HBO, bu il bir çox serialı və proyektləri ilə diqqət
mərkəzində oldu. Bunlardan ən yadda qalanı şübhəsiz Game of Thrones və Big Little Lies oldu. GOT-un çəkilişlərinin başlanmasına rəğmən 2018-ci ildə yayımlanmayacağı artıq demək olar ki, dəqiqdir. Əsas səbəb isə hər epizodun bir film uzunluqda olacağı - çəkilişlərin uzun müddət aparmasıdır.
İndi isə HBO-nun 2018-ci il serial və filmlərini təqdim edirik. Bunlardan başqa siyahının sonunda adı açıqlanan amma sonradan heç bir rəsmi açıqlama edilməyən serialların adlarını da qeyd etmişik.
Divorce (2-ci sezon)
İlk sezon Parker-la Church-un boşanma prosesinə fokuslanmışdı. 2-ci sezon isə boşanmadan sonra yeni başlanğıclardan bəhs edəcək. 8 epizod olacaq.
Mosaic (1-ci sezon)
Steven Soderbergh serial üzərində işləməyə davam edir. İmtina edilən serialı The Knick-dan sonra rejissor indi polis serialı ilə gəlir. Sharon Stone-un canlandırdığı yazıçı qadın ölü tapılır və şübhəlilər üzərində hekayə inkişaf edir. Maraqlı məqam serialın mobil tətbiqetməsinin App Store-da ABŞ üçün yerləşdirilməsidir. Tətbiqetmədə istədiyiniz şübhəlini qatil kimi seçib hadisələrin davamını ona uyğun videolarla izləyə bilirsiniz. Şəxsən mənim maraqla gözlədiyim işlərdəndir. Soderbergh olan yerdə orijinallıq olur.
Barry (1-ci sezon)
HBO, təkcə dram yox komediya filmlərinə də yer verir. Bunlardan ən çox diqqət çəkəni Barry-dir. Barry yüksək səviyyəli killerdir amma normal həyat tərzi sürür. Bir gün onu həşarat dişləyir və köhnə həyatını unutmaq qərarı alır. Filmin hər epizodu 30 dəqiqə olacaq. Yayımlanma tarixi isə hələlik bilinmir.
Succession (1-ci sezon)
Brian Cox və Sarah Snook-un baş rolda olmasıyla diqqət çəkən serial nəhəng imperiya Roy ailəsinin müflisləşməsi və ailədaxili münasibətlərindən bəhs edir. İlk sezon 10 epizoddan ibarət olacaq.
Here and Now (1-ci sezon)
Six Feet Under və True Blood serialları ilə bəyənilən Alan Ball yeni serialı ilə gəlir. Yenidən fantastik bir hekayə nümayiş etdirəcəyini təxmin etdiyimiz Ball-ın serialında baş rollarda Tim Robbins və Holly Hunter olacaq. Professorun 4 övladı olur. Biri bioloji digərləri isə müxtəlif ölkələrdən qəyyumluğa götürdüyü. Bu uşaqlardan birinin başqalarının görə bilmədiyi şeyləri görməsiylə ailənin müsəlman ailəylə münasibətləri başlayır. Film həmçinin ABŞ mədəniyyətini də təmsil etməlidir. 11 fevralda başlayacaq.
Veep (final sezonu)
Yüksək qiymətləndirilən və bolluca mükafat sahibi siyasi komediya serialı Veep-də son gəlir. Son sezon Selina Meyer-in yenidən seçki kampaniyasına hazırlaşmasına fokuslanacaq. Obraza həyat verən Julia Louis Dreyfus indilərdə xərçənglə mübarizə aparır. Müalicələrdən sonra çəkilişlərə başlaya biləcək.
Westworld (2-ci sezon)
HBO-nun davam edən ən uğurlu seriallarından biri olan Westworld Jonathan Nolan və xanımı Lisa Joy-un ssenaristliyi ilə davam edir. İlk sezonda Westworld adlı əyləncə parkına gələn varlılardan və onlara xidmət edən robot-insanlardan bəhs edən serialın 2-ci sezon hekayəsi hələki açıqlanmayıb. Amma 2-ci sezonda Samuraiworld adlı məkanın olacağı və burada samuray-robotları izləyəcəyimiz bilinir. Anthony Hopkins-in bu sezonda olacağı isə məlum deyil.
Sharp Objects (tək sezon)
Big Little Lies serialı ilə böyük rəğbət qazanan rejissor Jean Marc Vallee yeni serialı Sharp Object-lə yenidən HBO ilə işləyir. Serial BLL kimi mini-serial olaraq açıqlandı amma 2-ci sezonun olacağı da istisna olunmur. Baş rol Amy Adams cinayətləri araşdıran jurnalist rolunda olacaq. O, uşaqlığının keçdiyi şəhərinə qayıdır və orada 2 gənc qızın öldürülməsini araşdırır. Bununla paralel isə uşaqlıq travmaları ilə üzləşir. Serialın yaydan əvvəl yayımlanmayacağı dəqiqdir.
Room 104 (2-ci sezon)
Bu il başlayan serial Hindistanda hack olunub epizodlar əvvəlcədən internetdə yerləşdirilsə də reytinqinə çox da təsir etmədi və 2-ci sezon təsdiqini aldı. Serial hər epizodda başqa mövzulardan bəhs edir və təbii ki, hər epizodda başqa kast izləyirdik. Bunun 2-ci sezonda da belə olacağı gözlənilir. Hələlik 2-ci sezon heyəti açıqlanmayıb.
Big Little Lies (2-ci sezon)
Mini-serial kimi başlayıb böyük uğur və mükafatlar qazanan serial tam sürət 2-ci sezonla gəlir. Yeganə fərq Sharp Objects serialına başı qarışan Jean Marc Vallee-in bu sezonda sadəcə prodüser kimi qalacağıdır. Əsas səbəb isə Vallee-in 2-ci sezonu lazımsız hesab etməsidir. Nicole Kidman və Reese Witherspoon-un prodüser və baş rol kimi qalacağı dəqiqdir, digər aktyorlar isə hələlik dəqiq bilinmir.
True Detective (3-cü sezon)
Nəhayət True Detective qayıdır! 4-cü epizoddan başqa bütün epizodların ssenarisini Nic Pizzolatto yazıb. Çəkilişlər 2018-in əvvəllərində başlayacaq. Bu sezon baş rollarda Mahershala Ali və Carmen Ejogo olacaq. Netflix-in bəyənilən serialı Ozarks-da olduğu kimi 3-cü sezon Ozarkdakı cinayətlərə fokuslanacaq. Yayımlanma tarixi qışdan əvvələ düşünülmür, ümid edək ki, 2019-cu ilə qalmasın.
Chernobyl (tək sezon)
2018-ci ilə çatmama ehtimalı olan digər serial. 5 epizodluq olacaq mini-serialın çəkilişlərinə yazda başlanacaq. Adından da bilindiyi kimi serial 1986-cı ildəki Çernobıl fəlakətindən bəhs edəcək. Əsas mövzu isə alim Valery Legasov-un 46 nəfərin ölümünə səbəb olan hadisənin səbəblərini araşdırması olacaq.
Watchmen (1-ci sezon)
Leftovers kimi qədri bilinməyən serialı tamamlayan Damon Lindelof, vaxt itirmədən yeni serialı Watchmen-ə başlamışdı. HBO hələlik sınaq çəkilişlərinə təsdiq verib. Seriala rəsmi təsdiq isə hələlik yoxdur. Ümid edirik bu ilə çatar. Lindelof serialın filmdən fərqli olacağını deyib.
İndi isə sual altında olan seriallar:
I Know This Much is True (baş rolda Mark Ruffalo)
Glare (yaradıcı J.J. Abrams)
We are All Completely Beside Ourselves
(baş rolda Natalie Portman olan mini-serial)
Black Flags (Bradley Cooper prodüser, mövzu İŞİD)
Who Fears Death (George R.R. Martin-in prodüser olduğu fantastik serial)
Today Will Be Different (Baş rolda Julia Roberts)
0 comments:
Yorum Gönder