David Lynch-in Eraserhead Filminin Analizi


" Hollywood ancaq ənənəvi filmlər ərsəyə gətirir.
Hekayələri hərkəs başa düşür və hərkəsin anlaya bilmədiyi kiçik bir nöqtə olsa həyəcan başlayır. Amma işin əsl qəribə tərəfi daha mücərrəd anlayışlarla çalışmağa başlayanda ortaya çıxır. Kinemotoqrafiyanın əsl sehri, gücü intuisiyanı hiss etmək, insanların qəribə və unuda bilməyəcəyi bir hisslə filmdən ayrılmaqlarını təmin etməkdə gizlənir. " (c) David Lynch 



  David Lynch-in "Eraserhead" filmi pis dad buraxan, ürəkbulandırıcı bir filmdir. D.Lynch-in ilk uzun metrajlı filmi tənqiçləri iki hissəyə ayırıb: ya çox bəyəniblər, ya da heç bəyənməyiblər. Filmin orijinalı The United States National Film Archive (Amerika Milli Kino Arxivi) üçün seçilərək burada qorunur. Kinonun müddəti az olsa da, işlədilən dialoqların azlığına baxmayaraq bu kino 4 il ərzində çəkilmişdir. Bir çox səhnədə gizli mesajlar versə də David Lynch bu filmində məntiq anlayışından istifadə etmir. 



  Filmdəki dialoqlar demək olar ki, yox dərəcəsindədir. Onsuz filmin ilk 10 dəqiqəsi 2001: A Space Odyssey (1968), There Will Be Blood (2007) və The Good, the Bad and the Ugly (1966) filmlərindəki kimi səssiz keçir. Amma həmin filmlər ilə əlaqəsi olduğunu düşünmürəm. Lynch-in bu filmdə işlətdiyi simvolizm anlayışı pik nöqtədədir. Onsuz məntiq, səmərəlilik anlayışının olmadığı bir yerdə bu filmi anlamaq çox çətindir. Nə qədər çətin olsa da filmi anlamaq üçün bir neçə dəfə izləməli oldum. Oxuduğum hər kitabı, izlədiyim hər filmi bu filmlə əlaqələndirməyə çalışdım. Ən son başım həqiqətən də öz axarını itirdi. 


  Kinoda bir tək Henry Spencer (əsas personaj)-ın adı bəllidir. Digər personajların adı Mary X, Mrs X və Mr. X-dir. "X" simvolu bildiyimiz kimi riyaziyyatda məhçulu təmsil edir. Bu kinodakı kimi H.Spencer -dən başqa hamısı bilinmədik insandır əslində. Film ilk başlanğıcda mənə Kafkanın The Metamorphosis romanını xatırlatdı. Romanı oxuyanlar biləcək ordakı obrazlar da Mr. Samsa Mrs. Samsa kimi verilmişdi. Gregor Samsa isə yaşadığı yükü qaldıra bilməyib bir həşərəta çevrilmişdi. Yazarın fantaziya gücünə heyran qalmamaq əldə deyil. Eyni ailə münasibətlərini bir-biri ilə birləşdirməyə çalışsam da daha sonra Gregor Samsa-nın bacısının romandakı adının X olmadığını xatırladım. Amma bu filmdə həmin romandan bir neçə izi hiss etmədim desəm yalan olar. 



 Filmdəki lift səhnəsi yəqin ki, bir çoxunuzun diqqətini çəkib. Liftdən qəribə səslər gəlir. Həmin səslər bir qadının qarnındakı uşaqdan gələn səsləri xarakterize edir. Lift isə qadınlıq organını təmsil edir. Bu səhnəni Kubrick The Shining (1980) filmində işlədir. Belə ki, Kubrick-in The Shining filmində qan liftdən fışqıraraq çıxır. Həmin qan doğumu təmsil edir. Onsuz Kubrick öz müsahibələrində Eraserhead filmini çox sevdiyini və The Shining filminin bir neçə səhnəsini həmin filmlə əlaqələndirdiyini söyləmişdir. Bundan başqa həmin lift səhnəsini Coen qardaşları Barton Fink (1991) filmində də işlədib. Həmçinin fikir vermisinizsə Barton Fink-in saçı Henry ilə eynidir. 



"Mary X: You wouldn't mind marrying me, would you Henry? (Evlənməyiz problem deyil ?)
Henry Spencer: Well... No. "

  Nadir hallarda eşidilən bu dialoq isə mənə Albert Camus-un Yad romanını xatırlatdı. Hər hadisəyə vecsiz yanaşan Meursault-ın əslində Henry-dən geri qalan bir yanı yox idi. Bu hissə də nəzərimi filmdəki cəmiyyət anlayışına və cəmiyyət qanunlarına yönəltdim. Rejissor, bizə dialoq ilə düşünülmədən etdiyimiz qərarların nəticələrinin necə də ağır olacağını göstərir. Lynch hər problemin kökünü göstərməyə çalışdığı üçün isə bu problemin kökünü bu dialoqda görür. İan Curtis-u yadınıza salın. Xoşbəxt olmadığı evlilik onu necə də ölümə yaxınlaşdırmışdı. 



  Mary X-in atasının vəziyyəti isə əslində Henry-yə onun gələcək həyatını göstərir. Mary-nin anası Henry-ə toxunsa da atası bu səhnədə passiv qalır. Bu isə ananın evdə olan dominantlığını göstərir. 


  Filmin əvvəlində bir insan lever adlı bir qurğunu çəkir. Bu zaman spermaya bənzəyən bir şey suya düşür. Qurğunun və bu maddənin nə məna verdiyini ilk başlarda anlamaq olmasa da daha sonra anlamaq olur ki, bu cütləşməni xarakterizə edir. Beləcə həmin səhnə ilə birlikdə uşağın təməli atılır. Amma Lynch bir nöqtəyə toxunur və uşaq sahibi olan insanlara belə bir sual verir. Bəs işlər öz axarı ilə getməsə nə edərdiz?





  Henry ilə Mary X-in bir uşağı olur. Amma işlər düzgün getmir. Çünki uşaq mutant (insana bənzər varlıq) şəklindədir. Uşağın dəhşətli ağlamağından sonra Mary X Henry-ni uşaqla qoyub onu tərk edir. Bundan sonra Henry qorxulu yuxular görməyə başlayır və beləliklə yuxusunda mahnı söyləyən bir xanımı kəşf edir. Həmin xanım ölümü təmsil edir. Belə ki, radiator xanım "In Heaven, everything is fine." (Cənnətdə hər şey yaxşıdır) deyə mahnı oxuyur. Mahnı oxuduğu zaman isə yuxarı hissədən sperma şəklində varlıqlar düşməyə başlayır. Radiator xanım bunları əzərək öldürməyə başlayır. Buna oxşar səhnəni Henry yenə yaşayır. Həmin səhnədə Henry, toxumları Mary X-in bədənindən çıxararaq divara atıb əzir. Bu Henry-nin xoşbəxt olmadığını və nə qədər əzab çəkdiyi göstərir. Film boyunca Henry və Mary uşağa sevgi göstərmirlər, ondan iyrənirlər və sadəcə susdurmağa çalışırlar. 


  Filmin sonlarına yaxın isə Henry-nin fahişəliklə məşğul olan qonşusu ilə intim əlaqəyə girdiyini görürük. Bu səhnə bir insanların işlər doğru getmədiyində necə də aldana biləcəyini xarakterizə edir. Yaşanan bütün hadisələrə baxmayaraq Henry yenədə ağıllanmamışdır və yenə də eyni səhvləri etməkdədir. 





 Artıq Henry-in çarəsizliyi artmaqdadır. Öz səhvləri ilə üzləşmək üçün mutant uşağın bağlandığı dəsmalı kəsərək açır. Amma qarşılaşdığı səhnə yumurtalığı xatırladan iç orqanlarından ibarət bir şeydir. Və səbri tükənən Henry qayçını sancır. Bundan sonra ekran qaralır. Artıq heç bir problem qalmamışdır. Çünki cənnətdə hər şey yaxşıdır...


 Filmi izlədikdən sonra təsirindən çıxa bilməyən Kubrick öz yaxınlarına bu filmi izləməyi tövsiyə edirdi. Hətta ,o, Lynch-dən filmdəki uşağı necə hazırladığını dəfələrlə soruşsa da cavab ala bilməyib. Charles Bukowski isə bir gün müsahibəsində bu filmi "izlədiyim ən yaxşı filmdir" deyə adlandırmışdır. Eraserhead sürrealism qavrayışın ən öndə gələn filmlərindəndir.

Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder