Darren Aronofsky Həyati və Filmləri
Darren Aronofsky 1969-cu il 12 fevralda Bruklin, Nyu Yorkda anadan olur. Yəhudi ailəsində doğulan Darren-in valideynləri orta məktəb müəllimləri idi.
Edward R. Murrow məktəbini bitirdikdən sonra 1987-ci ildə Harvard Universitetində aksiyon və animasiya fakültəsinə daxil olur.
Mistik hadisələrə və insan psixologiyasına olan marağı ilə seçilən gənc Aranofsky 1991-ci ildə məzun olur. Elə həmin ildən rejissorluq fəaliyyətinə başlayan Darren 1991-94-cü illərdə Fortune Cookie, Supermarket Sweep, Protozoa və No Time adlı 4 qısa-metrajlı film çəkir.
1998-ci ildə 2 ildir üzərində işlədiyi 84 dəqiqəlik ilk uzun-metrajlı filmi Pi işıq üzü görür. Maraqlı yaxın çəkiliş üslubu və işığın cəzbedici istifadəsi ilə olduqca ağır səhnələri də olan film olduqca bəyənilir.
Sadəcə ilk filmi ilə 129.000+ səs toplayaraq 7,5 kimi yüksək İMDb xalı olan film Aranofsky-nin gələcək perspektivlərini bizə göstərir.
2000-ci ildə çəkdiyi və rejissora məşhurluq gətirən Requiem for a Dream filmi ilə Darren özünü sübut edə bilir. Ən ağır psixoloji filmlərdən hesab edilən əsərdə narkaman gənclərin həyatı və yaşlı bir qadının şizofreniyaya gedən yolu olduqca təsirli nümayiş üslubu ilə tamaşaçıya çatdırılır.
Baş rollarında Oskara namizəd olan ifası ilə Ellen Burstyn, Jared Leto və Jennifer Connelly olan dram filmi məşhur musiqisi ilə də göz doldurur. İkinci əsəri ilə artıq İMDb reytinqinə də düşməyi bacaran Aronofsky qismən mistiki və psixoloji momentlərə üstünlük verən üslubu ilə yüksək qiymətləndirilən rejissorlardan olur.
6 illik fasilədən sonra ən qalmaqallı filmi Fountain-in premyerası olur. 2002-ci ildə çəkilişlərinə başlanan film baş rol aktyoru Hugh Jackman-ın proyektdən ayrılması ilə yarım qalır. Daha sonra yenidən filmə qoşulan Jackman çəkilişləri tamamlayır.
Ən qəliz və anlaşılmayan filmlər siyahılarına baxsaq Fountain filmini demək olar hamısında görə bilərik. Əvvəlki filmlərində olduğu kimi yenə ssenarisini özü yazdığı film bir qədər başqa üslubda olsa da olduqca uğurlu alınır və yüksək İMDb xallı növbəti Aronofsky filmi olur.
Filmdə köməkçi qadın rolunu oynayan Rachel Weisz ilə tanış olan rejissor onunla nişanlanır. 2006-cı ildə Henry adlı oğulları dünyaya gəlir.
2 il sonra 2008-ci ildə dram və idman janrında olan Wrestler filmi işıq üzü görür. Ssenarisini Robert Siegel-in yazdığı film şou məqsədi ilə keçirilən döyüş müsabiqələrində iştirak edən çempion bir güləşçinin qocaldıqdan sonra həyata bağlanmaq mübarizəsini bizlərə göstərir.
Mickey Rourke-ın tarixə keçən şedevr ifası filmi gözəlləşdirən əsas amil olur. Qızıl Qlobusu alan aktyor Oskarda isə Milk filmindəki Sean Penn-in ifasına uduzur.
Son 2 filmi ilə hekayə üslubunu dəyişmiş görünən rejissor yaxın çəkiliş və tərpənən kamera stilində çəkilişlərini bu filmində də göstərir.
2010-cu ildə bəziləri tərəfindən rejissorun şah əsəri kimi də qiymətləndirilən Black Swan filmi çəkilir. İlk Oskara namizədlik təcrübəsini yaşayan Darren həmçinin Qızıl Qlobus və BAFTA mükafatlarına da rejissor nominasiyasında namizəd olur.
Natalie Portman və Mila Kunis-in möhtəşəm ifası rejissorun kast seçimindəki uğurunu bir daha göstərir. Natalie Portman ifası ilə Oskarı qazanır.
Balerina Nina-nın psixoloji və dramatik hekayəsinin səhnələşdirildiyi filmin final səhnəsi və musiqiləri də unudulmazlardandır.
2014-cü ildə rejissorun son filmi Noah işıq üzü görür. Olduqca bəyənilən və yüksək qiymətləndirilən 5 filmdən sonra Aranofsky-nin ssenarisini Ari Handel ilə birlikdə yazdığı bu filmi gözləniləni verə bilmir.
Olduqca yüksək büdcəyə çəkilən və istənilən gəliri qazana bilməyən filmin bir çox ölkələrdə yayımlanması da qadağan olunur. Baş rollarında Russell Crowe, Anthony Hopkins, Emma Watson, Jennifer Connelly kimi ulduzlar olan filmin musiqiləri olduqca bəyənildi.
0 comments:
Yorum Gönder