2000-ci ildə elmi-fantastika janrının ən yaxşı rejissorlarından
olan Ridley Scott-un tarixi mövzudakı şedevr filmi Gladiator işıq üzü görür. Qədim Roma dövründə reallaşan qladiator Maximus-un dramatik hekayəsini səhnələşdirən film 5 nominasiyada Oskar qazanır.
İlin filmi, ən yaxşı aktyor, kostyum, səs və vizual effektlər nominasiyalarında mükafatı qazanan filmin 836 min səs əsasında 8,5 IMDb xalı və 64 Metascore xalı var. 103 milyon dollar büdcə ilə çəkilən Gladiator 456 milyon dollar gəlir gətirib. Film həmçinin 1949-cu ildə çəkilən All the King`s Men filmindən bəri rejissor və ssenari nominasiyalarında Oksar almadan ilin filmi seçilən ilk filmdir.
Filmdəki hər bir xırda detalla yaxından maraqlanan Scott hətta qılıncların, stulların və meyvələrin seçilməsində də qədim Roma dövrünün mümkün qədər oxşar təsvir edilməsi üçün yaxından iştirak edirdi. İlkin mərhələdə hazırlanan Kolezziyum maketini çox balaca qiymətləndirən rejissor qədim ingilis və fransız əsatirlərində təsvir olunan formada arenanı alman arxitektora yenidən tikdirir.
Çəkilişlər müddətində Ridley Gene Hackman-ın 5 il əvvəl çəkilən Crimson Tide filmində geyindiyi qırmızı kepkanı geyinir. Qeyd edək ki, həmin filmin rejissoru Ridley-in qardaşı Tony Scott (Man on Fire, Top Gun, Unstoppable) idi.
Şübhəsiz çəkilişlər zamanı ən gözlənilməz hadisə Proximo obrazını canlandıran Oliver Reed-in qəfil ölümü idi. Əsas çəkilişlərin başlanmasından 3 həftə sonra baş verən bədbəxt hadisəyə görə Scott-un planları dəyişir. Personajı dəyişdirmək təkidlə təklif olunsa da rejissor razı olmur. Dublyor və xüsusi CGI effektləri vasitəsilə aktyorun bütün səhnələri tamamlanır. Təkcə Proximo obrazının səhnələrinə görə 3 milyon dollar əlavə vəsait lazım olur.
Aktyorlarla birbaşa ünsiyyəti sevməyən və ciddi xarakteri ilə tanınan Scott filmin əsas mənfi obrazı Commodus personajını canlandıran Joaquin Phoenix-in sürətlə çəkisinin artmasından narahat olur və prodüserə bu barədə aktyora xəbərdarlıq etməsini söyləyir. Məsələdən xəbərdar olan Phoenix rejissora Roma şahzadəsinin kök olduğunu düşündüyü üçün bələ etdiyini deyir və həftələrlə minimumda yemək yeyir.
İfasına görə Oskar qazanan dahi aktyor Russell Crowe kino tarixinin ən dəyərli personajlarından birini yaradır. Rol üçün Antonio Banderas və Hugh Jackman da düşünülənlərdən idi. Rola ən yaxın aktyor isə Mel Gibson idi. Aktyorla böyük ölçüdə razılaşma əldə edilsə də sonda Gibson 43 yaşında bu rol üçün qoca olduğunu söyləyib imtina edir.
Keşməkeşli çəkiliş periodu keçirən Russell arenadakı döyüş səhnələrinin birində bir neçə ayaq sümüyünü sındırır. Filmdə aktyorun üzündə gördüyümüz tikişlər də realdır. Atdan yıxılan aktyorun üzünə tikiş vurulmuşdu.
Pələng səhnəsində xüsusi sakitləşdiricilər injeksiya edilmiş pələnglərdən istifadə edilir. Bu səhnə üçün rejissor əvvəlcə kərgədanlardan istifadə etmək istəsə də qısa müddətdə heyvanları əhliləşdirmək mümkün olmur. Pələnglərə 15 addımdan az yaxınlaşması qadağan olan Russell-i ikonik səhnələrin bir çoxunda dublyoru əvəz edirdi.
Ssenari ilə bağlı narazılıqları olan və bunları deməkdən çəkinməyən aktyor filmdə dəfələrlə səhnələri müəyyən qədər dəyişdirmişdi. Ssenari müəllifi William Nicholson-la tez-tez konfliktləri yaşanan aktyor bir dəfə ssenaristə: "Sənin yazdığın sözlər heç nədir. Ancaq mən bu heçi ən yaxşı şəkildə səsləndirəcək aktyoram." demişdi.
Filmin əvvəlindəki tarladakı məşhur səhnə sonradan əlavə edilmişdi. Bütün çəkilişlər tamamlandıqdan sonra çəkilən səhnədə ssenarist David Franzoni-nin əsas məqsədi Maximus personajının həssaslığına diqqət çəkmək idi.
Gladiator-un ən sevdiyi filmi olduğunu dəfələrlə deyən Russell-in filmdəki adı əslində Maximus yox Narcissus olmalıydı. Filmdə Maximus-un doğma evinin göstərildiyi yerlər aktyorun Avstraliyadakı öz evidir. Filmdə oğlunu canlandıran Giorgio Cantarini isə Roberto Benigni-nin Life is Beautiful filmindəki balaca Joshua-dır.
Oliver Reed-in çəkilişlər əsnasında infarktdan dünyasını dəyişməsi filmin davamı üçün planları dəyişdirir. Scott-un Proximo obrazı üçün ilk düşündüyü Richard Harris idi. Sonradan Reed-ə yönələn rejissor aktyorun ürək xəstəliklərinə görə roldan imtina etmək istədiyini öyrənir və özü onu filmdə oynamağa razı salır.
Ssenaridə Proximo obrazı sağ qalmalıydı amma hadisədən sonra dəyişiklik edilir. Film Oliver Reed-in xatirəsinə həsr edilir.
Filmdəki möhtəşəm ifası ilə ilk Oskar namizədliyini qazanan və özünü Hollivudda sübut edən Joaquin Phoenix-in uğuru gözlənilməz idi. Həmin vaxt 26 yaşı olan aktyordan başqa Ridley heç kimi Commodus obrazı üçün düşünməmişdi.
Özünü rolu ilə bütünləşdirən aktyorun Lucilla obrazını canlandıran Connie Nielsen-ə "səncə mən mərhəmətli deyiləm?!" qışqırmasından sonra aktrisa həqiqətən qorxmuşdu. Commudus-un atasının ölüm yatağındakı səhnəsində isə Phoenix o qədər emosianal və solğun görünürdü ki, Scott daxil hamı bu ifadan təəccüblənmişdi.
Möhtəşəm aktyor ifaları və unudulmaz səhnələri ilə tarixin ən yaxşıları arasında olan Gladiator filminin analizini tamamladıq. Növbəti məqalələrimiz Green Mile və Dr. Strangelove filmi haqqında olacaq.
0 comments:
Yorum Gönder