olduğuna görə parik istifadə olunmaqla düzəldilmişdi. Makiyaj sənətçisi Dick Smith keçəl qəlib və onun üstünə qalın at tükündən saç düzəltmişdi. Həmin parik hal-hazırda New York-dakı Moving İmages muzeyindədir.



  Filmin ən məşhur səhnəsi çoxlarına görə Travis-in güzgü qarşısında: "You talking to me?" (Mənimlə danışırsan?) deməsi idi. Bu səhnə ssenaridə sadəcə "Travis güzgüyə baxır" yazılmışdı. Bu səhnə De Niro-nun improvizəsi idi. Bunun sözün nəyə işarə olduğuna dair müxtəlif fikirləe var. Bəziləri bunun Reflections in a Golden Eye (1967) filmində Marlon Brando-nun səhnəsinə işarə olduğunu deyir. De Niro-nun aktyorluq müəllimi Stella Adler-in onu təəccübləndirmək üçün bunu etdiyi məlumdur. 70-ci illərdə məşhur müğənni Bruce Springsteen bir konsertində bu zarafatı etmişdi.
  Travisin bu səhnəsi Amerika Film İnstitutu tərəfindən kino tarixində ən yaxşı 10-cu səhnə, Premiere jurnalının 100 Unudulmaz Səhnə siyahısında isə 8-ci yerdədir.



  Filmin əsas obrazlarından Betsy üçün Scorsese Cybill Shepherd tipində bir aktrisa axtarışında idi. Rejissorun yaxını Sue Mengers bunu biləndə elə Cybill Shepherd-in özünü filmə çəkməyi təklif edir və razılıq əldə olunur. Meryl Streep bu personajı oynamaqdan imtina etmişdi. Susan Sarandon bu rol üçün kastinqə qoşulsa da Scorsese onu bəyənməmişdi.



  Filmdəki ifası ilə 14 yaşında ilk Oskar namizədliyini qazanan Hollivudun ən bacarıqlı və gözəl aktrisalarından 2 Oskarlı Jodie Foster 250-dən çox müraciətin içindən Iris rolu üçün seçilmişdi. Qızıl Qlobuslu aktrisa Mia Farrow Iris üçün kastinqə qoşulsa da Scorsese onun ifasını bəyənməmişdi. Bəzi səhnələrdə gənc Jodie-nin çəkilməsinin etik olaraq düzgün olmadığı düşünülərək onun 20 yaşlı bacısı Connie Foster vücud dublyoru kimi oynamışdı.



  Aktrisa çəkilişlərdən sonra Robert De Niro-dan şikayətlənirdi. Belə ki, De Niro həftədə bir neçə dəfə Foster-i qəhvə içməyə çağırırdı və şam yeməyi səhnəsinə məşq edirdilər. Ardı-arası kəsilməyən şam yeməklərindən bezən aktrisa hər dəfəsində narazılığını De Niro-ya bildirirdi. Lakin De Niro məşq etməyə davam edirdi.



  Maraqlı personajlardan Sport-u canlandıran Quentin Tarantino-nun sevimlisi Harvey Keitel əvvəlcə Albert Brooks-un oynadığı kampaniya işçisi Tom obrazı üçün düşünülmüşdü. Aktyor öz istəyi ilə Sport-u oynayır. Keitel çəkilişlərə qədər Sport tipli adamlar tapmış və onlar uzun vaxt birlikdə qalmışdı.



  Filmin musiqisini bəstələyən Bernard Herrmann-a Scorsese ilk dəfə işləməyi təklif edəndə bəstəkar: "Mən maşın filmləri üçün musiqi yazmıram." demişdi. Ssenarini oxuduqdan sonra çox bəyənən bəstəkar işləməyə razılaşır. Herrmann 1975-ci ildə yeni il ərəfəsində dünyasını dəyişir. Film onun xatirəsinə həsr edilir.




Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder