Castle Rock - Serial Analizi (I-IV hissələr)


  The Handmaid's Tale serialı ilə
adından bir xeyli söz etdirən hulu, bu dəfə Castle Rock təqdimatı ilə hər kəsi həyəcanlandırmağı bacarmışdı. Çünki serialın yaradıcıları Lost serialından tanıdığımız J.J. Abrams və psixoloji-qorxu janrı deyildikdə ağla gələn ilk isimlərdən olan Stephan King'dir. Serial Stephan King'in "Cujo", "The Dark Half" və "Needful Things" adlı kitabları eləcə də digər qısa hekayələri əsasında ssenariləşdirilmişdir. Lakin bu ikilinin ortaq olaraq mənfi cəhətləri uğursuz sonluqlar çəkmələridir. Hulu telekanalı və ssenaristlərin verdiyi məlumata əsasən Castle Rock hər mövsüm fərqli hekayələrdən bəhs edəcək. Lakin ilk mövsüm bir çox sualı gerisində buraxaraq finala çıxdı və buna görə də serial bir çox izləyicidən mənfi rəy almışdır.

  Moonlight filmindən tanıdığımız André Holland (Henry Deaver), IT filmindən tanıdığımız Bill Skarsgård və 6 Oskar nominasiyalı Sissy Spacek (Ruth) yer aldığı serial Castle Rock adlı qəsəbədə keçən qəribə hadisələrdən danışılır. Serialın qısa icmalı kimi onu qeyd edə bilərəm ki, Henry 1991-ci ildə itkin düşür və 11 gün sonra tapılır. Tapıldıqdan sonra həmin 11 gün haqqında heçnə xatırlamayan Henry, özü ilə bərabər qəsəbəyə başqa bir şəxsidə gətirir. Yerli sakinlər həmin şəxsi şeytan kimi qələmə verir və gizli bir zindanda həbs edirlər. Bu məlumat bir çoxundan gizli saxlansa da, şeytan, həbsxana müdirin intiharından sonra ortaya çıxır.



   Episode 1 - Severance. (spoiler daxildir) İlk hissə Alan adlı polis şerifinin Henry-ni tapması ilə başlayır. Bu səhnədə arxa planda qəribə musiqi çalınır. Bu musiqi Lost serialına göndərmədir. Belə ki, hər iki musiqi eyni oxşar səhnələr üçün istifadə edilmişdir. Bununla birlikdə yaradıcılardan biri olan J.J. Abrams özünü izləyicilərə təqdim edir.  Daha sonra isə Shawshank həbsxana müdiri, gerisində bir çox sual buraxaraq intihar edir. Müdirin yerinə gələn yeni şəxs isə bu hadisənin böyüdülməməsi tərəfdarıdır. Hətta səhnələrin birində "bu ofisdə bir çox müdir özünü intihar etmişdir" deyilir. Bu replika Stephan King'in hekayələrindən adaptasiya edilmiş məşhur kinolardan olan The Shawshank Redemption göndərmədir. Belə ki, həmin filmdə həbsxana müdürü uğursuzluğa düçar olmuş və intihar etmişdir. Növbəti səhnədə isə qarşımıza həbsxanadakı iyrəncliklərdən bezara gəlmiş və burdan qurtulmaq üçün bir yol axtaran Zalewski çıxır. Yeni müdirə F blokunun 1987-ci ildən bəri bağlı olduğunu və ora baş çəkməyi təklif edir. Zalewski F blokuna enərkən "The Kid" (serialda obraz belə verilib) ilə tanış olur və vahiməyə düşərək bunu yeni müdirə məruzə edir. Hər kəs bu şəxsin kimliyini araşdırmaya başlayarkən qarşımıza advokat Henry Deaver çıxır. Məhkəmə salonunda Richard Chambers-ın ölümü ilə günahlandırılan Ann Lee'nin ölüm qərarını müdafiə edən Henry Deaver'ın istifadə etdiyi replikaları diqqətlə dinləmək lazımdır. Çünki bu müdafiə serialın növbəti epizodlarında bəzi şeyləri anlamağımız üçün referans kimi istifadə ediləcək. Həmçinin nəzərinizə çatdırmaq istəyirəm ki, Richard Chambers obrazı Stephan King-in digər romanı "Stand by Me"-yə göndərmədir. Davanı uduzan Henry istirahətə çəkilmişdir. Bu zaman Zalewski Henry-yə zəng edərək onu Castle Rock-a dəvət edir. Zəng zamanı arxada görünən balta isə Stephan King-in digər romanı olan "The Shining"-ə göndərmədir.



   Henry Deaver qəsəbəyə çatmışdır və bu zaman qarşımıza hekayənin sirrli obrazlarından olan Molly çıxır. Molly Deaver'a uşaqlıqdan aşiq olmuşdur lakin onu görər-görməz gizlənməyi seçir (bu hissə e03'də aydınlaşacaq). Advokat qəsəbəyə gələr-gəlməz ilk olaraq atasının məzarlığını ziyarət etsə də məzarlığın yerində olmadığını görür. Daha sonra anasını görməyə gedən Henry'nin anası Ruth isə alzheimer xəstəsidir. Bir neçə flashback'in yer aldığı bu səhnələrdə Ruth'un polis şerifi Alan ilə birlikdə yaşadığını öyrənirik. Epizodun sonlarında isə The Kid obrazının qeyri-adi güclərə sahib olduğunu və insanların şüuraltına daxil olaraq istədiklərini etdirə bildiyini görürük.



Episode 2 - Habeas CorpusBu hissədə keçmiş həbsxana müdiri Lacy-nin ağzı ilə Castle Rock'un qısa hikayəsi ilə tanış oluruq. Hekayə zamanı amerikan futbolu oynayarkən Lacy-nin qardaşının intihar etdiyini də öyrənirik. Hansı ki, Lacy bu hadisədən 57 il sonra özü də intihar edir. Bu səhnələr yenə "Stand by Me" kitabına və yaxud filminə göndərmədir. Henry Deaver bu epizodda ilk iş kimi Lacy-nin yoldaşını görməyə gedir. Bu zaman bəzi şeylərə baxmağa çalışan Henry bir neçə qəzet və təqvimlərlə qarşılaşır. Təqvimlərin hamısında Act 1633 qeyd olunmuşdur. Bu "The Bible"-in 16:33-nə işarədir. Bu hissəyə görə "gözətçi gecənin bir zamanı onların hamısına baxdı və buna görə də xəstəxanadakı bütün hər kəsin günahı çıxarıldı." 1991-ci ildə kilsənin baş rahibi Reverend Deaver-ın ölümündə şübhəli bilinən uşaq haqqında məlumat tapdığı an müdirin yoldaşı qəzəblənərək onu evdən qovur. Henry isə evdən çıxarkən Lacy-nin zirzəmisinin bağlı olduğunu görür (bu səhnə növbəti epizodlarda açıqlanacaq).  



   Daha sonra kilsəyə gələn Deaver burada Jackie Torrance ilə tanış olur. Hansı ki, bu xarakter serialın final hissəsində də yer almış və müəmma olaraq qalmışdır. Lakin mənə görə yaradıcılar burada "The Shinning" filminə göndərmə etmişdilər və serialın növbəti hissəsində bu kino haqqında danışılacağını düşünürəm. Həmçinin Jackie Torrance "The Shinning" filminin baş obrazı Jack Torrance-a işarədir. Digər səhnədə isə Alan-ın həbsxana müdiri ilə söhbətini görürük. Burada məlum olur ki, Alan The Kid-i tanıyır və onu yeni müdirə şeytan kimi qələmə verir.
  Serialın sirrli obrazlarından olan Molly'nin evi Henry ilə üzbəüzdür və onların uşaqlıqda bir-birilərinə qarşı hisslərinin olduğunu görürük. Lakin bundan savayı Molly-nin bəzi gücləri var, hansı ki, qarşısındakı insanların ağrılarını hiss edə bilir. Molly Stephen Kingin yaratmış olduğu digər məşhur obrazlardan John Coffey-i xatırladır. Bildiyiniz kimi John Coffey "The Green Mile" filmində ona yaxşı davranan həbsxana işçilərinin ağrılarını hiss edərək onlara kömək etməyə çalışırdı. Henry həbsxana müdiri tərəfindən gizlədilən The Kid-i görə bilmədiyi üçün içəri girmək üçün yollar axtarır. Bu zaman Zalewski ona kömək edir və bəzi məlumatlar verir. Bu səhnələrdə isə epizodun adı "Habeas Corpus"-un amerikan ədalət təməllərinə göndərmə olduğunu görürük. Görüşdən sonra evə gedən Henry Alan ilə qarşılaşır və Alan Ruth-un xahişi ilə itin məzarlığını açdığını görürük. Bu səhnə də hadisələri tam anlamamış olsaq da Ruth-un "time traveller" olduğundan şübhələnirik. Epizodun son hissəsində isə Alanın intihar etmiş həbsxana müdirin məktubunu yandırdığını görürük. Səhnə Alan ilə Lacy arasında nə kimi münasibətin olduğunu bizə açıqlamadan sonlanır.



   Episode 3 - Local Color. Serialın bu hissəsi 1991-ci ildəki hadisələrlə başlayır. Bu zaman Molly Henry'nin ağrılarını hiss edir və ögey atası olan Reverend'ı cəzalandırmaq üçün onların evinə gedir. Girişdə kameraların ön plana çıxardığı qırmızı jaketi geyinən Molly otağa doğru irəliləyir. Qırmızı jaket Stephan King'in "The Dark Tower" romanına işarədir və burada qırmızı jaket "Todash Space"-i təmsil edirdi. Bu teoriyaya görə Molly düşüncəsiz qorxunc varlıqları təmsil edən insanlaradan biridir. Bunların yaradıcılarından biri isə Cthon'dur. Henry Deaver'ın atasına qarşı olan nifrət hissləri Molly'ə keçdiyi üçün Reverend'ı öldürür. Bundan sonra Molly'nin qarabasmalarına çevrilən Reverend tez-tez onun qarşısına çıxır. Qarabasmaların birində kilsədə Molly bir çox Reverend ilə üzləşir və rahib Reverend bu zaman açıqlama verərək "Corinthians 15:51-54"-dən göndərmələr edir.

"51 Behold, I shew you a mystery; We shall not all sleep, but we shall all be changed, (Sənə sirr verəcəm, Biz yatmayacayıq, amma hamımız dəyişəcəyik)
52 In a moment, in the twinkling of an eye, at the last trump: for the trumpet shall sound, and the dead shall be raised incorruptible, and we shall be changed. (Bir anda, bir göz qırpımında, bir trompet səslənəcək, və ölülər çürüməmiş halda ayağa qalxacaq, və dəyişəcəyik)
53 For this corruptible must put on incorruption, and this mortal must put on immortality. (Bu əxlaqsızlıq(çürümüşlük) üçün dürüstlük qoyulmalıdır, və  fanilik ölümsüzləşməlidir)
54 So when this corruptible shall have put on incorruption, and this mortal shall have put on immortality, then shall be brought to pass the saying that is written, Death is swallowed up in victory (bunlar nə zaman ediləcək, onda Ölüm zəfər qazanacaq)."



  
  Henry Deaver barda oturarkən Molly'nin ev satışları ilə məşğul olduğunu öyrənərək onu ziyarət edir. Bu zaman Molly'nin həddindən artıq narahat olduğunu görən Henry ona kömək təklif etsə də Molly bunu qəbul etmir. Həmçinin əvvəlki epizodda qarşımıza çıxan Jackie obrazının Molly'nin köməkçisi olduğunu öyrənirik. Molly bir kanal çəkilişləri üçün Castle Rock qəsəbəsini təqdim etməyə hazırlanır. Lakin həddindən artıq stress və narahatçılıq keçirən Molly düşdüyü vəziyyətdən çıxmaq üçün həb alır. Lakin həblərinin yoxa çıxdığını görən Molly onları almağa gedərkən polis tərəfindən həbs edilir. Digər yandan isə Henry müəmmalı olan The Kid'in advokatı olmaq üçün dəlil axtarmağa çalışır. Buna görə polis departamentinə gedərək intihar edən Lacy haqqında məlumat əldə etmək istərkən Molly'nin burda olduğunu öyrəndiyi üçün Henry ona kömək edir. Molly'nin TV veriliş üçün müsahibə verməli olduğunu öyrənən Henry ona kömək edir. Molly isə canlı veriliş zamanı Henry'nin narahatçılığına bələd olaraq Shawshank həbsxanasında olub-bitənləri hər kəsə çatdırır. Bundan sonra həbsxana müdiri Henry'yə zəng edərək görüş tələb edir. Nəhayət ki, The Kid ilə Henry görüşə bilir və The Kid söhbətin sonunda Henry'yə "Do you hear it?" deyir. Bunu ilk başlarda anlamasaq da ssenaristlər bir neçə flashback ilə hadisələri bizə izah edir. Belə ki, Henry uşaq olarkən atası onu tez-tez meşəyə apararaq burada bəzi səslərin olduğunu və bu səslər sayəsində açılmış gizli keçid ilə paralel kainatlara keçə biləcəklərinə inanır (bu hadisə növbəti epizodlarda daha geniş izah edilir). Əsas sual isə ortaya çıxmış The Kid obrazının yaxşı yoxsa pis olmasıdır. Həbsxana tərəfindən başqa bir qatilin yanına qoyulan The Kid çox sakit biridir. Buna görə də digər məhbus tərəfindən təcavüzə uğramaq üzrəykən ona - "mənə toxunmaq istəməzsən" deyir. Daha sonra isə həmin məhbusun bütün bədəninin xərçəng xəstəliyinə tutulduğu üçün çökdüyünü görürük.




 Episode 4 - The Box. Sualların getdikcə artdığı və ortaya çıxan nüansların diqqət tələb edildiyi, Stephan King kitabları ilə tanış olmayanların çətinlik çəkdiyi və nəticə etibarı ilə serialın axıcılığını itirdiyi bir anda qarşımıza daha da çox sirrli nüanslar çıxsa da bəzi məqamlar məlum olur. Başlanğıc səhnədə həbsxanada vəzifəli şəxsin (Reeves) The Kid'i hədələdiyini və onun gərçək adını öyrənməyə çalışdığını görürük. Bu zaman The Kid "book of Revelation"-dan istinad edilir. 

“He has a name written on him which no one knows except himself; he is clothed in a robe dipped in blood, and his name is called the word of God…” (Ona yazılmış bir ad var, özündən başqa heç kəs bilmir; qanına batırılmış bir paltarın içindədir və adı Tanrın sözü olaraq adlandırılır)



  Bu istinadın Antichrist kitabına göndərmə daşıdığını düşünürəm. Lakin bu barədə açıqcası bir məlumatım olmadığı üçün qeyd etmək istəmirəm. Daha sonra isə Alan evə gedərkən kameralar TV-də gedən bir epizodu diqqət mərkəzinə cəmləşdirməyə çalışır. Bu "The Twilight Zone" serialına bir göndərmədir. Belə ki, həmin epizodda söhbəti gedən şeytanın Castle Rock'da The Kid obrazı olduğunu göstərməyə çalışaraq bizi daha da çıxılmaz vəziyyətə salır. Daha sonra Alan Ruth'u Texas'a aparmaq istəsə də Ruth buna əngəl olur. Burda isə şimal miflərinə istinad edilir və Vikings serialından da bildiyimiz kimi müharibə zamanı ölən qəhrəmanlar həyatdan sonra Valhala'ya (şimal xalqlarının cənnəti) gedir. Ruth'un buna inandığını və bu istinadın doğruluq payını digər səhnələrdə Henry Deaver'ın arxasında asılmış "İceland" afişi ilə görmək olur.



 Növbəti səhnələrdə Henry'nin Castle Rock haqqında qazetlər oxuduğunu görürük. Bu zaman bəzi məqamlar ortaya çıxır. Belə ki, 1987-ci ildə Shawshank-də Christmas zamanı yanğın çıxır və F bloku həmin gündən sonra tamamilə bağlanır. Hansı ki, The Kid həmin blokda ortaya çıxmışdı. Bu məncə bir çox teoriya üçün diqqət çəkən məqamlardan biridir. Daha geniş açıqlamasını serialın son səhnəsində görəcəyik. Digər tərəfdən həbsxana blokunun F adlandırılma səbəbidir. Bu F King romanlarında The Shawshank Redemption Frank Darabont və yaxud The Dead Zone ilə Frank Dodd-a işarə ola bilər. Bundan savayı qəzetlərin içində yenə Stand by me göndərmələr olduğunu və o zamanın qatili haqqında bəzi nüanslar verildiyini görürük.

 Digər səhnələrdə isə Molly Lacy-nin evini satmağa çalışır. Daha sonra isə ortaya "Henry did it" yazısı çıxır. Bu səhnə Henry'nin səyahət etdiyi teoriyaları ortaya çıxarır və Henry atası ilə birlikdə hər gecə meşəyə gələrək səsi eşidib-eşitmədiklərini öyrənməyə çalışırlar. O zaman Henry'nin atası Reverend bu səyahəti bacarmayıb ağır şəkildə yaralanır lakin Henry bunu bacarır və ona görə 11 gün yoxa çıxırr. Bu teoriyalar isə növbəti epizodda öz aktuallığını itirir (Bu teoriya serialın son səhnəsində ssenaristlər tərəfindən ortadan qaldırılıb).



 Hekayənin ən can alıcı personajlarından olan Zalewski ilə The Kid arasında bir təmasın olduğunu görürük. Hansı ki, bu təmas çox önəmlidir. Çünki bundan sonra Zalewski özünü yaxşı hiss edərək geriyə qayıdır və bir neçə saatlıq olsa da həbsxananın iyrəncliyinə fikir vermədən gülümsəyərək özündə xoşbəxtlik tapır. Lakin daha sonra Henry Deaver ona zəng edərək planlarının dəyişdiyini və Castle Rock qəsəbəsini tərk edəcəyini söyləyir. Buna görə də həbsxananın verdiyi təklifi qəbul edəcəyini deyir. Zalewski bütün bu iyrəncliklərə dözə bilmir və silahını alaraq qətliam törədir. Lakin bu səhnələrə diqqət edilməlidir. Çünki əgər yadınızda qalıbsa e01-də Zalewski The Kid-in qətliam törətdiyini görür. Lakin daha sonra bunun bir qarabasma (daha doğrusu Zalewski-nin xəyalı) olduğunu anlayır. E01-də təkrarlanan bu hadisələr eyni çəkimlərlə e04-də Zalewski tərəfindən təkrarlanır.  Serialın bu hissəsində çalan musiqi e01-də Alan'ın Henry'ni taparkən çaldığı musiqi ilə oxşarlıq təşkil etdiyini görürük. Serialın düşən axıcılıq bu epizodla yuxarı qalxır və bir çox suallar içərisində epizod bitir.








Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder