A Beautiful Mind (Ağıl Oyunları) Filminin Orijinal Analizi


  2001-ci ildə kino tarixinin ən yaxşı bioqrafik filmlərindən
olan A Beautiful Mind filmi çəkilir. Ron Howard-ın rejissoru olduğu film dahi riyaziyyatçı, Nobel mükafatlı John Nash-ın həyatını səhnələşdirirdi.

 8 nominasiyada Oskara namizəd olan film ilin filmi, ən yaxşı rejissor, ən yaxşı köməkçi aktrisa və ən yaxşı uyğunlaşdırılmış ssenari nominasiyalarında mükafatı qazanır.



  60 milyon dollar büdcə ilə çəkilib 312 milyon dollar gəlir gətirən şedevr əsər 505 min səs əsasında 8,2 IMDb xalına və 72 Metascore xalına malikdir.

  Baş rolu dahi aktyor Russell Crowe-ın canlandırdığı filmdə Ed Harris, Jennifer Connelly, Christopher Plummer kimi məşhur simalar da iştirak edir. Filmin ssenarisini isə Akiva Goldsman Sylvia Nasar-ın kitabı əsasında yazmışdı.



  Aktyor kimi daha çox seriallarda çəkilən, həmçinin Rush, Da Vinci Code, Angels and Demons, Cinderella Man, Apollo 13, Frost/Nixon, Cocoon kimi məşhur filmlərin rejissoru olan Ron Howard filmə görə rejissor və prodüser kimi 2 Oskar birdən qazanır. Film üçün rejissor kimi ilk olaraq Oskarlı Robert Redford istənsə də yaranan problemlər razılığa imkan vermir.



  Möhtəşəm ifası ilə Oskara namizəd olan baş rol Russell Crowe-nı filmin ən böyük uğuru hesab etmək olar. Aktyordan öncə rol üçün Tom Cruise da düşünülsə də sonra Russell rolu alır.



  Filmin çəkilişi zamanı John Nash-lə yaxın təmasda olan aktyor onun əl hərəkətlərindən çox təsirləndiyini və filmdə həmin hərəkətləri təqlid eləməyə çalışdığını söyləmişdi. Filmin sonunda Nash-in çay içdiyi səhnə aktyorla riyaziyyatçının 15 dəqiqəlik müzakirəsindən sonra reallaşmışdı. Onlar çay yoxsa kofe içməli olduğunu müzakirə edirdilər.



  Filmdə gördüyümüz düsturların əksəriyyəti John Nash-in həmin dövrdə yazdığı düsturlarla eynidir. Bu düsturları Bernard kollecinin professoru Dave Bayer yazırdı. Filmdəki bəzi səhnələrdə Russell-in yerinə əslində Dave-in əlini görürük.



  Müəlliflik hüquqlarının Nash ailəsindən alınması olduqca məşəqqətli keçdikdən sonra montaj mərhələsində də problemlər yaşanır. Crowe ilə Connelly-nin sevişmə səhnəsi filmdən çıxarılır.



  Kastinq mərhələsində Nash-in həyat yoldaşı Alicia-nı canlandıracaq aktrisanın seçilməsi olduqca çətinliklə başa gəlir. Alicia Nash-in Salvadordan olması əvvəlcə Selma Hayek-in rol üçün seçilməsinə gətirib çıxaracaqdı. Daha sonra Emily Watson-a təklif göndərilir lakin aktrisa obrazı həddindən artıq britaniyalı hesab etdiyindən imtina edir.



  Mira Sorvino yaşlı olduğu üçün rola seçilmir. Nəhayət Mary McCormack-ın rol üçün seçilməsi dəqiqləşsə də sonda rol Connelly-nin olur. İfası ilə Oskar qazanan aktrisanın əvəzinə həmçinin Charlize Theron, Rachel Weisz, Ashley Judd da düşünülənlərdən idi.



  Filmin premyerasında qısa müddət sonra Connelly filmdə Charles obrazını canlandıran Paul Bettany ilə evlənir.



  Filmdə Nash-in yıxılıb zalda süründüyü səhnədə alimin öz oğlunu sağ tərəfdə görə bilərik. Real həyatda siqaret istifadəsinin qəti əleyhdarı olan Nash-i canlandıran Crowe-nu filmdə siqaret çəkərkən görürük.

  Ümumiyyətlə isə alimin real həyatında olub bizə göstərilməyən bir çox məqam var: John Nash əslində 2 dəfə evlənmişdi. Hər ikisində Alicia Nash ilə. Keçmişdə alimin həm kişilərlə həm qadınlarla münasibətləri olmuşdu. Nash bir dəfə böyük skandala görə həbs edilmişdi. İyirmi yaşlarında hələ evlənməmişdən əvvəl bir uşağı qəyyumluğa götürmüşdü. Alim inanırdı ki, onun psixoloji xəstəliyi yadplanetlilər və kosmik aləm barədə ona ən ağlasığmaz informasiyaları verir.



  Sonda film haqqında maraqlı bir məqamı qeyd edək. Diqqət etsək görərik ki, Nash-in xəyalını gördüyü dostu və onun yanındakı balaca uşaqla söhbət zamanı qız quşlar tərəfə qaçır lakin quşların heç biri tərpənmir. Bu rejissorun tamaşaçıya verdiyi incə mesajlardandır.
    

  John Nash 2 gün əvvəl - 23 mayda həyat yoldaşı Alicia Nash ilə birlikdə keçirdiyi avtomobil qəzasında 86 yaşında dünyasını dəyişdi.



Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder