Ədəbiyyat hər daim kino üçün böyük mənbə olub.
Saysız kitablar – məşhur və qeyri-məşhur əsərlər kinolara adaptasiya edilib, bir çox əsər elə kinosu sayəsində məşhurlaşıb. Bir çox məşhur yazıçının kitabları filmə çevrilib amma Stephen King qədər əsərləri məşhur filmlərə çevrilmiş başqa adam tapmaq demək olar imkansızdır. Dahi yazıçının elə bu il məşhur əsərlərindən birinin adaptasiyası çıxdı (The Dark Tower), bir digəri də yaxında kinoteatrlarımızda olacaq (It). Eyni zamanda TV-də də vəziyyət elədir ki, keçən il “11.22.63” serialı ölkəmizdə çox sevilmişdi, hazırda da “Mr. Mercedes” adlı bir başqa King adaptasiyası olan serial yayımlanır. Yəni ki, elə bir dövr yoxdur ki, Stephen King adaptasiyaları gündəmdə olmasın. Beləcə biz də dedik uğurlu adaptasiyalarını yad edək.
19. Pet Semetary (1989)
Müəyyən qədər zəif tərəfləri olsa da (xüsüsən aktyor ifası) yenə də dövrünün ən uğurlu qorxu filmlərindən biri sayılmağa layiqdir.
18. The Running Man (1987)
Məşhur action ulduzu Arnold Schwarzenegger-in unudulmuş filmlərindən.
17. The Dark Half (1993)
Bu il itirdiyimiz zombi filmlərinin atası və qorxu filmləri üzərində nəhəng iz qoymuş George A. Romero-nun heyf ki, az tanınan işlərindən biri. Vaxtilə “Ordinary People” filmi sayəsində öz kateqoriyası tarixində Oskar alan ən gənc adama çevrilən Timothy Hutton burada da baş rolda güclü iş çıxardır.
16. Secret Window (2004)
Çox da güclü adaptasiya saymaq olmz – nəticədə müəyyən qədər banallıq var amma yenə də Johnny Depp və xüsüsən də John Turturro-nun ifası filmi maraqlı qılır.
15. Firestarter (1984)
Gözlənilən uğuru gətirməsə də, “Firestarter” 80-cı illərin ən məşhur elmi-fantastika filmlərindən biri kimi tanınmağa, hətta müasir film və seriallarda da öz izini göstərməyə davam edir. Baş rolda hələki, uşaq yaşlarında olan Drew Barrymore gələcəkdə necə istedadlı bir kino ulduzuna çevriləcəyini sübüt edir.
14. Cat’s Eye (1985)
Qısa hekayə və ya antoloji film sevənlərin xüsüsən bəyənəcəyi film King-in bir-birindən maraqlı üç fərqli qısa hekayəsi əsasında çəkilib.
13. Cujo (1983)
King-in özünə bir dəfə film adaptasiyaları arasında ən çox hansını sevdiyi soruşulanda ağlına gələn ilk filmlərdən biri “Cujo” olmuşdu. Filmin gedişatı yavaş olsa da, səbrli tamaşaçılar xüsüsən filmin kuliminasiya nöqtəsi gələndə xüsüsi zövq alacaqlar.
12. Stand by Me (1986)
Xalqımızın çox sevdiyi, tez-tez yad etdiyi IMDb top 250 siyahısında da yer alan film, uşaq dostluğu mövzüsünda ən çox tanınan filmlərlə yanaşı ssenarisi ilə Oskar mükafatına da namizəd göstərilmişdi. Dövrünün bir çox gənc ulduzu, o cümlədən mərhum River Phoenix-in (Joaquin Phoenix-in mərhum qardaşı) və gələcəkdə daha da məşhurlaşacaq olan John Cusack ilə Kiefer Sutherland kimi aktyorların da yer aldığı film öz janrının klassikalarından sayılmağa davam edir.
11. Christine (1983)
Bəzən ola bilər ki, hansısa serial və ya filmdə kimsə öz maşınından narazı qalanda onu Christine ilə müqayisə etməsini eşidəsiniz. Əgər söhbətin nədən getdiyini anlamamısınızsa, deməli bu filmə baxmamısınız. Lənətli maşın Christine-dən bəhs edən bu əsəri filmə adaptasiya etmək çətindir, amma qorxu filmlərinin ustadlarından John Carpenter əsərin qorxu tərəfiylə eyni balansda obrazların hekayələri və şəxsiyyətləri üzərində durması, eyni zamanda yenə özünəməxsus musiqi bəstələrinin də olduğu effektiv bir film çıxardıb.
10. Apt Pupil (1998)
Stephen King-in ən sevdiyim tərəflərindən biri odur ki, hansısa obrazın zalımlığını və ya mülayimliyini göstərmək üçün onun heyvanlara münasibətini göstərir. Burada da keçmişdə Hitler ordusunda zabit olan bir adamın gizli kimliyini öyrənən gənc oğlanın onunla dostlaşıb keçmişi yad etməsiylə dəyişən şəxsiyyətlərini də hərəsini ayrıcalıqda bir səhnədə heyvanlara olan münasibəti ilə göstərib. Düşündürücü filmdir.
9. Hearts in Atlantis (2001)
Qoca, sirli bir yaşlı (Anthony Hopkins) ilə bir uşağın (Anton Yelchin) dostluğundan bəhs edən kiçik amma olduqca səmimi, izlənməsi rahat bir dram.
8. 1408 (2007)
Eyni otaqda keçən filmlər çəkmək asan deyil. Qorxu filmləri çəkmək daha da qəlizdir amma “1408” durmadan təəcübləndirməyi bacarır. Bunun əsasında da baş rolda John Cusackın əvəzolunmaz ifası durur. Xatırladım ki, filmi izləyəndə sonluğu nə gəlirsə gəlsin internetdən alternativ sonluqlarını araşdırın. Filmin üç fərqli sonluğu mövcüddür.
7. The Dead Zone (1983)
Bir çox qorxu və ya fantaziya filmi rejissorları Stephen King-in əsərlərinə toxunub. Bunlardan bəziləri uğursuz alınıb, Tom Holland-ın “Thinner” və ya Mick Garris-in “Sleepwalkers”-nı uğurlu adaptasiya saymaq çətindir amma yuxarıda qeyd etdiyim kimi, Romero və Carpenter kimi rejissorlar uğurlu iş çıxarda biliblər. O cümlədən böyük rejissor David Cronenberg də ən mükəmməl Stephen King adaptasiyalarından birinə imzasını atıb. “The Dead Zone”-un qəhrəmanı keçirtdiyi qəzadan sonra sahib olduğu güclər ona verilmiş ilahi bir gücdürmü yoxsa bir növ lənətdirmi? Film bu suallara cavab axtararkən, Christopher Walken isə niyə dünyanın ən yaxşı və ən nəhəng aktyorlarından biri hesab edildiyini bir daha tamaşaçılara sübüt edir.
6. The Mist (2007)
Frank Darabont-un digər iki Stephen King filmini mütləq izləmiş olarsınız, hətta onlara baxmayan kinoman qalmayıb. İşdir əgər “The Mist” gözünüzdən qaçıbsa mütləq onu da izləyin.
5. Misery (1990)
Kathy Bates-in filmdəki ifası indi də qorxu tarixinin ən unudulmaz, ən qorxulu və izlənməsi ən zövqlü aktrisa ifalarından sayılmağa davam edir. Heç təəcüblü də deyil ki, qorxu filmi ilə “Ən Yaxşı Aktrisa” kateqoriyasında Oskar mükafatı qazanan yeganə aktrisa kimi tarixə düşüb. Fanatikliyin gətirib çıxarda biləcəyi təhlükəli pilləyə şahid olduğumuz film sözün əsl mənasında King klassikasıdır.
4. The Shawshank Redemption (1994)
The Shawshank Redemption – tarixin ən yaxşı filmi deyil, bundan çox uzaqdır. Heç öz ilinin də ən yaxşı filmi deyil. Həmin ili Amerikan Akademiyası (Oskar) “Forrest Gump”-ı, Britaniya Akademiyası (BAFTA) isə “Four Weddings and a Funeral”-ı ilin ən yaxşı filmi seçmişdi. Həmçinin ən yaxşı xarici dildə film mükafatları da Fransa Akademiyasından “Four Weddings and a Funeral”a, Italiyan Akademiyasından isə həmin ilin Kann Film Festivalında Qızıl Palmanı alan “Pulp Fiction” filminə getmişdi. Söz yox ki, film nə “Forrest Gump” qədər dərin deyil, nə “Pulp Fiction” qədər orijinal deyil, nə də “Four Weddings and a Funeral” kimi xüsüsilə seçilən dialoqlarla zəngin film deyil amma “Shawshank Redemption”-un bir maraqlı tərəfi var ki, demək olar onu sevməyən adam tapmaq olmur. Elə bəlkə də bunun nəticəsidir ki, film uzun illərdir ki, IMDb üzvlərindən ən çox reytinq yığmış filmdir.
3. The Green Mile (1999)
Baxıb da kədərlənməyən neçə nəfər tapmaq olar? “Green Mile” heç janrı sevməyən adamları belə təəcübləndirən sözün əsl mənasında kino klassikasıdır və Frank Darabont-un (ki elə “Shawshank Redemption” və “The Mist”-i də o çəkib) şah əsərlərindəndir. Tom Hanks, Michael Clarke Duncan, Sam Rockwell kimi simalardan ibarət güclü heyəti də filmin təsirini daha da artırır.
2. Dolores Claiborne (1995)
“Bir insanın necə həyat keçirtdiyini bilmək istəyirsənsə onun əllərinə bax!” Uzun illərdir anasını (Kathy Bates, digər Stephen King filmi “Misery”dən tamam fərqli rolda) görməyən jurnalistin (Jennifer Jason Leigh), anasının qətllə mühakimə olunmasıyla yenidən onun yanına qayıtmasını ələ alan həm sirr dolu uğurlu bir triller, amma ondan da ötə güclü bir ana-qız dramıdır.
1. Carrie (1976)
Brian De Palma-nın şah əsəri və ilk Stephen King adaptasiyası. Filmin məşhur səhnələrindən birini (spoyler olsun deyə demirəm hansıdır, amma bilmək istəyənlər Noah Baumbach-ın çəkdiyi “De Palma” adlı sənədli filmə baxa bilər) çəkərkən King-in təklifini rədd etmişdi. Çünki King-in səhnə üçün təklifi “kifayət qədər dəhşətli deyildi”. Həqiqətən də De Palma sözün əsl mənasında dəhşətə, heyrətə gətirən bir film çəkib. Sonralar əsər bir neçə dəfə daha adaptasiya olunub amma Brian deyir ki, onlara baxarkən öz versiyası ilə daha çox fəxr edir. Haqlıdır da, “Carrie” ilk Stephen King adaptasiyası olmaqla yanaşı yəqin ki, ən təsirlisidir. Sissy Spacek baş rolda möhtəşəm bir oyun sərgiləyərkən, ikinci planda gənc John Travolta-nı da görmək olar.
Bonus:
The Shining (1980)
Yaxın tarixdə Twitter sosial şəbəkəsində bir səhifə soruşmuşdu ki, “Ən Sevdiyiniz Stephen King Adaptasiyası Hansı Filmdir?” və Stanley Kubrick-in “The Shining” filmindən kadr qoymuşdu. Stephen King həmin suala cavab yazmışdı: “Bu deyil”. King, filmə olan nifrətini tez-tez dilə gətirib. Hekayəsindəki əsas məqamları çıxartdığına görə Kubrick-ə qəzəbli olub həmişə. Jack Nicholsonun dəliyə çevrilməsi prossesini yavaş-yavaş baş verən bir prosses kimi yox, elə birdən baş verməsini uğursuz kreativ seçim saymış və hətta obrazı “qadın düşməni” olmaqla ittiham etmişdi. Bir dəfə ondan filmin bəlkə adaptasiya kimi uğursuz amma kitabdan tam müstəqil bir formada elə alsaq, yaxşı film saymaq olarmı deyə soruşulmuşdu. Kingin cavabı yenə konkret idi “Yox!”.
O cümlədən bir çox böyük qorxu filmi rejissorlarının (məs. David Cronenberg, John Carpenter və William Friedkin) da zaman-zaman sərt tənqidlərinə tuş gəlsə də, “Shining” indi də bir çoxları tərəfindən janrının ən yaxşı işlərindən biri sayılmağa davam edir. O cümlədən mərhum tənqidçi Roger Ebert də bu görüşdə idi.
Saytımızdakı ən böyük film analizi də məhz The Shining filminə məxsusdur.
0 comments:
Yorum Gönder